Xüsusi
Azərbaycan musiqisi ilə dünyaya səs salan cazmen: Ruh bədəndən çıxanda elə bir dünyaya düşürük ki...
Azərbaycan musiqisi ilə dünyaya səs salan istedadlı gənclərimizdən biri də cazmen Etibar Əsədlidir.
Publika.az Fransanın caz akademiyasına qəbul olmuş yeganə azərbaycanlı cazmen, bəstəkar, pianoçu Etibar Əsədli ilə müsahibəni təqdim edir.
- Etibar, Fransadan baxanda müasir Azərbaycan musiqisi necə görünür?
- Məni ən çox narahat edən Azərbaycanda musiqi səviyyəsinin aşağı olmasıdır. Doğrudur, bu tendensiya Fransada da var. Yəni səviyyəli və səviyyəsiz musiqi bölgüsündən danışıram. Amma üstünlük təşkil edən insanlar daha çox savadlı musiqini sevib dinləyirlər. Doğrudur, bizdəki kimi ara mahnıları da trend olur, amma əhali o mahnıların təsirinə çox düşmür. Bizdə isə cəmiyyət bir trendi qoballaşdırır. Məsələn, bugün savadsız, bayağı bir video çıxsın, çoxluq bu təsirə düşür. Hər kəs eyni mövzunu paylaşır. Hətta qınaq obyektinə çevirsə də reklam edir. Amma gözəl bir layihə üzə çıxsın, heç kim maraq göstərmir. Bizdə böyük əksəriyyət bayağı yeniliklərdən sanki zövq alır. Efirlərdə də eyni hal baş verir. Azərbaycanın savadlı gələcəyinə ümid ediriksə, bu hal mütləq dəyişdirilməlidir. Və ən əsası təhsil sistemi yenilənməlidir. Fransa ilə müqaisə etsək, bizdə vəziyyət çox kirtikdir. Burda müəllimlər sovet təfəkküründən qurtula bilməyiblər. Düşünürlər ki, tələbə onun qarşısında qul kimi başını aşağı salıb oturmalıdır. Avropada belə şey yoxdur. Müəllimlə şagird yaxud tələbə arasında dostluq münasibəti, səmimi ünsiyyət var. Evə gedəndən sonra da əlaqən itmir. Yəni o sənə istiqamət verir, alçaltmır. Bizdə isə bəzi müəllimlər düşünür ki, onu vəzifəsi səni alçaltmaqdır. Avropada tələbələrə dərs müddəti tam azadlıq verilir. İstəyirsən, yemək ye, su iç. Amma proses o qədər maraqlıdır ki, sinif otağını tərk etmək istəmirsən.
- Məcburiyyət olmayan hər şey gözəldir.
- Təbii. Amma təəssüf ki, bu tədris sistemi ilə uşaqlara o azadlığı versən, dərsdən qaçacaqlar.
- Amma sizin ifalarınızı hətta uzun müddətli olsa belə, sevə-sevə dinləyirik.
- Bir saatlıq layihəm publika tərəfindən çox sevildi. Bir ay öncə qərara gəldim ki, Azərbaycan xalq və klassik bəstəkar mahnılarını 1 saat fasiləsiz pianoda ifa edim. Əvvəllər həmin musiqiləri tək-tək ifa edib paylaşırdım. Amma dinləyicilər istəyirdilər ki, daha çox olsun. Elə bu təkliflərdən məndə bir ideya yarandı ki, 60 dəqiqəlik layihə hazırlayım, eşidənlər də o müddət ərzində həmin ab-havaya girə bilsinlər. Bir saatda mahnıdan-mahnıya keçid elə yumşaq baş verir ki, qulağı da yormur. Bir az caz, bir az klassika var. Çox gözəl, müsbət rəylər aldım. Bu reaksiyanın gələcəyini təxmin etmirdim. Əslində bu mənim üçün cəmi bir kompozisiya ifa etməkdən daha asandır. Çünki bir musiqi təqdim edəndə daha çox məsuliyyətli olursan, işin üzərində daha çox əsirsən. Amma bu layihədə auranı duyub bir saat ifa edirəm və gözəl iş ərsəyə gəlir. Sanki məni kimsə dinləyir. Ona görə daha səmimi alınır. Bir maraqlı cəhət də odur ki, retro efekt var. Bu da insanlarda daha dərin iz qoyur, nostalji duyğular yaşadır. Bu günlərdə ikincini paylaşdım. Həm də sosial şəbəkələrdə izləyicilərimdən hansı musiqiləri daxil etsəm bəyənəcəklərini soruşurdum. Onlar da istəklərini yazırdılar. Ona görə daha çox diqqət cəlb etdi. Üçüncü bir saatlıq layihəm türk estradası, Sezen Aksunun mahnıları, xalq musiqiləri və s. olacaq. Gələcəkdə sırf balaban musiqiləri, laylalar da daxil edəcəm.
- Cazı başqa janra dəyişmək istərdiniz?
Ümumiyyətlə, ondan başlayaq ki, bizim tamaşaçılar yeniliyə çox da açıq deyillər. Ona görə çalışmalısan ki, istəklərə ayaq uydurasan. Buna əməl edəndə isə sənət ölür. Ona görə işimi balansda saxlamağa, qızıl ortanı tapmağa çalışıram. Bu elə bir balansdır ki, caz bir az artıq olsa, dinləməyəcəklər, yaxud da əksinə. Cazı dəyişmək yox, amma elektronikaya çox marağım var.
- Ümumiyyətlə, cazmenlər arasında son tendensiya sanki elektron musiqi ilə sintezdir.
- Artıq dünya buna doğru gedir. Bir neçə il sonra aranjiman sənəti olmayacaq. Çünki o qədər hazır elektronik proyektlər var ki, onların üzərinə öz proqramını daxil edib musiqini yarada bilərsən. Bu səbəbdən aranjimançılar indidən özlərinə başqa peşə axtarırlar. Çünki artıq hər bir musiqiçi bunu edə bilir.
- Demək, robot musiqiçilər erasına qədəm qoyuruq.
- Robot musiqiçilər artıq var. Onlar texnikanı inkişafının nəticəsidir. Mən robot musiqiçiləri musiqinin yeni pilləsi adlandırmıram. İnsan heç vaxt robotla əvəz oluna bilməz. Musiqi hissiyyata bağlı olan bir şeydir. İndi ruh halına görə ifa etdiyini bir saat sonra tamamilə başqa cür duyub səsləndirəcəksən. Xüsusən də caz... Notu belə eyni ifa edəndə temp, nəbz öz sözünü deyir.
- Deyirlər, hətta ilham pərisinin özü ilham pərisinə ehtiyac duyur. Sizdə vəziyyət necədir?
- Ən böyük ilham mənbəyim maraqlı layihələr və keyfiyyətli musiqidir. Məsələn, keyfiyyətli bir albom dinləyib ruhlanıram.
- Adlarını sadalaya bilərsiniz?
- Şay Maestronun etno ifalarını sevirəm. Bred Meldou kimi məşhur pianoçunun ifalarını izləyirəm. Xüsusən də “Mehliana” kompozisiyasında elektron ifanı hər tərəfli göstərir, öz fəlsəfəsini tam ortaya qoya bilib. Belə layihələr görəndə işləmək həvəsim artır. Yaxud canlı konsertlərə gedirəm, o qədər maraqlı aura yaranır ki, studiyaya qayıdıb yeni bir iş ərsəyə gətirirəm.
- Bəs klassik ilham pəriləri-qadınlar?
- Qadınlardan ilhamlanmamışam. Amma təsirə düşüb musiqi yazmışam. Ümumiyyətlə, hər dəfə Bakıya gələndə yaradıcılığımı yaxından izləyən fanatlardan xoş sözlər eşidirəm. 3 il öncəki səfərimdə təsadüfən xanım fanatlardan biri ilə görüşdüm. O qızın çox iri gözləri vardı. Gözlərinə baxdım, çox qəribə təsir bağışladı. Sanki tuneldə itdim. Demirəm ki, aşiq oldum. Amma həmin an onun, yaradıcılığını sevərək izlədiyi adama sevgi dolu baxışları məndə dərin təəssürat oyatdı. Sanki hipnoz oldum. “The eyes” adlı kompozisiyam yarandı. Yeni albomda o musiqi də yer alacaq. Demirəm ki, oturub saatlarla musiqi bəstələdim. Sadəcə onu düşünərək improvizasiya etdim.
- Özünün xəbəri oldu?
- Əlbəttə. Özünə də yolladım, çox sevindi. O sadəcə bir enerji idi. Dalğaya girib yaradıb çıxdım. İndi münasibətimiz yoxdur. Yenə məni izləyir. Sadəcə bir görüşdən yeni musiqi doğuldu.
- Ümumiyyətlə, qadınlar yaradıcılığınız üzərində böyük təsir gücünə malik deyil...
- Qadınların çox güclü motivasiya vermək bacarığı var. Hətta xanım dostlarım söhbət zamanı elə ruhlandıra bilirlər ki, var gücümlə yaradıcılığa köklənirəm. Sonra baxıram ki, bütöv bir layihə sadəcə bir cümlənin təsiri nəticəsində ərsəyə gəlib.
- Bəs qadınların əkiz bacısı şeirlər?
- Ramiz Rövşənin şeirlərindən çox təsirlənirəm. Hətta bu yaxınlarda internetdə bir şeirini dinlədim. Həmən bir kompozisiya yazdım. Ramiz bəyin son kitabını aldım, Fransaya aparacam. Çox istərdim şeirlərinə musiqi yazım.
- İfaçının kim olacağını təxmin edirsiniz?
Hələ yox. Ümumiyyətlə, heç vaxt sifarişlə işləməmişəm. Çünki sənət meyvələri öz vaxtında yetişməlidir.
- Etibar, Fərqanə Qasımova ilə birgə ərsəyə gətirdiyiniz “Şur” layihəsi böyük maraqla qarşılandı “Pxisodelik muğam” layihəsinin davamı olacaqmı?
- Mütləq olacaq. Növbəti kliplərdə Sevda Ələkbərzadə, DiHaj, Elnur Hüseynovla birgə silsilə şəkildə davam etməsini nəzərdə tutmuşuq. Hamısı psixoldelik janrdadır. Bu baxımdan maraqlı olacaq. Hətta Məşədi İbadın məşhur ifasını yeni tərzdə təqdim edəcəm. “Mən nə qədər qoca olsam da” mahnısının konseptini dəyişib, gəncliyini səsləyən qocanın yalvarışı kimi göstərəcəm. Maraqlı sintezlər, layihələr yoldadır.
- Qocalıqdan danışdıq. Bəs ölümü bizə psixodelik şəkildə izah edə bilərsiniz?
Məncə, həyat o qədər boş deyil ki, sən gəlib tutaq ki, 80 il yaşayandan sonra itəsən. Bu qədər fikir, düşüncə, fəlsəfə insan ölümü ilə yox ola bilməz. Bunun mütləq davamı olmalıdır. Düşünürəm ki, hər şey ruh bədəndən ayrılan məqamda başlayır. Azadlıq da, çox mənalı həyat da ondan sonra gerçək olur. Bu dünya sadəcə bir qapıdır. Biz onu açıb bağlayırıq. Məsələn, ABŞ-dan dünyaya yayılan qospel dini mahnı janrı var. Kimsə dünyasını dəyişəndə kilsədə orqan musiqisi ifa olunur, xor oxuyur. Bütün emosiyaları ilə rəqs edirlər. Məncə, bu doğru yanaşmadır. Bir doğmamızın ölümü akvariumdakı balığı buraxmamaq istəyimizə bənzəyir. Biz bilmirik, bəlkə o akvariumdan çıxıb okeana düşəcək. Sadəcə komfort zonamızın xatirinə onları yanımızda saxlamaq istəyirik. Bir də düşünürəm ki, enerjimiz bizdən öncə başqa məkanda, zamanda mövcud olub. Məsələn, mən əminəm ki, daha öncə başqa bir cilddə fərqli yerdə yaşamışam.
- Maraqlıdır harada?
- Yaponiya ilə çox qəribə bağlılığım var. Yeməklərini, mədəniyyətlərini özümə çox doğma hiss edirəm. Bu, sadə sevgi deyil.
- Sizə rahat nəfəs almağa mane olan nədir? Doğrudur, maddiyat çox önəmlidir, amma mən daha ali məqamlardan danışıram.
- Mənim üçün belə bir problem yoxdur. Amma sevgi münasibətləri bitəndə bir müddət depressiyaya düşürəm. İçimdə nələrsə qırılır. Bu isə mütləq lazımdır. Çünki insanın üzgün, kədərli məqamları mütləq olmalıdır. Mən o dərinlikdə duyduğum acılardan həzz alıram.
- Demək öz iztirablarınızı heç kimin sevincinə dəyişmirsiz...
- Eynən. Yoxsa o dərinlikdən qalxıb yenidən həyata qayıtmaq mümkün deyil.
Leyla Sarabi,
Fotolar: Yellow Studio (Şövkət Ələkbərova 7)
-
Kriminal19:05
Azər Zahid haqda həbs qərarı verildi - Bu cinayətlərdə ittiham olunur
-
Hadisə18:35
Son 10 ildə baş verən ən böyük aviasiya qəzaları - STATİSTİKA
-
Sosial18:20
Bakıda yanğına görə bağlanan yol açıldı
-
Sosial17:02
Təyyarədə qəzadan öncəki dəhşətli görüntülər: Kəlmeyi-şəhadət deyir - VİDEO
-
Sosial16:35
Matəm günündə dərs olacaq? - RƏSMİ
-
Hadisə16:03
Təyyarədə olanlardan 10 nəfəri bu rayondandır - SİYAHI
-
Hadisə15:35
Təyyarənin qəzaya uğradığı yeri çəkən bloger saxlanıldı - Bu görüntülərə görə
-
Hadisə14:58
Aktauya düşən təyyarənin salonundan görüntülər yayıldı - VİDEO