Xüsusi
Ayağı ilə rəsm çəkən AZƏRBAYCANLI QIZIN arzuları: "Özümün idarə edə biləcəyim arabam olsaydı..."
Bu dəfə yolumuzu hisslərini şəkilləri ilə ifadə edən istedadlı rəssam Samirə Salmanovanın evindən saldıq. Kiçik, amma mehriban və qonaqpərvər bir ailənin qonağı olduq. Samirə Salmanova ailənin ilk övladıdır. Gələcəyimizdən xəbərdar idi. Anası Faiqə xanım deyir ki, eşidəndə onu görməyə gələcəklər, çox sevinib. Ən çox sevdiyi qırmızı paltarını geyinib, bizi gözləyib. Qırmızı rəngə aşiq olan Samirə rəsmləri ilə çoxlarını özünə aşiq etməyi bacardı…
Publika.az yeriməyə, danışmağa çətinlik çəkən, fikirlərini ayaqlarının köməyi ilə çəkdiyi şəkillərlə ifadə edən rəssam Samirə haqqında hazırladığı reportajı təqdim edir:
Samirəgil çoxmərtəbəli bina evinin 2-ci mərtəbəsində yaşayırlar. Əlil arabasında olduğu üçün çox gec-gec hava almağa çıxır. Pilləkənləri düşmək ona çox çətinlik yaratdığı üçün, həyat dolu bu qız cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayır. Onun bizə necə baxdığını təsvir etməkdə çətinlik çəkirəm. Sanki gözlərinin içi gülürdü, dayanmadan bir nəfəsə danışan uşaqlar kimi bizimlə söhbət etmək istədiyi hər halından bəlli idi. Amma o bizimlə ünsiyyət qura bilməsə də, bizi anlayırdı. Fikirlərini isə ən yaxın dostu, sirdaşı və anası Faiqə xanımın köməkliyi ilə bizə çatdırırdı. Faiqə xanım deyir ki, Samirədə rəsmə marağı qardaşı sayəsində yaranıb:
“Qızım 1981-ci ildə anadan olub. Anadangəlmə “uşaq-serebral iflic” diaqnozu ilə doğulub. Yeriyə, ayaq üstə dura bilmir, əli ilə heç bir iş görə bilməsə də, hər şeyi, hər kəsi görür və eşidir. Bütün bu çatışmazlıqlara baxmayaraq, Samirə də Allahın ona bəxş etdiyi istedadından istifadə edərək həyata tutunur. Onun bu istedadını, rəsm çəkməyə olan marağını isə qardaşının dəftər-qələmlə işləməsindən sonra kəşf etdik. Samirə 8 yaşından başlayaraq, dili ilə söyləyə bilmədiklərini fırça və rəngli boyaların köməyilə cəmiyyətə çatdırmağa başladı. Mənə elə gəlir ki, Samirə xəyalında canlandırdığı həyatı, yaşayışı çəkdiyi rəsmlərə köçürür…”
Biz söhbət etdikcə Samirə bizi dinləyirdi.. Sanki anasının dediklərini nöqtə-vergülünə qədər təsdiq etdiyini baxışları ilə, həyəcanlı gülüşü ilə bizə çatdırmağa çalışırdı. Evdə onun rəsmlərinin qoyulması üçün yer olmadığından, bir qismi divanın altında, bir qismi isə stolun üzərində qoyulmuşdu. Rəsmlərində ən çox təbiət mənzərəsinə üstünlük verən Samirə həyatdan küsməmək üçün özünə yeni-yeni ümidlər yaradır. Anası deyir ki, Samirənin ən böyük arzusu rəsmlərini rahat çəkə biləcəyi, heç kimin mane olmayacağı bir otağının olmasıdır:
“Samirənin 37 yaşı var. Rəsmləri o qədər maraqlı və düşündürücüdür ki, dəfələrlə müsabiqələrdə yüksək mükafatlara layiq görülüb. 1997-ci ildə Əlillərin 3-cü Ümumrespublika Yaradıcılıq Sərgisinə qatılıb. Daha sonra Əlillərin 5-ci Ümumrespublika Yaradıcılıq Sərgisinə təqdim etdiyi əsəri üçüncü yerə layiq görülüb. Samirənin əl işləri Moskvada Beynəlxalq “Filantrop” fondu tərəfindən təşkil edilən sərgiyə göndərilib. Burada da onun əsərləri 3-cü yerə layiq görülüb və mükafatlandırılıb. 2003-cü ildə isə onun rəsm əsərləri Şotlandiyanın Aberdin şəhərində “Konoko Filips” neft şirkətinin ofisində təşkil olunan sərgidə nümayiş etdirilib. Həmin sərgidən 3 il sonra İstanbulda əlil rəssamların çəkdiyi şəkillərdən ibarət sərgi keçirilmişdi. Samirənin çəkdiyi əl işi birinci yerə layiq görülmüşdü. Samirə qazandığı uğurlarına görə, inanılmaz dərəcədə sevinir. Yeni rəsm əsərləri yaratmaq üçün internetdə mənzərələrə baxır. İmkanımız olduqca onu rayonlara gəzməyə aparırıq. Orada gördüyü təbiət mənzərəsini yaddaşına həkk edir, daha sonra evdə rəngli boyalarla o rəsmi canlandırmağa çalışır. Samirə çox həssas insandı, biz ailədə Samirəyə xüsusi diqqət ayırırıq. Ondan ailə qayğısını heç vaxt əsirgəmirik”.
Faiqə xanımın sözlərinə görə, cəmiyyətimizdə bəzi insanlar var ki, onun fiziki görünüşünə qəribə baxırlar. Bu isə Samirəni çox incidir. Həmin an keçirdiyi hissləri heç mənə belə izah edə bilmir:
“Təəssüf ki, cəmiyyətimizdə bəzi insanlar fiziki qüsurlu insan görəndə ya gülür, ya da insanı narahat edən baxışlar sərgiləyir. Bəzən bizdən soruşurlar ki, niyə Samirə xanımın sosial hesabı yoxdur. Bu kimi hallara görə, biz özümüz onun sosial şəbəkədəki bütün səhifələrini, hesablarını dondurmuşuq. Bizim ailə vəziyyətimiz o qədər yaxşı deyil. 8 ailə üzvü üçotaqlı mənzildə gördüyünüz bu şəraitdə yaşayırıq. Samirə səs-küy xoşlayan deyil. İşıqlı otaq istəyir. Biz də məcburiyyətdən onu mətbəx otağında yerləşdirmişik. Amma belə şəraitdə işləmək ona çətindir. Əslində ev ilə bağlı dəfələrlə dövlət qurumlarına müraciət etmişik. Ancaq təəssüf ki, hələ heç bir müsbət cavab ala bilməmişik...”
Onun çəkdiyi Ümummilli lider Heydər Əliyevin portreti ilə “Dağ gölü” adlanan rəsmi Moskvanın məşhur Tretyakov Qalereyasında qorunub saxlanılır. Bütün bunlar danışmaqda, addım atmaqda çətinlik çəkən 37 yaşlı rəssamın əldə etdiyi uğurların sadəcə kiçik bir hissəsidir. Həyat ona fiziki məhdudiyyətlər qoysa da, onun həyat eşqini əlindən ala, istedadının qarşısını kəsə bilmədi. Çoxlarının əlləri ilə yarada bilmədiyi gözəl və düşündürücü rəsmləri Samirə ayaq barmaqları ilə çəkib, ərsəyə gətirib. Təbii ki, bu məsələdə ailəsi də Samirədən öz dəstəyini əsirgəmir.
Bu həyatda ölümdən başqa, hər şeyə çarə var. Kim bilir, şəraitsiz bir vəziyyətdə yaratdığı bu qədər gözəl əsərləri, daha rahat evdə, şəxsi otağında nə qədər fərqli çəkə bilərdi. Samirə gələcəkdə tanınmış rəssamlardan biri ola bilər.
Samirə bu dəfə foto çəkdirmək istəmədi. Biz də onun bu istəyinə hörmətlə yanaşdıq. Faiqə xanım deyir ki, fırça və rəngli boya Samirənin ən sadiq dostudur:
“Rəsm çəkməkdən heç yorulmur. Amma rəsm çəkmədiyi zamanlarda əmisi, dayısı qızları ilə mesaj vasitəsilə söhbət edir. Ayaq barmaqlarının köməyilə yazdığı üçün çox uzun cümlələr qura bilmir. Sadəcə qısa “Mən yaxşıyam”, “Çox sağ olun” kimi cavablar yazır.”
Bu yaxınlarda Azərbaycan-Fransız İnstitutunda rəsmləri sərgilənən Samirə Salmanovanın hazırda 50-dən çox rəsm əsəri var. Daha çox portret və təbiət janrına üstünlük verən Samirənin çox sayda əsəri indiyədək keçirilmiş müxtəlif sərgilərdə satılıb. Hazırda Samirə “Əlil qadınlar”, “Əlillərin beynəlxalq əməkdaşlığı” və digər bu kimi cəmiyyətlərin fəal üzvlərindəndir. Atası Ramiz Salmanov deyir ki, Samirə qəlbi təmiz, mərhəmətli qızdır:
“O sərgilərdə satılan əsərlərin pulunu yığır. Vəziyyətinə görə dövlət tərəfindən ona ödənilən pensiyanın da böyük hissəsini kənara qoyur. Xoşlayır ki, qardaşı uşaqlarına, sevdiklərinə kiçik, amma anlamlı hədiyyələr alsın. İlk dəfə çəkdiyi rəsm ördək və balaları olub. 37 yaşı var və ömrünün 30 ilini rəssamlığa həsr edib. Samirəyə ən böyük uğuru Ümummilli lider Heydər Əliyevin portreti gətirib. Mən Samirəyə bu qədər isti və mehriban münasibət göstərən hər kəsə dərin təşəkkürlərimi bildirirəm”.
Samirənin çox gözəl zövqü var. Anası deyir ki, o hər gün yuxudan duranda saçlarına, geyiminə diqqətli yanaşılmasını istəyir:
“Hər tezdən onun saçlarını darayıram. İstədiyi formada toplayıram. Samirə ən çox qırmızı rəngi sevir. O qırmızı rəngə aşiqdir. Rəsmlərində ən çox yaşıl rəngə üstünlük versə də, geyimlərində qırmızı rəng daha çoxdur. Hərdən kökəldiyini zənn edəndə, sadəcə qarabaşaq yeyir. Çəkisinə diqqət edir. Bilirsiz, Samirəni başqalarından fərqləndirən 2 cəhət var: Fiziki qüsurlu olduğu üçün nə qədər geridədirsə, fitri istedadı sayəsində də bir o qədər hər kəsdən irəlidədir. Samirə istəyir ki, özü idarə edə bildiyi bir arabası olsun. Özü idarə edilən əlil arabaları isə kifayət qədər bahadır. Bizim maddi vəziyyətimiz onu almağa imkan vermir. Samirə heç kimdən heç nə ummadan yaşamağa öyrəşib. Onun əli, qolu, səsi mənəm…"
Bir insanın əli bu qədər açıq, səsi bu qədər ürəyə yatan olarmı? Faiqə ananı çox yormaq istəmədik. Söhbətimizi yekunlaşdırıb, Samirə və ailəsi ilə sağollaşdıq. Samirə bizi gülə-gülə qarşıladığı kimi, gülə-gülə də yola saldı.
Könül Cəfərli
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?