"Pulu kameranın altında say, sonra qaytar" - Yazıçının keçmiş xanımı belə aldadılıb
Bizi izləyin

Sosial

"Pulu kameranın altında say, sonra qaytar" - Yazıçının keçmiş xanımı belə aldadılıb

Yazıçı-publisist Murad Köhnəqala Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova açıq məktub yazıb.

Publika.az xəbər verir ki, o, məktubda keçmiş həyat yoldaşının dələduzluqla üzləşdiyi, lakin Azərbaycan məhkəmələrinin bu işə dırnaqrası yanaşdığından bəhs edib.

Məktubu təqdim edirik:

"Keçmiş həyat yoldaşım Zərəngiz Qasımovanın Abşeron rayonu, Məmmədli qəsəbəsində 0.03 ha çıxarışlı torpaq sahəsi olub. Torpaqla qonşu olan Hümmətov İlkin Eldar oğlu Z. Qasımovaya və oğluma dəfələrlə zəng edərək həmin torpağı almaq istədiyini bildirirdi. Lakin dəyərindən ucuz qiymət təklif etdiyi üçün hər dəfə imtina cavabı alırdı. Bir müddət sonra İlkin Hümmətov oğluma zəng edərək torpağı evlə dəyişməyi təklif edib.

Z.Qasımova oğlumla birgə özünü İlkin Hümmətovun dostu kimi təqdim edən və torpağı öz həyət evi ilə dəyişmək istəyən Dövlətov Cavanşir Duvangir oğlunun təklifi ilə onun Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsində tikilmiş həyət evinə baxmağa gediblər. Oğlumgil evi bəyənib, öz torpaq sahələri ilə dəyişməyə razılaşıblar. İlkin Hümmətov alqı-satqı üçün hər iki tərəfi doğma əmisi Ramiz Hümmətovun notarius rəisi işlədiyi Binədə yerləşən 31 saylı Notariat Kontoruna gətirib. Dəyişdirmə prosesində Cavanşir Dövlətov şəxsən özü yox, onun səlahiyyətli nümayəndəsi İbrahimov Teymur iştirak edib. Cavanşir öncədən Zərəngiz Qasımovaya Məmmədli qəsəbəsindəki ona məxsus 3 sot torpağı özünün yox, İlkin Hümmətovun həyat yoldaşı Hümmətova Gülüstan Bəşir qızının adına keçirməyi təklif edib. Cavanşir buna səbəb kimi İlkinə pul borcu olduğunu göstərib. İlkin də bunu təsdiq edib. Alqı-satqı prosesindən dəqiq anlayışı olmayan Z. Qasımova heç nədən şübhələnməyərək onların dedikləri ilə razılaşıb.

31 saylı Noitariat Kontorunun rəisi, İlkinin əmisi Ramiz Hümmətov Z. Qasımovadan simvolik alqı-satqı prosesində iştirak etməyi xahiş edib. Belə ki, Ramiz Hümmətov Zərəngiz Qasımovaya 6 min manat verərək, pulu kamera altında saymağı təklif edib. Zərəngiz Qasımova heç nədən şübhələnməyərək həmin məbləği sayıb və çəkiliş bitdikdən sonra Ramiz Hümmətov pulu ondan geri alıb.

Beləliklə, əvvəlcədən düşünülmüş "senari” baş tutub. 27.09.2022-ci il tarixdə Qasımova Zərəngiz ona məxsus torpağı guya, Gülüstan Hümmətovaya 6 min manata "satıb”. Əvəzində isə Cavanşir Dövlətovun Biləcəri qəsəbəsində ona göstərdiyi mənzili "alıb”.

Az müddətdən sonra məlum olur ki, 31 saylı Notariat Kontorunun rəisi Ramiz Hümmətovun təsdiq edib möhür vurduğu alqı-satqı müqaviləsindəki Dövlətov Cavanşirə məxsus göstərilən ev tamamilə başqa şəxsə məxsusdur. Beləliklə, Notariat kontorunun rəisi Ramiz Hümmətov, onun qardaşı oğlu İlkin Hümmətov və fırıldaqçı Cavanşir Dövlətov əlbir olub keçmiş həyat yoldaşım Zərəngiz Qasımovanın 3 sot torpağını dələduzluq yolu ilə əlindən alırlar.

Bundan əlavə, Zərəngiz Qasımova dəfələrlə evin təmiri üçün bank hesabı vasitəsilə Cavanşir Dövlətovun həyat yoldaşının adına pul vəsaitləri göndərib. Göndəriş çekləri zərərçəkəndədir.

Zərəngiz Qasımova aldadıldığını başa düşəndə polisə müraciət edib. Araşdırma zamanı məlum olub ki, o, Cavanşir Dövlətovun yeganə qurbanı deyil. Belə ki, Cavanşir dələduzluq və fırıldaq yolu ilə bir neçə vətəndaşı aldadaraq pulunu və əmlakını mənimsəyib. "Cavanşir Dövlətov işi” ilə bağlı Abşeron Rayon məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə 15.04.2025 və 30.04.2025-ci il tarixlərdə iki məhkəmə prosesi keçirilib. Lakin təqsirləndirilən şəxs məhkəmə iclaslarının heç birində iştirak etmədiyindən məhkəmə Cavanşir Dövlətov barəsində axtarış elan edib. Polis idarəsindən Z. Qasımovaya bildirilib ki, Cavanşir Dövlətov bəzi zərərçəkənlərə vurduğu ziyanı ödəyib. Lakin Zərəngiz Qasımovaya bu günədək heç bir məbləğ ödənilməyib, üstəlik, yeganə əmlakı olan 3 sot torpağı da əlindən alınıb və geri qaytarılmır.

Hörmətli İnam müəllim!

Doğrudanmı, Azərbaycan məhkəməsinin indiyədək Cavanşir Dövlətov kimi bir fırıldaqçını həbs etməyə, onunla əlbir olan İlkin Hümmətovu və bilərəkdən saxta sənədlərlə "alqı-satqı” rəsmiləşdirən Notarius rəhbəri Ramiz Hümmətovu ədalət kürsüsündə sorğu-sual etməyə gücü çatmır?

Sizdən bu ədalətsizliyə son qoyulmasını, övladlarıma məxsus 3 sot torpağın geri qaytarılmasına köməklik göstərməyinizi xahiş edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm