Akif Əlizadənin AMEA-nın prezidenti kimi SON MÜSAHİBƏSİ: "60 ildir ki..."
Bizi izləyin

Xüsusi

Akif Əlizadənin AMEA-nın prezidenti kimi SON MÜSAHİBƏSİ: "60 ildir ki..."

Akademik, “Şərəf”, “Şöhrət,” və “İstiqlal” ordenli Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi son müsahibəsini 14 oktyabrda Publika.az-a vermişdi. Akademik postundan səhhəti ilə əlaqədar olaraq 23 oktyabrda istefa verdi.

Publika.az müsahibəni təqdim edir:

Görəsən, biz bu cür möhtəşəm tarixə, şanlı keçmişə, analoqsuz mədəni irsə, gözəl memarlığa və zəkası dünyanın yüz aliminə bərabər ziyalılara sahib olmaq üçün hansı yaxşılıqları etmişik? Görəsən, səmaların ucqarlığında hansı dualarımız qəbul olunub? Görəsən, analarımızın hansı bayatısı Tanrını məmnun edib?

On addımlıq yolda yüz tarixi dövrün nümunələrinin muzey kimi sərgiləndiyi şəhərdə yaşayırıq. Az qala, hər bulağından bir incəsənət nümunəsi süzülür. İçərişəhər. Qala Divarları. Yusif Məmmədəliyev heykəli. Sabir bağı. İsmailiyyə binası. Göz oxşadıqca könlümüzü də fərəhləndirir.

Çox şükür ki, bu tarixi salnaməyə dəyər verən, onu qoruyan, ona sahib çıxan insanlarımız, dövlətimiz və ziyalılarımız var. Təsadüfi deyil ki, belə memarlıq incilərinin istifadəsi ilə yanaşı, qorunması da onun qədrini, mahiyyətini bilən insanlara tapşırılıb. Məsələn, bu gün Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iş otaqları dünyaca məşhur memarlıq abidəmiz İsmailiyyə binasından yerləşir. Və tarixi möhtəşəmliyin haqqını vermək işi, az qala, İsmailiyyə qədər tarixi insan olan Akif Əlizadəyə tapşırılıb.

Publika.az-ın “Xüsusi” layihəsinin qonağı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik, “Şərəf”, “Şöhrət,” və “İstiqlal” ordenli Akif Əlizadədir.

- Xoş gördük, Akif müəllim. Söhbətimizə elə səhhətinizdən başlayaq. Necəsiniz? Özünüzü necə hiss edirsiniz?

- Yaxşı hiss edirəm. Adətən, eyni rejimdə yaşayıram. Demək olar ki, 50 ildir rejimimi dəyişmirəm. Hər səhər idman edirəm, yüngül nahar yeyirəm. Daha sonra iş, işdən sonra - axşam kiçik bir gəzinti. Yatmaq məsələsi belədir ki, mən heç vədə gecə oyaq qalmamışam. Hətta dissertasiya yazdığım vaxtlarda belə. Elmlər doktoru dissertasiyamda da, namizədlikdə də. Hərdən başqa alimlər deyirlər ki, mən bu gecəni yatmamışam. Filan şeyi yazmışam, filan şeyi düşünmüşəm. Mən belə etməmişəm. Akademiyada 60 ildən artıqdır işləyirəm. Həmişə öz elmi işimi də, təşkilati işimi də gündüz görmüşəm. Ona görə də gecəyə heç nə saxlamamışam. Saat ondan sonra yatmışam. Hesab edirəm ki, mənim bu gün belə sağlam qalmağımın sirri bu rejimdir.

- Təkcə AMEA-nın prezidenti olmaq özlüyündə çox məsuliyyətli bir işdir. Bu qədər yük sizi yormur ki?

- Milli Elmlər Akademiyasının prezidenti olmaq, əlbəttə, böyük şərəfdir. İlk növbədə, cənab Prezident tərəfindən mənə olan böyük etibardır. Mən bu akademiyada 62 ildir çalışıram. Laborant peşəsindən gəlmişəm. Ona görə də akademiyanın, demək olar ki, bütün həyatı, həm elmi, həm təşkilati, həm dövlət tərəfindən elmin inkişafına qoyulan tələb, elmlə dövlətin əlaqələri, elmlə mədəniyyətin əlaqələri, ümumilikdə, elmin Azərbaycan cəmiyyətinin başqa istiqamətləri ilə əlaqəsinə hər mərhələdə şahid olmuşam bütün bu tarix boyu. Vəzifə ağırdır, məsuliyyətlidir. Mən də imkan dairəsində bütün biliyimi, varlığımı bu vəzifədə xidmət göstərməyə sərf etmişəm.

- Dövlət demişkən, Azərbaycanın baş naziri dəyişdi, yeni baş nazir təyin olundu. Bununla bağlı nə düşünürsünüz?

- Əli Əsədovu çox yaxşı tanıyıram. Əlbəttə, bu, cənab Prezidentin özünün təklifidir. O, özü hamıdan gözəl bilir ki, kim bu vəzifəni bacarıqla yerinə yetirə bilər. Əli müəllim gözəl insandır, təşkilatçıdır, iqtisadçıdır və gözəl maliyyəçidir. Bunlar hamısı o şərtlərdir ki, Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışmağa imkan versin. Güman edirəm ki, o, bu vəzifəni yaxşı icra edəcək. Bir şeyi də vurğulamaq istəyirəm ki, Əli Əsədovun yaxşı praktikası var. O, püxtələşmiş dövlət xadimi kimi çalışa biləcək. Mən Əli müəllimi səmimi qəlbdən təbrik edirəm. Güman edirəm ki, Nazirlər Kabinetinin işi xeyli çevik olacaq.

- Akif müəllim, siz elə bir geoloqsunuz ki, hətta bu elmdə sizin adınızla bağlı müəyyən terminlər də var. Bu sahə ilə əlaqədar bir sual vermək istərdim: Azərbaycanda axtarışı aparılan nadir elementlər varmı?

- Azərbaycanda Mendeleyev cədvəlində əks olunan bütün elementlər, demək olar ki, tapılıb. İndi də tədqiqatlar aparılır. Alimlərimiz geologiya elminin petrologiya, filiz geologiyası, petroqrafiya, litologiya və başqa sahələrində böyük tədqiqatlar aparırlar. Nailiyyətlər də əldə olunub. Bu elementlərin çoxu öyrənilib. Onların yer qabığında qanunauyğun olaraq paylanması və sair hamısı məlumdur. Lakin bizim geoloqlarımızın əsas istiqaməti Xəzər dənizinin öyrənilməsi olmalıdır. Bu yaxınlarda Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev Rəyasət heyətimizin qonağı oldu. Onunla belə bir qərara gəldik ki, Rusiya Elmlər Akademiyası ilə şərikli formada Xəzər dənizinin müxtəlif problemləri üzərində işləyək. Xəzərin dibinin, neftinin öyrənilməsi və bu kimi problemlər. Bilirsiniz ki, neft Azərbaycanın bütün iqtisadiyyatı ilə bağlıdır. Azərbaycan nefti Azərbaycan iqtisadiyyatının qüvvə verəni, hərəkətə gətirənidir. Geoloqların da ümdə vəzifəsi ondan ibarətdir ki, yeni-yeni kəşfiyyatlar aparsınlar, ələlxüsus, dəniz sahəsində. Digər tərəfdən, dəniz böyük kompleks tədqiqatlar aparmaq üçün gözəl poliqondur. Dənizdə biomüxtəlifliyi öyrənmək, seysmoloji tədqiqatlar aparmaq, dənizdə baş verən proseslərin fonunda iqlimi araşdırmaq, dənizətrafı arxeoloji axtarışlar aparmaq lazımdır. Ötən il Xəzərin Hüquqi Statusunun müəyyən edilməsilə bağlı konvensiya bu dənizin ətrafında yerləşən beş dövlət tərəfindən imzalandı. İndi bu dövlətlər şərikli şəkildə dənizdə tədqiqatlar apara bilər. Hesab edirik ki, bu təqdiqatlar prioritet olmalıdır.

- Bir neçə gün öncə AMEA-nın Coğrafiya İnstitutu açıqladı ki, Xəzər dənizi əvvəlki illərə nisbətən getdikcə daha sürətlə çirklənir. Necə edək ki, həm Xəzərin geoloji və bioloji nemətlərindən istifadə edək, həm də onun təmizliyini qoruyub saxlaya bilək?

- Təkcə Xəzərdə deyil, bütün dünya okeanlarında çirklənmə prosesi çoxdan başlayıb. Əlbəttə, bu proses təbiətə mənfi təsir göstərir. Dənizdə olan bütün mikrofauna, fauna bu prosesdən öz payını alır. Onlar hamısı təbiətin insana bəxş etdiyi nemətlərdir. Xəzərin çirklənməsi məsələsi ilə bağlı dövlətimiz müxtəlif qərarlar, qanunlar qəbul edir. Bu qanunlara orada işləyən kampaniyalar riayət edirlər. Bu gün Xəzərdə fəaliyyət göstərən BP kampaniyası, SOCAR Xəzərin neftlə çirklənməsi məsələsinə olduqca ciddi yanaşırlar. Bir damcı neft düşən anda bu, böyük bir həyəcan doğurur. Hesab edirəm ki, bu istiqamətdə aparılan işlər kömək etməlidir ki, Xəzər bir qədər təmizlənsin.

Onu da qeyd edim ki, alimlər çox maraqlı bir araşdırma aparıb. Belə ki, 20 il əvvəl aparılan tədqiqatlara görə, Xəzəri başlı-başına sakit vəziyyətdə buraxsaq, o özü-özünü təmizləyə bilir. Həm dəniz dibində, həm suyun tərkibində özlüyündə təmizlənmə prosesi gedə bilər. Bir şərtlə ki, ona insan müdaxiləsi olmasın.

- Bu yaxınlarda Türkiyənin İstanbul şəhərində 5,8 maqnitudada zəlzələ baş verdi. Azərbaycan üçün bu gücdə zəlzələ xasdırmı? Yəni bizdə də bu qədər güclü sarsıntı yarana bilərmi?

- Azərbaycan orogen sahədə yerləşir. Orogen – yəni dağəmələgəlmə sahəsi. Buna görə də Azərbaycanda, o cümlədən, Xəzər dənizində daim zəlzələlər baş verir. İki, üç və dörd ballıq zəlzələlər qeydə alınır. Bunlar təkan kimi müşahidə olunur. Zələlələri bizim seysmik xidmət idarəmiz öyrənir, müşahidə edir. Azərbaycanda bu gün seysmologiya sahəsində xidmət yüksək səviyyədədir. Nəinki, müasir cihazlarımız, hətta GPS-lərimiz də var ki, Yer qabığının hərəkətini izləyə bilək. Onları bir-birilə uzlaşdıraraq təyin edə bilirik ki, hansı sahə sürətlə, hansı daha az hərəkət edir. Biz həm də Qafqazı, Türkiyə ərazisini izləyərək deyə bilirik ki, Yerin təkində yaranan qüvvələr harada bir qədər çoxalıb, harada azalıb.

Hazırda Azərbaycan üçün şiddətli təhlükə gözlənilmir. Ən böyük təhlükə 2000-ci ildə vardı. Noyabr ayında altı ballıq zəlzələ olmuşdu. Ondan sonra hələ ki, sakitlik hökm sürür.

- Bu həftə dünya gündəmi Nobel mükafatı laureatlarının adlarının açıqlanması ilə məşğuldur. Siz Azərbaycanda hansı elmi sahənin alimlərinə güvənirsiniz ki, onlar gələcəkdə Nobeli ölkəmizə gətirəsinlər?

- Bütün ümidlərim Azərbaycanın gənc alimlərinədir. Azərbaycanda akademiya fəaliyyət göstərdiyi yetmiş beş il ərzində çox gözəl məktəblər yarandı. Bu məktəblər Azərbaycan elminə, keçmişdə sovet elminə, ümumilikdə, dünya elminə böyük töhfələr verib. Bizdə Nobelə layiq tədqiqatlar olub. Hesab edək ki, obyektiv və subyektiv baxımdan Azərbaycan elminə Nobel laureatlığı hələ qismət olmayıb. Amma mən bilirəm ki, dövlət elmimizə diqqət edir, qayğı göstərir. Bu gün Azərbaycanda gözəl elmli gənclik yaranmaqdadır. Biz gənclərimizi həvəsləndirir, ABŞ-ın, Avropanın elmi mərkəzlərinə göndəririk. Onlar orada müasir elmi istiqamətlərdə təcrübə toplayır, dissertasiyalar hazırlayırlar. İnformasiya, fizika, geofizika, biotibb, molekulyar biologiya, biotexnologiya istiqamətində Azərbaycan elminin gələcəyinə ümid var.

- Sizin ideyanız əsasında yaradılan Geologiya İnstitutu ABŞ və Avropa ölkələrinin nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. Bu işbirliyi Azərbaycan elminə hansı nailiyyətləri qazandırıb?

- Elmin məhdudluğu, sərhədi yoxdur. Elm sərhədsizdir. Azərbaycan elmi bu gün öz sərhədlərini aşıb. Gənclər müxtəlif ölkələrdə aparıcı elmi mərkəzlərdə tədqiqatlar aparıb, elmi məqalələlər çap edirlər. Gənclərin elmi məqalələrinin nəticələri izlənir. Azərbaycan alimlərinin son üç ildə “Veb of Science”, “Scopus” kimi elmimetrik agentliklərdə çıxan məqalələrinin və onlara istinadən edən xarici məqalələrin sayı əlli faizdən çox artıb. Bu göstərir ki, Azərbaycan alimlərinin bu istiqamətdə inkişaf etməyə imkanı var. Güman edirəm ki, onlar hamısı Azərbaycan elminin parlaq gələcəyidir.

- Akif müəllim, haqqınızda oxuyarkən maraqlı məlumatlara rast gəldim. Xüsusilə, şəcərəniz haqqında maraqlı faktlar mövcuddur. Çox məşhur insanlar çıxıb nəslinizdən. Valideynləriniz Ağamehdi və Əfşan xanım Əlizadələrdir. Bu məşhur azərbaycanlı ailəsi öz genetik kodları ilə respublikanın bir çox görkəmli şəxslərinə bağlıdır. Şəcərənizdə həmçinin, Azərbaycan xalqının ən məşhur və sevilən seyidlərindən Ağa Seyidəli Mirmövsümzadə, uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuş görkəmli din xadimi Axund ağanın, Azərbaycan gənclərinin parlaq lideri Məsud Ağa Mehdi oğlu Əlizadənin də adını xüsusi vurğulamaq istərdim. Özünüz araşdırma aparmısınızmı bununla bağlı? Nəslinizdə başqa tanımadığımız kimlər var?

- Araşdırma aparmamışam. Amma xoşbəxtəm ki, bu nəsildənəm. Şəcərəmlə hər zaman fəxr etmişəm. Çünki mənim nəslimin insanları daim elmlə, mədəniyyətlə məşğul olub. Həmişə dövlətə xidmət ediblər. Ailəmiz həm keçmişdə, həm də indi çalışıblar ki, ailədə də, dövlətdə də maarifçilik üstün olsun. Atam, anam, qardaşım, məni əhatə edən qohumlarım da maariflə, savadla, mədəniyyətlə iç-içə olublar.

- Akif müəllim, deməsəm, günah olar. Çox maraqlı iş otağınız var. Özü tarixi İsmailiyyə binasında yerləşir, pəncərələri isə qədim İçərişəhər Qala Divarlarına açılır. Bütün bunlar sizdə hansı təəssüratı oyadır?

- Bu bina Azərbaycanın incisidir. Yüzdən artıq yaşı var. Bilirsiniz ki, bina 1912-ci ildə tikilib başa çatıb. Milyonçu Musa Nağıyev tərəfindən investisiya qoyulub. İsmailiyyə binası bir mədəniyyət abidəsidir. Bizim akademiyaya gələn qonaqlar, alimlər, mütəfəkkirlər, xaricilər - hamısı bu binaya heyran qalıblar. Hesab edirəm ki, dövlətin belə bir binanı elmə bəxş etməsi sübut edir ki, Azərbaycan rəhbərliyi elmə böyük dəstək və qayğı göstərir. Bu binada oturarkən, əlbəttə, başa düşürəm ki, bura böyük mədəniyyət abidəsidir.

- Sizinlə istənilən mövzuda söhbət etmək çox maraqlıdır. Təşəkkür edir və möhkəm can sağlığı arzulayıram!

- Mən sizə təşəkkür edirəm.

Zümrüd Kərimova,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm