Xüsusi
Aysəba Umudlu: "İstəyirəm görəcəyim işlər mənim əvəzimə danışsın" - MÜSAHİBƏ/FOTO
Yaxın Şərq Liderlik Akademiyası"nın (MELA) 2020-2022-ci illər üçün Qətər üzrə prezidenti həmvətənimiz Aysəba Umudlu seçilib. Aysəba xanım təşkilatın yeganə ərəb olmayan prezidentidir.
Aysəba Umudlu həmçinin dünyanın ən nüfuzlu media qurumlarından olan "Əl-Cəzirə"də çalışan yeganə azərbaycanlı jurnalistdir.
Publika.az Aysəba Umudlu ilə müsahibəni təqdim edir.
- Aysəba xanım, ərəb ölkələrinə sevginiz haradan qaynaqlanır?
- Ərəb ölkələri, şərq mədəniyyəti hər zaman mənim marağımda olub. Bu maraq Xəzər televiziyasında həyata keçirdiyim "Səfirlərə Səfər' layihəsindən sonra daha da artdı. Ancaq səmimi deyim ki, heç vaxt ərəb ölkəsində yaşayacağım ağlıma gəlməzdi. Bu da yəqin ki, tanrının bir qismətidir.
- MELA haqqında nə deyə bilərsiniz, təşkilat hansı işlər görür?
- Yaxın Şərq Liderlik Akademiyası 2010-cu ildə Ərəb və Amerikanın biznes yönəticiləri tərəfindən məhz yaxın şərq liderlərini birləşdirmək üçün yaradılıb. Bu gün MELA dünyanın 47 ölkəsini əhatə edən 4 bacı şəbəkələrindən biridir. Bu qlobal şəbəkə üzvlərinin liderlik, şəxsi, professional inkişafı və biznes imkanlarının genişləndirməyi hədəfləyir Bizim üzvlərimiz əsasən aparıcı biznes adamları və gələcəkdə lider olmağa iddialı olan gənclərdir. MELA Yaxın Şərq və Şimali Afrika regionun 14 ölkəsini əhatə edir və hər ölkədən üzvlər prezidentliyə namizədliyini irəli sürür. Prezidentliyə seçilən üzvlər təşkilatın həmin ölkədəki fəaliyyətlərini könüllü olaraq iki il müddətinə icra edirlər.
Təşkilata Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Oman, Səudiyyə Ərəbistan, Misir, Livan və İordaniya üzrə ərəb liderlər seçilib. Qətər üzrə isə mən seçildim.
- Siz təşkilatda hansı işləri görməyi planlaşdırırsınız?
- Mən bu təşkilatın ilk beynəlxalq üzvü və Qətərdəki prezidenti olaraq fəaliyyətimizi daha da genişləndirməyi, aktivləşdirməyi hədəfləmişəm. Xanımların fəal iştirakı, yerli və beynəlxalq əməkdaşlıqların qurulması, müxtəlif layihələrin həyata keçirilməsi mənim əsas prioritet istiqamətlərimdir. İstəyərdim ki, görəcəyim işlər mənim əvəzimə danışsın.
- Pandemiya dövrü Qətər əhalisinin psixoloji durumuna necə təsir göstərdi?
- Bütün dünyada olduğu kimi Qətərdə də pandemiya insanların həyat ritminin dəyişməsinə, səhhətinə təsir etdi. Bu problemlərin aradan qaldırılması üçün konsultasiyalar, iş yerlərində müxtəlif seminarlar təşkil edildi və maddi yardımlar edildi. Fikrimcə məhz bu amillərə görə Qətər pandemiyanı əslində ən rahat keçirdən ölkələrdən biridir.
- Bu gün dünya qadınları, xüsusən də şərq qadını öz hüquqları uğrunda savaş verir. Qətər kimi ölkədə ağır məsuliyyəti çiyninizə almaq çətin olmadı ki?
- Onu deyim ki, Qətərda və xüsusən mən olduğum Yaxın Şərq akademiyasının özündə kifayət qədər ərəb xanım liderlər təmsil olunurlar. Qətərə gəldikdə bura regionda xanımların idmanda iştirakını təbliğ edən ilk ölkələrdəndir. Bundan başqa Qətərin birinci xanımı Şeyxa Moza ərəb dünyasında milyonlarla qızlara həm örnək, həm də dəstəkdir. Onun demək olar ki, bütün layihələrinin əsas istiqaməti həmişə xanımlar və uşaqlardır. Qətərin özündə də lider xanımlar kifayət qədərdir. Mən bu xanımların sayının artmasına çalışacam. İnanıram ki, bu yükün daşınmasında məhz xanımlarda mənə dəstək olacaq.
- Ölkəmizi peşənizlə təbliğ etmək imkanından tam istifadə edə bilirsinizmi?
- Mən harada olmağımdan asılı olmayaraq milli mənsubiyyətimlə qürur duymuşam. Ölkəmizin adını hər yerdə ən yüksək şəkildə təmsil və təbliğ etmək mənim borcumdur. Hər zaman əlimdən gəldiyi qədər də bunu etməyə davam edəcəm.
Onu da qeyd edim ki, həm də Qətərdə Azərbaycan Diasporasının Sədr müaviniyəm.
- Yaşadığınız ölkənin ən qəribə, qeyri adi cəhətlərini bizimlə bölüşə bilərsiniz ?
- Bir çoxlarının bildiyi kimi Qətər 2022-ci ildə futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək. Bu, ərəb dünyasında bir ilk olacaq. Qətərlilərin mirvari yığma irsi var. Qətər neft və qaz tapmamışdan öncə əhali mirvari ticarəti ilə məşğul olub. Bundan başqa Qətər bənövşəyi rəngin ilk istehsalçısı sayılır.
Leyla Sarabi
-
Sosial23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"