Xüsusi
İnsanı cavan saxlayan SİRR - Mütəxəssislərdən vacib açıqlamalar
Qamətli bədən quruluşundan, ədalı yerişdən, təravətli dəridən tutmuş dünyaya inam və maraqla baxan nurlu baxışlara qədər hər şey gənclikdir. Gənclik doğuşdan verilən elə bir əvəzsiz hədiyyədir ki, həqiqətən qoruyub saxlaya bilmirik. Və yalnız itirdiyimiz zaman ağlamağa başlayırıq. Moda dünyasının ən nüfuzlu, əfsanəvi və sirli qadını Koko Şanelsə deyirdi ki, möhtəşəm görünmək üçün gənc olmaq lazım deyil. Axı görünüş daxili vəziyyətin güzgüsüdür, təbəssüm isə enerji yükü və möcüzələr yarada bilən güclü bir vasitədir.
Bəs, cavanlıq enerjisini qorumaq üçün nələrdən xəbərdar olmalıyıq? Bizi həm mental, həm də fiziki baxımdan qocaldan faktorlardan necə qaça bilərik?
Publika.az mütəxəssislərdən bu sualların cavablarını öyrənib.
İnsanı cavan saxlayan SİRR
Heç nə uzun və çətin həyatınızın kədərli sirlərini əyilmiş çiyinlər və ləng yeriş qədər ələ verə bilməz. Şax qamət isə əksinə, həm sağlamlıq, həm də sonsuz özgüvən əlamətidir. Pilates fiziki təlim sisteminin ixtiraçılarından olan Jozef Pilates hesab edirdi ki, neçə yaşında olduğunuzu onurğa sütununun nə dərəcədə elastik olması müəyyən edir. O, inanırdı ki, onurğa sütunu nə qədər elastikdirsə, insan o qədər gəncdir. Məşqçi deyirdi ki, qocalıq 100 yaşdan sonra başlamalıdır. Odur ki, yeni ilham və sevinc mənbələrini tapmaq və hər yaşda gənc görünmək üçün dümdüz qamət üçün ilk və sübut edilmiş bir vasitədir. Azı ən sadə məşqlərin köməyi ilə çiyinlərinizi düz tutmağa və duruşunuzu izləməyə çalışın.
src="/storage/files/upload/6f93b3ac4a37b9b17a493debf424703f29eb113d.jpg" style="width: 518px; height: 336.7px;" class="fr-fic fr-dib">
Həkim-terapevt Ləman Süleymanova hesab edir ki, hər bir insan orqanizmi individualdır və xüsusi sistematik quruluşu var. Daxili orqanlarımız, dünyaya baxışımız, həyat peykimiz, əsasən də genetik faktorlar hər kəsdə fərqlidir:
“Genetik kodlar insana nəsildən-nəsilə ötürülür. Uşaq dünyaya gələndə bu genetik kod aktivləşir və hər bir yaş periodunda genetik kod açılır. Əgər genetik dərəcəsi alidirsə, bilik fazası ailədəki 3 uşağın üçünə də ötürülür və ya aşağıdırsa, sadəcə birinə keçir.
Yaxşı kodlarla yanaşı, təbii ki, piylənmə kimi xəstəliklər də genetik ötürülür. Və yaxud da ana və ata elmli və savadlı deyilsə, uşaqda da eyni halın müşahidə olunması genetik faktordur.
Hormonların sürət mexanizmi deyilən bir sistem var. Hər bir hormon öz dövriyyəsini normal qurur. Məsələn, metabolizmin yaxşı çalışması üçün hormonların sürət mexanizmi aktivləşməlidir. Sağlam qidalanmalıyıq ki, daxilimizdə lazım olan enerji səviyyəsi yaransın, ətraf mühitin infeksiyasına qarşı müdafiə sistemimiz olsun. Boşqab zülal, yağ və karbohidratlarla dolmalıdır. Biz enerjini bu qidalardan alırıq, qidalanma birbaşa orqanizmə təsir edir. Ana südünün tərkibində olan vacib maddələr var ki, genetik faktorlar bu südlə uşağa ötürülür. Səhər, günorta və axşam yeməyinin hər birində vacib komponentlər və maddələr olmalıdır ki, enerjimizi yüksək tonda saxlayaq. Energetik balans qida ilə tənzimlənir.
İnsanın özündə də daxilən genetik ötürülmüş enerji faktorları var. Genetik ötürülən energetik balans beynin və şüurun idarə olunmasında ona yardım edir. Biz bu enerjini qorumaq üçün mütəmadi olaraq təmiz hava qəbul etməli, oksigen balansını qorumalı, stressi yaxın buraxmamalı və əsəbləşməməliyik. Stress və qeyri-sağlam qidalanma beynin genetik ötürülən əsas enerjisinə mane olur. Bu enerji tükənəndə insanda yaddaş pozğunluğu əmələ gəlir, halsızlıq və yorğunluq olur. Sözsüz ki, məhsuldarlıq aşağı düşür. Həyat keyfiyyətini qaldırmaq üçün normal qidalanmalı və yuxu rejiminə diqqət etməliyik. Genetik enerji sağlam qidalardan əldə edilən enerji ilə birləşir və bu, energetik dövriyyə adlanır. Energetik dövriyyənin yüksək tonda çalışması isə dopamin və serotonin hormonlarının ifrazını sürətləndirir, nəticədə fiziki və zehni enerjinin aktivləşdirilməsinə stimul verir. Eyni zamanda, bizim hüceyrələrimizin cavanlaşmasına, enerjimizin bol olmasına yardımçı olur. Hüceyrələri cavanlaşdıran hormonların aktiv olması üçün siz heç olmasa həftədə 3 dəfə səhər tezdən durmalısınız. Bu, yayda saat 4-ə, qışda isə 5-7 radələrinə təsadüf edir. Yüngül fiziki aktivlik, su balansının tənzimlənməsi və qidalardakı enerji insanın daxili enerjisinə sərf olunur. Xüsusən səhər yeməyində qəbul olunan meyvə-tərəvəzlər üz dərisinin gözəlliyinə təsir edir. İnsan orqanizmi meyvə-tərəvəzlərin tərkibindəki faydalı maddələri səhər tezdən daha yaxşı mənimsəyir, beynimiz yaxşı çalışır, fiziki baxımdan isə çox aktiv oluruq. Hətta energetik balans və metabolizm elə yaxşı çalışır ki, günorta və axşam yeməyi də rahat həzm olunur. Lakin səhər yeməyini saat 9-da yesəniz, keyfiyyəti aşağı düşəcək”.
src="/storage/files/upload/18c07e6695cc9f45d98119c016b826a013c158bb.jpg" style="width: 476px; height: 476px;" class="fr-fic fr-dib">
Diyetoloq əlavə edib ki, günortaya qədər yatmaq, hərəkətsizlik enerji səviyyəsini aşağı salır və keyfiyyətsiz hormonlar aktivləşməyə başlayır:
“Bu zaman yediyimiz qidalar çox gec həzm olunur, mədəaltı vəzi pis çalışır, qaraciyərdə piylənməyə başlayır, yağlar və çirkli maddələr bədəndə yığılmağa başlayır, tədricən dəri qocalır, üz çirkinləşir, çəki artır, beyni qidalandıran hormonlar isə passivləşir. Gümrah olmaq üçün özümüzə və zehnimizə qulluq etməliyik. Yeri gəlmişkən, bu məsələdə yoqa hərəkətləri də olduqca təsirlidir”.
Yaşımızı necə müəyyənləşdirə bilərik?
Tanınmış dermatonevroloq Alina Kuziyevanın sözlərinə görə, dərinin sağlam və parlaq olması üçün ona gənc yaşdan ömrün sonuna qədər qulluq etmək lazımdır:
“Belə qəbul olunub ki, xüsusilə baxımsız əllər, boyun və dekolte nahiyəsinin solğun rəngi sizi yaşlı göstərir. Duzlu, şəkərli və yağlı qidalar, az maye və balanssız qidalanma vaxtından əvvəl qocalma prosesini sürətləndirir. Digər mənfi amil çox hündür yastıqlarda yatmaqdır. Müəyyən bir mövqedə yatmaq nəticəsində boyunda vaxtından əvvəl qırış və dərin xətlər əmələ gəlir. Belə hallarda ortopedik yastıqları seçmək və ya onlardan tamamilə imtina etmək tövsiyə olunur.
Başqa bir problem, məsamələri bağlayan və iltihablı proseslərin inkişafına kömək edən çox miqdarda dekorativ kosmetikanın gündəlik istifadəsidir. Dərinin gəncliyini uzatmaq üçün onu həddindən artıq qurutmadan təmizləməyə diqqət edin. Bütün mərhələləri düzgün yerinə yetirin, ən əsası SPF-dən istifadə etməyi unutmayın və təbii ki, idmanla məşğul olmaq lazımdır”.
Dünya şöhrətli vizajist Anar Ağakişiyev hesab edir ki, üzdə kosmetik vasitələrin heç olmaması (xüsusilə 40+ qadınlarda), eləcə də həddindən artıq bol, parlaq makiyaj gündəlik qulluqda ən çox yayılmış səhvlərdən biridir və bu, sizi cavan göstərmir:
“Ənliklərin düzgün istifadə edilməməsi xanımları xüsusilə yaşlı göstərir. Əlavə liftinq effekti yaratmaq üçün yanaq sümüklərinin yuxarı hissəsinə bir az ənlik çəkmək və üfüqi kölgə salmaq məsləhətdir. Çox qaranlıq və soyuq pomada tonları da yaşınızın üstünə yaş gətirir. Buna görə də isti çalarlara üstünlük vermək daha yaxşıdır. Ümumiyyətlə, təbii makiyaj daha gənc görüntü yaratmağa kömək edir”.
Mütəxəssisin sözlərinə görə, əsəb, stress və dərd bizi vaxtından əvvəl qocaldan səbəblərə daxildir:
“Bir insan uzun müddət dərd çəkirsə, stresslə yaşayırsa, dəri quruyur, saçlar ağarır. Dəridə kollagen miqdarı azalır, bu da qırışların yaranmasını sürətləndirir. Cavanlıq enerjisini qorumaq üçün kifayət qədər yatmalı, düzgün qidalanmalısınız və əsəblər sakit olmalıdır”.
src="/storage/files/upload/3866b99ca3ec543cacd892185e47ae28d35cfcd9.jpg" style="width: 533px; height: 328.683px;" class="fr-fic fr-dib">
Stereotiplərin, qlobal gənclik kultunun güclü təzyiqi 30-40 yaşlı çox güclü insanları belə ümidsizliyə sürükləyib güvənini sarsıdır. Psixoloqların çoxsaylı müşahidələri belə deməyə əsas verir ki, hətta kifayət qədər gənc insanlar da heç nəyə həvəs göstərməsələr və tənbəl olsalar, daha yaşlı görünə bilərlər, hobbisi olmayanlar və hərəkətsiz həyat tərzi keçirənlər “canlı yaşlılar”dır. Bədbinlik, hətta öz həyatına maraq göstərməmək ruhunuzun çoxdan qocaldığını göstərən əlamətlər siyahısındadır. Və təbii ki, hədəf və perspektivlərin olması və ya olmaması getdikcə daha həlledici olur.
Tanınmış psixoloq-psixoterapevt Elmir Əkbər bildirib ki, burada temperament və xarakterin də rolu var, hər bir insan öz temperamentinə uyğun həyat tərzi sürür:
“Qocalma prosesi insanın ruhundan, psixikasından başlayır. Əgər şüurda və şüuraltında hədəflər varsa, hər insan gözəl və uzun ömür yaşayacaq, gəncliyini daha uzun müddət qoruyub saxlaya biləcək. Niyə şüuraltını xüsusi vurğulayıram? Kimsə özünü gənc saxlamağa, sağlam həyat tərzi sürməyə çalışa bilər. Lakin bu, şüuraltında baş verən prosesdir. Şüuraltı ilə dostluq etməyən insan sağlam və cavan qalmaq üçün şüurunda nə qədər məqsəd qoysa da, alınmayacaq. Təbii ki, qidalanma ilə fiziki hərəkətliliyin də rolu burada çox böyükdür. İdmansız həyatda nə cavanlıq, nə gözəllik, nə xoşbəxtlik, nə fiziki, nə də psixoloji sağlamlıq var. Bunu hamı bilməlidir.
src="/storage/files/upload/7f2ffa69a03d5a34049f0afee4c5aacdc91db0bc.jpg" style="width: 517px; height: 413.6px;" class="fr-fic fr-dib">
İnsanın ömrünü uzadan həm də onun hobbiləridir. Araşdırmalar göstərir ki, ev heyvanları saxlayan insanlar daha uzunömürlü və gənc qalırlar. Sözsüz ki, birinci yerdə həyatını sevdiyi ilə paylaşan insanlar gəlir. Sevdiyi ilə birlikdə olmaq həm ömrü uzadır, həm də gəncliyi qoruyub saxlayır. Amma sevmədiyin insanla birlikdə yaşamaq nə qədər problemsiz də olsa, içdən yavaş-yavaş çürüdür adamı. Söz-söhbətdən, dedi-qodudan da özünü uzaq saxlamaq lazımdır, çalışın başqaları haqqında pis söz danışmayın, pis fikirlər zibil kimidir. Evinizin zibillənməsini istəmədiyiniz kimi, beyninizi də zibildən qorumalısınız. Əgər tanışlarınızdan birinin pisliyi həddi aşmayıbsa, mümkün qədər dəstək olun, mütəxəssislərə yönləndirin. Əgər bu, sizlik məsələ deyilsə, bir an öncə o adamı tərk edin. Pislik üfunətli kif kimidir, ətrafındakı insanların hamısını bədbəxtliyə sürükləyir. Pozitiv düşünmək, həyata pozitiv baxmaq, mütləq mütaliə etmək, xüsusilə klassiklərin əsərlərini oxumaq, keyfiyyətli filmlərə baxmaq və səviyyəli musiqilər dinləmək lazımdır. Təbiətdə çox zaman keçirməyi və faydalı işlərlə məşğul olmağı tövsiyə edirəm. Məsələn, həyətdə bir ağacı sulamaq belə beyində elə bir neyron zəncirləri yaradacaq ki, onlar uzunömürlülüyü qoruyub saxlayacaq. Konfliktlərdən uzaq durmaq və problemləri mümkün qədər tez həll etmək lazımdır. Sağlamlığınızla profilaktik məşğul olmalısınız ki, xəstəlik sizi yıxa bilməsin”.
Tanınmış rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova hesab edir ki, bu, ayrıca nəzərdən keçirməyə layiq bir mövzudur və görünüşümüz haqqında düşünmək bizim məsuliyyətimizdir:
“Biz hər il ad günümüzü qeyd edirik. Bu zaman gözümüzdə keçmiş xatirələrimiz canlanır, gələcək planlarımızı düşünürük. Və hamının qəlbində eyni fikir səslənir: Bir yaş da yaşlandım. Əslində, tamam başqa bir fikir üzərində köklənməliyik: Bir yaş da böyüdüm və müdrikləşdim. Mən insanlara belə əvəzlənməni təklif edirəm.
Psixologiyada yaşa münasibət isə belə ifadə olunur: İnsanın öz yaşı ilə inteqrasiyası və dezinteqrasiyası. İnsanın yaşı ilə inteqrasiyası o deməkdir ki, o, tam mənasında yaşını bioloji olaraq dərk edir, özünü necə hiss etməli olduğunu və bu yaşda hansı işləri görməli olduğunu bilir, eyni zamanda qarşıya qoyduğu məqsədləri çox aydın və adekvat şəkildə dərk edir. Və həyatını bu proqram üzrə qurur. Amma insan öz yaşı ilə dezinteqrasiya vəziyyətindədirsə, yaşına uyğun həyat tərzi keçirmir və hansı prinsiplərin əsas olduğunu dərk etmir. Fərdlər hər yaşa aid olan xüsusiyyətləri bilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı bu il elan etdi ki, gənclik yaşı 47-ə qədər uzanıb. Bu məlumatı oxuyanda çox sevindim və dedim ki, çox düz qərardır. Təbii ki, hər yaşın öz gözəlliyi var, düşünürəm ki, hər yaşa gözəllik qatan emosiyaları yaşamaq, duymaq və həyata həmişə nikbin enerji ilə baxmaq lazımdır.
src="/storage/files/upload/8acc7070f33c5580338589fd2d3fd4960d0582b6.jpg" style="width: 486px; height: 486px;" class="fr-fic fr-dib">
İnsanları həyata bağlayan əsas amillərdən biri də məqsədləridir. İnsanın həyatında mütləq məqsəd olmalıdır. Hər gün səhər açılanda dərk etməlidir ki, o, öz məqsədinə doğru gedir. Və bu məqsədləri qoyanda düşünməlisən ki, həm özün, həm yaxın ətrafın, həm də öz ölkən və xalqın üçün daha faydalı işlər görə bilərsən. Eyni zamanda, bəşəriyyətə də xidmət edə bilərsən, bu qrupa artıq dünyanın seçilmiş insanları daxil olur. Məqsəd insanı hər zaman ayaqda durmağa vadar edir”.
Əməkdar incəsənət xadimi hər kəsə öz daxili aləmi və dünyası ilə barışmağı tövsiyə edir:
“Konfliktlər, anlaşılmazlıqlar və ya küskünlüklər insandan hədsiz dərəcədə çox enerji aparır, cansağlığına birinci zərbə vuran amillərdən biridir. İkinci böyük zərbə stressdir. Stressdən uzaq durmaq lazımdır. Stressin insana bioloji olaraq vurduğu zərbə çox böyükdür. Psixoloji sağlamlığımızı birinci özümüz qorumalıyıq. Stressi nə yaxına buraxmalı, nə də stressin yaradılmasında səbəbkar olmalıyıq.
İnsan həyat tərzini düzgün qurmalıdır. Burada qida və yuxu rejimi, müsbət emosiyaların alınması vacibdir. Bunun üçün də incəsənətin saysız sahələri təklif olunur, gözəl filmlər çəkilir, teatr tamaşaları qoyulur, muzeylər fəaliyyət göstərir, yaradıcı insanlar, rəssamlar, bəstəkarlar keyfiyyətli sənət əsərlərini yaradılar. Təbii ki, bunların hamısından bəhrələnmək lazımdır. Dəb sektorunun kifayət qədər faydaları var. Dəb ən böyük sosioloji fenomendir. Dəblə hamı maraqlanır, çox gözəl emosiyalar bəxş edir, zövqlü geyimlər gözümüzü oxşayır. Bunlardan istifadə etməklə daxili aləmimizi zənginləşdirmək lazımdır. Sonda fikirlərimi ənənəvi olaraq görkəmli rus yazıçısı Fyodor Dostoyevskinin “Gözəllik dünyanı xilas edəcək” kəlamı ilə bitirirəm... Çox dərin bir fəlsəfi məna daşıyır, gözəllik olmasa, dünya çoxdan məhv olardı. Burada daxili gözəllik nəzərdə tutulub, daxili gözəlliyin əsas meyarı gözəl niyyətlərdir. Daxilimizdə gözəl niyyətlər yaratdıqca və müsbət enerji ötürdükcə özümüz də hər zaman gözəl qalacağıq!”
Həkim-nevroloq Qalib Əsədovun bu barədə özünəməxsus fikirləri var. O hesab edir ki, insan enerjisinin əsas sovurucusu nifrətdir:
src="/storage/files/upload/1a8ca157d64f009982f1a164f4c533e65d3c01b7.jpg" style="width: 471px; height: 541.65px;" class="fr-fic fr-dib">
“Əgər düşmənlərimiz bilsəydilər ki, onlara olan nifrətimiz bizi taqətdən salır və əsəbi edir, görkəmimizi pisləşdirir, bizə ürək xəstəlikləri gətirir, sevincdən əllərini bir-birinə sürtərdilər. Elə deyilmi?
Əgər biz düşmənlərimizi sevə bilmiriksə, gəlin, heç olmasa özümüzü sevək. Gəlin, özümüzü o qədər sevək ki, düşmənlərimizə xoşbəxtliyimizi, sağlamlığımızı idarə etmək və görkəmimizi pisləşdirmək imkanı verməyək.
Şekspir deyərdi. “Öz düşmənləriniz üçün sobanı elə də bərk odlamayın, əks təqdirdə özünüz onda yanarsınız”.
Biz düşmənlərimizi sevə bilmək qədər müqəddəs olmaya da bilərik. Lakin sağlamlığımız və xoşbəxtliyimiz naminə gəlin, heç olmasa onları bağışlayaq və varlıqları barədə unudaq!”
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...