Xüsusi
Xalq artisti karantin günlərindən danışdı: “Həkimin səhvi üzündən ölə bilərdim” - MÜSAHİBƏ
Xalq artisti Naibə Allahverdiyeva karantin günlərini evdə keçirdiyini, virusun yayılmağa başladığı ərəfədə ciddi stress yaşadığını deyib.
Publika.az-a müsahibə verən ulduz həm səhhəti, həm də yaradıcılıq baxımdan onu narahat edən məsələlərə toxunub.
- Naibə xanım, karantin günlərini necə başa vurdunuz?
- Hamı kimi evdə oldum, ehtiyac olmadıqca küçəyə çıxmırdım. Şükürlər olsun ki, artıq qaydalar tədricən yumşaldılmağa doğru gedir. Ümid edirəm ki, tez bir zamanda əvvəlki rahatlığımıza qovuşarıq.
- Gəlin bu günlərin sizə təsirindən danışaq.
- Qaydalar və qanunlar hamı üçün məcburi idi. Dövlətimizin apardığı "soyuq müharibə" idi, bu bəla ilə mübarizə hələ də bitməyib. Odur ki, dövlətin qoyduğu qaydalara əməl etmək hər kəsin borcudur. Nə qədər çətin olsa da, bir vətəndaş kimi tapşırıqlara əməl edirdim. Səhhətimlə əlaqədar həkim tez-tez təmiz havada gəzməyi məsləhət görüb. Buna baxmayaraq, evdə oturub birtəhər dözdüm. Lakin bəzi insanlar hələ də başa düşmür ki, pandemiyanın yayılması bütün bəşəriyyət üçün böyük bir bəladır.
- Səhhətiniz necədir, müalicəniz davam edir?
- Müalicə üçün Türkiyəyə getməliyəm, sərhədlər bağlı olduğundan imkan olmadı. Ötən il bir həkimin yanına getmişdim, ağır dərman yazmışdı, qəbul etdim sonra halım pisləşdi. Onu 50 yaşından yuxarı insanlara vermək olmazmış. Həkimin səhvi üzündən ölə bilərdim. Yolların açılmağını gözləyirəm ki, Türkiyəyə gedim. Peşəkar həkimlərimiz əlbəttə var, amma çox azdır, gözüm qorxub.
- Darıxmamaq üçün nə edirdiniz?
- Sosial şəbəkələrdə vaxt keçirirdim, eyni zamanda müharibə janrında filmlər izləyirdim. Virus yayılanda ciddi stress və qorxu yaşadım. Bu həyəcan səhhətimə də pis təsir edirdi.
- Sizcə, pandemiya cəmiyyətdə nələri dəyişdi?
- Belə görürəm ki, heç bir dəyişiklik yoxdur, insanlara heç bir təsiri olmayıb, elə həmin adamlardır. Biz Allaha şükr etməyi yadırğamışıq... Həyatın bizə bəxş etdiyi hər nemətə şükr etməliyik, amma ciddi bir dəyişiklik hiss etmədim. Xislətində pislik olan insan yenə də öz əməlindən qalmayacaq... Satqın insanlar ailəsini, dostlarını və vətənini satmağa davam edəcək. Mövcud vəziyyətdən heç bir nəticə çıxarmayacaqlar. Xeyirxah, ədalətli və dürüst insanlarsa yenə öz müsbət keyfiyyətlərini qoruyub saxlayacaq, daxili mənəviyyatını inkişaf etdirəcək və qəlbində daha çox mərhəmət duyğuları cücərdəcəklər... Dünyada o qədər saysız-hesabsız müharibələr və pandemiyalar olub ki, heç biri şəri nə yer üzündən, nə də insanların qəlbindən silə bilib...
Bəlkə bizdə də İtaliya və digər ölkələrdəki kimi vəziyyət ağır olsaydı, proses əhalidə daha dərin izlər qoyardı. Hər halda dövlət tərəfindən vaxtında ciddi tədbirlər həyata keçirildiyi üçün insanlarda güclü sarsıntı müşahidə olunmadı.
