Xüsusi
Rusiyanın sonrakı addımı: NATO və Qərblə böyük savaş... - General
Qondarma DXR və LXR-in müstəqilliyinin Rusiya tərəfindən tanınması proqnozlaşdırılırdı. Qərb və Amerika bununla bağlı bir sıra sanksiya qərarları alacaqlar. Ancaq dünya güclərinin Rusiyaya daha böyük basqı edəcəklərini düşünmürəm. Savaşa gəlincə, böyük müharibənin olacağı da proqnozlaşdırılmır. Rusiya öz niyyətini həyata keçirib, indi sonrakı prosesləri gözləmək lazımdır.
Bu fikirləri Publika.az-a müsahibəsində Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
Müsahibəni təqdim edirik:
- Rusiya qondarma Luqansk və Donetsk respublikalarını tanıdı. Sizcə, bundan sonra nələr baş verəcək?
- Qondarma Luqansk və Donetsk respublikalarının Rusiya tərəfindən tanınması məsələsi 2014-cü ildən etibarən başlayan teatrın davamıdır. Çünki əslində bunu bəlli bir plan, zaman proqramı çərçivəsində həyata keçirilən fəaliyyət olaraq qiymətləndirirəm. Təbii ki, Qərb və ABŞ bununla bağlı bir sıra sanksiya qərarları alacaqlar. Ancaq bu, nə Rusiyanı, nə də o bölgədə yaşayan əhalini qərarından daşındıracaq. Məsələ hazırda oldu və bitdi mərhələsindədir. Vladimir Putin bu addımı dünyada mövcud siyasi boşluq və tarazlıqlar baxımından ən uyğun hesab etdiyi zaman atıb. Bunu Rusiya tərəfindən şahmat oyununda irəli həmlə olaraq dəyərləndirirəm. Ancaq daha çox irəliyə gedəcək, bütün dünyanı qarşılarına alacaq bir addım atacaqlarını düşünmürəm. Bəlli bir müddət keçdikdən sonra Krımla həmin bölgələri birləşdirib genişlənməyə davam edəcəklər.
- Vladimir Putin bu addımı ilə rəqiblərini mat vəziyyətinə saldımı, yəni bu qərarı imzalamaqla onlara hansı mesajı verdi?
- Bu, gözlənilən bir addım idi. Xüsusilə, Ukraynada və digər bölgələri əhatə edəcək şəkildə şah və vəzirin istifadə ediləcəyi bir mövqenin olduğu müzakirə mövzusu deyil. Onlar bu işi hələ piyadalarla görməyə davam edirlər. Bu hərəkətlər piyada hərəkətləridir. Putinin bu addımı atması xalqa qarşı verdiyi mesajlar baxımından bir məcburiyyətdir. Əslində, Qərb bunu gözləyirdi, proqnozlaşdırılan bir durum idi. Bu çərçivədə Qərbin çox təəccübləndiyini düşünmürəm. Putin NATO-ya və öz keçmiş “arxa baxçasına” yönəlik “məndən xəbərsiz heç bir şey etməyin, yoxsa bu cür şeylərlə qarşılaşarsınız” mesajını verdi.
- Bundan sonra proseslər necə olacaq?Müharibə ehtimalı ortadan qalxıbmı?
- Ötən gündən etibarən Rusiya artıq ordusunu bölgəyə göndərib, müəyyən bir şəkildə oldu-bitdi ilə oranı Ukraynadan qoparacaq. Bəzi kiçik nələrsə ola bilər. Amma bu, hazırkı mərhələdə böyük bir şəkildə Ukrayna-Rusiya müharibəsi vəziyyətinə çevrilməz. Dünya müharibəsinə də heç vaxt çevrilməz. Çünki Qərbin mövcud beynəlxalq hüquq çərçivəsində həyata keçirəcəyi şeylər çox məhduddur. Propaqanda savaşından uzağa gedən bir qərar almaları və ya bunun qarşısını alacaq olmaları real görünmür. Dolayısı ilə bu bölgələrə yaxın yerlərdə, Odessada, Krım ətrafındakı bölgələrdə kiçik olaylar yaşana bilər. Amma böyükmiqyaslı Rusiya-Ukrayna savaşı və ya NATO və Qərbin də daxil olacağı böyük bir savaş gözlənilmir. Proses yəqin ki, kiçik çəkişmələr və gərginliklərlə davam edəcək.
- Dünya dövlətləri bu məsələdə nə edə bilər? Beynəlxalq güclər daha geniş formada hərəkətə keçəcəkmi, yoxsa sanksiyalarla kifayətlənəcəklər?
- Dünya ölkələri hazırda heç bir şey edə bilməz. Beynəlxalq güclərin Putini bu qərarından daşındırmaq üçün böyük addımlar atacağını güman etmirəm. Ən çox edə biləcəkləri şey beynəlxalq iqtisadiyyatda və bankçılıqda Rusiyanı izolyasiya etmək ola bilər, eyni zamanda iqtisadi sanksiyalar tətbiq edə bilərlər. Onsuz da illərdir ki, iqtisadi sanksiyalar həyata keçirirlər, lakin bəlli bir nəticə əldə edə bilmirlər. Nəticədə Qərbi Rusiyaya bağlayan enerji bağlılığı var. Bu, Rusiya tərəfindən də bir təhdid üsulu olaraq Qərbə qarşı istifadə oluna bilər. Bu məsələ sadəcə Ukrayna məsələsi deyil. Hesablaşma böyük olduğu üçün Ukrayna bu mənada alət kimi istifadə olunur. Enerji baxımından Rusiyaya bağlı olan ölkələrin pandemiya və digər beynəlxalq iqtisadi gərginlik çərçivəsində isə ümumiyyətlə heç kəsin bu şəkildə fiziki, hərbi dəstək, savaşa dərhal müdaxilə, əsgər göndərmə kimi fəaliyyətlər içərisində olacaqlarını zənn etmirəm. Alacaqları qərarlarla, iqtisadi və sosial qərarlarla, böyük ehtimalla bəziləri üçün mallarına əl qoyma və şəxsi şeylər ortaya çıxara bilərlər. Bundan başqa böyük bir fəaliyyət ola bilməz. ABŞ və Böyük Britaniya onsuz da müəyyən bir nöqtədə ortaq hərəkət edir, Almaniya tamamilə məsələnin uzağındadır, Fransa vasitəçi rolunda idi, amma görünən odur ki, o da bundan sonra Amerikanın mövqeyinə qoşulacaq. Dolayısı ilə beynəlxalq güclərin geniş mənada hərəkət edəcəklərini düşünmürəm.
- Luqansk və Donetskin Rusiya tərəfindən tanınması həmin bölgələrə nə verəcək?
- Bu bölgələrdə 2014-cü ildən bəri daha çox ruslar və separatçılar yaşayırdı. Rusiyaya bağlı olmaq onlara müəyyən nələrsə qazandıracaq, Rusiya da onların özlərini yalnız hiss etməmələri üçün nələrsə edəcək. Məsələn, orada razılaşma çərçivəsində hərbi baza yarada bilərlər. Bu çərçivədə kiçik nələrsə ola bilər. Özlərini daha təhlükəsiz hiss etmək üçün müəyyən tədbirlər görəcəklər. Amma ABŞ-ın və Avropanın tətbiq edəcəyi sanksiyalar çərçivəsində böyük bir sanksiyalar siyahısına daxil olacaqlar. Dolayısı ilə, itirdiyi eyni səviyyədə ola bilər. Rusiyanın dəstəyi və təhlükəsizlik baxımından məsələ həll oluna bilər. Amma itirdikləri bu olacaq ki, bundan sonra bir sonrakı mərhələyə qədər mütəmadi olaraq bu bölgə ilə məşğul olacaqlar. Çünki artıq ora dünyanın diqqət mərkəzindədir. Bunun da əslində onların düşündükləri kimi bölgəyə iqtisadi inkişaf, sosial rifah və demokratiya gətirəcəyini zənn etmirəm.
-
Dünya09:18Məşhur uşaq qidasında siçan zəhəri tapıldı: Azərbaycanda da satılır - FOTO
-
Rəsmi xronika09:02İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi
-
İdman08:24Ronaldonun 969-cu qolu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
ABŞ05:45ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
-
Magazin105:15Müğənni Pünhan nişanlandı - FOTO
-
Region03:13İran ələ keçirilən gəminin qisasını belə aldı
-
Yaxın Şərq02:12"Münaqişə istənilən an şiddətlənə biləra"






































