Məşhur türk aktyordan İNANILMAZ SÖZLƏR: Özünüzü o qədər süni aparmalısınız ki... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Məşhur türk aktyordan İNANILMAZ SÖZLƏR: Özünüzü o qədər süni aparmalısınız ki... - MÜSAHİBƏ

Söz verdiyim kimi tanınmış türk aktyoru Gürgən Özlə həmsöhbət oldum.

Publika.az Gürgən Özlə müsahibəni təqdim edir.

- Gürgən bəy, soyadınızın azərbaycanca çox dərin mənası var. Dilimizdə öz sözü bütöv “mən”imiz deməkdir. Özünüzü hansı mərhələdə tapdınız?

- Gözəl sualdır. Özümü sənətdə, təbiətdə, sadəlikdə tapdım. Xüsusən də bizim sənətimiz çox dəbdəbəli, göstərişli peşədir. Belə həyat tərzi ilk vaxtlar çox xoşuma gəlirdi. Hətta bunu çox istədiyimi də zənn edirdim. Amma vaxt keçdikcə saxta parıltının, əsl gözəlliyin gerçəklik olduğunun fərqinə vardım. Gerçək sənət, gerçək aktyorluq, gözəl ssenari, gözəl hekayə, məşhurluqdan ziyadə hər şeyin təbiisinə doğru qaçmağın daha zövqlü olduğunu anladım. Anladım ki, əsl keyfiyyət də elə sadəlikdir və gəldiyim qənaətdən həzz almağa başladım. Bu müddətdə dərk etdim ki, hər şeyin sadəsini, təbiisini seçməklə daha xoşbəxt oluram. Təbiətlə əl-ələ yaşamaqdan üstün heç nə yoxdur. Onsuz da dünyamız illüziyadan ibarətdir. Vəziyyəti çətinləşdirməyə lüzum görmədim.

- Mənəviyyatın bu zirvəsinə qalxmaq üçün öncə dibə enmək şərtdir. Enişiniz nə vaxt baş verdi ki, gerçəyi dərk edib gözlərinizi açdınız?

- (gülür) Gözəl sualdır. Əslində buna eniş yox, silkələnmə deyə bilərəm.

- Bəli, “burnout”(börnaut) sindromu, tükənmişlik...

- Eynən. Qısadövrə. O həyat sizdən bunu tələb edir. Ac mexanizmdir. Hər gün “öz”ünüzü hissə-hissə yeyib köləsinə çevirməyə çalışır. O dünyanın şərtləri, yazılmamış qanunlarıdır bu... İstədiyi kimi olmasanız, sizi geri püskürür. Təbiiliyi qəbul etməyən saxta dünyadır. Orada nə qədər sadə olsanız, bir o qədər də qəribə görünəcəksiniz. Özünüzdən daha fərqli, daha süni, qabardılmış, burnu dik görkəm almalısınız ki, dəyərinizi anlasınlar. Dediyim kimi, illüziya... Orada yalnız bu qanunlar işləyir. Mən bunları etmək istəmədikcə də uyuşmazlıq, mübahisə yaranmağa başladı. Suyun daşdığı nöqtəyə çatanda dayandım. Mənim köküm teatrdan gəlir. Məktəbdə, konservatoriyada teatrdan başlamışam. Anladım ki, teatrdan aldığım azadlığım, bohem həyatım üçün çox darıxmışam. Hətta o dərvişliyi dadmaq üçün Berlinin şimalına köçdüm. Çünki şəhərin şimalında sənət insanları yaşayır. Elə orada həyat yoldaşımı gördüm. Almandır. Bir-birimizə aşiq olub evləndik.

- Bohem məhəbbət... Qadında hansı cəhətə aşiq olursunuz?

- Təbiiliyinə, sadəliyinə vuruldum. Ümumiyyətlə, qadın gerçək, səmimi olmalıdır. Olduğu kimi ola bilmək cəsarətinə, metalara, etiketlərə, qarşısındakı kişinin maşınına, puluna deyil, daxilindəki özünə maraq göstərməsinə aşiq oluram. Qadını sənin pulunun yox, dünyagörüşünün ağırlığı maraqlandırırsa, demək sevilməyə layiqdir.

- Etiraf edək ki, sadaladıqlarınız Avropa insanında rast gəldiyimiz cəhətlərdir. Bizə bir az yaddır.

- Bizim toplumlarımız bu keyfiyyətlərdən kasaddır.

- Sonra nə baş verdi?

- Göstəriş, içi boş, həddini aşan komiklikdən, məşhurlaşmaq üçün çırpınmaqdan vaz keçdim. Daha səmimi, gerçək ssenarilərə yönəldim. Azərbaycanla müştərək çəkdiyimiz bu film komediyadır. Amma heç söyüş, qurşaqdan aşağı zarafat yoxdur. Dəyərli aktyorlar var, gözəl hekayədir. Mən də burada bir rus xarakteri canlandırıram. Fərqli xarakter oynamağın həyəcanını yaşayıram. İstənilən aktyor üçün mənfi obraza bürünmək potensialını tam sərgiləmək deməkdir. Mən də sevə-sevə öhdəsindən gəlməyə çalışıram.

Похожее изображение

- Düşünürəm ki, aktyor özünü filmdən öncə teatrda tapmalıdır. Çünki cərəyan enerjisini teatrdan başqa heç bir yerdə ala bilməyəcək.

- Teatr ər meydanıdır. Səhnə çox önəmlidir. Teatr aktyoru olmaq o qədər yüksək sənətdir ki, bütün məşhur peşələr qarşında şlyapa çıxardır. Teatr bizim məbədimizdir. Filmimizin azərbaycanlı komandasının rəhbəri Tahir bəy sağ olsun, bizim əziyyətimizi çox çəkdi. Ondan xahiş etdim ki, mənə öncə teatr binalarını göstərsin. Çox gözəl tikililərdir. İçərisində sənət qaynadığını hiss edirsən. Bir də uzun zamandır Heydər Əliyev mərkəzində olmaq istəyirdim. Çünki binanın inşaatı möhtəşəmdir. Orada da oldum. Dərin zövq aldım. Şəhərin mərkəzi də gözəldir. Yerə düzülən daşlardan tutmuş, küçə lampalarının dizaynınadək çox estetikdir. Etiraf edirəm, estetikanız, zövqünüz bizdən daha qüvvətlidir.

- Məncə, aktyorların ən gözəl rolu hələ oynamadıqlarıdır. Siz həmin rolu necə xəyal edirsiniz?

- Bu haqda heç düşünməmişəm, amma teatr səhnəsində komik obrazı oynamağımçün darıxmışam. Bu, çox interaktiv fəaliyyətdir. Çünki hər şey o anda baş verir. İzləyiciyə doğru yönəltdiyiniz keyfiyyətli zarafatı 300-500 nəfər eyni anda qavrayıb gülür. Ən əsası bu gözəl auranın memarı sənsən. Gözlərdəki parıltı, alqışlar, ümumiyyətlə, bu xoşbəxtlik izah olunmazdır. Sırf bu duyğunu dadmaq üçün səhnəyə dönəcəm. Həə.. Bir də teatr səhnəsində Şekspirin hər hansı bir qəhrəmanını oynamaq istərdim.

- Əslində sizdən bu cavabı gözləyirdim.

- Şekspirin qəhrəmanları başqa bir dünyanın sakinləridir. Bəlli bir yaşdan sonra hadisələrə münasibətiniz, baxışınız dəyişir. Düşünürəm ki, indi onun hansısa qəhrəmanını canlandırsam, bunu tam fərqli şəkildə edərəm. 10 il əvvəlkindən daha sakit, dahal ləzzətli, eninə-boyuna dəqiq biçilmiş oynaya bilərəm.

Похожее изображение

- Uzun müddət Almaniyada yaşamısınız, xanımınız almandır. Özünüz almanlara çox bənzəyirsiniz. Alman film sektoruna ayaq basmaq istərdinizmi?

- Təbii ki, beynəlxalq, müştərək layihə olsa, imtina etməzdim. Amma peşəmizin bir qanunu var “aktyorluq=dil”... Obrazını canlandırdığınız millətin dilinə tam hakim olmalısınız. Mən almanca almanı canlandıracaq qədər yaxşı danışmıram. Amma ssenari gərəyi bir türk qəhrəmana ehtiyac olsa, türk aksenti ilə almanca danışsa, öhdəsindən gəlmək olar. Dillərə dərin marağım var. Hara gedirəmsə, o ölkənin dilini mənimsəməyə çalışıram. Çünki bir toplumun mədəniyyətini öncə dilindən anlamaq olur. Bir neçə gündür Bakıdayam, azərbaycan türkcəsinə heyran qalmışam. Siz öz türkcə danışırsınız. Dilimizi çox gərçək, sadə istifadə edirsiniz.

- Mütaliəyə dərin marağınızı Şeyma Subaşının kitabı ilə bağlı videonuzdan hiss etdim..

- (gülür) O zarafat, istehza idi.

- Əminəm ki, belə dərin mənəviyyatlı insanın mütaliəsi də zəngindir.

- Eyni anda 3 kitab oxuyuram.

- 3 hekayənin içərisində eyni anda yaşamaq mümkündürmü?

- Mənim üçün çətin deyil. Corc Orvelin “Katalaniya savaşları” adlanır. Orvelin yazı dilini çox sevirəm. Markus Arelyusun “Düşüncələr” əsəri... Onu da deyim ki, stoa fəlsəfəsindən bəhs edir. Arelyus Roma imperatoru olub. Hətta indi çəkilişlərə ara verəndə də o kitab əlimin altındadır. Sadəliyin, özünü həyatın ağuşuna ata bilməyin, hər zaman doğru, ədalətli və azad qərar verməyin gözəlliklərini izah edir. Oxuduqca insan özündə gizlənmiş özünü tapır. Digəri isə Sabahattin Alinin “İçimdəki şeytan” əsəridir.

- Çox gözəl... Stoa fəlsəfəsi dediniz. Çoxları özünü dində tapır, bəziləri deyək ki, Oşo fəsfəsini ruhuna yaxın blir və s... Bəs sizin ruhunuz meditasiyası hansı fəlsəfədir?

- Bütün dinlərlə dərindən tanış olandan sonra görürük ki, hamısı eyni nəticəyə varır. Yaxşılıq, ədalət, dürüstlük... Məsələn, Stoa fəlsəfəsində - ağlından istifadə et, təvəzökar ol, hiylə ilə insanlara qalib gəlmə, dünyanın ölümlü olduğunu yadda saxla ki, əşyaların quluna çevrilməyəsən - deyir. İslamiyyət, buddizm, xristianıq, bütün dinlər bizə bu ismarışı verməyə can atır. Hətta şamanizm təbiətə daha yaxındır, onu incitməz, zərər verməz. Yəni doğru nöqtədən baxanda, bütün müdriklərin eyni yola dəvət etdiyinin şahidi oluruq. Mənim də öz fəlsəfəm bunların cəmidir.

- Gözlərinizin rəngi çox gözəldir. Son dəfə gözlərinizi ürəyinizin suyunda nə vaxt yumusunuz?

- Əslində çox kövrək, həssas insanam, amma son dəfə nə vaxt ağladığımı xatırlamıram.

- Bəs duyğularınızı necə təmizləyirsiniz?

- İdmanla məşğul oluram. Həm fiziki, həm də mənəvi təzələnirəm.

- Gürgən bəy, bu gün seriallarda rol alıb özlərinin zənnincə, asan pul qazanmaq istəyən gənclərin sayı günbəgün artır. Onlara nə demək istərdiniz?

- Təhsil, xarici görünüş mütləq şərtdir. Bundan başqa çoxlu səyahət etmək, mütaliə bacarığı vacibdir. Təhsilin yoxdursa, bəxtin gətirər, bir neçə rolda oynayıb parlayarsan, amma çox tez də sönərsən. Bu iş sevgidir. Sevgi isə əmək tələb edir. Çox uzun, əziyyətli yoldur. Sizə asan gəlməsin.

- Hələlik vidalaşaq...

- Üç saat uçub başqa bir ölkəyə gəlmək, həmin ölkənin insanları ilə eyni dildə anlaşa bilmək böyük xoşbəxtlikdir. 70 il Sovet hakimiyyətinin əsarətində olmağınıza rəğmən nə dilinizə, nə də mədəniyyətinizə zərər gəlib. Bu keyfiyyətiniz sizə olan sevgimi daha da artırdı. Yenidən görüşəcəyimizə ümid edirəm.

Похожее изображение

Müsahibədən bir neçə gün sonra Gürgən Özlə yenidən çəkiliş vaxtı görüşdük. Boş zamanından istifadə edib, gəzə bilmədiyi cəmi bir teatr binasını (digərlərini görmüşdü) və metro stansiyalarını (Paris stansiyalarından heç də ölü deyil, hətta məncə şəhərimizin iç üzü metroda basdırılıb) gəzdirməyimizi xahiş etdi. Olduğumuz bütün məkanlarda, hətta onun üçün çox ekzotik metro səyahətində sanki yeni obrazlar kəşf etmək, şəhərin ruhunu çözmək istəyirdi. Mən bu insanın daxili havasından-suyundan çox təsirləndim. Çünki onun gözündə hamıya eyni məhəbbətlə baxa bilən işığı gördüm. Ölkəsinə dönən kimi yaddaşına yazdığı yorğun, bitkin insan simalarından daha ümidli yeni obrazlar yaradacaq sənət tanrısının işığını...

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm