Nəvələri üçün könüllü olanlar: İstəmirəm ki, onlar... - VİDEOREPORTAJ
Bizi izləyin

Xüsusi

Nəvələri üçün könüllü olanlar: İstəmirəm ki, onlar... - VİDEOREPORTAJ

Video əlavə olunub.

xxx

Fevralın 1-dən ölkədə yaşlılar üçün vaksinasiyaya start verilib. Özü də yaşı 65-dən çox olanlar birinci vaksinasiya ediləcək.

Proses haqqında yerində məlumat almaq üçün Publika.az olaraq Səbail rayonundakı 2 saylı poliklinikaya üz tutduq.

Poliklinikanın girişində bizi tibb işçisi qarşıladı. Əvvəlcə istiliyimizi ölçdü. Sonra bir kağıza “36,4” yazıb bəndənizə sarı uzatdı.

Həkimlərin yanına üz tuturuq. Foyedə yaşlı adamlar gəzişir. Əllərində koronavirus pasportları ilə növbələrini gözləyirlər. Bizi müşayiət edən həkim deyir ki, əvvəlcə onlar həkim qeydiyyatından keçəcəklər, daha sonra sağlıq durumları imkan verəcəksə, vaksin olunacaqlar.

Oturacaqlarda isə yaşlı cütlüklər oturur, öz müayinə növbələrini gözləyirlər. Yuxulayan kim, həyat yoldaşı ilə zarafatlaşan kim... Hətta bir yaşlı kişi öz xanımının əlindən tutub içəri keçdi. Həkimin “bir-bir gəlin” tövsiyəsinə də zarafatla cavab verdi: - Elə ikimiz bir nəfərik...

Bizi müşayiət edən həkim deyir ki, vaksinasiya üçün poliklinikada 3 otaq ayrılıb. Onlardan 2-si peyvənd otağıdır, 1-i isə qeydiyyat və müayinə üçündür.

Poliklinikanın şöbə müdiri Solmaz Tağıyeva ilə otağında söhbətləşirik. Bildirir ki, ötən gün 15 nəfər yaşlı sakin vaksinasiya olunub: “Bəzi hallarda onlar könüllü şəkildə gəlirlər. Buna baxmayaraq, sahə həkimlərimiz insanlar arasında maarifləndirmə işləri aparırlar. Vaksinasiya olunmaları üçün çağırışlar edirlər. Vaksinin koronavirusla, eləcə də yeni ştamlarla mübarizədə ən önəmli vasitə olduğunu insanlara başa salırlar. Hazırda ərazi üzrə 3000 insan qeydiyyata alınıb. Onları vaksinasiyaya cəlb etmək üçün bütün imkanlarımızı səfərbər etmişik. Maarifləndirmə işləri aparırıq”.

Şöbə müdiri 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasının nə zaman başa çatacağını söyləməkdə çətinlik çəkdiyini deyir. Əlavə edir ki, proses hələ təzə başlayıb və qısa müddətdə bu işi başa çatıracaqlarına əmindirlər. Solmaz Tağıyevanın sözlərinə görə, gün ərzində və sonrakı günlərdə vaksinasiya sürətlə davam edəcək.

Həmsöhbətim əlavə edir ki, əvvəlcə pasiyentlər qeydiyyata alınır. Sonra onlar müayinədən keçirlər. Əgər yan xəstəlikləri və əlavə təsirləri varsa, koronavirusa daha əvvəl yoluxublarsa, vaksinasiya olunmurlar. Vaksinasiyadan keçənlər isə yarım saat müddətində həkim nəzarətində qalırlar: “Hər bir pasiyentə bildiririk ki, vaksinasiyadan sonra səhhətlərində cüzi problem də olsa, sahə həkimlərinə müraciət etsinlər. Onlar mütəmadi olaraq bizim nəzarətimizdədirlər. Tez-tez əlaqə saxlayırıq, vəziyyətlərini soruşuruq. İndiyə kimi vaksinasiyadan keçmiş şəxslərdə hər hansı problem yaranmayıb. 21 gün sonra isə onların revaksinasiyası olacaq. Gələn həftədən isə tibb işçilərinin revaksinasiyası başlayacaq”.

Foyedəki yaşlı insanların vaksinasiya prosesində iştirak edirik. Əvvəlcə həkimlər hazırlanmış otaqda pasiyentə suallar verirlər, aldıqları cavablara uyğun vaksinasiya pasportunda qeydlər aparırlar. Bundan sonra uyğun şəxslər vaksinasiya stoluna yaxınlaşırlar. Vaksinasiyadan sonra onlara təhkim olunmuş tibb işçisi pasiyentlərinin başından ayrılmır. Tez-tez vəziyyətlərini soruşur.

Yaşlı insanları vaksinasiyada daha istəkli görürük. Səbəbini soruşuruq. Deyirlər ki, onsuz da gec-tez vaksinasiya olunacağıq: “Dedik ki, qabağa düşək. Sağ olsun, dövlət əziyyət çəkib. Vaksin gətirdib. Kimin üçün? Təbii ki, bizə görə... Ona görə də könüllü gəlib vaksinasiya olunuruq”.

Başqa bir yaşlı qadın isə qısa və konkret cavab verir. Onun sözləri ilə bu yazını başa vurmaq istəyirik:

- Nəvələrim üçün könüllüyəm, övladlarım üçün könüllü oldum, onları qorumaq üçün... İstəmirəm ki, mənim ucbatımdan virusa yoluxsunlar. Hamı gəlsin, pulsuzdur...

Tural Turan

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm