Azərbaycanı kimlər su böhranı ilə üz-üzə qoyur? - Elə faktlar açıqlandı ki...
Bizi izləyin

Sosial

Azərbaycanı kimlər su böhranı ilə üz-üzə qoyur? - Elə faktlar açıqlandı ki...

Son iki onillikdə dünyada şirin suya tələbat kəskin şəkildə artıb. Tədqiqatlar göstərir ki, qlobal su istehlakı 25%-dən çox artıb və bunun böyük hissəsi məhz sənaye sektorunun payına düşür. Polad, sement, plastik, kağız kimi materialların istehsalının sürətlə genişlənməsi su ehtiyatlarına ciddi təzyiq yaradır.

Bu problem Azərbaycanda da aktualdır. Baxmayaraq ki, əhali və qeyri-əhali üzrə su sərfiyyatına dair dəqiq statistika ictimaiyyətə açıqlanmır. Müşahidələr göstərir ki, ölkədə böyük su istehlakçılarının əksəriyyəti məhz qeyri-əhali sektorudur. Avtomobil yuma məntəqələri, yol kənarındakı yaşıllıqların sulanması, müxtəlif obyektlərdə istifadə olunan su və digər bu kimi nümunələr bunu sübut edir. Uzun illərdir azalan su ehtiyatları, iqlim dəyişikliyi və artan istehlak fonunda ölkə ciddi su təhlükəsizliyi riski ilə üz-üzədir.

Müəssisələrdə istifadə olunan şirin suyu texniki və ya təmizlənmiş təkrar sularla əvəz etmək mümkün deyilmi?

Şirin su ehtiyatlarının azalması fonunda ölkəni hansı risklər gözləyir? Niyə hər il quraqlıq və su qıtlığı ilə bağlı xəbərdarlıqlar verilsə də, sənaye və istehsal müəssisələrinin su yükü barədə geniş ictimai müzakirə aparılmır?

Mövzu ilə bağlı Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev Publika.az-ın suallarını cavablandırdı. Qaldırılmış məsələnin son dərəcə aktual olduğunu vurğulayan Ənvər Əliyev bildirdi ki, planetin əhalisi sürətlə artır, su ehtiyatları isə azalır:

“Xüsusilə şirin su ehtiyatları kritik həddə yaxınlaşır. Baxmayaraq ki, Yer səthinin üçdə ikisi su ilə örtülüb. Lakin içməli suyun həcmi çox azdır. Həm yarımkürələr, həm də qlobal coğrafi bölgələr üzrə qeyri-bərabər paylanır.

Azərbaycana nəzər salsaq, ölkədə çayların böyük hissəsi kiçik çaylardır. Ən iri su mənbələrimiz olan Kür və Arazın əsas axını isə xarici ölkələrdən gəlir. Bu ölkələrin əhali sayının çoxluğu və suya tələbatın yüksək olması regionda su təzyiqini artırır və bu, birbaşa Azərbaycana təsir edir”.

Ekoloqun sözlərinə görə, içməli su ilə texniki suyun istifadəsini dəqiq ayırmaq həm idarəetmə, həm də iqtisadi baxımdan çox vacibdir:

“Bəzi su mənbələri içməyə yararlı olmasa da, texniki məqsədlər üçün tam uyğundur. Məsələn, yalnız metronun tunellərində toplanan sızma və axıntı sularının təmizlənməsi təxminən 300 min manata başa gəlir. Bakı quraq şəhər olduğundan bu suların yaşıllıqların sulanmasında istifadəsi daha sərfəli və ekoloji baxımdan məqsədəuyğun olardı.

Hazırda istifadə etdiyimiz su da tam təmiz sayılmır və müəyyən səviyyədə təmizlənməlidir. Bununla belə, içməli suyun avtomobil yuyulmasında və yaşıllıqların suvarılmasında istifadəsi yolverilməzdir. Kənd təsərrüfatında, xüsusən heyvandarlıq və əkinçilikdə suya tələbat çoxdur. Azərbaycanda suvarma sistemləri hələ də köhnə üsullarla işləyir. Su başlı-başına sahəyə buraxılır. Halbuki birillik bitkilərin bir hissəsi yağış suyu ilə təmin oluna bilər, müasir damcı suvarma sistemləri isə suya qənaəti kəskin artırar”.

Ənvər Əliyev onu da qeyd etdi ki, ümumilikdə mövcud su ehtiyatlarından istifadə istiqamətində ciddi problemlər mövcuddur:

“İstifadə etdiyimiz suyun böyük hissəsi yüzlərlə kilometr məsafədən gətirilir. Ondan normal şəkildə içməli su kimi istifadə olunsa və ya müəyyən hissəsi təmizlənərək təkrar suvarmada tətbiq edilsə, vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşar.

Bundan başqa, əhali suya qənaət etmir. Məsələn, adambaşına düşən su ehtiyatına görə dünyada birinci yerdə duran Kanada belə sudan milliqramla istifadə edir. Orada adi unitazlarda su sərfi bizdən üç dəfə azdır, çünki burulma sistemi mövcuddur. Azərbaycanda bu kimi texnoloji yeniliklərin tətbiqi hələ də ləngiyir. Yüz il əvvəlki sistemlə suyu idarə etməklə qənaət əldə etmək mümkün deyil.

Nəticə olaraq, içməli, texniki və təkrar istifadə olunan suyun düzgün bölünməsi, müasir suvarma texnologiyalarının tətbiqi, suyun təkrar dövriyyəyə qaytarılması və əhalidə qənaət vərdişlərinin formalaşdırılması ilə Azərbaycanda su problemini böyük ölçüdə aradan qaldırmaq mümkündür”.

Gülnar Süleymanova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm