Baş infeksionistlə MÜSAHİBƏ: İlk dəfədir ki...
Bizi izləyin

Xüsusi

Baş infeksionistlə MÜSAHİBƏ: İlk dəfədir ki...

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, bəşəriyyətdə baş verən ən faciəvi pandemiya ispan qripi olub. Bundan sonra baş vermiş digər qrip pandemiyaları isə ölüm sayına görə yeni koronavirus infeksiyasından geri qalır.

Publika.az baş infeksionistlə müsahibəni təqdim edir:

- Ölkəmiz doqquz aydır koronavirusla mübarizə aparır. Bu müddət ərzində virus necə dəyişib? Mövsümi xəstəliklərin olması koronavirusla bağlı vəziyyəti çətinləşdirirmi?

- Virusun ölkəmizdə yayıldığı müddətdə dəyişib-dəyişmədiyi barədə qəti fikir söyləmək mümkün deyil. Bu cür tədqiqatlar aparılmayıb, onun xüsusiyyətləri vaxt keçdikcə və virusun yayılma arealı artdıqca daha yaxşı aydınlaşır. Ümumilikdə isə belə bir qısa müddət ərzində infeksiyanın gedişində əsaslı dəyişikliyin olmasını güman etmirəm.

Təbii ki, digər kəskin respirator virus infeksiyalarının fəsillə əlaqədar artımı vəziyyəti çətinləşdirir, bir tərəfdən müraciətlərin sayı artır, yeni koronavirus infeksiyası ilə onlar arasında oxşarlıq olduğundan diaqnostik problemlər yaranır, eyni zamanda bütün mövsüm ərzində müxtəlif və ya eyni vaxtda bu infeksiyalara yoluxma əlverişsiz nəticələrə səbəb ola bilər.

- Əvvəlki vəziyyətdən fərqli olaraq virusun yayılma tempi indi daha təhlükəli və ölümcüldür?

- Yaz-yay ayları ilə müqayisədə infeksiyanın yayılma sürəti daha yüksəkdir, bu, hazırda bir çox ölkələrdə müşahidə olunur. Həmin dövrdə qeyd olunan ölkələrdə xəstəlikdən ölüm səviyyəsi açıqlanan statistik məlumatlara görə daha çox olub.

- Sizin nöqteyi-nəzərinizə görə, COVID-19 bəşər tarixində baş verən digər epidemiyalarla müqayisə edilə bilər, yoxsa görünməmiş bir vəziyyətdir?

- Dünyada müxtəlif əsrlərdə bir sıra pandemiyaların baş verməsi haqqında məlumatlar var. Lakin koronavirus infeksiyasının pandemiyasına ilk dəfədir ki, rast gəlinir. İyirminci əsrdə əsasən qrip pandemiyaları baş verib. Bunların arasında “İspan qripi” nəticələrinə görə bəşəriyyət üçün daha faciəvi olmuşdu. Bundan sonra baş vermiş digər qrip pandemiyaları ölüm sayına görə yeni koronavirus infeksiyasından geri qalır.

- Həmkarlarınız şikayət edir ki, insanların çoxu temperaturu azca qalxan kimi təcili yardım çağıraraq səhiyyə sistemini çox yükləyirlər. Xəstəliyin hansı mərhələsində həyəcan təbili çalmaq və həkimə müraciət etmək lazımdır?

- Yeni koronavirus infeksiyası ilə digər kəskin respirator virus infeksiyalarının klinik əlamətləri çox oxşardır. Xüsusən xəstəliyin başlanğıcında rast gələn əlamətlərə görə bunları bir-birindən ayırmaq olduqca çətindir. Odur ki, özündə hərarətin yüksəlməsi, ümumi zəiflik, əzkinlik, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər olan şəxs birinci növbədə özünü evdə təcrid etməli, ailə üzvləri ilə bərabər maskadan istifadə etməli, həmçinin yaşadığı ərazi üzrə telefonla poliklinikaya müraciət etməlidir. İlk günlərdən xəstənin həkim nəzarətində olması daha düzgün sayılır. Qeyd olunan qaydanın gözlənilməsi təcili yardıma əsassız müraciətlərin və həmin xidmətin yüklənməsinin qarşısını almağa imkan verər.

- Xəstənin yoluxucuğu nə vaxt dayanır?

- Bu haqda yekdil fikir yoxdur. Hesab olunur ki, infeksiyanın yoluxuculuq dövrü klinik əlamətlərin meydana çıxmasından 1-2 gün əvvəl başlayır və 10-14 gün, ağır xəstəlik hallarında 21 gün və bəzən daha çox davam edə bilər.

- İş yerlərində yoluxmanın qarşısını almaq üçün iş necə təşkil edilməlidir və hansı anti-epidemiya tədbirlərinə ehtiyac var?

- İş yerlərində, ticarət mərkəzlərində, ictimai nəqliyyatda və s. epidemiya əleyhinə tədbirlər haqqında qaydalar hazırlanmış və ictimaiyyətə təqdim olunub. Ümumilikdə bunların içərisində ən əsasları təmasların sayının minimuma endirilməsi və qoruyucu gigiyena qaydalarına hamılıqla düzgün əməl olunmasıdır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm