Sosial
Nəzarətsiz çimərliklərə üz tutanlar cərimələnəcək? - Açıqlama
Ötən gün hava küləkli olsa da, insanların kütləvi şəkildə dənizə üz tutması narahatlıq doğurub. Sosial şəbəkələrdə yayılan görüntülərdə dənizin kifayət qədər dalğalı olduğu, ləpələrin güclü və sürətli hərəkət etdiyi aydın görünür. Buna baxmayaraq, çoxsaylı insanların çimərlikdə olduğu və dənizə girdiyi müşahidə edilir.
Bəs belə təhlükəli hava şəraitində insanlar niyə riskə gedərək dənizə daxil olurlar? Bu kimi hallarda vətəndaşların təhlükəsizliyi naminə çimərliklərə girişin müvəqqəti məhdudlaşdırılması mümkündürmü?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev danışıb. O deyib ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru səbəbindən baş verir:
“Qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlərlə üzləşirlər. Dəniz istirahəti insanların diqqətini cəlb edən istirahət növlərindən biri hesab olunur. Lakin bu gözəllik çox qısa zamanda və qəfil şəkildə insan həyatı üçün təhlükə yarada bilər. Bəzən insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəflərinin də olduğunu unudurlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək hələ də adi davranış kimi qəbul olunur. İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki bu məkanlarda Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri fəaliyyət göstərir və hər hansı fövqəladə hadisə baş verdikdə çevik şəkildə müdaxilə etmək imkanına malikdirlər”.
O.Musayevin sözlərinə görə, nəzarətsiz çimərliklərdə xilasedici xidmət olmadığından fövqəladə hadisə zamanı insan həyatını xilas etmək çox çətin, bəzi hallarda isə mümkünsüz olur:
“Nəzarət olunan çimərliklərdə suyun dərinliyi müəyyənləşdirilir, insanlara xəsarət yetirə biləcək daşlar, daş qırıntıları və digər təhlükəli maneələr təmizlənir. Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğaların hündürlüyü mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji amillərin təsiri nəticəsində təhlükəli vəziyyətə düşə bilərlər. Maarifləndirmə və təbliğat xarakterli işlər daha da gücləndirilməlidir. İnsanlar yalnız dalğalı və küləkli havada üzməyin təhlükəli olması barədə xəbərdarlıqlarla kifayətlənməməli, eyni zamanda dalğaların və su axınlarının insan bədəninə təsirini də bilməlidirlər. Axına düşdükdə nə baş verdiyi, boğulma zamanı insan orqanizmində hansı proseslərin getdiyi barədə cəmiyyət məlumatlandırılmalıdır. Çimərliklərdə qaydalar pozulduqda, məsələn, qadağan olunmuş ərazilərdə çimildikdə və ya alkoqollu içki qəbul etdikdən sonra suya girildikdə, belə hallara qarşı həm ictimai qınaq olmalı, həm də inzibati qaydada cərimə tədbirləri tətbiq edilməlidir ki, insanlar bu cür təhlükəli davranışlardan çəkinsinlər. Boğulma hadisələrinin çoxu saniyələr içində, səssiz və xəbərdarlıqsız baş verir. İnsan hər zaman qışqıra və kömək istəyə bilmir, sadəcə, suyun altında gözdən itir. Hər il bu cür faciələrin təkrarlanmasının əsas səbəblərindən biri ehtiyatsızlıq və «heç nə olmaz» düşüncəsidir. Biz bu yanaşmadan qurtulmalıyıq”.
-
Rəsmi xronika10:12Şuşada Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
MDB10:02Rusiya alov içində: Ukrayna sərhədindən 1400 km məsafədə yerləşən nəhəng zavod vuruldu
-
Maraq dünyası09:24Nostradamusun 2026-nın ikinci yarısı ilə bağlı qorxulu proqnozları: Nə baş verəcək?
-
Sosial08:37Nəzarətsiz çimərliklərə üz tutanlar cərimələnəcək? - Açıqlama
-
Dünya08:10BƏƏ və SEPAH-dan Hörmüzdə hücuma məruz qalan gəmilərlə bağlı açıqlama - 1 ölü, 8 yaralı var
-
İdman06:46DÇ-2026-da iştirak edən futbolçuların reytinqi - Mbappe 2-cidir
-
Magazin103:43Nahidə Babaşlı ikinci dəfə ailə qurur - Foto
-
Yaxın Şərq02:18Tehrandan qisas hücumu: Küveytdəki ABŞ hədəfləri vuruldu









.jpg)

.jpg)

























