Xüsusi
Onlar Ermənistanda vəziyyəti vətəndaş müharibəsinə qaldırmaq istəyirlər – Səməd Seyidovla CÜMƏ SÖHBƏTİ
Budəfəki həmsöhbətimiz Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidovdur.
Publika.az-ın “CÜMƏ SÖHBƏTİ”ndə onunla Şuşa Bəyannaməsindən tutmuş, Ermənistanda seçki öncəsi gedən, sonradan baş verəcək proseslərə toxunmuşuq.
- Səməd müəllim, 15 iyunda Şuşa Bəyannaməsi imzalandı. Türkiyə və Azərbaycan prezidentlərinin qol çəkdiyi bu sənəd regionun gələcəyi üçün nələr vəd edir?
- Birmənalı şəkildə söyləmək lazımdır ki, bu, tarixi bəyannamədir. Şuşa Bəyannaməsi regiondakı siyasi məsələləri dəyişəcək. Eyni zamanda, bu bəyannamə təkcə Azərbaycanın və Türkiyənin deyil, eləcə də regiondakı bütün dövlətlərin iqtisadi inkişafına, yüksəlişinə, xalqlararası sülhə, əmin-amanlığa töhfə verəcək. Eləcə də Şuşa Bəyannaməsi düzgün beynəlxalq qanunlara uyğun olaraq davranışa dəvət edən, aparan xüsusi əhəmiyyətə malik sənəddir. Bu gün Şuşa Bəyannaməsi bizim üçün beynəlxalq aləmin Azərbaycan və Türkiyənin nəinki mövcudluğunu, əlaqələrini, birgə fəaliyyətini, ən əsası gücünü dərk edib qəbul etmələri ilə birbaşa bağlıdır.
- Nəyə görə?
- Ona görə ki, Qərb həmişə kimləsə münasibətlərini qurarkən əvvəlcə hansısa formada şirnikdirir. Bundan sonra sən onların dedikləri ilə oturub-durmaq əvəzinə, öz milli maraqlarınla hərəkət edirsənsə, təzyiqlər etməyə başlayır. Sən öz fikrindən çəkinmirsənsə, həmin təzyiqlər bəzi hallarda şantaja keçməyə başlayır. Sonra bu, sənə qarşı hansısa konkret addımlara çevrilir. Bunların heç biri baş tutmayanda isə Qərb başa düşür ki, bu ölkə və məmləkətlə başqa cür davranış, münasibət qurmaq lazımdır. O zaman sənin gücünü, təsirini qəbul və dərk etməyə başlayır. Bundan sonra səninlə ünsiyyət qurmaq üçün addımlar atır. Baxın, Azərbaycan və Türkiyə də bu mərhələlərin hamısından keçib. Biz Türkiyə ilə birgə Qərbin - əslində bu dəyərlər Avropanın deyil, ümumbəşəri dəyərlərdir - dəyərlərini bölüşməyə hazır olduğumuzu bəyan etmişdik. Biz Qərblə münasibətlərimizi yüksək səviyyədə qurmuşuq. Bu proses davamedici mərhələdədir. Ancaq hansısa bir mərhələdə Qərb düşündü ki, bu ölkələrin davranışını o idarə edə bilər. Baxın, məhz bu andan etibarən Azərbaycan və Türkiyə öz müstəqil siyasətini, öz mövqeyini, öz milli maraqlarını ciddi şəkildə müdafiə etməyə başladı. Bu müdafiəetmə prosesi başlayanda biz təbii olaraq çox ciddi müqavimətlə rastlaşdıq. Hətta bəzi hallarda təxribatlarla üzləşdik. 44 günlük müharibədən sonra bəzi Qərb dövlətlərinin, xüsusilə bəzi beynəlxalq təşkilatların düşmənçilik siyasəti ilə rastlaşdıq.
- Bəs bizim bu təxribatlara, müqavimətlərə cavabımız nə oldu?
- Yalnız Niderland parlamenti Azərbaycanın əleyhinə 14 qətnamə qəbul edib. Bunların heç biri keçmədiyi, hansısa bir nəticə vermədiyi halda onlar məcburiyyət qarşısında Azərbaycanın, Türkiyənin gücünü, təsir imkanlarını dərk etməyə başlayırlar. Eyni zamanda qəbul edirlər. Bu nöqteyi-nəzərdən Şuşa Bəyannaməsi bu gücü, bu müstəqilliyi və bu beynəlxalq münasibətlər düsturunu, davranış qaydalarını təsdiq edən bir sənəd kimi qiymətləndirilməlidir. Ona görə də Şuşa Bəyannaməsinin xüsusi tarixi əhəmiyyəti var. Bu, başqa sənədlərdən fərqli olaraq getdikcə öz təsirini, əhəmiyyətini nəzərəçarpacaq dərəcədə artıracaq bir sənəd kimi dəyərləndirilməlidir.
- Səməd müəllim, Ermənistanda seçkilərə 2 gün qalır. Keçmiş prezident Koçaryanın şansı Paşinyana nisbətdə yüksək qiymətləndirilir. Əgər Xocalı soyqırımının qatili yenidən Ermənistanda hakimiyyətə gələrsə, müharibə təhlükəsi yarana bilərmi? Koçaryanın gəlişi bizim üçün nələri dəyişə bilər?
- Birincisi, müharibə etmək üçün potensial lazımdır. Bu potensial Azərbaycan Ordusu tərəfindən, eləcə də ölkəmizin yürütdüyü siyasət nəticəsində darmadağın edilib. Ona görə də hər hansı formada müharibə etmək üçün heç bir potensialı və gücü olmayan Ermənistan yenidən savaşa başlamaq fikrinə düşsə, o zaman özünü tamamilə məhv edəcək. Bu, birinci nüansdır. İkincisi, bizim üçün heç bir fərqi yoxdur. Yəni, Paşinyanın və ya Koçaryanın hakimiyyətə gəlməsi bizim üçün əhəmiyyət kəsb etmir. Onların hər ikisinin erməni xalqı qarşısında cinayətləri var. Xalq qarşısındakı “xidmətləri”, işləri də göz qabağındadır. Robert Koçaryan əlləri azərbaycanlıların qanına batmış bir cəlladdır. Ona görə də Koçaryanın hakimiyyətə gəlməsi növbəti dəfə cəlladın Ermənistan hökumətinə rəhbərlik etməsi deməkdir. Bu da həm beynəlxalq səviyyədə, həm də ümumiyyətlə Ermənistanın gələcəyi üçün həddindən artıq problemli bir məsələdir. Onsuz da təcrid olunmuş Ermənistan daha çox təcridə məruz qalacaq. Yəni, tam şəkildə gedib Rusiyanın qoltuğunun altına girəcək. Bu isə o deməkdir ki, Ermənistan onsuz da itirdiyi müstəqilliyinin üstündən birdəfəlik xətt çəkəcək.
- Bəs Paşinyanın siyasi çəkisini necə xarakterizə edərdiniz?
- Nikol Paşinyan guya Qərbin adamıdır, ancaq onun apardığı siyasət Ermənistanı fəlakətə gətirib çıxarıb. Onun tamamilə reallıqdan uzaq bəyanatları, fikirləri, xüsusilə dünənki çıxışındakı mövqeyi anlaşılmazdır. Özü özünü təkzib edən bəyanatlar verir. Paşinyanın dünən İrəvanda seçkiqabağı mitinqdə çıxışı ona dəlalət edir ki, o, heç öz danışdıqlarını da normal şəkildə axıra kimi dərk etmir. Bir gün bir söz deyir, sabah başqa cür fikirlər səsləndirir. Bu o deməkdir ki, Ermənistan heç vaxt öz mövqeyini müəyyənləşdirə bilməyəcək. Mövqesiz bir quruma çevriləcək. Nə Qərblə öz münasibətlərini formalaşdıra biləcək, nə də Rusiya ilə münasibətləri normal olacaq. Ona görə də Ermənistan həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox çətin vəziyyətə düşəcək. Bu baxımdan Ermənistanda kimin hakimiyyətə gəlməsinin bizim üçün heç bir fərqi yoxdur. Bizim üçün əsas məsələ odur ki, onlar – istər Koçaryan, istərsə də Paşinyan bir həqiqəti dərk etməlidir; biz əvvəllər də deyirdik ki, Ermənistan gələcək haqqında düşünmək istəyirsə, Azərbaycanla normal münasibətlər qurmalıdır. Regionda Azərbaycanın yürütdüyü siyasətə uyğun siyasət həyata keçirməlidir. Onlar bunu qəbul etməyəcəklərsə, buna qarşı çıxacaqlarsa, Ermənistanı fəlakət gözləyir. Hakimiyyətdə Paşinyan və ya Koçaryanın olması heç nəyi dəyişməyəcək. İndi Ermənistanda məsələ vətəndaş müharibəsi səviyyəsinə qalxa bilər.
- Ermənistanda vətəndaş müharibəsi gözlənilir?
- Böyük ehtimalla belə olacaq. Bəlkə də onlar özləri məsələni vətəndaş müharibəsi vəziyyətinə qaldırmaq istəyirlər. Yəni, dövlətçilik və müstəqillik məsələsi tam olaraq götürülsün. Beləliklə, üçüncü dövlət gəlsin və o əraziləri idarə etsin. Bilirsiniz, vaxtilə belə bir məsələ Dağlıq Qarabağın içərisində var idi. Yadınıza gələr, Dağlıq Qarabağda Arkadi Volskinin rəhbərlik etdiyi bir qurum yaradılmışdı. Onun da nəticəsinin necə olduğunu biz çox gözəl bilirik. Yəqin ki, hadisələr bu ssenari istiqamətində irəliləyə bilər, ona görə də hakimiyyətə Koçaryan və Paşinyandan fərqli olaraq hər hansısa bir insan, qurum və ya gözəgörünməz qüvvə gələ bilər. Bununla da Ermənistanın taleyi birdəfəlik həll oluna bilər. Əgər onlar özlərində güc tapıb etiraf etsələr ki, Azərbaycanla normal münasibətlər qurmaq lazımdır, o zaman situasiya dəyişəcək. Ən maraqlısı ondan ibarətdir ki, artıq seçki kampaniyası yekunlaşmağa doğru getdikcə biz görürük ki, hətta cəllad Koçaryan da deyir ki, Azərbaycanla münasibətlər qurmaq lazımdır. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da dəfələrlə bildirib ki, biz Qarabağdan əl çəkməliyik. Nikol Paşinyan isə dünənki çıxışında “Zəngəzur heç vaxt olmayacaq” bəyanatı səsləndirsə də, üstündən 10 dəqiqə keçəndən sonra söylədi ki, yox, Azərbaycan tərəfi erməni hərbçiləri bizə qaytarıb, indi biz nəsə fikirləşməliyik. Yenə də ənənəvi olaraq nala-mıxa döyür. Hətta anti-türk, anti-Azərbaycan mövqeyində olan adamlar da başa düşür, dərk edir ki, Ermənistanın bu regiondakı çəkisi demək olar ki, sıfıra bərabərdir. Onlar bu siyasətlərini davam etdirəcəklərsə, həmişə sıfıra bərabər olacaq.
Tural Turan
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz