Xüsusi
İrəvan Bakıda, Bakı da İrəvanda xüsusi nümayəndəlik aça bilər? - DETALLAR
Ötən həftə bir sıra maraqlı məqamlarla yadda qaldı. Əvvəlcə Türkiyə və Ermənistan arasında xüsusi nümayəndəliklərin açılması elan edildi. Daha sonra Azərbaycan 10 erməni hərbçisini geri qaytardı. Ardınca isə Ermənistanın keçmiş prezidentinin müşaviri Jirayr Liparityan ABŞ-dan ölkəsinə qayıtdı. Onun Ankara və İrəvan arasındakı münasibətləri normallaşdırmaq üçün gəldiyi vurğulanır.
Baş verənlər nəyə işarədir? Ankara ilə İrəvan arasında proseslər normallaşırsa, Bakı ilə İrəvan arasında da xüsusi nümayəndəliyin açılması məsələsi gündəmə gələ bilərmi?
Politoloq İlqar Vəlizadənin bu mövzuda Publika.az-a müsahibəsini təqdim edirik.
- İlqar bəy, Türkiyənin Ermənistanla yaxınlaşması nədən xəbər verir? Yaxın dönəmlərdə Bakı və İrəvan arasında da xüsusi nümayəndəlik açıla bilərmi?
- Əslində, texniki baxımdan bu, məntiqəuyğun bir addım ola bilərdi. Çünki tərəflər münasibətlərin tənzimlənməsi ilə bağlı bir neçə açıqlamalar verdilər. Çox güman ki, mövcud proses protokol şərtlərinə əməl olunması ilə bağlı məsələləri gündəmə daşıyır. Eyni zamanda tərəflər arasında hər hansı əlaqələndirici qurum fəaliyyət göstərməlidir. Bu baxımdan hər iki tərəfdən xüsusi nümayəndəlik missiyası əlaqələndirici qurum kimi çıxış edə bilər. Onların işi sırf texniki məsələlərlə bağlı olacaq. Düşünürəm ki, bu kontekstdə xüsusi nümayəndəliklərin açılması məntiqəuyğundur. Biz onu deyirik ki, Ermənistanla münasibətlərimiz beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməlidir. Son nəticə etibarı ilə biz buna nail olmalıyıq. Bütün bunları göz önünə gətirəndə hesab edirəm ki, Azərbaycanın Ermənistanda, Ermənistanın da Azərbaycanda xüsusi nümayəndəliyi açıla bilər. Bu da iki ölkə arasındakı münasibətlərin normallaşmasının təzahürüdür. Eyni zamanda məntiqidir. Əgər iki ölkə arasındakı münasibətlər normallaşmağa doğru gedərsə, xüsusi nümayəndəliklərin də açılması mümkündür.
- Bu məsələdə tərəflərdən hansı daha çox maraqlı görünür?
- Bu məsələdə Azərbaycanın da, Ermənistanın da maraqları var. Ona görə ki, kommunikasiya xətləri məhz Ermənistanın üzərindən keçir. Bundan başqa, orada bir çox yeniliklər tətbiq olunacaq. Müasir iqtisadi şərait Rusiya-Ermənistan münasibətlərinin inkişafına öz təsirini göstərəcək. Bütün bunlar məhz Azərbaycanın vasitəsi ilə həyata keçiriləcək. Bütün bunları şərt kimi nəzərə alanda düşünürəm ki, Ermənistanda və Azərbaycanda xüsusi nümayəndəliklərin açılması təqdirəlayiq ola bilər.
- Bir çoxları Azərbaycanla Ermənistan arasında xüsusi nümayəndəliklərin yaradılmasının delimitasiya məsələlərinin həll olunmasından sonra mümkünlüyünü dilə gətirir. Siz necə düşünürsünüz?
- Mən düşünürəm ki, bütün bunları mərhələli şəkildə etmək lazımdır. Demarkasiya və delimitasiya məsələlərinin tam şəkildə öz həllini tapması üçün sülh müqaviləsinin bağlanması zərurətə çevriləcək. Eyni zamanda ortalıqda hansısa ciddi sənəd olmalıdır. Üçtərəfli sazişdən başqa bir sənəd də ortalığa çıxmalıdır ki, bu proses müəyyənləşdirilsin. Düşünürəm ki, bu barədə artıq danışıqlar aparılanda, ikitərəfli münasibətlərdə normallaşma prosesi genişlənəndə Bakı və İrəvanda tərəflərin xüsusi nümayəndəlik açması da gerçəkləşə bilər. Demarkasiya və delimitasiya prosesinin tam şəkildə qurtarmasını gözləmək lazım deyil. Mən belə düşünürəm. Çünki demarkasiya və delimitasiya çox uzunmüddətli bir prosesdir. Bizim Gürcüstanla müharibəmiz yoxdur. Buna baxmayaraq, iki ölkə arasındakı sərhədin 33-34 faizi hələ də demarkasiya olunmayıb. Bu o demək deyil ki, delimitasiya aparılmayıb deyə biz Gürcüstanda səfirlik açmayaydıq. Bu, çox uzunmüdətli bir prosesdir.
- Azərbaycan Avropa İttifaqının xahişi ilə 10 erməni hərbçini ötən gün İrəvana qaytardı. Bakı bu addımın müqabilində nə qazandı?
- Biz görürük ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında vasitəçilik üçün xüsusi fəallıq göstərir. Bu vasitəçiliyin müsbət nəticələr verməsi ilə bağlı 10 erməni hərbçinin Ermənistana qaytarılması Azərbaycan tərəfinin bir jestidir. Bizim şərtlərimiz ondan ibarət idi ki, Dağlıq Qarabağın “statusu” məsələsi vasitəçilik prosesində müzakirə olunmayacaq. Görünən odur ki, bu məsələ müzakirə mövzusu deyil. Bizim şərtlərimiz həm də ondan ibarətdir ki, köhnə gündəlik yenidən tətbiq edilməsin. Hazırkı gündəlikdə bu da yoxdur. İndi yeni gündəlik var. Hazırkı yeni gündəlikdə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsindən, kommunikasiyaların açılmasından söhbət gedir. Bu da bizim maraqlarımıza uyğundur. Əgər Avropa İttifaqı bizim istədiklərimizi nəzərə alırsa, o zaman biz niyə onların maraqlarını nəzərə almayaq?! Bütün hallarda bu, onun göstəricisidir ki, Avropanın vasitəçiliyi də öz müsbət nəticələrini verə bilər. Azərbaycan bu müsbət nəticələri gözlətmir.
- Bu arada, İrəvan-Ankara münasibətlərini normallaşdırma prosesinə qoşulmaq üçün keçmiş prezident müşaviri Jirayr Liparityan ABŞ-dan İrəvana gəldi. Liparityan İrəvan-Ankara münasibətlərini normallaşdıra biləcək bir fiqurdurmu?
- Əslində, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan, eləcə də onun müşaviri olmuş Liparityan Ermənistanın siyasi elitasında ən praqmatik düşünən insanlardandır. Onlar həmişə reallıqlara söykənərək öz fikirlərini söyləyirdilər və ya gerçəkliklə bağlı ehtimallarını irəli sürürdülər. Əlbəttə, bu cür praqmatik yanaşması olan insanların Ermənistan-Türkiyə və ya Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesində yer alması özlüyündə müsbət bir haldır.
- Bəs Ankara və Bakı Liparityandan nələr gözləyə bilər?
- Onlardan çox şey gözləmək olmaz. Çünki onların da öz maraqları var. Yəni Liparityanın prosesə qoşulması addımını artıqlaması ilə qiymətləndirmək düzgün deyil. Hər halda gözləntilər müsbətdir. Daha çox konstruktiv şəkildə müzakirələr aparıla bilər. Düşünürəm ki, Ermənistan hakimiyyətində olan keçmiş silahlı, hərbçi qüvvələr İrəvanın siyasət səhnəsindən nə qədər tez çıxıb getsələr, intellektual düşüncəli insanlar orada nə qədər tez siyasi səhnəyə gəlsələr, region üçün bir o qədər tez konstruktiv üfüqlər açıla bilər. Uzun müddət Ermənistana başçılıq edənlər artıq gedirlər. Onlar quldurdurlar. Onlar intellektual elitaya xas insanlar deyildilər. Serj Sarkisyana, Robert Koçaryana baxmaq kifayətdir. Onların hamısı vaxtilə səhra komandirləri olub. Əslində, terrorçu mahiyyətli insanlardır. Onlarla birlikdə çalışanlar da belədir. Həmin səhra komandirləri siyasi arenada sadəcə paltarlarını dəyişib kostyumda oturmuşdular. Dərrakələri, təfəkkürləri yenə də səhra komandiri səviyyəsində idi. Onlar bu cür terrorçu mahiyyətləri ilə ölkə idarə edirdilər. Onlar 20 il idi ki, ölkəni idarə edirdilər və Ermənistanı viran qoymuşdular. Səhra komandirlərindən də yaxşı nəsə gözləmək olmazdı. Onlar “yaxşı danışa”, “yaxşı davranış” sərgiləyə bilərlər, qalstuk taxa bilərlər, amma mahiyyət etibarı ilə quldurdurlar. Ter-Petrosyan, Liparityan isə başqa mahiyyətlidir, onlar nisbətən intellektualdır. Ona görə də belə vəziyyətdə Liparityan və Petrosyan kimi insanlarla münasibət qurmaq daha münasibdir, nəinki “banditlərlə”. Prinsip etibarı ilə ən yaxşı terrorçu ölmüş terrorçudur. Quldur və həmin insanların dəstəsində olan “siyasətçilərlə” heç cür danışmaq mümkün deyil. Müsbət haldır ki, digər insanlar gəlib danışıqlar aparmağa cəhd göstərirlər.
Tural Turan
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...