Şəhid oğlu müharibədə zərər görmüş evinin təmirindən narazıdır - VİDEO
Bizi izləyin

Sosial

Şəhid oğlu müharibədə zərər görmüş evinin təmirindən narazıdır - VİDEO

“Azərbaycanın Bayrağı” ordenli şəhid Mehrac Mahmudovun oğlu Tərtər sakini Ziya Mahmudov Vətən müharibəsi zamanı ciddi zərər görən evinin təmirini həyata keçirən “AzCaspian” şirkətindən şikayətçidir.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a danışan Ziya Mahmudovun sözlərinə görə, müharibədən sonra evlərinin bərpası nəzərdə tutulsa da, bu günə qədər təmiri başa çatmayıb.

O bildirib ki, kənddə müharibə zamanı dağıdılmış, ciddi zərər görən evlərin böyük əksəriyyətinin təmirini başqa şirkət həyata keçirib.

“Müharibə vaxtı evimizə mərmi düşüb, ev çox ciddi zərər görüb. Prezident İlham Əliyevin əmri ilə evlər yenidən təmir olunub, sakinlərə verilməliydi.

Kənddə evlərin 90 faizinin təmirini başqa şirkət edib. Bizim ev “AzCaspian” şirkətinin siyahısında olub. Amma o şirkət evdə heç bir iş görməyib. Bir "Kamaz" daş gətirdilər, dedilər gəlib təmir edəcəyik, amma gəlmədilər.

Digər şirkətin əməkdaşları isə evimizə baxış keçirib, vəziyyətin ağır olduğunu görüb “Şəhidin övladının evini belə halda saxlamaq olmaz” deyib təmirə başlamışdılar. Evin damını düzəltdilər, mətbəxdə də xeyli iş gördülər. Elə həmin ərəfələrdə onlara məlum oldu ki, evin sənədi “AzCaspian” şirkətindədir.

“AzCaspian” da məni çağırdı, əlimə sənəd verib dedi: “Buna qol çək, sənədi digər şirkətə verək, onlar evini sona kimi bərpa etsinlər”. Mən də razılaşdım”.

Ziya Mahmudov deyib ki, sənədə imza atandan sonra vəziyyət daha da gərginləşib, iş yarımçıq qalıb.

“Mən imzanı atandan sonra “AzCaspian”dan heç bir xəbər çıxmadı, sanki yoxa çıxdılar və məlum oldu ki, onlar sənədi heç digər şirkətə də verməyiblər. Evdə bəzi təmir işlərini öz şəxsi vəsaitim hesabına görmüşəm.

Halbuki sənəd digər şirkətə verilsəydi, ev dövlət hesabına bərpa olunacaqdı. İndi ev təmirsiz vəziyyətdədir, qəlpə izləri açıq-aydın görünür. Polis də deyir ki, sən sənədə imza atmısan. Bəli, sənədə imza atmışam, amma evin vəziyyəti də göz önündədir”.

Məsələ ilə bağlı sorğumuza “AzCaspian” şirkətindən bildirilib ki, sözügedən ünvanda təmir işləri 2021-ci ildə aparılıb:

“Qeyd olunan ünvanda görülən işlərlə bağlı təhvil-təslim aktı təqdim olunub. Şikayətçi bu məsələ ilə bağlı polis orqanlarına da müraciət edib, aktları onlara da təqdim etmişik.

Əgər vətəndaş sonradan əlavə işlərin görülməsini istəyirsə, biz buna cavabdehlik daşımırıq. Dövlət tərəfindən hansı işlər tapşırılıbsa, onlar yerinə yetirilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm