Məşhur gürcü pianoçu: "Mən uşaq olanda ermənilər..." - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Məşhur gürcü pianoçu: "Mən uşaq olanda ermənilər..." - MÜSAHİBƏ

Onun üçün musiqi ən vicdanlı dindir. İnsanları yalnız musiqi ilə birliyə səsləmək mümkündür.

Publika.az-ın özəl müsahibi YUNESKO-nun fəxri sülh artisti, Fransanın gürcü əsilli məşhur pianoçu-bəstəkarı Elisso Bolkvadzedir.

- Əziz Elisso, Gürcüstandan Fransaya qət etdiyiniz məsafənin start nöqtəsinə qayıdaq.

- Ədəbi mühitdə doğulub böyümüşəm. Atam Gürcüstanın məşhur ədəbi jurnalının baş redaktoru, anam isə jurnalist idi. Musiqi qabiliyyətim erkən yaşlardan özünü göstərməyə başladı. Anam istedadımı duyub mənə piano aldı. Əhatəmiz məni elə ruhlandırırdı ki, dünya şöhrətli musiqiçi olmaqdan başqa şansım qalmırdı. Artıq 7 yaşımdan orkestrlə birgə ifa etməyə başladım. 8 yaşımda ilk dəfə Bakıda qastrola gəldim. Xüsusi istedadlı uşaqların çıxışı ilə festival keçirilirdi. Şəhərinizi o vaxtdan sevirəm. Hələ o illərdən Bakının Avropa ruhunu hiss etmişdim.

- Bu gün özününüz də yüzlərlə istedadlı gənclərə dəstək olursunuz.

- Əsasən Gürcüstanın istedadlı uşaqlarına kömək edirəm, Avropanın pəncərələrini üzlərinə açmağa çalışıram. İmkan olduqca, Parisdə konsertlər və festivallar təşkil edib gənc musiqiçiləri gətirirəm. Gürcü qanım patriotluqla dolub daşır. Bu dəyər mənə atamdan keçib. Həmişə deyərdi ki, vətənini, ölkəni sözdə sevmə, əməldə sev. Ölkən üçün konkret addımlar at.

- Təbii ki, vətəni hüdudlarından kənarda sevmək insanı iki qat doğmalaşdırır. Amma qürbət çox vaxt istək yox, son şans olur.

- Sovet hakimiyyətinin süqutu Gürcüstan üçün çox ağrılı günlər idi. Həmin vaxtlar müharibə dövrünə təsadüf edirdi. Savaşlar hər mənada dağıdıcı qüvvəyə malik olur. Nəinki, şəhərlər, insan həyatları, eləcə də mədəniyyət, istedad uçqun altında qalır. Həyatından müharibə keçən insanlar özlərini sıfırdan toplayırlar. Bu taleyə məhkumdurlar. YUNESKO-nun fəxri sülh artisti olmağım da əbəs yerə deyil. Savaş şərdir, qalib tərəf olmur. Hər kəs günahkardır, hər kəs məsumdur və bu ağrıların içərisində hər kəs bədbəxtdir. İnanıram, ümid edirəm ki, qüsursuz musiqi dünyası savaşları susdura bilər. İnsanların ürəyini bir-birinə yaxınlaşdırar. Bütün dünyada səbəbi bəlli olmayan münaqişlələrdən ən çox zərər görən sadə insanlar və günahsız körpələr olur.

Tbilisidə böyümüşəm 21-22 yaşımda Gürcüstan taleyinin ən zülmət günləri başladı. Ölkədən çıxmaq qadağan olundu, şəhər blokadada idi. Viza verilmirdi. Xalqımızın ən çətin günləri başlamışdı. Elektriksiz, qazsız qalmışdıq. Sənət insanları, ədəbi mühit bu çarəsizliyin içində günbəgün solurdu. Biznesmenlər kimi ailələrini təmin etmək imkanları da yox idi. Çoxları bu yoxsuzluğa dözməyib dünyadan köçdülər. Düşünürəm ki, bu keçid dövrünü ən çətin yaşayan xalq gürcülərdir.

- Həmin dövrdə ermənilər də bizim torpaqlarımızı işğal etdilər. Ən az sizin qədər müharibə qorxusu və acısı yaşamışıq. Yəqin xəbərdarsınız.

- İstənilən halda müharibəyə yol açan tərəfə haqq qazandırmaq doğru deyil. 22 yaşım vardı. Güc-bəla ilə Parisə qaçmağa nail oldum. Həmin vaxtlar Gürcüstan bandit dəstələrinin əlində qalmışdı. Canımda elə böyük qorxu vardı ki, elə bilirdim, Parisdə də izlənilirəm, məni də tapıb öldürəcəklər. Düşünürdüm ki, ölkəm bir daha yasa batmaz. Təəssüf ki, həmin hadisələr 2008-ci ildə təkrarlandı. Osetiya müharibəsi yenidən insanları bir-birinə dümən etdi. Qafqaz xalqının belə pərən-pərən düşməsi məni çox üzür. Xatırlayıram, uşaq olanda azərbaycanlılar, gürcülər və ermənilər birgə musiqi festivallarına qatılırdılar. Sülh buludları altında birləşirdilər. Bu günkü vəziyyətimiz çox acınacaqlıdır. Faciədir!

- Bir az da eşqdən danışaq. Sevgi şəhəri Paris sizə ilk görüşdən qucaq açdı?

- İlk baxışdan yumşaq şəhər deyil. Tez qucaq açmır. Amma eyni zamanda hər kəsin şəhəridir. Bu günədək mənə ilham verən, yaradıcılığa ruhlandıran sonsuz enerjisini əsirgəmir. Parisə heyranam. Bu şəhər sanki sonsuzdur. Heç yerdə bitmir, heç vaxt yorulmur. Küçələri ilə gəzmək də insana sakitlik gətirir. Bir də əsas kolorit qatan saysız mədəniyyətlərin burada cəm olmasıdır.

- Həmçinin biz azərbaycanlıların...

- Baxmayaraq ki, iki qonşu ölkədə yaşamışıq, azərbaycanlıları Parisdə yaxından tanımışam. Azərbaycanlılar səni sevib qəbul etdisə, heç vaxt xəyanət etməz, yarı yolda qoymaz. Vicdanlı insanlarsınız. Doğrudur, hər bir xalqın yaxşıları da, pisləri də olur. Amma bu xarakter sizin canınıza çöküb. Güvəniləcək insanlarsınız. Sevməyəndə isə sadəcə qəbul etmirsiniz. Bu qədər həqiqi və dürüstsünüz. Madam Mehriban Əliyevanı da çox sevirəm. Azərbaycan mədəniyyəti, musiqisi adına çox iş görür. Yeni epoxa yazır. Bu digər xalqlar üçün də nümunəvi addımdır.

- Musiqiçi hansı keyfiyyətlərə malik olmalıdır?

- Düşünürəm ki, hər bir musiqiçinin ifa etdiyi alətdə öz sədası, səsi olmalıdı. Hər şeydən öncə əsəri ürəyi hiss etməlidir. Bəli, ifa etdiyin kompozisiyanın texkinasına da xələl gətirməməlisən. Amma ürəyinlə duymayandan sonra quru texnikan heç kimə lazım deyil. Tamaşaçı sənin barmaqlarının musiqisini ayırd edə bilmirsə, uğur qazanmamısan. Son vaxtlar dəyərlər də dəyişib. Amma musiqiçinin qarşısında duran əsas misiya dinləyicinin zövqünü uşaq kimi böyütməkdir. Acınacaqlı hal odur ki, klassik musiqi bu gün aktual deyil. Amma istənilən halda ali zümrənin seçimidir. Bəlkə də digər janrlar kimi məşhur sayılmır. Amma yüksək zövq deməkdir. Bura təsadüfi musiqiçilərin yeri deyil.

- İnsanın musiqi zövqü xarakterinə təsir edir?

- Belə bir deyim var ki, zövqlər haqda mübahisə etməzlər. Bu, yanlış fikirdir. Elə əsas mübahisə mövzusu insan zövqüdür. Vulqar musiqini dinləmək insanın davranışlarına, seçimlərinə də təsir edir. Zövqü də digər bacarıqlar kimi inkişaf etdirmək lazımdır. Bu həm də intellekt məsələsidir. Hər dəqiqə, hər saniyə mükəməlliyə doğru addımlamaq lazımdır. Qalaktikamız yerində durmur, biz də onunla ayaqlaşmalıyıq. Doğrudur, son əsrlərdə zaman da sürətlənib. İnsan bu tələskənlik dünyasında kəpənək kimi uçur. Bəzən bu ritmin olmadığı sakit bir köşəyə çəkilmək istəyirsən. Zaman anlayışını unutmaq istəyirsən. Tarixdən tanıdığımız dahilər də zamanla bağlarını qoparmış, öz saatı ilə yaşayan insanlar olublar. Hətta bu dərin yaradıcı prosesə bəzən sinirlərimiz tab gətirmir.

- Dünyanın dərdlərini çiyninizə çökdürən bəstəkar varmı?

- Şubert... Nostalji oyadır məndə. Çox qəribə hallara düşürəm, yatmış reflekslərimi oyadır. Çox ağır emosiya sahəsinə düşürəm bir anda. Ravelin də yaradıcılığı məndə kədər doğurur. Amma bu iki bəstəkarın əsərlərinə toxunmaq bütün acılara dəyər.

- Sizi yaradıcılığa ruhlandıran konkret fraqmentlər var?

- Təşkil etdiyim festivallar, sevinc bəxş etdiyim gənc musiqiçilər... Hər açılan səhər, günəşin enerjisi... Yaradıcı insan olmaq gözəldir. Lakin istedadın cəmiyyətə fayda vermirsə, yaşamağın da mənası azalır. Hər gün bu sözlərlə özümü yeni uğurlara ruhlandırıram. Ömür boyu pianoçu olacağımı da düşünmürəm. Dünya insanına digər sahələrdə də faydalı olmaq istərdim.

- Məsələn...

- Siyasətə qatıla bilərəm. Doğrudur, özümü musiqisiz təsəvvür etmirəm. Amma böyük kütlənin danışan səsi də olmaq istərdim. Ümumiyyətlə insan daim axtarışda olmalıdır. Anlamalıyıq ki, indi yalnız indidir. Etmək istədiklərimizi sabaha saxlamaq olmaz. Ümidsizliyə qapanıb ağlamaq əvəzinə heç olmasa 5 nəfər üçün rahat dünya qura bilərsiniz. YUNESKO fəaliyyətim boyu mükəmməl insanlar tanıdım. Onlar sənətlərinə gəlir mənbəyi kimi baxmırlar. İnsanlara faydalı olmağa çalışırlar. Bu isə əsas insani keyfiyyət və motivasiyadır.

- Modern musiqi anlayışını necə qavrayırsınız?

- Bu musiqi janrı olmadan dünyanın inkişaf yolundan danışmaq olmaz. Bilmirəm, neçə il, neçə əsr yaşayacaq, amma aktualdır. Bir məqam da var ki, zamana, dövrə görə dəyərlər də dəyişir. Musiqi isə bilavasitə bu anlayışla əlaqədardır.

- Sizcə, parlaq individuallığa qovuşmağın yaşı var?

- Bütün insanlar sevmək və sevilmək üçün dünyaya gəlib. İstənilən dövrün əsas tələbi budur. İnsan ömür boyu özünü ətrafına düzgün təqdim etməyin yollarını axtarır. Bu isə çox böyük əmək və təmkin tələb edir. Yetər ki, ürəkdən istəyək. Tez, ya gec həm mənəvi, həm də intellektual individuallığımızın fərqinə varırıq. Həmin məqamda artıq paxıllıq hissi də olmur ki, qarşımdakı məndən bacarıqsızdır, amma mənim yerimi tutub. Bunun üçün sadəcə zaman lazımdır.

- Bəs zaman üzərindən səyahət mümkündür?

- Bu yaxınlarda Veronada idim. İlahi, sanki XVI əsrə səyahət edirdim. Zaman anlayışını tam unutdum. Modern həyat, texnologiya, su kimi axıb gedən həyatı bir anda orta əsrlər əvəz etdi. Bu baxımdan mümkündür. Mədəniyyətlər qorunduqca, gələcəyə ötürüldükcə, bu səyahət mümkün olacaq.

- Keçmişdə nələrisə dəyişmək mümkündür?

- Keçmişi dəyişmək mümkün deyil. Keçmişdə buraxdığınız səhvləri də, acıları da, sizə yaşamağa imkan verməyən məqamları da unudun. Həm də axı bu yanlışların qarşısını almaq da doğru olmaz. Biz keçmişdən gəlirik, bizi keçmişimiz yaradır. Gələcəyə köklənin ki, həmin acılar mümkün qədər az yaşansın.

- Gələcəyin piki isə ölümdür.

- Bir vaxtlar içimdə çox qəribə ölüm xofu var idi. Hətta uzun müddət psixoterapevt dəstəyi də aldım. Bir gün mənə dedi ki, niyə gələcəyini düşünüb indiki zamanını zibilliyə atırsan? Bu dəqiqəni, bu anını yaşamalısan. Yalnız o halda gələcək haqda qorxulara dalmağa da vaxtın qalmayacaq. Sizə bir sirr açım. Ölümdən hamımız qorxuruq. Amma bu qorxunu sevgi ilə əvəzləmək lazımdır. Əsl harmoniyanı da o anda tapırsan. Depressiv olmayın.

- Planetin himnini bəstələmək istərdinizmi?

- İnanın, çox istərdim. Amma bu himni artıq Bethoven yazıb. Ondan gözəl bəstələmək isə qeyri-mümkündür. Paradoksal bir məqam var. Din insanları bir-birinə düşmən edir, musiqi birləşdirir. Bu himni aktuallaşdırıb insanlara bir amal uğrunda yaşadıqlarını xatırlatmaq lazımdır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm