İran və Çin Türkiyəni Azərbaycanın bu bazarından çıxarır
Bizi izləyin

Sosial

İran və Çin Türkiyəni Azərbaycanın bu bazarından çıxarır

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 7,333 milyon ABŞ dolları dəyərində xalça idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azdır. Oktyabrda Türkiyə Azərbaycana 1,383 milyon ABŞ dolları dəyərində xalça ixrac edib ki, bu da bir il əvvələ nisbətən 5,8 faiz azdır.

Xalça satış mərkəzlərində türk xalçaları hər zaman tələb olunan məhsul olub. Hazırda isə görünən odur ki, Türkiyədən idxal olunan xalçalarda xeyli azalma mövcuddur. Bəs bunun səbəbi nədir? Xalça bazarında Türkiyə xalçalarının yerini başqa ölkələrdən gətirilən xalçalar tutur? Yoxsa yerli istehsal inkişaf edib? Səbəb Azərbaycanda insanların xalçaya marağının azalması ola bilərmi?

“İran xalçaları daha çox idxal olunur”

İqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, yerli istehsal olan xalçalar idxal edilənlərdən daha keyfiyyətlidir: “Ölkəmizdə tarixi və qədimi xalçaçılıq ənənəsi mövcuddur. Bundan əlavə, ölkəmizə müxtəlif ölkələrdən də xalçalar gətirilir. Amma hər bir halda yerli xalçalarımız gətirilmə xalçalardan keyfiyyətcə qat-qat üstündür. Keyfiyyətin yüksək olması qiymətinin də daha baha olmasına gətirib çıxarır. Xüsusən də nəzərə almaq lazımdır ki, yerli xalçaların lifləri, ipləri, rənglər xarici ölkələrdən idxal olunur. Bu da həm keyfiyyəti, həm də qiyməti yüksəldir”.

E.Kərimli bildirdi ki, son vaxtlar bazarda digər məhsulların mövcudluğu Türkiyə xalçalarına olan marağın azalmasına səbəb olub: “Ölkəmizə xalçalar daha çox Çin, İran və Türkiyədən idxal edilir. Hazırda bu ölkələrdən başqa da müxtəlif ölkələrdən xalçalar gətirilir. Türkiyədən xalça idxalının azalması daha çox İran və Çin bazarı ilə əlaqədardır. Çünki ölkəmizə İran xalçaları daha çox idxal olunur. Bu da Türkiyədən idxal olunan xalçalara öz təsirini göstərir”.

“Xalçalardan istifadə getdikcə azalır”

İqtisadçının fikrincə, zövqlərin dəyişməsi də tələbata təsir edir: “Son illər əsasən ipək xalçalar dəbə düşüb. Artıq zövqlərin, evlərin dizaynının dəyişməsi xalçalardan istifadəni minimuma endirib. İnsanlar artıq daha çox müasir dizaynlara üstünlük verirlər. Bəzi hallarda bu da xalçaya olan tələbata mənfi təsir göstərir. İllər keçdikcə evlərimizdə xalçalardan istifadə azalır. Bu da xalça istehsalına öz təsirini göstərir. Keyfiyyətli xalçaların qiymətlərinin baha olması da tələbata təsir göstərən amillərdəndir”.

Fərqli rüsum tətbiq edilir?

Bakı Mühəndislik Universitetində Maliyyə Mühasibat kafedrasında baş müəllim Cavid Zeynallı isə düşünür ki, idxalın azalmasına təsir edən gömrük vergisindəki ayrı-seçkilikdir: “Hazırda xalça mövsümüdür. Lakin rəqəmlərdə azalma müşahidə edilir. Türkiyədən idxal olunan xalçaların azalmasının müəyyən səbəbləri mövcuddur. Başqa ölkələrdən gətirilən xalçalar Türkiyədən gətirilən xalçaları əvəzləyir. Amma Türkiyədən xalça idxalının azalması yerli istehsalla bağlı məsələ deyil. Çünki yerli xalçalar bazarda demək olar ki, tələb olunmur. Xalça bazarı idxaldan asılıdır. Türkiyədən idxal olunan xalça, həmçinin tekstil məhsullarından 36 faiz gömrük vergisi alınır. Amma Özbəkistan, Qazaxıstan kimi ölkələrdən idxal olunan məhsullardan 18 faizlik gömrük vergisi tutulur. Bu da xalça idxal edənlərin qərarlarında ciddi dəyişikliklərə səbəb olur. Hətta türk firmaları fabriklərini Özbəkistanda, Misirdə quraraq oradan digər ölkələrə ixrac edirlər. Bu, onlar üçün daha əlverişlidir. Xüsusən də Özbəkistandan xalçalar eyni keyfiyyətdə daha münasib qiymətə gəlir, həm də gömrük rüsumu da daha azdır”.

Xaricdən özləri sifariş verirlər

C.Zeynallının sözlərinə görə, artıq insanlar xalçanı da mağazadan almır, xaricdən özləri sifariş edirlər: “Digər əsas məqam isə insanların zövqlərinin dəyişməsidir. İnsanlar artıq daha kiçik ölçülü xalçalara üstünlük verirlər. Keçmişdə böyük xalçalar olardı və ev tamamilə xalça ilə döşənərdi. Artıq xalçaların ölçüsü kiçilib. Daha çox dekor kimi istifadə olunur. Böyük ölçülü xalçalar hazırda daha çox rayon mağazaları üçün lazımdır. Bu kimi səbəblər idxal olunan malların miqdarında ciddi təsir yaradır. Hazırda dəbdə daha kiçik olan xalçalardır ki, onları da vətəndaşlar özləri onlayn platformalar vasitəsilə rahatlıqla sifariş edə bilirlər”.

“Məhsul ucuzlaşdıqca, gəlir də azalır”

Müsahibimizin fikrincə, artıq insanlar daha ucuz məhsul alaraq, əşyaları tez-tez dəyişməyə üstünlük verirlər: “Bu tendensiya uzunmüddətlidir. Səbəb insanların alıcılıq qabiliyyətidir. İnsanlar artıq böyük və bahalı xalçalar alıb uzun müddət istifadə etməkdənsə, daha kiçik ölçülü, daha yüngülünü alıb tez-tez dəyişməyə üstünlük verirlər. Bu səbəbdən Türkiyədən gələn bahalı xalçaların sayı getdikcə azalır. Tələbat da o istiqamətdə formalaşır. İmkanlı insanlar da artıq daha ucuz alıb, tez-tez dəyişməyi seçirlər. Məhsul ucuzlaşdıqca, gəlir də aşağı düşür. Bu da statistikaya təsir göstərir”. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm