Azərbaycanlılar kimi ikinci xalq görməmişəm ki... - Fransanın məşhur siması ilə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Azərbaycanlılar kimi ikinci xalq görməmişəm ki... - Fransanın məşhur siması ilə MÜSAHİBƏ

O, özünü zamanı durduran, keçmişə səyahəti təmin edən sehrbaz adlandırır. Çünki peşəsi bunu tələb edir.

Fransanın məşhur fotoqrafı Qreqori Herpe ilə sənət, sevgi dolu söhbət Publika.az-ın oxucuları üçün...

- Cənab Herpe, xırdalıqlara nə dərəcədə önəm verirsiniz?

- Xırdalıqlara varmağı bacarmayan insanın ürəyi sənətlə döyünə bilməz. Ətrafımda baş verən bütün hadisələri, insanları, ən xırda detalları yaddaşıma köçürürəm. Məhz bu cəhətimiz sənətçi yönümüzü bəsləyir. Fotolarımın rəngarəngliyini də müşahidə gücümə borcluyam. Düşünürəm ki, izləyicilərim də yaradıcılığımla üz-üzə qalanda darıxmırlar. Çünki hər birinin verdiyi mesajı görə bilirlər.

- Həyatınızın dayaq nöqtəsini tapa bilmisiniz?

- Çox yaxşı sualdır. Etiraf edirəm ki, xüsusən də son illər bu haqda ciddi düşünməyə başlamışam. Həyatın mənası... Mənim bu dünyadakı yerim... İncəsənətin ən duyğulu növü ilə məşğulam. Səyahətlər, dünyaya, mədəniyyətlərə obyektiv baxış, tanıdığım xalqlar həyatımın böyük hissəsini təşkil edir. Mən ölkələri, insanları tanıyıb hiss etməsəm, içimdəki qaranlığı işıqlandıra bilmərəm. Kim deyir ki, zamanı saxlamaq olmur? Biz fotoqraflar bu möcüzənin öhdəsindən məharətlə gəlirik. Fotoqrafiya dünyanı özünə həkk edən, həmsöhbətinə ən çılğın, həzin, romantik, dəhşət dolu duyğular yaşadan, küləyin səsini, torpağın nəfəsini eşitdirən sükunətdir. Bəlkə də ən böyük istəyim zamanı durdurmaqdır. Çünki ən böyük qorxum da hər yerə tələsən vaxtdır. Dünən 20 yaşlı gənc idim, beynimdə, qəlbimdə sonsuz sayda arzular gəzişirdi. Sanki 1 gün keçib, artıq 52 yaşındayam. Kimin üçünsə yaşanmamış illərdir. Mənə görə cəmi 24 saat.

- Üç fərqli duyğulardan danışdıq. Varlığımızı hiss etmək üçün kədər əsas şərtdirmi?

- Fəlsəfi sualdır. Maraqlı olduğu qədər də çətindir. Deyə bilmərəm ki, yaşamaq üçün acı çəkməliyik. Amma insan kimi formalaşmağımızda kədərin rolu böyükdür. Hətta deyərdim, həyatımızın ayrılmaz parçasıdır. Dünyanı aclıq, səfalət bürüyüb. Həyatımızdan ötən hər saniyə yüzlərlə körpə acından ölür. Bir yandan qanlı müharibələr, canlar alan savaşlar. Azərbaycan da ən ağır dövrü yenicə geridə qoyub. Digər yandan gözəgörünməz düşmənin aldığı canlar, pandemiya dövründə doğmalarını, işini itirən çarəsiz insanlar. Şərt o deyil ki, acı tək sənin olsun. Darda olan hər kəs üçün üzülürəm. Boğulmaq üçün var gücümlə qışqırmaq istəyirəm.

- Bəs ağrısız-acısız yaşayıb ölsəydik necə? Dərdsiz, problemsiz dünya təsəvvür edirsiniz?

- Şəxsi fikrimdir. Düşünürəm ki, dünyanın ən bədbəxt canlısı da, heyvanı da biz insanlarıq. İstənilən məsələdə özümüzü üzmək üçün əlverişli məqam axtarırıq. Okeanları, havanı çirkləndirib, insanlıq cildindən çıxırıq. Məqsəd eynidir. Qonşudan varlı olum. Cibimdə daha çox pul olsun. Özümüzü bədbəxtliyə sürgün edirik. Bir məsələ də var ki, həyatımızın hər mərhələsində hadisələrə münasibətimiz fərqli olur. Məsələn, 20 yaşımda düşünürdüm ki, yaxşı sənətkar olmaq üçün mütləq kədər batağında çabalamalıyam. Zənn edirdim ki, uğurlu fotoqraf əsərlərində ağlamalı, bədbəxtliyini fotolarına axıtmalıdır. 40 yaşımda fikirlərim tamam dəyişdi. Elə bilirdim, sənətkarın əsəri rahat nəfəs almalıdır. Mütləq sağlam həyat tərzi sürüb, daxili harmoniyanı tapmaq məcburiyyətindədir. İndi bilirsiniz nəyi anladım? Bunların hamısı mənasızdır. Öncə həyatın sirlərini aşkara çıxarıb zamanı durdurmaq istəyirik ki, şedevrimizə həyat verək. Bir növ ölümsüz, əbədi olmağa can atırıq. Bəşəriyyətə verdiyimiz töhfələrin sayı artdıqca, göz yaşı tökürük, ruhumuz sızlayır. Yenə də xoşbəxtliyə toxuna bilmirik. Müdriklik yaşına çatanda dərk edirik ki, xoşbəxtlik gündəlik qayğılardır. Seksdir, əsəbimiz, gülüşümüz, bir qab dadlı yeməkdir. Hətta qəlbimizdə yaralar açan düşmənlərimizdən qurtuluşdur.

- Həyatınızı və yaradıcılığınızı mərhələlərə böldüyünüz təqvimin qırmızı xətlə işarələnmiş günlərini bölüşməyinizi istərdim.

- Bir az çətindir. Amma yəqin ki, seçim edə bilərəm. Kambocada yaşadığım müddətdə fransız assosiasiyası "Tous à l'école" ilə birgə layihəyə başlamışdım. Biz orada hər iki valideynini itirmiş, atası anasını öldürmüş, daha öncə fahişəliyə cəlb olunmuş qız uşaqlarına sığınacaqlar, məktəblər yaratmışdıq. Uşaqlarla ilk tanışlığım ürəkaçan deyildi. Bu da təbiidir, çünki mən onlar üçün yad avropalı idim. Tədricən bir-birimizə qanımız qaynadı. Mən onların həyatını fotolara köçürməyə nail oldum. Artıq fotoaparatım onlar üçün silah deyil, oyuncağa çevrildi. Mənim üçün çox gözəl şərait yaratdılar ki, incinmiş, lakin sevgi və ümid qaynayan balaca dünyalarını çəkib dünyaya göstərim. Ümumiyyətlə, Afrika ilə bağlı gözəl xatirələrim var. İtməkdə olan heyvan növlərini də obyektivimə həkk edirdim. Heyvanlara yalan danışmaq mümkün deyil. Onlar sənin pis niyyətini nəfəsindən anlayırlar. Heyvanların aləmi daha vicdanlıdır. Xüsusən də şirlərin, qorillaların önündə tək olmağım mənə qəribə duyğular ötürürdü. Sanki planetimizin möhtəşəmliyini seyr edən tək insan idim.

- Azərbaycanda hansı unikal gözəlliyi kəşf etmisiniz?

- İlk dəfə Azərbaycanın Dostları Assosiasiyasının dəvəti ilə 2019-cu ildə ölkənizdə səfərdə olmuşam. Azərbaycan haqda az məlumatım vardı. Amma orada dünya boyda gözəllik kəşf etdim. Şəki, Qafqaz dağları, Qobustan vulkanları, Xəzərin çimərlikləri, zəngin memarlıq incisi Bakı...

Sadə insanlardan tutmuş vəzifəli şəxslərə qədər hər kəslə ünsiyyətdə oldum. Azərbaycanlılar kimi qonaqpərvər ikinci xalq görməmişəm. Ölkənizə yenidən səfər edib, uzun müddət yaşamaq istərdim. Əminəm, görməli, çəkməli olduğum hələ çox kadr məni gözləyir.

Düşünürəm ki, Qərb insanı bu rəngarəng koloritli ölkəni yaxından tanımalıdır. Bugünədək Azərbaycanla bağlı işlərim Fransa, Britaniya, Niderland, ABŞ və digər ölkələrdə nümayiş olunub. Ölkənizə bir sıra məqalələr də həsr etmişəm. Odur ki, yarım qalan layihələrimizi tamamlamaq istərdim.

- Etiraf edək ki, pandemiya dövrü də planlarımıza mane oldu...

- Əlbəttə. Bir çox sərgilərim, mühazirələrim təxirə salındı. Bəli, dünya üzrə 7-8 sərgi keçirə bildim, amma bu, çox azdır. Fəaliyyətimin məhdudlaşması maddi durumuma da mənfi təsir etdi. Səyahətlərimizin sayı azaldı. Bu, yaradıcı insan üçün xaosdur. Təsəvvür edirsiniz, son dəfə 8 ay öncə Estoniya, Latviya və Finlandiyada olmuşam. Hələlik səbrlə gözləyirəm.

- Yaradıcılığından ilhamlandığınız fotoqraf(lar) var?

- Bu sualı fərqli cavablayacam. Çünki fotoqrafiyanı özüm öyrənmişəm. Heç vaxt doqmalardan ibarət dərslər alıb, yaradıcılığımı çərçivələməmişəm. "Bu olar, o olmaz" qanunları ilə karyera qurmamışam. Lakin bir müddət sonra qalereyaları, muzeyləri gəzib, peşəmlə bağlı kitablar oxumaq ehtiyacı duydum. Mənim üçün fotoqrafiyanın ilahəsi Dayan Arbusdur. Onun mükəmməl, natamam işlərini sevirəm. "Gözəl" görünməyə çalışmır. Dəbdən uzaq, sadə, bir o qədər də marjinal simaları çəkir. Bu baxımdan yaradıcılığımız çox doğmadır. Helmut Nyutonun eleqant erotik işlərinə heyranam. Vivyen Mayenin küçə fotoqrafiyası möhtəşəmdir. İrvinq Penn kimi ikinci portret ustası tanımıram. Yaxud Uilyam Eqqlstounu xatırlayaq. Onilliklər boyu onun Amerika təsvirlərini seyr edirəm. Zibil qabının içindəkiləri elə böyük peşəkarlıqla çəkəcək ki, şedevr doğulacaq.

- Koronavirusdan sonrakı həyatınızı təsvir edin lütfən...

- Bilirsiniz, hərdən yaradıcı insanları çərçivələmək lazımdır ki, azadlıq arzusu ilə alışıb yansınlar. Doğrudur, çox dözdüm, amma artıq pandemiyanın sonunu gözləmək istəmirəm, odur ki, 3 maydan etibarən Parisdə böyük sərgiyə start verəcəyəm. Bu sərgi ilə Bakıya da qonaq gəlmək istəyirəm. Çünki Azərbaycanı və azərbaycanlıları çox sevirəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm