Məşhur reper SİRLƏRİNİ AÇDI: “Dinləyicilər XPERTİ rahatlıqla həzm edib” - - MÜSAHİBƏ/VİDEO
Bizi izləyin

Xüsusi

Məşhur reper SİRLƏRİNİ AÇDI: “Dinləyicilər XPERTİ rahatlıqla həzm edib” - - MÜSAHİBƏ/VİDEO

Qız və oğlan arasındakı hisslərin sevgi olduğunu düşünmürəm.

"İçində sevgi sözcükləri olan bir neçə mətnim var. Sadəcə söz xatirinə yazdığım. Kommersiya desəm, daha doğru olar. Ümumilikdə isə qız və oğlan arasındakı hisslərin sevgi olduğunu düşünmürəm. Və ya belə deyim, sevgi, çox da üzərində durulacaq ciddi bir mövzu deyil".

Bu sözləri Xpert ləqəbi ilə tanınan reper Şəhriyar Atabalayev Publika.az-a verdiyi müsahibədə deyib.

“Makar10” (2011), “Akula” (2013), “Qəssab” (2016) albomlarının müəllifi olan reper ixtisasca filoloqdur. O, 2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavrını, 2012-ci ildə isə magistraturasını bitirib.

Türkiyədə də geniş dinləyici auditoriyası olan reper bu yaxınlarda azərbaycanlı və türkiyəli həmkarları Sansar Salvo, Sayedar və Pasterlə “North West cpt.2” adlı trekini təqdim edib.

- Uzun müddət Amerikada qaldınız. Mümkünsə bu səfərin məqsədi haqqında məlumat verərdiniz. Yenidən qayıtmağı və həmişəlik orada yaşamağı düşünürsünüz?

- Amerika səfəri 2016-cı il üçün önümdə duran seçimlərdən biri idi. Heç bir uzun-uzadı plan-proqram çərçivəsində deyildi. İlk dəfə özümü hadisələrin axarına buraxdım desəm, daha doğru olar.

- Amerikadan gənclərimizin həyatı necə görünür?

- Əsrarəngiz.

- “Bir güllə ilə iki quş vurmaq” məsələni repə aid etsək, bir sətirdə neçə mövzuya toxunmaq olar?

- İlk növbədə mövzu özü sənə toxunmalıdır. Mənə toxunan mövzulara adətən sətirlər yox, albomlar bəs etmir. Qısası, sətirdəki mövzuların sayı istedada görə dəyişir.

- Dinləyicilərinizin neçə faizi sətiraltı mənalarınızı anlayır?

- Bu barədə heç bir fikrim yoxdur.

- Düşünmürsünüz ki, sətirlərinizdəki kəskin yumor və ironiya insanları qorxuda bilər?

- Qorxu hər zaman qorxulu deyil. Bir çox hallarda faydalıdır hətta. Anlayanlara izah edirsən, anlamayanları qorxudursan. Azyaşlı uşaqları özlərinin başa düşmədiyi təhlükədən qoruduğun kimi.

- Məsələn, treklərinizdə qan, meyit, mişar, bıçaq, balta, küt və kəsici alətlər, həmçinin başqa silah adlarını tez-tez eşidirik. Hətta ətçəkən maşından və qamçıdan da yazmısınız. İnsanda elə təəssürat yaranır ki, bunu potensial qatil oxuyub. Replərinizdəki bu qədər ağrı, nifərt və kinin mənbəyi nədir?

- Düzdür... İndiki halda keçmiş layihələrimin bir çoxundan məmnun deyiləm. Gəl ki, keçmiş istənilən halda peşmançılıq hissi vermir. Mən də bu cəmiyyətin övladıyam və hər zaman öz rolumun öhdəsindən layiqincə gəlməyə çalışmışam. Arxasında olduğum düşüncənin düz və ya səhv olduğundan ziyadə ona inandığım qədər varam. Nə qədər var olduğum isə hər işimdə öz əksini tapıb.

Ümumiyyətlə, mənə görə düz və səhv nisbi anlayışdır.

- Bu cür replər gənc dinləyicilərinizin psixologiyasına mənfi istiqamətdə təsir göstərə bilər?

- Əlbəttə.

- Düzəldə bilməyəcəyiniz haqsızlıqla qarşılaşanda hisslərinizin, ya ağlınızın qeybə çəkilməsini arzulayardınız?

- Hisslər ağlımın məhsuludur. Düzəldə bilmədiyim haqqsızlıqlar isə sadəcə kiminsə doğrularının mənim gerçəklərimə qalib gəlməsi deməkdir. Belə olduğu halda - əhsən və alqış. Qaliblər hər zaman alqışlanmalıdır!

- Elə bir hadisə olubmu ki, hansısa trekinizdə işlətdiyiniz ifadələrə, qafiyələrə görə sonradan peşmançılıq çəkəsiniz?

- Razı qalmadığım məqamlarım var, lakin məni qıcılandırmır. Mərhələlər idi. Addım-addım, pillə-pillə. Hələ də davam edir. Çıxardığım hər albom bir öncəkindən daha dolğun, daha dəqiqdir. Bu qədər ağır mətnlərə baxmayaraq dinləyicilər hər zaman Xperti rahatlıqla həzm edirlər. Çünki hər zaman həyata keçirdiyim ardıcıllıq qanunauyğundur. Duru, quru, desert. Hər şey öz yerində - tənqid də, tərif də. Söyüş də, alqış da.

- Niyə mənə elə gəlir ki, rep oxuyanda siz sanki kimdənsə nəyinsə heyfini və qisasını almağa çalışırsınız. Bəlkə yanılıram...

- Daha çox aqressiv olduğum vaxtlarda nəsə yazıram. Əsəbimi bu yolla öldürdüyüm üçün hisslər normal olaraq mp3-ə dönür. Əksər hallarda bu belədir. Həmişə yox.

- Ümumilikdə qarşılaşdığınız problemlərin və çətinliklərin günahını kimdə görürsünüz?

- Hər baxış bucağının öz qəhrəmanı və antisi var. Bu prosses bir az maraqlı tamaşa kimidir. Səhnədəsən, günahlandırdığın kəsin də öz doğrularının olduğunu bilərəkdən onu ittiham edirsən. Mümkün qədər kainatın bir parçası olmağa çalışmaq, qanunlara tabe olmaq, ondan qopmamaq üçün. Lakin həyatda və yaradıcılıqda üsyan hər zaman çıxış yolu deyil.

- Sizcə, Azərbaycan cəmiyyəti niyə repi ciddi janr kimi qəbul etmir?

- Azərbaycan cəmiyyətinin hazırkı durumu barədə böyük bir məqalə yazıb sonda bu sualı belə vermək olar: Bəs indi başa düşdünüzmü Azərbaycan cəmiyyəti niyə repi ciddi janr kimi qəbul etmir?

- Həyatda daha səmimi və dürüstsünüz, yoxsa replərinizdə?

- Şübhəsiz ki, yaradıcı kimlik öz şəxsiyyətindən pay alır. Bu danılmazdır. Belə ki, Şəhriyar kifayət qədər səmimi və dürüstdür (gülür).

- Sizin üçün hansı əsasdır: ritm, yoxsa sözlər?

- Ritm. Ritm, üzərinə yazılacaq sözləri özü müəyyən edir.

- Cəmiyyətimizin savad və təhsil baxımından geridə qalması ali təhsilli reper və yaradıcı bir insan kimi sizdə narahatlıq doğurur? Necə düşünürsünüz tənqidlə bunu aradan qaldırmaq mümkündür?

- Bir müsibət yüz nəsihətdən yaxşıdır. Bu fikir çox xoşuma gəlir.

- Sizin üçün rep mübarizə üsuludur, ya başqalarında mübariz ruhu oyatmaq üçün bir vasitə?

- Ən uyğun yer və məqamda deyilən söz.

- Dünyaya sizi narahat edən problemləri demək imkanınız olmasaydı, nə edərdiniz? Ümumiyyətlə, replərinizlə kimi və nəyi xilas etmək niyyətindəsiniz?

- İllərdir əlimdə bu imkan varmış kimi, şövqlə yazıram.

- Kimlər mentalitet qurbanlarına çevrilir? Yaxud da mentalitet qurbanları olmamaq üçün nə etməliyik?

- Kəsilməyə gedən qoyun xoşbəxtdir. Onu bu sevincdən məhrum etmək haqsızlıq olacaq.

- Bir trekinizdə deyildiyi kimi, balaca-balaca uşaqların tanımadığı adamlara daş atmasının səbəbi nədir?

- İnsan bilmədiyinin düşmənidir. Bir-birimizi düzgün tanımalıyıq. Bizə bizi düzgün tanıtmalıdırlar. Elə lap körpəliyimizdən.

- Bizdə istedadları insanları məhv edir, yoxsa insanlar özləri öz istedadlarını məhv edir?

- Əsas odur ki, öz icazəmiz olmadan bizimlə heç bir ciddi prosses baş vermir.

- Necə oldu ki, geyim brendi yaratmağa qərar verdiniz?

- Bu işə sadə köynəklərin üzərinə loqo çap etməklə başladıq. Fikirlər, ideyalar, müzakirələr. Yüz ölçüb, bir biçdik. Kiçik brendimizi yaratdıq. Hazırda “Shaman's Wear2"-i Xpertin şəxsi loqosunu daşıyan məhsul olmaqdan çıxarıb bütün Azərbaycan gəncliyinin markası etməyi düşünürəm. Bu düşüncə "fanat ordusu" toplamaqdan daha faydalı olacaq. Hər birimiz üçün.

- Necə düşünürsünüz hədəflərimizi dəqiqləşdirəndə ayaqlarımızı yorğanımıza görə uzatmalıyıq, yoxsa arzular onları reallaşdırmaq üçün sərhəd tanımır?

- Bütün çətinliklərə baxmayaraq, arzular onları reallaşdırmaq üçün sərhəd tanımır.

- Alber Kamyu deyib ki, əgər ilahi ədalət və anam arasında seçim etməli olsaydım, anamı seçərdim. Siz hansını seçərdiniz?

- Anamı seçmək ən ədalətli qərardır, mənim üçün.

- Sevgidən yazmamağınızın səbəbi nədir? Bu hiss sizin üçün toxunulmaz qədər müqəddəsdir, yoxsa sizə məhəbbət haqqında rep yazdıran insanla qarşılaşmamısınız?

- İçində sevgi sözcükləri olan bir neçə mətnim var (gülür). Sadəcə söz xatirinə yazdığım. Kommersiya desəm, daha doğru olar. Ümumilikdə isə qız və oğlan arasındakı hisslərin sevgi olduğunu düşünmürəm. Və ya belə deyim, sevgi, çox da üzərində durulacaq ciddi bir mövzu deyil.

- “Və bir də” klipi səhv etmirəmsə, Xınalıqda çəkilib. Sualım da kliplə bağlıdır. Dağın başına çıxıb disklərinizi atmaqla hansı mesajı vermək istəyirdiniz?

- Musiqinin əlavə yük olduğu, psixoloji sıxıntılar keçirdiyim vaxtlar idi. Ətrafımdakı insanların da dəstəyilə davam etməli olduğuma qərar vermişdim ki, "Və bir də" ərsəyə gəldi.

- Müsahibələrizin birində demişdiniz ki, qızların rep dinləməsini xoş qarşılamırsınız. Niyə elə hesab edirsiniz ki, qızlar rep dinləməli deyil?

- Əvvəldə dediyim kimi, inandığım doğruları söyləməkdən çəkinməmişəm, heç vaxt. İndi bu fikirdə deyiləm əlbəttə.

- Yaradıcılıq planlarınızda nələr var?

- Əlimdə olan bir neçə demo layihəni də təqdim edib kiçik planlar cızacam. Paralel olaraq geyim brendimin yaz-yay modeli üzərində çalışırıq. Uzun vədəli planlar qurmaq bir müddət sonra o plan uğruna nələrisə qurban verməyə gətirib çıxarır. Bunu istəmirəm.

- “Sarışan hallar” bəyəndiyim replərinizdən biridir. Növbəti sualım da bununla bağlıdır. Siz burada həm ölümdən qorxan, həm də sağalmaq istəməyən gənci canlandırmısınız. Bu qərarsızlığın səbəbi nə idi?

- Ölümdən qorxmaq nə ilə qarşılaşacağını bilməmək qorxusudur. Bununla yanaşı yaşamaqdan da zövq almırsansa, bax bu, o zaman əsl fəlakətə çevrilir, hallar sayrışır.

- Bir repinizdə deyildiyi kimi, onurğamızı kim qırıb ki, səcdəyə gedə bilmirik? Yenidən ayağa qaxlmaq şansımız heçmi yoxdur?..

- Mənim onurğam Xırdalan avtobusunda əzilib, universitet illərində. Dərs çıxışı çox sıxlıq olur. Elə o vaxtdan başa düşmüşəm ki, belə sıxlıqda gərək özün də çox qəfil hərəkətlər etməyəsən. Aradan ehtiyatla keçib çıxışa çatmaq böyük məharət tələb edir. Özünü və başqalarını əzmədən, incitmədən. Şans isə hər zaman var. Olmalıdır. Necə deyərlər: bir şans daha.

- Müsahibə üçün minnətdaram.

- Mən təşəkkür edirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm