Ömür boyu axtardığını Bakıda tapan məşhur fransız: Ən böyük sürpriz o idi ki... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Ömür boyu axtardığını Bakıda tapan məşhur fransız: Ən böyük sürpriz o idi ki... - MÜSAHİBƏ

Publika.az-ın özəl müsahibi Fransanın Azərbaycan əsilli məşhur fotoqrafı Aleksandra Kremerdir (Alexandra Kremer-Khomassouridze).

- Bir dahi deyib ki, kor üçün görə bilən insan, tanrı obrazıdır. Bu halda rəssam üçün fotoqraf kimdir?

- Sənət insanı üçün kor və görməyi bacaran mövzusu çox ağrılı sayılır. Kor qalmaq həm rəssam, həm də fotoqraf üçün ölümün özüdür. Vizual incəsənət haqda söhbətimizə korluqdan başlamaq bir az qəribə oldu. Çünki bütün sənət adamları bu mövzudan qaçırlar. Mən də istisna deyiləm.

- Gəlin, daha təsviri suallara keçək. Təsviri sənəti çəkəndə nə hiss edirsiniz?

- Nəzərə alsaq ki, rəssamlıq ixtisası üzrə məzunam, ətrafımda həm rəssamlar, həm heykəltaraşlar, həm də qrafiklər çoxdur. Hesab edirəm ki, fotoqrafiya rəssamlığın bir qoludur. Amma unutmayaq ki, fotoqraf fotoya ruh və forma biçir. Lakin mən təsviri sənətdən uzağam. Odur ki, suala cavab verə bilməyəcəm.

- Aleksandra, dünyanın ən kosmopolit vətəndaşlarından sayıla bilərsiniz.

- Moskvada doğulub, doğma Bakıda böyümüşəm. Azərbaycan, gürcü, rus qanı olan keçmiş SSRİ vətəndaşıyam. Son 25 ildə isə xoşbəxt parisli sayıla bilərəm.

- Yəqin bu səbəbdəndir ki, çəkdiyiniz fotolar dünya sərgi salonlarının divarlarını bəzəyir.

- Bəlkə də…Parisin ən yaxşı fotoməktəblərində təhsil almışam. Amma ondan öncə Azərbaycanda və Fransada rəssamlıq ixtisası üzrə oxumuşam. Magistr təhsilimi də Parisdə jurnalistika fakültəsi üzrə tamamlamışam. Özümü xoşbəxt sayıram ki, dünyanın hər yerində sərgilərim təşkil olunur. Ən nüfuzlu jurnallarla əməkdaşlıq edirəm.

Foto: Alexandra Kremer-Khomassouridze

- Uğurunuzun resepti var?

- Heç vaxt qarşıma asan başa gələcək məqsədlər qoymuram. Maneələr haqda isə ümumiyyətlə, düşünmürəm. İnsanları çox sevirəm. İnsanla bağlı olan hər şeyin çətinliyini dərk edirəm. Buna görə də qlobal düşüncə, geniş miqyaslı layihələr məni qorxutmur. Suallar verməkdən, o suallara cavab tapmaqdan, planetin hər yanından olan dünya sakinlərinin hekayəsini fotoya çevirməkdən qorxmuram.

- Məsələn, dünyanın 50 ölkəsindən olan qadınları bir yerə topladığınız “Faces of freedom” layihəsi kimi...

- “Azadlığın simaları” layihəm daxili inanc, gözəllik və insan haqları mövzusuna həsr olunub. Bütün insanlar bərabər hüquqlu, azad doğulur. Bu layihəyə 50 ölkədən 50 qadın cəlb etdim. Müxtəlif dinlərdən, dil və mədəniyyətlərdən olan qadınlar bu yolla mövzuya münasibət bildirdilər. Öncə adi libasda “pasport” şəkilləri sonra hicab və niqablı fotolarını çəkdim. Studiyama gələn heç bir model etinasız getmədi. Bəziləri ilk dəfə geyindikləri hicabın ağır təsirindən ağladılar. Bir də heç vaxt bağlamayacaqlarını bildirdilər. Baş örtüyündən zövq alıb, geyinmə qaydaları ilə maraqlananlar da tapıldı. Hicablı gələnlər arasında isə saçlarını açıb foto çəkdirməkdən imtina edənlər oldu.

Bakıdan Parisə köçəndə cəmi 22 yaşım vardı. Bakıdakı “Azad qadın” heykəli daim göz önümdə idi. Həmin vaxtlar hətta nənələrin də böyük əksəriyyəti hicaba bürünmürdülər. Azərbaycan qadını tolerantlığın, qarışıq mədəniyyətlərin rəmzi idi. 22 ildən sonra Bakıya geri döndüm və artıq başqa mənzərə ilə rastlaşdım. Bakı daha da gözəlləşmişdi. Sanki işıq saçırdı. Bu gözəlliyin içərisində hicaba bürünən çoxlu gənc qız gördüm. Bu şəhərin məktəblərində hicab qadağan olunub, amma yüzlərlə gözəl gənc xanım hicab bağlamağa qərar verib.

Foto: Alexandra Kremer-Khomassouridze

Mağazaya girib baş örtüyü aldım. Azərbaycan, gürcü və rus əsilliyəm. Bununla belə uzun müddətdir ki, Parisdə yaşayıram. Amma o hicaba bürünən kimi özümü çox qəribə hiss etdim. Sanki daha da gücləndim, dünya bir anda təhlükəsiz məkana çevrildi. Ömür boyu axtardığım müdafiəni hicabda tapdım. Ağlamağa başladım. Mənim üçün ən böyük sürpriz o idi ki, hicabı açmaq istəmirdim. Nə baş verdiyini anlamırdım.

Foto: Alexandra Kremer-Khomassouridze

Niyə özümü belə azad duyuram?

Ömür boyu can atdığımız azadlıq əslində nədir?

Bu layihəm doğuldu. Müxtəlif millətlərdən olan 50 qadınla birgə belə bir iş ərsəyə gətirdik. Bir şeydən əminəm ki, studiyamdan çıxan heç bir qadının həyatı əvvəlki kimi olmayacaq. Çünki birgə çox qəribə emosiyalar yaşadıq. Ən əsası isə bu qənaətə gəldim: Hicaba bürünmək də, bürünməmək də azadlıqdır. Bir şərtlə ki, bu azadlığı özünüz təmin edəsiniz. Özünüz olmaq azadlığınızı heç kim əlinizdən ala bilməz.

Foto: Alexandra Kremer-Khomassouridze

- Fotolarınızı bizimlə tanış etsəniz, ilk hansı özəlliyi vurğulayardınız?

- Fotolarımın tam mərkəzində emosiyalara rast gələcəksiniz. İstər Vyana Konsert zalının səhnə arxası olsun, istər Vyetnamın əczaçılıq fabriki, istərsə də Azərbaycanın məşhur neft platformaları, yaşadığımız kainatın insaniyyətini, romantik harmoniyasını, duyğularını ön plana çəkirəm. Layihələrimdən biri “Xoşbəxtlik nədir” adlanır. Çünki bu sual hər zaman aktualdır, cavabsız, bir o qədər də sadədir. Çünki insan səsi ilə də, baxışı ilə də yalnız bir şey istəyir-xoşbəxt olmaq. Fərqi yoxdur Çukotkadakı balina ovçususan, yaxud venesiyalı qayıqçı, hər birimizin məqsədi xoşbəxtliyə qovuşmaqdır. Dünyaya bu gözlə baxıram, hətta ən banal çirkinlikdə lirik gözəllik tapıram.

- Lirik gözəllik nə rəngdədir?

- Məsələn, mən ağ-qara fotolardan zövq alıram. Çünki bu fotolarda kölgə ilə işıq birgə xoşbəxt yaşayır. Kölgəni çox sevirəm, dərin hörmətlə yanaşıram. Məncə, kölgə bizim paralel və gizli dünyamızdır. O, işığa əbədi aşiqdir. Sanki daim dəyişən damadır. Öz sahibini çox sevir, amma itaətdən qaçır. İşıq isə özünə əminliyi ilə fotonun əsas iştirakçısıdır. Sonsuz nəzakətilə kölgəyə onunla oynamağa, hətta bəzən qıcıqlandırmağa imkan verir. Rəngli fotolarda isə əsasən rənglərin təmizliyinə önəm verirəm. Parlaq, toxunulmamış, bütün diqqəti özünə çəkən, təması, dadı və qoxunu hiss etdirən rənglər...

Foto: Alexandra Kremer-Khomassouridze

İstənilən rəssam kimi daxili və zahiri duyğular, Ay, oxuduğum kitablar, baxdığım filmlər məndə dərin iz qoyur. Bəzən damardan-damara axıram, bəzən buxarlanıram. Bu hallarım fotolarımda əks olunur.

- Məncə, fotoqrafın ən romantik halı qaranlıq otaqda foto çap etməkdir.

- Fotoların ənənəvi yolla çapı Fransa bioqrafiyamın məhsuludur. Sanki yağlı boya kağız üzərində rəqs edir. Bu duyğu sənət insanı üçün çox vacibdir. Hər fotodan sadəcə 3 nüsxə çap edirəm. Fotoqraf kimi bilirəm ki, obyektiv vizual gerçəklik yoxdur. Bu sahədə bütün yanaşmalar subyektivdir. Amma təbii ki, hər şey mövcud məqama yanaşma tərzindən asılıdır. Zaman keçdikcə klassikaya çevrilən bütün yeni istiqamətlərə görə dünya məhz bu fərdi baxış tərzinə, subyektivliyə borcludur. Çünki doqma heç vaxt məhsuldar olmur.

- Fotoqraf nələrə şahidlik edir?

- Fotoqrafiya da müxtəlif stillərə bölünür. Tarixi foto, təsviri foto və s. İncəsənətin digər növləri kimi fotoda da imkanlar hüdudsuzdur. Bir format digərinə çevrilə, yaxud toqquşa bilər. Əgər reportaj fotoqrafiyası məzmunu ilə hadisələrə şahidlik edirsə, artistik foto zahiri görüntüsü ilə zövq verir.

- Fotoqrafiya dünyanızın istiqamətini hansı səmtə doğru dəyişdi?

- Fotoqrafiya mənim dünyamı dəyişməyib. Əksinə dünyamın bir parçasıdır. Bir növ dünyanı dərk, özümü düzgün ifadə etmək üsuludur.

Foto: Alexandra Kremer-Khomassouridze

- Fotoqraf ən ali həzzi nədən alır?

- Fotoqraf üçün ən üstün həzz kağız üzərində yaratdığı rəng, işıq, obyekt, emosiya vəhdətidir. Bir də hansı fotoqraf doğru zamanda doğru məkanda olmaq istəməz ki?!

- Qəribə səslənə bilər, amma bir filmə baxanda, rejissorun qadın yaxud kişi olduğunu təxmin edə bilirəm. Bəs fotoda necə, bu hal yaşana bilər?

- Düşünmürəm ki, fotoqrafiyada belə özəllik olsun. Mənə bir foto göstərin, amma müəllif haqda heç nə deməyin. Cinsiyyətini təxmin edə bilməyəcəm.

- Fotoqrafiyanın gələcəyini necə görürsünüz?

- Ümumiyyətlə, tək fotoqrafiyada deyil, incəsənətin digər növlərində də yeni tendensiya var. Üslubları bir-birinə qarışdırırlar. Tez-tez foto-təsviri sənət, foto-video, foto-qrafika, foto-akvarel kimi vəhdətlərin şahidi oluruq. Düşünürəm ki, hər şey bu istiqamətdə də davam edəcək. Çünki hər kəs yeni stil, yeni nəzər nöqtəsi axtarışındadır. Amma hələ ki, heç bir foto festivalda ciddi yeniliyin şahidi olmamışam.

Foto: Alexandra Kremer-Khomassouridze

- Çəkə bilmədiyiniz kadrların obrazı sizi incidir? Xatırlayanda nə hiss edirsiniz?

- Əlbəttə. Bir fotoqraf üçün ən böyük faciə çəkilməmiş kadrların acı düşüncəsidir. Həmişə özünü buna görə günahlandırırsan. Hərdən unutmağa çalışırsan. Tez-tez təkrarlamaq istəyirsən, hətta bütün məsumiyyətinlə inanırsan ki, buna nail olacaqsan. Birdən anlayırsan ki, eyni anda eyni məqamda olmaq kimi ikinci şansın yoxdur.

- Fotoqraf çəkdiyi fotolarda özünü təsvir edirmi?

- 100 faiz. Çəkilən hər bir şəkildə fotoqrafın baxışları, qəlbi, əlləri var.

- Fotoqraf üçün nə yolverilməzdir? Foto etikası deyilən anlayış varmı? Varsa, nədədir?

- İncəsənətin digər sahələrində də olduğu kimi plagiat. İstənilən halda oğurluq utancverici və qəbul edilməzdir.

Foto: Alexandra Kremer-Khomassouridze

- Fotoqrafiya ilə musiqi arasında hansı paralellər var? Sizcə, fotoqrafiya necə səslənir?

- Şəxsən mənə görə bu iki sahə bir-birindən tam fərqlənir. Fotoqrafiya gözdür, musiqi isə qulaq. Bu iki qavrayış sahibinin beynində o halda birləşir ki, o, foto kolleksioner olsun. Amma düşünürəm ki, musiqi Avedon, Mapltor, Nyuton kimi nəhəng fotoqrafların qəlbində səslənir.

- Foto-dünyada dəyəri pulla ölçülən və ölçülməyən nələri sadalaya bilərsiniz?

- Foto-dünyada kamera, model, studiya, işıq ala bilərsiniz. Hətta işinizi pul hesabına reklam edə bilərsiniz. Satın alınmayan tək şey düşüncədir. Əşyalara baxış tərziniz, görmə bacarığınız yalnız sizə məxsusdur. Yalnız və yalnız siz onları həyata keçirə, yenilərini düşünüb tapa bilərsiniz. Kreativliyiniz sizin məhsulunuzdur. O da pulla satılmır. Arzu edirəm ki, o duyğunu itirməyək.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm