Nida.az
İrəvanın “müharibə seçimi”: Qarabağda rusların oyunu başlanır?
“Qarabağda müharibə istənilən an başlaya bilər”
deyən Serj Sarkisyanın “Bloomberg”ə müsahibəsi “dördgünlük
müharibə”dən sonra münaqişə ətrafında Rusiyanın vasitəçiliyi ilə
aparılan danışıqlarda kartlar yenidən qarışdırdı.
“Düşmən müharibəni seçir”, Rusiya baş diplomatı Sergey Lavrovun
İrəvana 21-22 aprel səfərindən sonra baş verənlər belə düşünməyə
əsas verir.
Lavrov özü ilə İrəvana birbaşa Vladimir Putinin şəxsən nəzarət
etdiyi planı aparmışdı. Rus diplomat İrəvanda iki gün qaldı. Bu
müddət ərzində bağlı qapılar arxasında danışıqlar aparıldı,
ictimaiyyətə isə daha çox “dəstək” mesajı verildi. İlkin
ehtimallar, xüsusilə ümumi abı-hava Lavrovun İrəvanda Qarabağla
bağlı planı diktə etdiyini, Sarkisyanın isə razılaşmaqdan başqa
çarəsi qalmadığını deməyə əsas verirdi. Rəsmi İrəvanın təşkil
etdiyi rus səfirliyinin önündə “yumurtalı” aksiya, Lavrova
“Qarabağdan əllərini çək” etirazları kimi “ümumxalq teatr”
Sarkisyan hakimiyyətinin Rusiyaya “xalqım bu plana qarşıdır”
mesajını verməsi də bu ehtimalı gücləndirir.
Plana görə, Ermənistan Laçın dəhlizi istisna olmaqla işğal etdiyi
rayonları qaytarır, qaçqınların təhlükəsiz şəraitində evlərinə
qayıtması təmin olunur, daha sonra Dağlıq Qarabağın statusunun
müəyyən edilməsi üçün referendum keçirilir. Rusiyanın burada əsas
şərti sülhməramlıların Qarabağa yerləşdirilməsidir. Rəsmi Bakı
tərəfindən danışıqlarda qəbul edilməyən məqam da budur. Lakin
Ermənistanda rayonların qaytarılması “təslimçi sülh” kimi
qiymətləndirilir. Sarkisyanın Xankəndinə səfəri və burada keçirdiyi
toplantıda yaşanan qalmaqal da Moskvanın İrəvana diktə etdiyini
göstərirdi.
Lavrovun İrəvan səfəri başa çatadan dərhal sonra – aprelin 23-də
yaşananlar münaqişəyə dair yeni proseslərin baş verdiyini
göstərdi.
- Serj Sarkisyan məhz aprelin 23-də - Lavrovla danışıqlardan bir
gün sonra “Bloomberg”ə müsahibə verərək, sülhdən imtina etdiklərini
rəsmi şəkildə açıqladı.
- Azərbaycan müdafiə naziri Zakir Həsənov aprelin 23-də
Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də
birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirdi.
“Əsgərdən tutmuş generaladək hər birimiz torpaqlarımızın
azad edilməsi yolunda üzərimizə düşən vəzifələri layiqincə yerinə
yetirərək döyüşlərə hazır olmalıyıq”, - deyən müdafiə naziri
bununla həm də yeni döyüşlərin ola bilməsi ehtimalını vurğulayırdı.
Hesab etmək olar ki, rəsmi Bakıda Ermənistanın sülh danışıqlarından
imtinasına dair informasiya olub və buna qarşı tədbirlər həyata
keçirilir.
- Aprelin 23-ü axşam saatlarında düşmən tərəfi sülhə qarşı olduğunu
açıq şəkildə göstərdi. Ermənistan silahlı birləşmələri Azərbaycan
Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutdu. Qarşı tərəf
cavab atəşi ilə susduruldu.
Bu, “dördgünlük müharibə”dən sonra Ermənistan tərəfinin ən böyük
təxribat addımı idi və özündə bir neçə amili birləşdirir.
1. Rəsmi İrəvan Rusiyaya onun planını qəbul etmədiyi
mesajını verir.
2. Ölkə daxilində yaranmış anti-hakimiyyət abı-havası bununla
sakitləşdirilir.
3. Sarkisyan nüfuzdan düşmüş imicini bərpa etmək istəyir.
4. Hər il aprelin 24-də - qondarma “erməni soyqırımı”nın
ildönümündə olduğu kimi bu dəfə də “təxribatın ildönümü” qeyd
olunurdu.
Lavrovun səfərindən bir gün sonra Sarkisyanın məlum müsahibəsi və
axşam saatlarında cəbhədə növbəti təxribat rəsmi İrəvanın “təslimçi
sülh” hesab etdiyi Rusiya planına qarşı olduğunu sübut etdi.
Amma, “həqiqətənmi bütün bunlar İrəvan ideoloqlarının
planıdır?!” Axı Kremlin sözünün qarşısında dura bilməyən Sarkisyan
Putinin göndərdiyi diplomatla danışıqlardan sonra nədən sülhə qarşı
olduğunu açıq şəkildə bəyan etdi? Doğrudanmı, Lavrov İrəvanda bağlı
qapılar arxasında ermənilərə işğal etdiklərinin geri vermək vaxtı
çatdığını deyib?
Dəqiq cavabı olmayan bu suallar baş verənlərə fərqli rakursdan
baxmaq zərurətini yaradır.
Rusiya doğrudan da indi münaqişəni həll etmək niyyətini açıq
şəkildə bəyan edir. “Dördgünlük müharibə” Kremlə cənub
sərhədlərində hər an partlamağa hazır barıt çəlləyini xatırlatdı.
Hansı ki, Suriyada, Ukraynada müharibə aparan, eləcə də Qərblə
“soyuq savaş” dövrünü yaşayan ruslar üçün dörd gün davam edən
döyüşlər siqnal oldu. Rəsmi Bakının atəşi məhz real danışıqların
bərpası şərti ilə razılaşdığı da məlumdur. Deməli, ruslar regionda
təşəbbüsü əldən vermək üçün hansısa irəliləyişə nail olmaq
niyyətindədirlər, lakin burada “sülhməramlı” adlanan əsas maneə
var.
“Kazan düsturu”, yaxud “Lavrov planı” adlanan təkliflərdə bu, və ya
digər formada Azərbaycanın ərazi bütövlüyü qismən təmin olunur.
Lakin Moskva rayonların qaytarılmasından sonra Dağlıq Qarabağda
sülhməramlıların yerləşdirilməsi şərtini irəli sürür. Hansı ki,
Dnestryanı və Cənubi Osetiyada olduğu kimi bu, rus əsgərləri
olacaq. Rəsmi Bakı bunu qəbul etmir, çünki, faktiki olaraq
Qarabağın itirilməsinə imza atmaqdır. (http://publika.az/p/132421).
Belə şəraitdə Rusiya köhnə ssenarini – münaqişəni arxa plandan
idarə etmək üslubunu işə salır. Ehtimallar deməyə əsas verir ki,
Putinin diplomatik dili olan Lavrov İrəvanda bağlı qapılar
arxasında ermənilərə əvvəlki kimi qeyri-konstruktiv davranışları
davam etdirmək göstərişi verib. Rusiya özünü münaqişənin həllinə
tərəfdar kimi göstərir, öz vassallına isə bütün hallarda
danışıqlardan yayınmaq göstərişi verir. Bu, sülhməramlıların
Qarabağa yerləşdirilməsinə qarşı olan rəsmi Bakıya gizli təzyiq
vasitəsidir. Bir sıra məqamlar belə düşünməyə əsas verir:
Lavrovun İrəvanda çıxışı zamanı bildirdi ki, Rusiya sadəcə
vasitəçidir, münaqişənin həlli üçün tərəflər razılığa
gəlməlidir.
Onun səfərindən bir gün sonra Serj Sarkisyan sülhdən imtina
etdikləri haqda məlum müsahibəsində belə deyir:
“Təhlükəsizlik zəmanətləri olmadan Azərbaycanla sülh
danışıqlarına başlamaq ağılsızlıqdır”.
Burada Sarkisyan “təhlükəsizlik zəmanətinə” xüsusi vurğu edir.
Təhlükəsizlik zəmanəti necə əldə olunmalıdır? Rusiyanın şərt kimi
irəli sürdüyü sülhməramlılar? Sarkisyan “dördgünlük müharibə”dən
sonra Almaniyaya səfərində də “Rusiya əsgərlərinin Qarabağa
yerləşdirilməsinə qarşı olmadıqlarını” açıqlamışdı. Deməli, Rusiya
Sarkisyanın dili ilə sülhməramlı şərtinin qəbul edilməyəcəyi halda
danışıqların davam etdirilməsinin mənasız olduğu mesajını
verir.
Belə görünür ki, Ermənistan yenidən müharibəni seçir. Hansı ki,
Sarkisyan üçün hakimiyyətdə qalmağın yeganə yolu budur. İndi top
yenidən Azərbaycan Ordusundadır.
Asif Nərimanlı
-
ABŞ13:28
Tramp əmr verdi: Bu qadınlar kişi həbsxanasına göndərilsin
-
Sosial12:31
Yoxlamaya gələnlərin üzünə telefon çırpan baş həkim kimdir? - FOTO
-
Sosial12:02
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq - RƏSMİ
-
Nida Xəbər 11:30
AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama
-
Dünya11:06
Türkiyədəki yanğının baş vermə səbəbi məlum oldu
-
İdman10:00
Tovuzda ara qarışdı: Ehtiram Quliyev istefaya gedir?
-
ABŞ09:24
Trampın planı bəlli oldu: Neftin qiymətini bu yolla aşağı salacaq, dünyada hər şey...
-
MDB07:30
Onun zənginə görə Putin iclası tərk etdi - VİDEO