- Maddi baxımdan sıxıntılarınız oldumu?
- Teatr aktyorları dövlət işində çalışır, ordan qazandığımız maaşla yaşayırıq. Həmişə necə yaşamışıqsa, indi də elə. Seriallara çəkilən aktyorların ola bilsin ki, maddi baxımdan sıxıntıları olsun. Seriala çəkilmirəm.
- Yəqin ki, bu müddət ərzində ən çox teatr səhnəsi üçün darıxmısınız.
- Artıq öyrəşmişəm, ancaq tamaşalarım olanda gedirəm. Yeni tamaşalarda rollarım yoxdur.
- Seriallarda çəkilməməyiniz və ya tamaşalarda rol almamağınızın səbəbi nədir?
- Bunu rejissorlar bilər, biz onlardan asılı adamlarıq. Seriallara gəldikdə, yaxşı ki çəkilmirəm. Seriallarımızdan razı deyiləm, peşəkar səviyyəyə gəlib çatmaq üçün bir qədər vaxt lazımdır. Əgər peşəkar yaradıcı heyətdən təklif alarsam, qəbul edə bilərəm. Ssenarilərdən də narazıyam. Bir neçə normal serialımız var, lakin tamaşaçı baxmırsa, ondan üz döndərirsə, bir aktrisa olaraq niyə o layihədə rol almalıyam ki? Rusiya, Qazaxıstan və bir neçə MDB ölkələrinin seriallarından da geridəyik, onların televiziya layihələrində peşəkarlıq, gözəl aktyor və rejissor işi, böyük zəhmət, ən əsası maliyyə var. Seriallarına baxanda həmişə paxıllığım tutur ki, niyə onlarda maraqlı seriallar çəkilir, bizdə yox. Halbuki, bizim aktyorlarımız onlardan heç də geri qalmır. Sadəcə olaraq biz aktyorlar ssenari, operator işi və rejissor sarıdan çox əziyyət çəkirik. Film və seriallarımız rejissor sarıdan çox axsayır.
Seriallarımızda qonorar da çox azdır, aktyorlar var ki, gedib pulsuz çəkilir. Aldığımız qonorar əziyyətimizə də dəymir. İki seriyanı bəzən iki günə çəkirlər, həmkarlarımdan eşidirəm ki, səhər çıxıb gecə saat dörddə evə gəlirlər...
- Sizə edilən serial təkliflərindən imtina edirsiniz?
- Deyə bilmərəm ki, təkliflər üstümə yağır, sadəcə bir neçə təklif olunub, imtina etmişəm. Rejissora və ssenariyə etibar etmədim. Savad və peşəkarlıq baxımdan mən ondan üstünəmsə, orda çəkilmək maraqlı deyil. Hər kameranı əlində tuta bilən rejissor ola bilməz. Kinorejissor olmaq üçün məktəb keçməlisən.
Serialların çoxunda eyni adamlar çəkilir, efirdə nə qədər eyni simalar görmək olar? Bu, tamaşaçıları da bezdirir. Azərbaycanda başqa aktyor və ya aktrisa yoxdur? Demək olar ki, eyni obrazlar canlandırılır. Azərbaycanda rejissorlar aktyora pul vermək istəmir, heç yerdə belə münasibət yoxdur. Layihə təşkilatçıları pul alır, təkcə aktyora normal qonorar vermək istəmirlər. Halbuki, aktyor çox əziyyət çəkir. Verilən qonorar da çəkilən əziyyətə dəyməz.
- Niyə belə bir ənənə formalaşıb, bu, aktyorların mülayimliyindən irəli gəlir?
- Aktyor tanınmaq, xalq tərəfindən qəbul edilmək və layihələrdə çəkilmək istəyir. Müəyyən mənada şöhrət arzu edir. Bu istək bütün sənət adamlarında var, məndə də həmçinin. Aktyor ilham və sevgini tamaşaçıdan alır. Heç birimiz özümüz üçün oynamırıq, tamaşaçı üçün çalışırıq. Odur ki, aktyor tamaşaçı alqışı ilə xoşbəxt olur.
Sovet dövründə irimiqyaslı layihələrdə çəkilmək imkanı qazanmayan aktyorlar indi seriallara daha çox çəkilir. Bu dönəm onlar üçün gözəl bir fürsət oldu. Amma sovet illərində tanınan və çox sevilən ulduzlarımız indi demək olar ki, görünmür, çox az hissəsi seriallarda rol alır.
- Naibə Allahverdiyeva özünü hansı obrazda görmək istəyir və düşünür ki, bu rol ona yenidən Azərbaycan xalqının böyük sevgi və rəğbətini qazandıra bilər?
- Bu, ssenaridən və mənə verilən roldan asılıdır. Aktyorun gözəl iş ortaya çıxarması üçün zəngin material olmalıdır. Ssenari zəifdirsə, lap Hollivud ulduzlarını da çəksən, effektiv olmayacaq. Ssenariləmiz çox zəifdir, biabırçı vəziyyətdir, nə drammaturji xətti var, nə də dərin məzmunu... Bizim aktyorlar birtəhər çulunu sudan çıxarırlar. Demək olar ki, ssenari məktəbi yoxdur. Onlara rus seriallarına baxmağı tövsiyə edirəm, görsünlər necə ssenarilər yazırlar. Bizdə bütün mövzular məişət mövzusu üzərində qurulub.
- Bəzən rejissor və aktyorlar gileylənir ki, tamaşaçı bunu tələb edir.
- Tamaşaçının ardınca qaçmaq lazım deyil. Mədəniyyət və incəsənət o zaman formalaşır ki, sənət adamları onları öz izi ilə aparmağa müvəffəq olur. Tamaşaçı zövqünü qeyri-peşəkar kino xadimləri korlayıb. Niyə əvvəllər teletamaşalarımıza hər kəs baxırdı? Köhnə film və tamaşalarımız indi də maraqla, dəfələrlə izlənilir.
Elə musiqi zövqümüzü də qeyri-peşəkar musiqiçilər itirdi, bərbad günə düşdü, bayağı mahnılar gündən-günə artır. Halbuki, Azərbaycanın gözəl bəstəkar məktəbi var idi. İndi hər yerindən duran əlinə mikrofon alır, ya da aktrisa olur. Onda biz kimik? Əvvəllər televiziyaya hər kəsi buraxmırdılar, aktyor və musiqiçidən savad tələb olunurdu, qəbul olunmaq bu qədər asan deyildi. Sadəcə təəssüf edirəm.
Aktyor sənəti çox məsuliyyətli və gözəl sənətdir. Amma bayağılıq insanı sənətdən də küsdürür, 30 ilimi səhnəyə həsr etmişəm, isti-soyuq demədən çox çətin vəziyyətdə teatrda rollar oynamışam. Sənətdən yox, onu bərbad günə qoyanlardan incimişəm.
- Sizi yeni layihələrdə görmək istəyənlərə nə demək istərdiniz?
- Buna mən də ümid edirəm, gözəl layihələrdə iştirak etmək arzumdur. İnşallah alınar... Və onu demək istəyirəm ki, mehriban olun, bir-birinizi sevin. Bu dünyanı gözəl münasibət və sevgi xilas edəcək. Var da, dövlət də, bahalı ev də ala bilərik, amma sevgini tapmaq və ona layiq olmaq asan deyil. İsti və insani münasibətlər qurmağı unutmuşuq. Bu dəyərləri geri qaytarmaq lazımdır. Çətin zamanlarda bir-birimizi daha çox sevməyə və kömək etməyə çalışmalıyıq. Artıq yaşım 50-ni keçib, şan-şöhrət və sevgini qazanmışam. Anlayırsan ki, ancaq xoş xasiyyət və gözəl işlərlə insanların qəlbində iz qoymaq mümkündür.
Aytən Məftun
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq22 Noyabr 20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?