Xüsusi
Dünya şöhrətli professor BAKIDA: "Narkomaniyanın müalicəsi üçün xəstələrə..." - MÜSAHİBƏ
Boylam Psixiatriya Xəstəxanasının, Boylam AMATEM və Boylam Psixiatriya İnstitutunun təsisçisi, minlərlə insanın alkoqol və digər maddələr asılılığından azad olmasına nail olan, Türkiyənin ilk Beynəlxalq səviyyədə tanınan Psixiatrı Professor Dr. Ertuğrul Köroğlu Referans Medical Groupun təklifi ilə Bakıya dəvət olunub.
Publika.az-a müsahibəsində görkəmli professor ruhi xəstəliklər və onların müalicə yolları barədə vacib məlumatlar verib.
- Ertoğrul bəy, istərdim ki, söhbətə sizi oxuculara daha yaxından tanış etməkdən başlayaq...
- İllərlə universitetdə müəllim çalışdıqdan sonra Özəl Boylam Psixiatriya Xəstəxanasını qurdum. Bu Türkiyənin ən böyük özəl psixiatriya xəstəxanasıdır. Azərbaycandan müraciətlər çox olurdu. "Referans Medical Group" bu müraciətləri nəzərə alaraq xəstələrin işini asanlaşdırmaq üçün mənə müraicət etdi. Daha sonra Özəl Boylam Psixiatriya Xəstəxanası "Referans Medical Group"la əməkdaşlığa imza atdı. Bundan sonra ayda iki dəfə Bakıya həm xəstələri qəbul etməyə, həm də treninq verməyə gələcəm. Düşünürəm ki, burada yolgöstərici rolumuz olacaq. Digər tərəfdən də yerli həkimlərə treninqlər keçəcəyik.
- Artıq Bakıda bir neçə xəstə qəbul etmək imkanınız olub. Bu xəstələr hansı problemlərlə sizə müraciət etmişdi?
- İlk gün çox ağır xəstələr gəldi. Şizofreniyadan əziyyət çəkən bir neçə xəstə qəbulumda oldu. Yəqin ki, bu da ilk gəlişimlə bağlıdır. Onlara xəstəxanada yataraq müalicə almağı tövsiyə etdim.
- Şizofreniyanın yaranma səbəbi nədir?
- Necə yarandığı tibbə tam məlum olmasa da, bioloji xəstəlikdir. Eynilə şəkər və təzyiq xəstəliyi kimi bəlli bir yaşda meydana gələn çox ciddi xəstəlikdir. Şizofreniya xəstələrini cəmiyyətə qazandırmaq üçün dərman müalicəsi şərtdir.
- Tibbin inkişaf etdiyi bir dövrdə yaşayırıq. Belə olan halda şizofren birinin sağalması nə qədər mümkündür? İnkişaf etmiş tibb hansı müalicə üsullarını təklif edir?
- Müalicə xəstəliyin tamamilə aradan qaldırılması demək deyil. Depressiya, panik atak, nevroz kimi xəstəliklər tamamilə aradan qaldırıla bilir. Amma şizofriya xəstəliyi tamamilə sağalmaya bilər. Onların cəmiyyətə qaytarılması üçün iş həyatının olması, yaşadığı müddətdə öz ayaqlarının üzərində dura bilməsi üçün imkanlar yaratmaq önəmlidir.
Bildiyimiz kimi, hallüsinasiya, qulaqlarına səs gəlməsi kimi əlamətlər şizofreniya xəstələrinə xas simptomlardır. Bu simptomların aradan qaldırlması vacibdir. Xəstəliyin tamamilə keçməsi hər zaman mümkün olmaya bilər. Hər halda müalicə sayəsində xəstə özünü daha yaxşı hiss etməyə başlayır, şizofreniyanın idarə olunması lazımdır. Müalicə olmazsa, xəstəlik şiddətlənəcək və daha ciddi fəsadlara yol açacaq.
- Dərman müalicəsinin şərt olduğunu söylədiyiniz. Amma bu gün antidepressant da daxil olmaqla bir çox psixotrop maddələrin zərərləri olması ilə bağlı bir çox araşdırmalar var.
- Əslində bu tənqidlərin böyük əksəriyyəti səhvdir. İstifadə etdiyimiz dərmanlar son dərəcə etibarlıdır. Antidepressantlar heç bir bağlılıq yaratmır, heç birinin təsiri zamanla azalmır. Bu dərmanların müalicədə istifadə edilməsinə icazə verilməsi üçün onlar üzərində illərlə elmi tədqiqatlar aparılıb. Özüm Amerikada aparılan araşdırmalarda şəxsən iştirak etmişəm. Dərmanın satışa çıxarılması üçün ən az 20 il keçməlidir.
Əlbəttə ki, hər dərmanın müsbətlə birgə əks göstərişləri də olur. Amma əks göstərişlər zamanla azalır. Düzgün və dəqiq istifadə edildiyi təqdirdə son dərəcədə etibarlı və təsirli preparatlardır. Antideprassantların zərərləri barədə deyilənləri dedi-qodu olaraq qəbul edin. Sözsüz ki, hər hansı psixotrop dərmanları kortəbii şəkildə qəbul etmək olmaz. Antidepressant istifadəsinin öz qaydaları var. Onların istənilən təsir göstərə bilməsi üçün müəyyən zaman kəsiyində qəbul edilməsi şərtdir.
- Bəs depressiyanın hansı həddində dərman müalicəsi yazılmalıdır?
- Hər depressiyada dərman qəbul etmək olmaz. Yüngül depressiyalarda psixoterapiyalar yetərlidir. Ümumiyyətlə, depressiya növləri müxtəlifdir və buna əsasən antidepressant növü də dəyişir. Orta və ağır depressiyaların müalicəsində antidepressant gərəkə bilər. Bəziləri yuxusuzluqdan əziyyət çəkdiyi halda, digərləri bütün gün yatmaq istəyə bilər. Bir qrupda iştaha azalır, digələrində güclənə bilər. Bu tip xüsusiyyətlərdən asılı olaraq antidepressant seçimi edilir.
- Hipnozun müalicədə rolu və təsiri haqqında hansı fikirdəsiniz?
- Hipnozun müalicədə heç bir təsiri yoxdur. Xalq batil inancları çox sevir, o hipnozla yuxuya dalaraq xəstəliyin sağalacağına inanır. Hipnozla müalicə uydurmadır və heç bir elmi sübutları yoxdur.
- Çağdaş insanın öz köklərindən ayrılıb şəhər həyatına atılması, təbiətdən uzaq düşməsi hansı psixoloji problemlərə yol açır?
- Şəhər həyatı çox gərgindir, bütün günümüz ora-bura qaçmaqla keçir, daha çoxuna nail olmağa can atırıq. Qarma-qarışıq münasibətlərin içinə daxil oluruq, şəhər həyatı gücümüzü alır. Sözsüz ki, bu da bizi depressiya və üzüntüyə sürükləyir.
- Təbiətin müalicəvi gücü olduğuna inanırsınızmı?
- İnsan ruhuna yaxşı təsir etdiyini inkar edə bilmərik, amma təkbaşına heç nə müalicəvi ola bilməz.
- Bizdən öz mənfəətləri üçün istifadə edən insanları həyatımızdan necə uzaqlaşdıra bilərik?
- Bu, xüsusilə narsisizm və asosial şəxsiyyət pozğunluğu ilə bağlıdır. Belə insanlarla başa çıxmaq heç də asan olmur. Öz dəyərlərimizə sahib çıxmalı və araya məsafə qoymalıyıq.
- Bəs yaşadığımız hər çətinliyə rəğmən ayaqda durmaq üçün daxili gücü haradan tapmalıyıq?
- Möhkəm münasibətlər qurmağı və rasional düşünməyi bacarmalısan. Eyni zamanda problemi həll etmək və ünsiyyət qurmaq bacarıqlarına yiyələnməlisən, biz buna ruhsal dözümlülük deyirik.
- İnsanın gözlərinin içinə baxaraq, yaxud jest və hərəkətlərini kənardan diqqətlə müşahidə etməklə onun hansı psixoloji problemlərini müəyyən edə bilərsiniz?
- Mümkündür, lakin daha dəqiq diaqnoz qoymaq üçün bir qədər sual-cavaba tutmalısan. Əlbəttə ki, illərin təcrübəsi də bu məqamda sənə yol göstərir. Söyləməsə də, daxilində gedən iğtişaşları duya və anlaya bilirik.
- Psixoloji problemlərin artmasının səbəbini nədə görürsünüz?
- Bu sualın konkret cavabı yoxdur, istənilən halda yaşayış qaydalarının dəyişməsi kimi qəbul etmək lazımdır. Son aparılan araşdırmalarda məlum olub ki, intihar səviyyəsi 60 faiz artıb. Bu, əslində çox ciddi rəqəmlərdir.
Psixatriya birbaşa həyat səviyyəsi ilə mübarizə aparan elmin bir qoldur. Artıq keyfiyyətli həyatı daha çox önəmsəyirik. Depressiya və nevrov halları keçmişdə də olub. Hər halda indi bu problemlərin düzəldilməsi üçün çaba göstəririk. Digər tərəfdən də ruhi xəstəliklərin artıdığı həyatın acı bir gerçəyidir. Bu, bütövlükdə cəmiyyətin problemidir, buna tək bir səbəb göstərə bilmərəm.
Hər yaş qrupunda rast gəlinən xəstəliklər də fərqlidir. Ruhi, xüsusilə şizofreniya kimi ağır xəstəliklərin başladığı yaş qrupu 15 və 25 yaş arasıdır. Depressiya orta yaş dövründə də baş verə bilər, irəliləyən yaşlarda isə demans dediyimiz xəstəliklər özünü göstərməyə başlayır.
- Şizofren xəstələri cəmiyyət üçün təhlükəlidirmi?
- Şizofrenlər heç bir halda təhlükəli deyil. Təhlükəli sözünü sevmirik. Bunu da hər hansı şəkər və ya təzyiq kimi bir xəstəlik qəbul edib müalicəyə başlamaq lazımdır. “Psixoloji xəstəliklər təhlükəlidir” qavrayışı səhv yanaşmadır. Revmatizm nə qədər təhlükəlidirsə, şizofreniya da bir o qədər təhlükəlidir. Müalicə edilmədiyi təqdirdə şiddətlənir...
Bu xəstələri müalicə ilə cəmiyyətə qaytarmaq mümkündür, yetər ki, müalicədən qaçmasınlar. Müalicə sayəsində həyatlarını nizama salsalar, daha faydalı ola bilərlər. Ən ağır xəstələrin belə müalicədən sonra necə dəyişdiyini görən xəstə yaxınları da heyrətə düşür. Peşman olurlar ki, niyə vaxtında həkimə müraciət etməmişik.
Şizofreniyada sağalma müddəti uzundur. Amma xəstəxanada yatılı qalma müddəti 3 ilə 6 həftə arasıdır. Xəstəyə görə dəyişir. İstifadə edilən preperatların qiymətləri müxtəlifdir. Çox bahalı dərmanlar var, amma ümumilikdə qiymətlər münasibdir. Dərmanın qiyməti onun istehsala başladığı ilinə görə dəyişir. Əgər dərman satışa yeni buraxılıbsa, qiyməti bir o qədər bahadır. Hər yeni dərman da yaxşı deyil. Məsələn, 50-ci illərdə satışa buraxılan çox təsirli və son dərəcə ucuz dərmanlar var.
- Bəs normal insanda şizofreniyanın hər hansı əlamətləri müşahidə edilə bilər?
- Hallüsinasiyalar və digər psixoz əlamətləri normal insanda özünü göstərməz. Bütün bunlar adətən şizofreniya xəstələrində baş verir. Eyni zamanda, epilepsiya beyin xəstəliyidir. Təbii ki, psixoz əlamətləri sadəcə şizofrenlərdə baş vermir. Ümumiyyətlə, psixoz çox ciddi mövzudur və müalicə edilməlidir.
- Hər kəsin müəyyən qədər psixoloji problemləri olduğu qaçılmazdır. Bəs şizofren olduğumuzu necə müəyyən edə bilərik?
- Psixoz - reallığı dəyərləndirmə, mühakimə, düşüncə və duyğunun ağır formada pozulması deməkdir. Psixotik epizod keçirən xəstələr hallüsinasiyalar görüb, batil inanclara inanırlar. Onlarda şəxsiyyət dəyişiklikləri və düşüncə pozğunluğu da müşahidə edilir, qulaqlarına müxtəlif səslər gəlir.
- Şizofren, yaxud da narkotik asıllığından əziyyət çəkən hansısa xəstəni normal həyata qazandırmaq mümkündür?
- Bu, insana görə dəyişir. Müalicənin effektini xəstəliklərə əsasən təyin etmək doğru olmazdı. İşini yüksək səviyyədə yerinə yetirə bilən və ya heç bir iş görməyən şizofren də ola bilər.
Narkotik asıllığı da eynilə. Bu, birbaşa xəstənin iradə gücü ilə əlaqlidir. Bu dəhşətdən özünü xilas edə bilən xəstə də var, edə bilməyən də. Xəstələrin müalicə müddətini ümumiləşdirmək olmaz. Hər halda istənilən xəstənin müalicənin sayəsində özünü əvvəlkindən yaxşı hiss etməsi inkarolunmaz həqiqətdir.
- Narkotik asılığının aradan qaldırılması ilə bağlı apardığınız müalicə kursunda istifadə etdiyiniz ən təsirli üsullar hansılardır?
- Maddə məhrumiyyətinin idarə olunması və motivasiya texnikaları. Bu texnikalar fərdin maddəni atması üçün öz səbəblərini özünün tapmasına yardım edir. Müalicə prosesində xəstəyə öyüd-nəsihət verildiyi üçün narkotik maddədən imtina etmir. “Mən bundan xilas olmalıyam, çünki...” deyərək öz səbəblərini özü tapır. Bu bataqlıqdan özü-özünü çıxarmağa çalışır.
- Bir insanın hər şeydən şübhələnməsi ruhi xəstəlikdirmi?
- Şübhələri reallığa yaxın deyilsə, əlbəttə ki, xəstəlikdir. Amma bu, sadəcə şizofrenlərdə rast gəlinmir, depressiyada da görülə bilər.
- Ertoğrul bəy, ruhi xəstəliklər qəlbin və ya beynin istehsal etdiyi xəstəlikdir?
- Əlbəttə ki, beynin. Psixi problemlər düşüncə sisteminin pozğunluğundan qaynaqlanır. Hadisələr yanaşma və onları necə ələ almaq beyinlə bağlıdır. Amma ruhi xəstəliklərin beyinlə bağlı olması o demək deyil ki, psixi problemlər tomoqrafiyada göstərilir.
- Türk cəmiyyətinin psixi vəziyyətini necə qiymətləndirirsiniz?
- Türkiyədə təxminən 1500 və 2000-ə yaxın psixiatr var, psixoloq sayı da getdikcə yüksəlir. Maraqlıdır ki, bütün psixiatrlar həmişə dolu olur. İki səbəbi var, həm xəstəliklər, həm də müraciətlər artır. İnsanlar indi psixoloji sağlamlığının qeydinə qalır, depressiyaya düşdükləri və ya panik-atak keçirdiklərində psixiatra getməyi ayıb saymırlar. Türkiyədə insanlar psixoloq və psixiatr kompleksini özündə aşıb, hər kəs rahatlıqla peşəkarlara müraciət edir. Hətta evlilik problemi olanlarda da psixoloji dəstək alır. On il əvvəl vəziyyət belə deyildi.
Nə yazıq ki, heroin, kokain və marixuana asıllığı heç olmadığı qədər sürətlə artır. Bu xəstələr xəstəxana şəraitində müalicə edilməlidir. Boylam Psixiatriya Xəstəxanasında 28 günlük müalicə protokolu var. İlk həftə xəstəni asılı olduğu maddədən ayırmağa yönəlib. Daha sonrakı mərhələ şəxsin narkotik maddədən asılı olmaq üçün öz səbəblərini özünün tapmasına yönəlib. Maddə istifadə etmək istəyi artıdıqda bunun idarə edilə bilməsinə yönəlmiş müalicələr və qrup halında psixoterapiyala həyata keçirilir. Bir növ həyatın mənasını dərk etmək üçün onlara yön və istiqamət verilir. Bu baxımdan terapiyalar çox önəmlidir. Bir ay minimum müddətdir, bəzi xəstələrdə bu, 2, 3, 4 və 5 aya qədər uzanır.
- Psixoloji problemlərə qadınlar, yoxsa kişilər arasında geniş rast gəlinir?
- Xəstəliyin növünə görə dəyişir. Şizofreniya və bipolyar pozuntu hər iki cinsdə təxminən eyni səviyyədə olsa da, depressiya qadınlarda iki dəfə çoxdur.
- Panik atak problemi ilə qarşılaşdığımız zaman ilk müdaxilə kimi nə etməyi məsləhət görərdiniz?
- Panik atak əslində təkbaşına xəstəlik deyil. Panik ataklar panik pozuntusuna çevrildiyi zaman xəstəlik ola bilir. Xoşagəlməz bir xəbər eşidən istənilən insan panik atak keçirə bilər. Panik atak təxminən 5 ilə 20 dəqiqə arasında davam edir. Panik atakın yaranmasına yol açan davranışlara baxmaq lazımdır. Araşdırmaq lazımdır ki, o insanı necə narahat edir. Ən önəmlisi bunu qorxunclaşdırmamaqdır. Bu zaman insan infarkt keçirəcəyini, öləcəyini, hətta dəli olacağını düşünür. Əslində bu qorxuların heç biri real deyil. Dünyada panik atakdan ölən və ya dəli olan heç bir insan yoxdur. Ən azından bunu insan özü-özünə etiraf etməli, təkrarlamalı və dərindən nəfəs alıb verməlidir. Bu, panik atakın tez ötüşməsinə yardım edir. Ehtiyac olarsa, dərman yazıla bilər.
- Psixoloji problemlərin meydana gəlməsində ailə mühitinin və valideynlərin rolu hansı səviyyədədir?
- Bütün psixoloji xəstəliklər üç səbəbdən yaranır. Birincisi, bioloji amillərdir. İkincisi, ailə mühitindən qaynaqlana bilər, üçüncüsü isə, ətraf mühitin təsiri nəticəsində meydana çıxır. Əslində psixoloji xəstəliklər bu üçünün birləşməsi ilə şiddətlənir. Məsələn, eyni travamanı yaşayan iki insandan biri ağır depressiyaya düşə bilər, digəri yox.
- 30-dan çox elmi kitabın müəllifisiniz. Bu kitablar universitet tələbələrinin əsas dərs vəsaitidir. Yəqin ki, onlar arasında hər kəsin həyatda da bələdçisi ola biləcək əsərlər var.
- “Hiç kendimi üzümem” adlı kitabı məsləhət görə bilərəm. Bu kitab sizə aydınlanmağa və ruh sağlamlığını qorumağa kömək edəcək.
- Kitabın adı diqqətimi çəkdi. Demək istəyirsiniz ki, bizi incidən əsas düşmən elə özümüzük?
- Bizim nə hiss etdiyimiz hadisələri dərk etməyimizdən asılıdır. İcazə vermədikcə heç kim sizi incidə və özünüzü pis hiss etdirə bilməz. Kitabın adı da buradan qaynaqlanır. Hər hansı problem yaşayanda o hadisənin sizə təsiri onu necə ələ almağınızla bağlıdır. Bu əlaqəni tapmaq üçün baxış nöqteyini dəyişdirmək yetərlidir.
- Dini inancın olması ruhi sağlamlığa kömək edirmi? İnanaraq yaşamaq, yoxsa inanmadan yaşamaq daha ağırdır?
- Bu, hər kəsin öz seçimindən asılıdır. Əgər dini inanc ruhunuzu qidalandırırsa, mənəviyyatınızı zənginləşdirirsə, niyə də inanmayasınız.
İnanmayan insanlar haqqında da hər hansı mənfi rəy bildirməyi düzgün hesab etmirəm, inanmamağı onun ruhi problemlərinin olmasına işarə etmir.
- Bakı haqqında təəssüratlarınız necədir?
- Gördüyüm qədərilə Bakı çox sürətlə inkişaf edən şəhərdir. Dünyaya açılır, dünyayda baş verən iqtisadi və elmi yenilikləri yaxından izləyir və tətbiq edir. Azərbaycanla Türkiyə qardaş ölkədir, bir-birimizə çox yaxınıq. Əminəm ki, bu əməkdaşlıq nəticəsində psixoterapiya sahəsində ürəkaçan irəliləyişlər olacaq. Ruh sağlığı bu gün hər kəsi düşündürir. Ruhu sağlam olmayan insan xoşbəxt ola bilməz, həyatın heç bir naz-neməti onu sevindirməyəcək. Bu zaman təbii ki, həyat keyfiyyəti aşağı düşür və həyatın heç bir mənası qalmır. Odur ki, hər kəs ruh sağlamlığını qorumağın yolları ilə tanış olmalıdır. Öyrəndim ki, Azərbaycanda ümumilikdə 300 psixiatr var. Bu rəqəmin ölkəniz üçün yetərli olduğunu düşünmürəm. Yeri gəlmişkən, qonağınız olduğum üçün çox məmnunam, hər kəs gülərüzlüdür.
- Əslində biz insanların o qədər də gülərüzlü olmamasından şikayət edirik.
- Demək ki, mənim qarşıma xoş ovqatlı insanlar çıxıb. Türkiyədə belə deyil, böyük əksəriyyətin qaş-qabağı yerlə gedir. Bu baxımdan şanslısınız.
- Psixoterapevtin dilindən sakinlərimiz haqqında bu fikiri eşitmək bizi sevindirir. Gərgin qrafikinizə baxmayaraq bizə vaxt ayırdığınız üçün təşəkkürlər.
- Minnətdaram.
Aytən,
Foto: Pərviz Həşimi
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO