Qarabağdan film çəkməyə ən çox haqqı olanlardan biri mənəm - MÜSAHİBƏ - FOTO
Bizi izləyin

Tabloid.az

Qarabağdan film çəkməyə ən çox haqqı olanlardan biri mənəm - MÜSAHİBƏ - FOTO

Tanınmış rejissor və aktyor Kənan MM-in Publika.az-a müsahibəsi:

-Türkiyədə məşhur “Savaşçı” serialında Bəxtiyar obrazını canlandırdınız. Bununla Türkiyədə daha da tanındınız. Bəs niyə, Qarabağla bağlı film çəkmirsiniz? Bu mövzuda Mədəniyyət Nazirliyi müsabiqə elan edib, qatılmısınız?

- Müsabiqədən iki gün əvvəl xəbərim olub. Aktiv internet istifadəçisi olduğum halda elanı görməmişəm. Fikrimcə, məsələ ilə əlaqədar PR işi zəif aparılıb və ictimailəşməyib. Heç kimin cibində Qarabağ haqqında hazır film ssenarisi yoxdur və vaxt çox qısa qoyulub. Lakin sinopsis var idi. Güman edirəm ki, ssenarilərin qəbul edilmə tarixi uzadılacaq. Mən yazdığım hekayəyə çox inanıram. Adı da “7 oğul 1 vətən”-dir. Hekayə ilə bağlı qısaca ipucu da verim: “Savaşda döyüşən talış, ləzgi, yəhudi və s. fərqli milliyətdən olan azərbaycanlıların vətən uğrunda birgə qəhrəmanlıqlarına vurğu edilib. Ssenaridə Albert, Polad Həşimov, Xudayar kimi həqiqi və simvolik qəhrəmaların adı çəkilir. Hekayəmizin ana hədəfi Gəncəni və Bərdəni vuran raketləri göstərməkdir. Bu barədə çox danışmaq istəmirəm (kövrəlir).

Hekayə mənimdir, süjet xətti Vüqar Fəhmiyə aiddir. Dialoqları yazmağa başlamışam. Yəqin ki, bir neçə gün ərzində ssenari halına salınacaq və nazirliyə təqdim edəcəm. İnanıram ki, seçimlərə şəffaf yanaşılacaq. Qarabağ haqqında film çəkməyə ən çox haqqı olanlardan biri mənəm. Çünki illərdi bu məsələ ilə əlaqədar çox işlər görmüşəm və hərbi film çəkmək barədə təcrübəm də var. Seçilməsəm, mənə sadəcə üzülmək qalacaq.

-Sizdən sonra sənətə gələnlər indi xalq artistidir. Amma sizin əməkdar adınız belə yoxdur. Bu barədə nə deyə bilərsiniz?

- Həmişə çalışmışam ki, etdiyim heç bir hərəkətə görə ailəm, yaxınlarım üzülməsinlər. Özüm belə yox, əvvəla adım gələndə pis olmasınlar. Əgər o adı mən təmiz saxlayıb bu yaşıma qədər gətirmişəmsə, əsl istəyimə nail olmuşam. O ki qaldı əməkdar, incəsənət xadimləri adına bu adlar dövlətin sənə verdiyi adlardır. Görünür, layiq görməyiblər. Mənim o adlarda gözüm yoxdur. Var xalq artisti, var xalqın artisti. Düşünürəm ki, mən onsuz da xalqınam. Xalqa məxsusam. Çünki xalq olmasa, yazdığım, çəkdiyim heç nəyi heç kimə təqdim edə bilmərəm. Ad olsa da olar, olmasa da. Xalq mənə bir ləqəb qoyub: “Kənan MM”. Bu, mənim üçün hər şeydən dəyərlidir. Önəmli olan isə o adı təmiz saxlamaqdır. Mən illərlə özümə bir ad qazanmaq üçün işlədim, indi də həmin ad mənə işləyir.

- Bir ara şou biznes yazalarına savaş elan etmişdiniz. İndi onlarla münasibətiniz nə yerdədir?

- Onlar şou biznes yazarları deyildi. Əli qələm tutan, kompüter arxasında oturan, pul verib sayt açdıran hər kəsə jurnalist demək olmaz. Əslində onlarla mən yox, jurnalistlər mübarizə aparmalıdır. Çünki atılan hər bir ləkə sizin adınıza atılır. Səhər yuxudan oyanıb görürsən ki, saytda sənin şəklin, lakin altındakı yazıların sənlə əlaqəsi yoxdur. Mövlanənin bir sözü burada yada düşür: “100 doğrunu qoyub, bir yanlışı danışacaqlar”. Biz də insanıq, bizim də əsəbimiz var, biz də kiməsə hirslənə bilirik. 20 ildə yaşayıb yaratdığını yox, bir dənə sözünü yazanda loru dildə desək, başından tüstü çıxır. Öz yerini dəyiş və haqqında həmin yazıların tirajlandığı sənətçinin yerinə özünü qoy. Buna nə qədər dözə bilərsən?! Amma susmağım özümə olan hörmətimdəndir, qorxaqlığımdan yox. Mənə sual verirlər ki, tutalım filan canlı yayımda filakəsin cavabını niyə vermədin?! Canlı yayım mənim atamın evi deyil. Mən orada özümü istədiyim kimi apara bilmərəm. Bizə xanımlar, uşaqlar, dövlət xadimləri baxır. Ona görə də fikirlərini çatdırmaq üçün seçdiyin sözlərə diqqət etməlisən.

- Kənan MM adını daha ciddi və böyük arenalarda görməyə öyrəşmişik. Ona görə adınızı “Tiktok” sosial şəbəkəsində görəndə təəccübləndik. Buna səbəb nədir?

- Əgər bir insan həyatda cılızdırsa, o canlı yayımda da cılızdır, cansızda da. Bir söz var: “Bu canlı yayımlar insanların maskalarını çıxardı”. Xeyr, sadəcə onu tanımağa sənin fürsətin olmayıb. Deyirlər filankəs pul gördü, dəyişdi. Bunların biri də yaxşıya dəyişsin də, niyə pisə dəyişir?! Əgər pulun olmadığı halda az da olsa yaxşılıq haqqında fikirləşirsənsə, pulun olduqdan sonra bu barədə daha çox düşünürsən. İnsanın xarakterinin fakturası heç vaxt dəyişmir. Onun ikinci mənəvi adı əqidədir. Əqidə heç vaxt dəyişə bilməz. Mənə sual verirlər ki, bir oyunda sənə 8 dənə şir atdılar (red: ən böyük hədiyyənin simvolu) sən sevinmədin, elə bircə təşəkkür etdin. Qardaş, onu göndərən də kişidir, mən də kişiyəm. Əslində insanlar orada xarakter göstərirlər. Fikrimcə, göründüyüm kimi olduğuma görə insanlar tərəfindən daha da sevildim. Qazaxıstanlı bir bloggerlə oyun oynadım və rekord nəticə aldım. Elə bildim ki, arxamda böyük bir aləm dayanıb. Bu o 20 ilin nəticəsi idi. Ciddi insanların içində qalan bir yumor hissi var. Burada o da üzə çıxır. Mənim də komplekslərim var, lakin “Tiktok”-da sərbəst oluram. İnsanlar elə gözəl şərhlər yazırlar ki, adama xoş gəlir. Tamaşaçı ilə aranda ünsiyyət də yaranır. Amma burada bir məqam da var. Bu gün sosial şəbəkələr bağlansa, indi tanıdığımız məşhurların heç kim olduğu ortaya çıxacaq. Amma mənim elə bir problemim yoxdur. Bilmirəm bu ifadəm necə qarşılanacaq, lakin mənə pul təklif edirlər ki, mənimlə canlıya çıx. Bəlkə, başqalarının da başına gəlib. Bir az pula qarşı həssas olsan, o xarizmanı saxlaya bilməyəcəksən. Pul yaşamaq üçündür. Lakin pul kişi kimi, insan kimi yaşamaq üçün vacib amillərdən biri deyil.

- Sosial mediada qadınlarla bağlı yazdığınız şeirlər, fikirlər daha çox gündəm olur və paylaşılır. Sizi qadınlar üzrə mütəxəssis hesab etmək olar? Bu, nədən qaynaqlanır?

- Mən rejissoram, ona görə də müşahidə qabiliyyətim yaxşı inkişaf edib. Yazdığım şeirlərin hər birində mənim həyatım əks olunmur. Dost-tanışlarda bir çox hekayələr görürəm. Hətta, statuslarda nəsə görürəm. Soruşuram nə məsələdir? Ona uyğun bir şeir yazıram və s. Amma bunun bir ucu istedada gedib dayanır. Sən romantik şeir yazırsansa, bu o demək deyil ki, sən hədsiz romantik adamsan. Həyatda özüm kimi quru adam tanımıram. Yenə Mövlanədən bir stat gətirəcəm: “Şairləri sevməyin, sizə şeir yazmaq üçün sizi tərk edərlər”. Hardasa bununla razıyam. Həyatından çox insan keçdiyi üçün yaza bilirsən bəzən. Məsələn, “Sındı aramızda olan körpülər” şeirimin yaranma tarixi belədir ki, Bakıda kirayə yaşadığım illərdə qonşuluqda yaşayan bir ailə vardı və ərlə arvad yola getmirdi. Bir dəfə çox pis dava düşdü və xanım qapını çırparaq dedi: “Vəssəlam Vaqif! Sındı aramızda olan körpülər”. Bu söz məni gecə yuxudan oyatdı və yazdım...

Ürək səndən daha döndü, barışmaz,

Göz yaşı altında ocaq alışmaz.

Bu son sözlərimi yaddaşına yaz,

“Sındı aramızda olan körpülər”.

Yəni, hər şeirin yaranmasında bir hekayə var. Qadınlarla bağlı fikirlərimə gəldikdə isə, yəqin ki, dost-tanış, ailə üzvləri, bir sözlə, həyatımda çox xanım olub...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm