Rafael Ağayev SİRLƏRİ AÇDI: Onu heç vaxt bağışlamayacam - MÜSAHİBƏ - FOTO
Bizi izləyin

Xüsusi

Rafael Ağayev SİRLƏRİ AÇDI: Onu heç vaxt bağışlamayacam - MÜSAHİBƏ - FOTO

Budəfəki həmsöhbətimiz təkcə Azərbaycanda deyil, bütün dünyada karatenin “qara brilliantı” adlandırırlır. Dəfələrlə dünya və Avropa çempionu olub. Hətta ötən il Tokio Yay Olimpiya oyunlarında ölkəmizə gümüş medal qazandırdı. Hər kəs ondan birincilik gözləsə də, bu dəfə alınmadı.

Yəqin ki, söhbətin kimdən getdiyini artıq anladınız. Bəli, Rafael Ağayevlə söhbətləşmişik. Onunla daha yaxından tanış olmaq istəyirsinizsə, telefonunuzun və ya kompüterinizin monitoruna bir qədər də yaxın əyləşin.

Beşqat dünya və on bir qat Avropa çempionu Rafael Ağayevin Publika.az-a müsahibəsini təqdim edirik:

- İdmanın məhz karate növünü seçməyinizin səbəbi nədir?

- Bunun iki səbəbi var: uşaq ikən döyüş filmlərinin məhşur obrazı Brus Liinin filmlərini çox izləyirdik. Ona sevgim böyük olub və karateyə də həvəsim buradan yaranıb. Hiperaktiv və küçədə də ən dalaşqan uşaq mən olmuşam. Bu cür böyüməyimdə atamın da rolu var. Kasıb ailədə dünyaya gəlmişəm. Uşaq yaşlarımda küçəyə su satan uşaq gəlmişdi. Atam dedi ki, get həmin su satan uşaqdan su al iç. Pulum olmadığını deyəndə atam deyirdi ki, get danış al. Satıcı oğlandan su istədim o isə cavabında əlbəttə ki, pul istədi. Məndə pul olmadığını biləndə suyu vermədiyi üçün dava elədim. Karateni seçməyimin ikinci səbəbi də bu idi. İstəyirdim ki, yaxşı dalaşım. Uşaq olduğuma görə düşünməmişdim ki, mən profisional idmançı olacam və bu uğurlara imza atacam. 7 yaşımda Rafael Məmmədovun rəhbərliyi ilə Sumqayıtda karate ilə məşğul olmağa başladım. İdmana başlamaq mənim öz istəyim olub. Əfsuslar olsun ki, indiki uşaqların fikri daha dağınıqdır. Meyilləri daha çox telefonlar və digər elektron alətlərə olur. Nəticə etibarilə Brus Liiyə sevgim və dalaşqan xarakterim mənim bu idman növünü seçməyimə səbəb olub.

- Bildiyimiz qədərilə hazırda aktiv olaraq "karate kombat" ilə məşğulsunuz. Məşqləriniz necə keçir?

- "Karate kombat" yarışları 2018-ci ildən mövcuddur. "Karate kombat"da dirsək və dizlə hərəkətlər olmaz. Rəqibi yerə yıxdıqdan sonra boğucu, ağrıdıcı fənd tətbiq edə bilməzsən. Geriyə qalan MMI-da nə görürsünüzsə bu idman növündə qəbul olunur. Bu idman növü üzrə döyüşmək mənə təklif olunmuşdu və mən də böyük məmnuniyyətlə qəbul etdim. Bir döyüşüm 2018-ci ildə idi və qalib gəldim. Onlarla müqavilə bağlaya bilmədim çünki həmin ildə karatenin Yay Olimpiya Oyunlarının proqramına salındığını eşitdik. Bu xəbər bizim üçün son dərəcə sevindirici, hətta bayram idi. Olimpiadadan sonra artıq 2 illik müqavilə imzalamışam və ikinci döyüşümü də keçirmişəm. Lakin imzaladığım razılığa əsasən qalib olub-olmamağım barədə məlumat verə bilmərəm. Açıqlamasam da bir onu qeyd edə bilərəm ki, hər şey qaydasındadır. Bu ilin may ayında üçüncü döyüşüm var və mütəmadi olaraq məşqlər edirəm. VKF karate ilə "karate kombat" bir biridən çox fərqli idman növləridir. Hərəsinin öz proqramı, öz texnikası, öz taktikası mövcuddur.

- Yaxın gələcəkdə sizi gözləyən döyüşünüz var?

- İki həftə ərzində "karate kombat"da üçüncü döyüşümün nə zaman olacağı mənə bildiriləcək. VKF karatedə 25-29 mayda Avropa Çempionatı olacaq. Əgər "karate kombat"da nəzərdə tutulan döyüşümlə eyni vaxta təsadüf etməsə, istəyirəm VKF karatedə Avropa Çempionatına gedim və bayrağımızı qaldırım. Yəni hazırda ən yaxın döyüşüm may ayına gözlənilir.

- Boş vaxtlarınızda nə edirsiniz?

- Boş vaxtlarımda daha çox film izləməyi, futbol oynamağı və futbolu izləməyi, həmçinin dostlarımla bir süfrə arxasında vaxt keçirməyi, dərdləşməyi, ünsiyyəti çox sevirəm. Hər kəsin zövqü fərqlidir. Kimi təbiəti sevir, kimi gəzməyi və s. Mən isə bunlarla dincələ bilmirəm. Asudə vaxtlarımda əsasən yuxarıda sadaladığım hobbilərimlə məşğul oluram.

- Hazırda sizin davamçınız ola biləcək biri var?

- Allahın işini bilmək olmaz. 20 il bundan öncə kim deyə bilərdi ki, Rafael karate üzrə dünyada bir nömrəli idmançı olacaq. Ona görə də buna dəqiq proqnoz vermək çətindir. Lakin peşəkar bir idmançı olaraq bu məsələyə yanaşsaq, deyə bilərəm ki, bildiyiniz kimi, VKF karatedə iki ildən bir Dünya Çempionatı keçirilir. Əgər bu yarışlar dəyişdirilərək hər il keçirilməsə, ən azıdan 20-25 il ərzində bu nəticəni verən insan olmayacaq. Mən dünya çempionatlarının birində iki dəfə qızıl medal götürmüşəm. Bunu dildə demək çox asandır, lakin bunun pərdəarxasında çox böyük əziyyətlər dayanır. Azərbaycanda gənc və istedadlı idmançılarımız var. Ola bilər yüksək nəticələr əldə etsinlər. Lakin ömür boyu Rafaeldən bir də karateyə gəlməyəcək.

- Oğlunuzun karate ilə məşğul olmasını istəyərdiniz?

- İstəməzdim. Əziyyətə görə yox, bunun da təbii ki, öz səbəbləri var. Ramalın hələ 4 yaşı var. İstəyirəm ilk əvvəl gimnastika ilə məşğul olsun. Çünki gimnastika elə bir idman növüdür ki, istənilən idman növü üçün ilkin baza rolunu oynayır. Həm də mənim ən böyük arzum odur ki, oğlum futbolçu olsun. Uşaqlıqdan futbolu çox sevmişəm, hətta bir zamanlar karateni atıb futbolla məşğul olmaq istəmişəm. Lakin o başqa idman növünü də seçmək istəsə, mən ona hər zaman dəstək olacam. Mənimçün əsas məqam oğlumun tərbiyəsidir. Geriyə qalan bütün seçimlərində azaddır və bir ata kimi ondan dəstəyimi əsirgəməyəcəyəm.

- Dayınızın və ananızın vəfatı sizin döyüşlərə hazırlığınıza necə təsir etdi? Olimpiadada hər kəsin sizdən gözlədiyi qızıl medalı qazana bilməməyinizin səbəbi bu ola bilərmi?

- Ötən il mənim üçün çox ağır bir il oldu. İnsan həyatda heç nədən sığortalanmayıb. Hər şey istədiyimiz kimi olsa, əslində həyat da bir o qədər sıxıcı olar. Allah hər bir insanı sınağa çəkir və götürəcəyi yükü çiyinlərinə yükləyir. Olimpiya ilində dayım və anam xəstə idi. Anam 6 il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Dayımın itkisini də anamdan gizlədirdik. Olimiadaya çox az qalmış anamı da itirdik. Bundan sonra koronavirusa yoluxdum və yarışlara 2 ay qalmış ayağımdan əməliyyat olundum. Bütün bu sınaqlara baxmayaraq formada idim. Yarışlara Türkiyədə hazırlaşdım. Qızıl götürə bilməməyimin dəqiq səbəbini isə yəqin ki, idmandan getdikdən sonra bəlkə də, yaşlananda açıqlayacam. Lakin onu deyə bilərəm ki, bu, özümün və orta hakimin günahı idi. İtalyan idmançısına qarşı yaxşı xalım var idi. Hakimlər xalı mənə verdi, amma həmin hakim vermədi. Beləliklə, bütün qərarı da məhz həmin hakim dəyişdi. Ölənə qədər mən o hakimi bağışlamaram.

- Zabit Səmədov kariyerasını kino sahəsində davam etdirir. Sizə belə bir təklif gəlsə, qəbul edərsiniz?

- Zabit dostumdur və ona işlərində uğurlar arzulayıram. Məsələn, Zabit kino sahəsində, Kobra Pərviz məhşur yarışma ilə yoluna davam edir. Pərvizə də uğurlar arzu edirəm. İdmançı kariyerasını bitirdikdən sonra başqa bir sahəyə yönəlməsinə müsbət baxıram. Mənə belə bir təklif gəlməyib, lakin gəlsə, özümü aktyor kimi sınayaram. Bu sahəyə də çox həvəsliyəm, düşünürəm ki, filmdə aktyorluq alınar.

- İdman zalınız niyə yoxdur?

- Yaxşı sualdır. Artıq kariyeramın sonlarına yaxınlaşıram. Olimpiada yarışlarından sonra cənab Prezidentlə görüşəcəkdik. İdman zalımın olması ilə əlaqədar məktub yazmışdım. Böyük bir kompleks kimi istəyim yoxdur. Mənim bu məsələyə pul qazanmaq niyyəti ilə yaxınlaşmıram. İstəyim odur ki, mən özümdən sonra yeni idmançılar yetişdirim və bizdən sonra yeni nəsil yetişsin, bayraqlarımızı müxtəlif beynəlxalq yarışlarda qaldırsın. Elə istedadlı gənclərimiz var ki, onların idman zallarında gedib məşq keçməyə imkanı yoxdur. Çalışacam ki, bu cür gənclərə öz dəstəyimi göstərim. İdman zalı açmaq planımda var. Pandemiya səbəbindən biz cənab Prezidentlə görüşə bilmədik, lakin düşünürəm ki, nə vaxtsa ölkə başçımızı görsəm, bu barədə olan xahişimi çatdıracam.

- Sizcə, karatedə yaş faktoru rol oynayır?

- Martın 4-də 37 yaşım tamam olur. Bir vaxtlar Bianoççi haqqında fikirləşirdim ki, artıq 34 yaşı var, niyə karatedən getmir?! İndi isə mən deyirəm ki, yaş sadəcə rəqəmdir, lakin bir baxımdan yaş rol oynayır. Hiss edirəm ki, VKF karatedə hakimlər, insanlar məndən yorulublar. Hakimlər də artıq bezirlər. Nə qədər Rafael demək olar? Bu baxımdan yaş və illərin verdiyi təcrübə rol oynayır. Lakin fiziki güc baxımdan yaş amilinin mənimçün rolu yoxdur.

- Sizcə, dünyada və Azərbaycanda karatenin “şah”ı kimdir?

- Bu barədə danışmaq mənim üçün təvazökarlıqdan kənar görünür. Bu cür suallara da heç vaxt cavab verməmişəm. Biz Azərbaycanda karateyə Ülvi, Füzuli, Yaşar, Rafael müəllimə baxıb onlar kimi döyüşçü olmaq istəmişik. Ümid edirəm heç kim məndən inciməz, lakin hazırda Azərbaycanın gəlmiş-geçmiş ən yaxşı karateçisi mən özümü bilirəm. Çünki mən bu adı qazanmaq üçün illərimi sərf etmişəm. 30 ildir mən bu idmandayam və fikrimcə, də dünyada da ən güclüsü mənəm. Sabah kimsə bu idman növündə 5 qat dünya çempionu olsa, mən ona da hörmətlə yanaşacağam.

- Olimpiada medalınızı digər hansı medalınızla müqayisə edərsiniz? Ümumiyyətlə, belə bir müqayisə mümkündür?

- “Gümüş” olsa da, bu dəyərli medaldır. Hər bir medalım mənim üçün dəyərlidir. Onların hər biri üçün böyük əziyyətlər çəkmişəm. Ona görə də qazandığım hər bir medalın öz yeri var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm