Virus laboratoriyalarda süni şəkildə yaradılıb? - Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor MÜHÜM MƏQAMLARI açıqladı
Bizi izləyin

Xüsusi

Virus laboratoriyalarda süni şəkildə yaradılıb? - Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor MÜHÜM MƏQAMLARI açıqladı

1998-ci ildən bəri dünyanın bir sıra nüfuzlu elm və təhsil mərkəzlərində, universitetlərində molekulyar biologiya və molekulyar biotexnologiya sahəsində tədqiqatlar aparan görkəmli alim, professor Tərlan Məmmədov Türkiyədə yeni növ koronavirusa qarşı peyvənd hazırlanması üzərində çalışdığını, bu istiqamətdə artıq müəyyən nailiyyətlər əldə etdiklərini bildirib.

AMEA-nın müxbir üzvü, Akdeniz Universitetinin fəxri professoru,“Rekonbinant vaksin və teropevtik zülalların sintezi üçün TUBİTAK” və Beynəlxalq Qrant Agentliyi tərəfindən 5 böyük layihənin rəhbəri olan T.Məmmədov Publika.az-a müsahibəsində bildirib ki, peyvəndlər müxtəlifliyinə görə fərqlənirlər. Bu baxımdan elm xadiminin öz qrupu ilə üzərində birgə çalışdığı peyvəndlər insan orqanizmi üçün olduqca təhlükəsiz və etibarlıdır.

Məlumat üçün bildirək ki, Tərlan Məmmədov 1998-2002-ci illərdə Yaponiyanın Tohoku Kənd Təsərrüfatı Elmi Mərkəzində, Kiyoto Universitetində və Kənd Təsərrüfatı Elmləri üzrə Yaponiya Beynəlxalq Tədqiqatlar Mərkəzində çalışıb. 2002-2009-cu illərdə ABŞ-ın Nebraska-Linkoln Universitetində professor vəzifəsində fəaliyyət göstərib. 2009-2014-cü illərdə ABŞ-da Molekulyar Biotexnologiya mərkəzində qrup rəhbəri kimi elm və molekulyar biotexnologiya sahəsində fəaliyyət göstərib. Prof. Məmmədov bitki sistemi daxil olmaqla eukariotik sistemlərdə şəkərsiz zülal sintezini təmin edən molekulyar biotexnologiyanın ixtira edən alimdir.

- Tərlan bəy, Türkiyədə COVID-19 əleyhinə peyvəndin hazırlanması ilə bağlı real vəziyyət necədir?

- Bir neçə universitet və laboratoriyalarda müxtəlif vaksinlərin hazırlanması istiqamətində işlər aparılır. Məsələn, virusun özündən hazırlanmış zəiflədilmiş və öldürülmüş vaksinlər var. Yaxud da yeni əsaslı vaksinlər hazırlanır ki, burada virusun genetik materialından istifadə olunur. Eyni zamanda protein (zülal) əsaslı vaksinlərin hazırlanması istiqamətində tədqiqatlar gedir. Sözsüz ki, real nəticəyə gəlmək üçün müəyyən zaman keçməlidir. Müxtəlif tədqiqatlar aparan alimlərin vaksinlərlə bağlı hələlik dəqiq açıqlamaları yoxdur.

DNT əsaslı vaksinlərdə virusun genetik materialı götürülür və insan vücuduna vurulur. Bu zaman genetik materialdan sintez olunmuş zülallarda anticism sintez edilir. Şəxsən mən bu növ vaksinlərə çox üstünlük vermirəm, çünki bu genlər insan bədəninə daxil edildikdən sonra onlara nəzarət ve tənzim edə bilmirik. Bunu xərçəng xəstəliyində nəzarət edilə bilməyən hüceyrələrin bölünməsi ilə müqayisə etmək olar. Nəzarət edilə bilməyən proseslər həmişə xərçəng riskinə aparıb çıxara bilər. DNT əsaslı vaksinlərin müəyyən qrup insanın həyatını xilas etmək baxımdan potensialı ola bilər. Amma ümumilikdə riskləri nəzərə alsaq, vaksinin bu növünü dəstəkləmirəm.

Türkiyədə son vəziyyət belədir, hər bir qrup nəticə əldə etməyə çalışır. Bu vaksinlər sintez olunduqdan sonra onların altivlik testləri heyvanlar üzərində aparılacaq. Növbəti mərhələdə insanlar üzərində sınaqdan keçirilməlidir.

- Sizin terapevtik zülalların və vaksinlərin yaşıl bitki yarpaqlarında sintezi mövzusunda ixtiralarınız yeni növ koronavirusun müalicəsində təsirli ola bilərmi?

- 2 aydan çoxdur ki, bu işlərə başlamışıq. Bizim elmi qrupun apardığı tədqiqatlar zülal əsaslı antigen vaksinlərin hazırlanması yönündədir. Bu vaksinlər digərləri ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Zülal əsaslı proteinləri hazırlamağın bir çox çətinlikləri var. Burada protein qatlanması, aktiv proteinlərin sintezi və s. kimi problemlər meydana çıxır. Mövcud çətinliklərə baxmayaraq, onlar bir çox üstünlüklərə malik olan vaksinlərdir. Onlara həm nəzarət etmək mümkündür, yəni bilirik ki, hansı doza insana vurulur, həm də zərərsizdir. Bunun üçün biz yaşıl bitki yarpaqlarından istifadə edərək virusun proteinlərinin antigenlərini sintez və istehsal edirik.

Hazırda tədqiqatlar laboratoriya şəraitində davam edir. Müvafiq peyvənd genləri yarpaq hüceyrələrinə transfer edilir və bu hüceyrələrdən insanları ölümcül viruslardan, bakteriya, eyni zamanda parazitlərdən qorumaq gücünə malik vaksinlər, anticisimlər istehsal edilir. Hansı texnologiya və üsullardan istifadə etdiyimizi hələlik açıqlamaq istəmirəm, vaxtı gələndə bu barədə sizə daha detallı açıqlamalar verərəm.

- BCG peyvəndi (vərəm əleyhinə) COVID-19 ilə mübarizəyə kömək edə bilərmi?

- Bu məsələ ətrafında çox danışılır. Avstraliyada 4 minə yaxın insana BCG peyvəndi vurulub və müalicəyə təsiri araşdırıldığı deyilir. Lakin yeni növ koronavirus infeksiyasının müalicəsində vərəm əleyhinə peyvəndin insanlara heç bir spesifik təsirindən söhbət gedə bilməz. Sadəcə BCG insanın immunitetini artıra bilər, ona müsbət təsir göstərə bilər. Lakin faktlar onu da göstərir ki, vərəm əleyhinə peyvənd olunmuş insanlar bu xəstəliyi daha yüngül keçirirlər.

- COVID-19-un müalicəsinə ən perspektivli yanaşma hansıdır?

- COVID-19-un müalicəsinə ən perspektivli yanaşma effektiv vaksinlərin hazırlanmasıdır. Hazırda belə bir vaksin yoxdur. Odur ki, vaksin hazır olana qədər başqa alternativlər axtarılır. Hazırda sağalmış xəstələrin plazması müalicə məqsədilə istifadə olunur. Bu müalicə üsulunun pozitiv təsiri olsa da, sonrakı fəsadları ortaya çıxa bilər. Çünki bir insanın patogenlərinin sağlam birinə ötürülməsi digər xəstəliklərin yaranma riskini artırır.

Bu cəhətdən, rekombinant monokol antikorlar istifadə oluna bilər. Məsələn, yaşıl bitki yarpaqlarında sintez olunmuş antikorlar daha güvənlidir, çünki artıq insana məxsus olan patogenlərin başqasına keçmə riski yoxdur.

Koronavirusun bir çox mutasiyaları peyda olur. Xüsusiyyətləri ondan ibarətdir ki, bəzi xəstələr sağalsa da, yenidən test etdikdə nəticələr pozitiv çıxır. Bu da virusun bədəndə qaldığını göstərir. Odur ki, xəstəliyə qarşı peyvəndin hazırlanması çox önəmlidir. Tarix boyu peyvəndlər milyonlarla insanın həyatını xilas edə bilmək gücünə malik olub. Hazırda dünyanın müxtəlif ölkələrində alimlər peyvəndin tapılması üzərində çalışır.

Eyni zamanda dərman preparatları da mühüm rol oynaya bilər. Virus cansız bir şeydir, o, bədənə və hüceyrəyə daxil olmadıqca heç bir təsir göstərə bilmir. Hüceyrəyə daxil olduqdan sonra təsiri başlayır. Bu səbəbdən də virusun hüceyrəyə daxil olmasını əngəlləyən dərmanların və ingibitorların hazırlanması çox önəmli məsələdir. Bu mövzu ilə əlaqədar yaxınlarda bir araşdırmamız oldu. Virusun insan bədəninə girməsini əngəlləyən təbii zülal əsaslı ingibitor hazırladıq. Araşdırmanın nəticələrini və patentini iki həftə əvvəl Amerikanın patent və ticarət ofisinə göndərmişik.

- Xəstəliyi ağır və yüngül keçirdikdən sonra sağalmış insanlarda virusa qarşı eyni dərəcədə immunitet qazanılır?

- İnsanlar müxtəlifdir, hər birimizin immun sistemi bir-birindən fərqlidir. Müxtəlif insanlar müxtəlif xəstəliklərə qarşı fərqli immun cavablar verir. Odur ki, koronavirusa yoluxmuş insanlar da müxtəlif dərəcəli immunitet qazanır. Əlbəttə ki, bu xəstəliyi keçirərək sağalanlar ona qarşı immunitet qazanır, lakin bu immunitet müəyyən vaxta qədər öz təsirini qoruyub saxlayır.

Virusun həm də yeni xüsusiyyətləri meydana çıxıb. Bəzi ölkələrdə sağalan insanların COVID-19 testi yenidən pozitiv çıxıb. Bu da virusun reaktivasiyası - bədəndə qalması deməkdir. Bu nöqteyi-nəzərdən xəstəliyin hələ bizə məlum olmayan xüsusiyyətləri çoxdur. Sağalan insanın bədənində anticisim yaranır. Amma virusun böyrək və ağciyərlərdə sonradan problem yaratma ehtimalı var. Hələ ki, dəqiq demək mümkün deyil sağalan xəstə nə kimi problemlər yaşayacaq. Xəstələr üzərində aparılan analiz və tədqiqatlar göstərəcək ki, bu virus hansı təbiətlidir.

- Bir çox mütəxəssis virusun süni mənşəli olmasını kəskin şəkildə rədd edir. Bəs laboratoriyalarda uğursuz sınaqlar nəticəsində bəşəriyyət üçün təhlükə ola biləcək virusların təsadüfən və ya bilərəkdən yaradılması ehtimalı nə qədər realdır? Ümumiyyətlə laboratoriyalarda süni şəkildə viruslar yaradılırmı və onlar nəyə xidmət edir? Laboratoriyalarda bioloji təhlükəsizlik sistemi necə qurulur?

- Virusun süni şəkildə yaradılması barəsində ciddi bir söz demək olmaz. Ola da, olmaya da bilər. Xəstəlik hər hansı laboratoriyada diqqətsizlik və səhlənkarlıq üzündən virusun başqa heyvanlara keçməsi nəticəsində yayıla bilər. Mənim üçün maraqlı məqamlardan biri koronavirusun xüsusilə inkişaf etmiş ölkələrdə daha ağır nəticələrə gətirib çıxarmasıdır.

Uzun illər Amerikada yaşamışam və işləmişəm. Amerika çox güclü və bir çoxlarının xoşbəxtlik tapdığı ölkədir. Bu ölkədə insanlar peşəkar mütəxəssis olmağı öyrənirlər. Elm və texnologiyanın inkişaf tempi orada hər zaman yüksək səviyyədə olub. Amma görürsünüz ki, ən çox ölüm hadisəsi də dünyanın ən güclü ölkəsində baş verdi. Amerika bu məsələdə çox insan itirdi. İtaliya, İspaniya, İngiltərə və Almaniya kimi Avropa ölkələrinin statistikalarına nəzər salıram. Onlarda da tibb çox inkişaf etməsinə baxmayaraq, ən çox ölüm hadisələrinin inkişaf etmiş ölkələrdə olması məni həqiqətən düşündürür. Polşa, Rumıniya və Bolqarıstan kimi iqtisadi cəhətdən zəif olan ölkələrdə yeni növ koronavirusdan ölüm halları azdır... Süni şəkildə yaradıldığını iddia edə bilmərəm, amma necə oldu ki, virusun dünyanın ən güclü ölkələrinə daha çox neqativ təsiri oldu deyə düşünürəm…

- COVID-19-la mübarizə çərçivəsində peyvəndin hazırlanması istiqamətində milyonlarla dollar vəsait ayrılır. Belə olan halda çox baha başa gələn vaksinin gələcəkdə hər kəs üçün əlçatan və pulsuz olması ehtimalı nə qədər realdır?

- Bu, qlobal bir məsələdir. Əgər hər hansı ölkə yeni növ koronavirusa qarşı peyvənd hazırlamağa müvəffəq olarsa, texnoloji transfer olmasa da, hər bir ölkə bu vaksindən digər ölkələrin istifadə etməsində də maraqlı olar deyə düşünürəm, bütün dünya pandemiyanın sona çatmasında maraqlıdır. Ticari əlaqələrin dayanması ölkələrin iqtisadiyyatına çox ciddi zərər vurur.

- Mövsümün dəyişməsi ilə infeksiyanın yayılmasının yavaşlayacağına ümid edə bilərikmi?

- Mövsümün dəyişməsi və havaların getdikcə istiləşməsi infeksiyanın yayılmasına təsir etsə də, xəstə sayını sıfıra endirməyəcək. İqlim şəraiti sadəcə virusun azalmasına təsir edə bilər. Digər faktorların olduğunu da unutmaq olmaz. Ümumiyyətlə xəstəliyin yayılmasına əhalinin sıxlığı, tibbi vəziyyət, təhsil səviyyəsi, dövlət strategiyası və həyata keçirilən tədbirlərin ciddiliyi kimi bir çox faktorlar təsir edir. Kaliforniyada xəstəliyin yayılma sürəti zəif idi. Nyu-Yorkda isə infeksiyanın yayılma sürəti dramatik şəkildə artdı. Buradan belə nəticəyə gəlirik ki, xəstəliyin yayılmasını əngəlləmək üçün dövlətlər tərəfindən karantin rejiminin tətbiq olunması əsas amillərdən biridir.

Çox sevinirəm ki, bu baxımdan ölkəmizdə yoluxma sayında kəskin şəkildə artım müşahidə olunmadı. Demək olar ki, vəziyyət stabilləşməyə doğru gedir. Bu da Azərbaycanda tədbirlərin vaxtında və çox ciddi görülməsi ilə əlaqədardır.

- Karantin rejiminin yumşaldılması xəstəliyin yayılma riskini artıracaqmı?

- Karantin rejimi elan olunanda xəstə sayı az olsa da, getdikcə artdı. Artıq bəzi ölkələrdə infeksiya azalmağa doğru gedir, birinci dalğanı başa vurmuşuq. Buna baxmayaraq, qaydaların yumşaldılması yoluxma sayının artmasına və ikinci dalğanın yaranmasına səbəb ola bilər. Odur ki, hər bir insan bu məsələdə çox ehtiyatlı və diqqətli olmalıdır. ​

- Donuz qripi ilə müqayisə etsək, 2009-cu ildə dünyada pandemiyadan çox sayda insan xəstələndi, təxminən 200 min nəfər öldü. Hazırkı vəziyyətdə koronavirusun nə qədər insan ölümünə səbəb olacağını proqnozlaşdırmaq mümkündürmü?

- İndiyə qədər dünyada 4,5 milyondan çox insan bu virusa yoluxub, onlardan 300 minə yaxını dünyasını dəyişib. Virusun nə qədər insan ölümünə səbəb olacağı barədə dəqiq proqnoz demək mümkün deyil. Bu, gedişatdan və insanların özünü qorumasından asılıdır. Əgər hər hansı bir ölkədə hökumət tərəfindən qoruyucu tədbirlər həyata keçirilməzsə, virusun yayılma sürətində artım müşahidə oluna bilər. Odur ki, ölüm sayı bundan sonra həyata keçirilən addımlar əsasında müəyyən ediləcək.

- Professor, bu bəla dünyanı nə zaman rahat buraxacaq və biz əvvəlki həyatımıza qayıda biləcəyik?

- Hər halda ölkələr bu müddət ərzində çox təcrübə qazandı. Alimlər virusun xüsusiyyətlərini öyrənib və buna uyğun olaraq strategiya planlarını qurmağa başlayıb. Yavaş-yavaş pandemiyanın təsirlərini azaltmağa çalışacağıq. Əlbəttə ki, sıfıra düşməsi barədə danışmaq hələ tezdir. Amma güman edirəm ki, qorunmaqla və gigiyenik qaydalara əməl etməklə bunu azalda bilərik.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm