Məşhur psixoloq açıqladı: İnsanın yalan danışdığını necə bilmək olar? - FOTO/VİDEO
Bizi izləyin

Xüsusi

Məşhur psixoloq açıqladı: İnsanın yalan danışdığını necə bilmək olar? - FOTO/VİDEO

Tanınmış psixoloq Rəvan Soltan aktual psixoloji problemlər və onların çıxış yollarından danışıb.

Publika.az psixoloqla müsahibəni təqdim edir:

- Rəvan bəy, qadınların kişilərdən emosional baxımdan 9 dəfə güclü olduğu deyilir. Bu fakt nə dərəcədə düzgündür?

- İnsanın beynində formalaşan bütün düşüncələr davranışları sayəsində qarşı tərəfə sərgilənir. Davranışınsa 3 növü var. Rasional, emosional və irrasional. Kişilərdə rasionallıq, qadınlarda daha çox irrasional və emosional davranış müşahidə olunur.

Hər hansı işi sevə-sevə yerinə yetirdiyimiz zaman məhsuldarlıq daha çox olur. Odur ki, emosionallığı qadınlarda keyfiyyət rəmzi kimi qiymətləndirmək olar. İrrasionalıq isə qərarsızlıqdır. Hər hansı bir elmin təkminləşməsi və inkişaf etməsi üçün sorğu-suallar yaranır. Həmin sualların cavablarının tapılması nəticəsində elm inkişafa doğru gedir.

Kişilərə isə daha çox rasionallıq xasdır. Dolayısı ilə qadın davranışlarının kökündə irrasionallıq və emosionallıq dayanırsa, təbii ki, onlarda emosionallıq kişilərdən daha çoxdur.

- Bəs qadınların depressiyadan daha tez çıxmasının səbəbini necə izah edərdiniz?

- Hər hansı hadisəyə rasional yaşayanda, onun alternativlərini güdürsən. Amma irrasional və emosional davrananda kobud səslənsə də, heç bir fərqi olmur. Bu, artıq tələbat və ehtiyac ödənməsi mövzusuna çevrilir.

Hər iki cinsi birləşdirən tələbat və ehtiyacları olur. Həyatda qidalanmaq, hüzur tapmaq, işləmək və s. kimi tələbatlarımız var. Ətrafımızdakı 10 nəfər bizim qidalanma və iş tələbatlarımızı ödəyə bilər. Amma hüzur tələbatını ödəyən bir insan yoxdur. Odur ki, biz hüzur tələbatını ödəyə biləcək bir insanı axtarır və o hüzuru gələcəkdə qarşılaşdığımız insanın simasında təsəvvür edirik.

Kişilər rasional davrandıqları üçün sanki rasionallıqlarına sadiq qalmağa üstünlük verir. Qadınlarda isə emosional və irrasional davranış üstün olduğundan o simanı başqa biri ilə əvəz edirlər.

- Özünə qapanmış insanların hüzura qovuşması daha çətin prosesdir?

- Qapalı insanlar digərləri ilə müqayisədə sosial deyil. Sosial insanın hüzurla bağlı tələbatı olmur. Amma özünə qapanmış insan daxili rahatlıq deyilən anlayışı hər kəsdən ummağa çalışır. Sanki acsan və əlinə keçən bütün yeməklərdən yeməyə çalışırsan. Bu, doğru deyil, pis nəticələnə bilər. Bizə uyğun olub-olmadığının fərqinə varmadan, ətrafımızdakı insanlardan hüzur ummağa başlaya bilərik. Məsələ ondadır ki, hüzuru bizə uyğun olan insandan ummaq lazımdır. Hər kəsin öz kriteriyaları var. Baxmalısan ki, sənin hüzur kriteriyaların qarşı tərəflə uzlaşır, ya yox. İnsan kimdən və nə istədiyini biləndə, onun daxili rahatlıq problemi çox az hissə təşkil edir.

- Alla Puqaçova deyir ki, hər bir qadın aktrisadır, əgər o, pis aktrisadırsa, həmişə uduzacaq. Hansısa məqsədlərə nail olmaq üçün sizcə, həqiqətənmi, qadınlar özündə artistizm elementlərini toplamalıdır?

- Əslində bu fikri sadəcə qadınlara aid etməzdim. Bir var yaxşı və mədəni insan, bir də var özünü yaxşı və mədəni göstərən insan. İnsanlar bir çox hallarda özü kimi olmur, qarşı tərəfə nə maraqlıdırsa, onu verməyə çalışırıq.

Amma hörmətli Alla Puqaçovanı anlamaq aspektindən yanaşsaq, qadınlarda rasionallıq cəhətdən axsamalar olduğu üçün özünü gücsüz sayır və kişinin qılığına girməyə can atır. Qadınlar öz tələblərini kişinin əli ilə həyata keçirə bilir.

Hər halda qadınlar bir xəttə qədər ağıllı olmalıdır. Lap ağıllı qadın kişiyə maraqlı deyil. Kişi testesteron daşıyıcısıdır, sahiblənir, dominantdır. Belə bir yaradılışa desən ki, sən dominant deyilsən, əlbəttə ki, qəzəblənəcək.

- Psixoloqlar bir çox daxili xəstəliklərinin yaranma səbəbi kimi sevgi çatışmazlığını göstərir. Həqiqətən psixoloji problemlər bizim fiziologiyamıza ciddi təsir göstərir?

- Təbii ki, bu, insan orqanizminə birbaşa təsir edir. Həyatımızı istəklər üzərində qururuq. İstəklər isə qismən də olsa, emosiyalara daxildir. Hər bir insan xoşbəxt olmaq, rəngarəng həyat, müxtəlif tanışlıqlar istəyir. Buna afferiativ tələbat deyilir. Bu, ehtiyac deyil, tələbatdır, bunsuz olmaz, hər bir insanda var.

Aşırı istəklərsə afferiativ təlabət pozuntusu adlanır. Şikayət edənlərin çoxu afferiativ tələbatın dalınca qaçmır, afferiativ tələbat pozuntusu yaşayır. Hər şeydən aşırı dərəcədə istəyirlər. Əlində olanlara baxmırlar. Görürsən ki, əslində tələbat və ehtiyaclarımızı ödəmək üçün hər şeylə təmin olunmuşuq. Amma onlar gözləntlərini əldə etmək üçün özünü daha böyük məsuliyyətlə yükləyir. Stress isə gözləntilərə qarşı aşırı bağlılıq deməkdir, dolayısı ilə bir çox xəstəliklər stress nəticəsində meydana gəlir.

- Deməli, stressdən uzaq olmaq üçün ətrafdan gözləntiləri minimuma endirməliyik?

- Gözləntidən emosional bağlılığı olmayan kəs yoxdur həyatda. Amma özünü və övladını aşırı məsuliyyətlə yükləyən insanı anlamaq çox çətindir. Odur ki, stressdən uzaq olmaq üçün nə özünü, nə də ki, qarşındakını aşırı məsuliyyətlə yükləməyəcəksən. Emosional bağlanacaqsan, amma hər şeyə yox. Gözləntidən həddən artıq bağlılığı olmayan insanın stressi də olmayacaq.

- Bunu daha geniş izah edə bilərsiniz?

- Emosional bağlılığımız olan mövzulara dəyərlər deyilir. Dəyərlər nə qədər az olarsa, itirmə qorxusu bir o qədər azalır. Dəyərlərin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Mənfi tərəfi onun çoxluğundadır. Dəyər nə qədər az olarsa, o insanı zədələmək bir o qədər qeyri-mümkündür. Əlbəttə ki, dəyərsiz yaşamaq mümkün deyil, amma dəyərlərin də sayını azaltmaq lazımdır. Dəyərlər də iki cür olur, maddi və mənəvi. Məsələn, telefon maddi dəyərdir. Telefondan çox asılı olmaq təbii hal deyil, məncə, onsuz da yaşaya bilərik.

Əksər hallarda valideyn, övlad və həyat yoldaşında ilişib qalırıq. Bunlar mənəvi dəyərlərdir. Hər halda etiraf etməliyik ki, gec-tez onlar da bizi tərk edir. Özümüzü itkiyə hazırlamalıyıq, çünki hər dəqiqə potensial itkidir. İnsanın başlıca dəyəri özüdür.

- Belə çıxır ki, doğmalarımıza olan sevginin ölçüsünü azaltmalıyıq? Bu, axı mümkün deyil...

- Yox, azaltmaq lazım deyil. Tövsiyə edirəm ki, sevgini qayğı müstəvisində yaşayaq və yaşadaq. Sevgini əlavə məsuliyyətlə yükləmək lazım deyil ki, qarşı tərəf bizdən hürkməsin.

- Bədən dili xarakterimizi ələ verən qeyri-şifahi ünsiyyət formasıdır. İstərdim ki, yalandan danışaq. Bizim yalan danışdığımızı göstərən əsas əlamət hansıdır? Ən sadə yolu nədir?

- Əgər verdiyiniz suala dəqiq cavablar verirsə, deməli düz danışır. Yox əgər, düşünüb və ehtimallara sarılaraq cavab verirsə, mümkündür ki, ya unudub, ya sizdən nə isə gizlədir. Yaddaş iki cürdür: məntiqi və həqiqi. Yalan danışan insan məntiqi yaddaşa müraciət edir. Yalan danışdığından şübhələndiyiniz adamın həqiqi, yoxsa məntiqi yaddaşdan istifadə etdiyinə diqqət edin.

İnsan emosional olanda jestlərdən daha çox istifadə edir. Məsələn, kiməsə söhbət zamanı qəfil “Həyatında kimsə var?” sualını verəndə, görürsən ki, əvvəlki səs tempi, jestlər və verbal ünsiyyət forması dəyişir. Deməli, realda olmasa, potensial kimsə var.

- Bir insanın şəxsi keyfiyyətlərini kitab kimi oxumağın bir üsulu var?

- Çox danışması üçün açar suallar verirsən. Nə qədər çox danışırsa, bir o qədər yaxşıdır və bu müddətdə müəyyən sürətdən istifadə edir. Sürət isə temperamenti ifadə edir. Bu insan danışanda biz artıq müəyyən edə bilirik ki, hansı temperamentin daşıyıcısıdır. Artıq nəzəri məlumatımız var.

Məsələn, "sevgiyə inanmıram" deyirsə, bu o deməkdir ki, ard-arda uğursuz sevgilər yaraşır. Suala insan birinci vərdiş halı aldığı formada cavab verir.

Verbal, yoxsa qeyri-verbal ünsiyyətdən istifadə etdiyinə diqqət yetirin. Yəni emosionallığını ölçürsən və nəticədə özünüifadə sürətinə nəzər salırsan ki, pozitivdir, ya neqativ. Lazım olanı, yoxsa nə gəldi danışır. Bütün bu aspektlər bəsdir ki, qarşı tərəfi müəyyən qədər tanıya bilək. Buna da maksimum 3-4 dəqiqə vaxt gedəcək. Baxır ki, hansı dərəcəli açar suallar verirsən. Əsas məsələ açar sualdadır. Doğru cavabı eşitmək üçün doğru sualı verməlisən. Adamı tanımaq üçün doğru açar suallar seçmək lazımdır.

- Hər birimiz səhv etməyə məhkumuq, amma onları özünlə daşımaq çox dəhşətlidir və bu bizi uçuruma apara bilər. Sizcə, biz niyə öz səhvlərimizi görmək, qəbul etmək və onlarla üzləşmək istəmirik?

- Biz adətən addımlarımızın nəticəsini əvvəldə deyil, sonda analiz edirik. “Görəsən, nə etdim ki, bu yerə gəlib çıxdım” deyə düşünürük. Yəni sonda oturub əvvəli fikirləşirik. Amma əvvəldə oturub sonu fikirləşsə idik, geri dönməyə ehtiyac qalmayacaqdı.

O səhvlərdən insan utanır ki, onlar kiminsə və ya özünün dəyərlərinə həqarət edə biləcək duruma gətirib çıxardır. İnsan o səhvlərdən üzləşməyə qaçır ki, ya kiminsə, ya da özünün dəyərlərinə həm də çox pis toxunub.

Lakin səhvləriniz mənə toxunmursa, alçaltmırsa, kiminsə yanında aşağılamırsa, niyə də o səhvləri bağışlamayım ki? Bu artıq mənim səhvimə çevrilir ki, niyə sizi bağışlamadım.

- Və özünü bağışlamaq daha çox vaxt aparır, nəinki başqalarını...

- İnsanlar bəzən təklikdən ona görə qaçır ki, özünə hesabat verməsin. Və təklikdə qalmaq cürətini qazanmaq zaman alır. İnsan gününü rasional düşünsə, planlasa və yaşasa, o, öz düşüncələri ilə üzləşməyə çətinlik çəkməyəcək. İki günü eyni keçən insan itirmiş sayılır. Yəni, hər gün elə bir fəaliyyət sərgiləməliyik ki, bu günümüz digərindən fərqlənsin, daha məhsuldar və faydalı olsun. Belə düşünən insanın təklikdə qalmaq qorxusu olmayacaq. Bəzən insan öz dəyərlərinə o qədər qarşı çıxır ki, təklikdə qalanda, ürəyi sıxılır. Özünə hesabat vermək istəmir.

- İlahiyyatçılar da, psixoloqlar da insan mənəviyyatını zənginləşdirmək və daxili harmoniyasını bərpa etməklə məşğul olur. Bu baxımdan onların eyni missiyanı yerinə yetirdiyini deyə bilərik? Ümumiyyətlə, onları birləşdirən hansı cəhətlər var?

- Deyirlər ki, filosoflar da, psixoloqlar da dindar ola bilməz və s. Bu, birmənalı olaraq yanlış fikirdir. Din inanc mövzusudur. Yer üzündə inancsız yaşamaq mümkün deyil. Kimisi özünə, kimisi bütlərə, kimisi öz gücünə və.s inanır. Kimisi də din deyilən faktora inanır.

Din insanın həyatda uğursuzluqlarla üzləşməməsi üçün lazım olan məqamları təlqin edir. Psixologiya və fəlsəfə də eyni mahiyyəti təlqin edir. Sadəcə yanaşma və prinsiplər fərqlidir.

Həyat özü iki hissədən ibarətdir: bizim üçün mücərrəd olan hissəsi və materiya. Fəlsəfə isə materiya və mənəviyyatın kəsişməsidir. Göründüyü kimi üçünün də tərkib hissəsi eynidir. Psixologiya fəlsəfənin mənəvi hissəsini öyrənən sahədir.

- Heç bir dini inancı olmayan ləyaqətli insan ola bilərmi?

- Həzrəti Məhəmməd. (s.a.v.) də buyurub ki, insana dininə görə hörmət etməyib. Dini qəbul etsə də, pis əməllərlə məşğul olan o qədər insan var ki. O qədər insan da var ki, dini inancı yoxdur, amma xeyirxah işlərlə məşğuldur.

- Təəssüf ki, basdırılmış emosiyalar ölmür, onları susmağa məcbur etsək də, daxilən bizə təsir etməyə davam edir. Sizcə, ilahi ədalətə arxayın olub qəzəbi və qisasımızı ürəyimizdə saxlamaqla düz edirik?

- Bütün informasiyalar neyronlarda toplanır. Bir də var ki, beyin hər hansı məsələni hələ həzm edə bilməyib, tam olaraq cavabını tapmayıb və bu mövzu onun üçün qapanmayıb. İnsan beynində bir neçə qapanmamış mövzular varsa, beyin artıq məşğuldur və əlavə informasiyanı qəbul edə bilmir. Qapanmış emosiyalar “niyə” sualının yaratdığı təəssüratlardır. Bu da insanda stress və depressiya yaradır. Bundan azad olmaq üçün heç bir mövzunun çıxış və ya həll yolunu tapmadan digərinə keçməyin.

Məcbur deyil ki, psixoloq olsun, əgər bir adam suallarınıza ədalətli şəkildə cavab verirsə, onunla mütəmadi olaraq söhbət edin və danışın. Adi ünsiyyətlə də bunu həll etmək olar. Yetər ki, fərqli aspektdən yanaşmış olsun.

Kimsə sizə pislik edibsə və qisas almaq hissi güclənibsə və bu mövzu sizin üçün aktuallığını qoruyub saxlayırsa, özünüzə üç sual verib. Birincisi, o insanın ziyan görməsi sənin nəyinə lazımdır? Niyə bu barədə düşünürsən və bu sualın ədalətli cavabını tapırsan. İkincisi, bu qisası necə alacaqsan? Əksər hallarda görürsən ki, qisas almalı ciddi bir məsələ yoxdur. Üçüncüsü və ən əsası, bunun sizə və ona nə faydası olacaq? Əgər bu suallara məntiqli yanaşma tapa bilmirsinizsə, bu artıq vicdansız davranış formasıdır. Vicdanlı yanaşma tək özünün deyil, qarşı tərəfin də faydasını güdməlidir.

- Münasibətlərin möhkəm və sağlam olması üçün nə tövsiyə edərdiniz?

- İnsan nəyə yatırım edirsə, onu itirməkdən qorxur. Yatırım maddi və mənəvi olur. Bunun üçün elə etməlisiniz ki, qarşı tərəf sizə mənəvi yatırım etsin. Bununla da sizi itirmək qorxusu, dolayısı ilə münasibətlər güclənəcək.

- Cəmiyyətimizdə sizi narahat edən psixoloji problemlər hansılardır?

- Diqqətsizlik və valideyn-övlad münasibətləri həddindən artıq aktualdır. Maraqlıdır ki, uşaq dünyaya gələndə, "layiqli övlad olsun" deyirik, amma "layiqli valideyn olsun" demirik. Hər hansı işə qəbul olmaq və ya sürücülük vəsiqəsi almaq üçün imtahan veririk, amma valideyn olmaq üçün heç bir imtahan tələb olunmur. Bu imtahanı heç kim heç kimdən götürmür. Bunu özün həyatdan götürürsən.

Həmçinin empatiya mövzusu geniş vüsət alıb. Hər hansı hadisə baş verəndə, özlərini onun yerinə qoyub ikinci klonu olurlar. Özünü adamın yerində deyil, onun vəziyyətində təsəvvür etməlisən ki, empatiya hissin artsın və ona kömək edə biləsən. İndi cəmiyyətin sanki yaralı yeridir ki, kiminləsə oturub dərdləşsin.

Ən aktual digər bir mövzu stressdir. Bu olmalıdır, amma aşırı deyil. İnsanlar bir-birinin mənəviyyatına sanki hörmət etmir, belə bir reallıqla üzləşmişik. Stressdən azad olmağın bir neçə yolu var. Birincisi, idmanla məşğul olmaq, ikincisi, psixoloq ünsiyyət, üçüncüsü isə mənəvi ehtiyac - cinsi aktdır.

- Müsahibə üçün minnətdaram.

- Siz çox sağ olun.

Aytən Məftun,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm