Deputatdan ANONS: Artıq Zəngəzur dəhlizi... - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Deputatdan ANONS: Artıq Zəngəzur dəhlizi... - MÜSAHİBƏ

Son həftələr İran-Azərbaycan münasibətlərində mülayimlik hiss olunmağa başlayıb. Azərbaycan tərəfinin öz ərazilərində qanunsuz əməllər törətmiş iki iranlı sürücünü də məhz İranın müsbət impulslarına qarşılıq olaraq qarşı tərəfə qaytardığını deyə bilərik.

Bəs bundan sonra iki ölkə arasındakı münasibətlər hansı istiqamətdə inkişaf edəcək?

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi həmsədrinin müavini Kamran Bayramovla Bakı və Tehran arasındakı münasibətlərin bundan sonrakı inkişaf istiqamətləri haqqında söhbətləşmişik.

Deputat Kamran Bayramovun Publika.az-a müsahibəsini təqdim edirik:

- Hazırda İran-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət meyllər Azərbaycanın haqlı tərəf olduğunu bir daha təsdiq etdi. Sizcə, bundan sonra iki ölkə arasındakı əlaqələr sürətlə əvvəlki vəziyyətinə qayıdacaqmı?

- İlk növbədə onu bildirim ki, 44 günlük Vətən müharibəsi regiondakı geosiyasi mənzərəni dəyişdi. Eyni zamanda güclər nisbəti dəyişmiş oldu. Vətən müharibəsindən sonra Azərbaycanın nüfuzu və diplomatik gücü artdı. Təbii ki, bir çox dövlətlər bunu həzm edə bilmir. Düşünürəm ki, bir müddət öncə Azərbaycan-İran münasibətlərində yaşanan gərginlik də elə bu qəbildəndir. Azərbaycan xarici siyasət kursuna sadiq qalaraq hər zaman öz qonşuları ilə qarşılıqlı hörmət və fayda prinsipləri əsasında əlaqələrini qurub. Həmin əlaqələri uğurla inkişaf etdirib. Bəzi hallarda bir sıra dövlətlər digər ölkələrin daxili işlərinə qarışmağa cəhd göstərirlər. Eyni zamanda suverenliyinə və ərazi bütövlüyünə təhdidlər etməyə çalışırlar. Buna baxmayaraq, son məsələlərdə də Azərbaycan öz sözünü dedi. Azərbaycanın son hadisələrlə bağlı rəsmi mövqeyi də hər kəsə bəllidir. Ümumiyyətlə, Azərbaycan hər hansı bir bəyanat verirsə, hər zaman onun arxasında sübutlar, faktlar durur. Azərbaycana qarşı səsləndirilən ritorikalar və bəyanatlar arxasında sadəcə olaraq uydurmalar dayanır. O ki qaldı, əlaqələrin əvvəlki vəziyyətinə qayıtmasına, bu, ilk növbədə Azərbaycandan asılı olan bir məsələ deyil. Bu, İrandan asılıdır. Azərbaycan hər zaman öz niyyətini və mövqeyini bildirib. Ölkəmiz hər zaman çalışıb ki, qonşuları ilə düzgün münasibətər qursun. Burada suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipi əsas tutulmalıdır. Düşünürəm ki, iki ölkə arasındakı əlaqələrin sonrakı inkişafı bu məsələdə İrandan asılı olacaq. Son hadisələr və verilən bəyanatlar onu göstərir ki, İran-Azərbaycan münasibətləri normallaşmaq üzrədir.

- Azərbaycan haqlı olaraq İran iş adamlarından ermənilərin yaşadığı ərazilərlə qeyri-qanuni əlaqələrə son qoymağı tələb etmişdi. İran tərəfindən yenə bu cür hallar təkrarlana bilərmi?

- Təbii ki, Azərbaycan bu məsələdə öz haqlı mövqeyini bildirdi. Rəsmi Bakı Azərbaycan ərazisindən ermənilərin yaşadığı yerlərə qeyri-qanuni səfərlərlə bağlı öz mövqeyini dəfələrlə bildirib. Bunu qarşı tərəflərə diplomatik kanallarla çatdırıb. Eyni zamanda diplomatik nümayəndələrə görüşlər vasitəsi ilə bizim bu məsələdəki prinsipial mövqeyimiz bəyan edilib. Rəsmi Bakı bununla əlaqədar olaraq diplomatik ismarışlar da göndərib. Hətta notalar da təqdim olunub. Lakin buna baxmayaraq, İran bu məsələləri tənzimləmək əvəzinə, özünəməxsus qaydada vəziyyəti daha da gərginləşdirməyə çalışıb. Bunlar ilkin mərhələdə baş verib. Eyni zamanda İran mətbuatında bu ölkənin rəsmiləri tərəfindən xoşagəlməz fikirlər də səsləndirilib. Bütün bunlara baxmayaraq, Azərbaycan heç vaxt öz ərazisində bu kimi qanunsuzluqlara imkan verə bilməz. Bizim ərazilərimizdə bu cür qanunsuz əlaqələr baş tuta bilməz, onun nəticəsidir ki, bu cür “əlaqələrin” qarşısı alındı. Gorus-Qafan yolunda da Azərbaycan tərəfindən müvafiq tədbirlər görüldü. Bundan sonra da Azərbaycan öz mövqeyini nümayiş etdirdi. Sonda da bunun nəticəsi olaraq İranın müvafiq nəqliyyat qurumları tərəfindən Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlərin gerçəkləşdirilməməsi ilə bağlı qərarlar verildi. Azərbaycan da xoş niyyət jesti kimi qanuni olaraq saxlanılan və ölkəmizin qanunlarını pozan iki iranlı sürücünü qarşı tərəfə qaytardı. İnanmıram ki, bundan sonra İran tərəfindən bu cür hallar təkrarlansın. Çünki özünün rəsmi qurumları tərəfindən bununla bağlı əmr imzalanıb. Özəl nəqliyyat şirkətlərinə göstəriş verilib. İnanmıram ki, həmin şirkətlər, özəl müəssisələr İranın rəsmi qurumlarının əmrini pozmuş olsunlar.

- Hesab etmək olarmı ki, İran bundan sonra Azərbaycanla təzyiq dilində danışmayacaq?

- Ümumiyyətlə, heç kim Azərbaycanla təzyiq və ultimatum dilində danışa bilməz. Eyni zamanda bu günə qədər heç kim, heç bir dövlət rəsmi Bakıya öz iradəsini qəbul etdirməyib, etdirməyəcək də. Bu, heç vaxt olmayacaq. Çünki Azərbaycan müstəqil siyasət həyata keçirir. Ölkəmiz heç kimdən asılı deyil. Rəsmi Bakı digər dövlətlərlə münasibətlərini də qarşılıqlı hörmət əsasında qurub. Düşünmürəm ki, Azərbaycanla təzyiq dilində danışmaq olar. Bu, ümumiyyətlə mümkün deyil. Əgər bu baş verərsə, dərhal buna mütənasib diplomatik tədbirlər görülür.

- Azərbaycan bütün müstəvilərdə hər bir təzyiq və təpki cəhdinə adekvat cavab veriləcəyini öz qəti mövqeyi ilə nümayiş etdirdi. Bəs İran-Azərbaycan münasibətləri Zəngəzur dəhlizi fonunda necə görünür?

- Hansı təlimlər keçirirlərsə, keçirsinlər. Azərbaycan da işğaldan azad olunmuş ərazilərində mütəmadi olaraq hərbi təlimlər gerçəkləşdirir. Öz döyüş qabiliyyətini daha da gücləndirir. Düşünürəm ki, bu, normal bir haldır. İran da hərbi təlimlər keçirə bilər. İran bunu hansı niyyətlə edir? - əsas sual budur. Əgər İran bu təlimlərlə bizə qarşı güc nümayişi etdirirsə, düşünürəm ki, buna ən gözəl cavab 44 günlük müharibədə qazanılan şanlı zəfərimizdir. Fikrimcə, həmin qələbə hər bir qonşu üçün gözəl və aydın bir cavabdır.

Zəngəzur dəhlizi Azərbaycanın daxili layihəsidir. Bu, 10 noyabr üçtərəfli bəyanatında da öz əksini tapıb. Həmin üçtərəfli bəyannaməni imzalayan tərəflər öz üzərlərinə müvafiq öhdəliklər götürüblər. Düşünürəm ki, Zəngəzur dəhlizi artıq reallaşmaq üzrədir. Artıq mətbuatda bu bəyannaməni imzalayan hər üç tərəfin müsbət ritorikalarını, bəyanatlarını eşidirik. Düşünmürəm ki, Zəngəzur dəhlizi İran-Azərbaycan əlaqələrinə hansısa formada təsir göstərsin. Çünki Azərbaycanla İran arasında geniş ticarət əlaqələri var. İki ölkə arasındakı ticarət dövriyyəsi də ildən-ilə artmaqdadır. Düşünmürəm ki, Zəngəzur dəhlizinə görə İranla Azərbaycan arasındakı ticarət əlaqələri pozulmuş olsun. Sadəcə olaraq, bu, alternativ bir layihədir. Təbii ki, bu, Azərbaycan üçün böyük fayda gətirəcək. Eyni zamanda bu dəhlizin açılmasına razılıq verərsə, Ermənistan üçün də fayda gətirəcək bir layihədir. Düşünürəm ki, Ermənistan bu layihəyə razılıq verəcək... Çünki artıq bu, zamanın sualıdır. Fikrimcə, Zəngəzur dəhlizi ümumilikdə regionda ən faydalı layihələrdən biri olacaq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm