Azərbaycan musiqisi mənim ruhuma çox yaxındır - Fatima Madar
Bizi izləyin

Xüsusi

Azərbaycan musiqisi mənim ruhuma çox yaxındır - Fatima Madar

Feminizm sinəmizi bəzəyən boş cümlələr toplusundan ibarət broş deyil. Yəqin ki, həyat tərzi, düşüncə, amaldır. Qadınların kişilərlə bərabər hüququnu tələb yox, təmin etməkdir. Siyasi karyera sənə güvənən insanların malını talamaq yox, maddi-mənəvi rifahını təmin etməkdir. Bu yolda usanmamaq, yorulmamaqdır.

Norveç bələdiyyəsinin nüfuzlu siyasətçisi, feminist fəal Fatima Madarla həmsöhbət olduq.

- Əziz Fatima, minlərlə qızın ilham mənbəyisiniz. Somalilənddən Norveçə uzanan yolunuzun başlanğıcına qayıdaqmı?

- Zövqlə… 1974-cü ildə Somalidə doğulmuşam. 13 yaşım olanda anam və bacı-qardaşlarımla birgə Norveçə köçdük. Bu gün bacım insan haqları üzrə vəkildir. Qardaşlarımsa həkim, memar və mühəndisdir. Mən kompüter mühəndisliyi üzrə təhsil aldım. Magistr təhsilimi IT elmləri üzrə tamamladım. Həmin dövrdə Somalidə yalnız oğlanların təhsil almaq hüququ vardı. Bu baxımdan Norveçə köçməyimizi böyük şans hesab edirəm.

- Vətəninizdə vəziyyət indi necədir?

- Hazırda daha yaxşıdır. Baxmayaraq ki, Somalinin ən varlı ailələrinin birində doğulmuşdum, bacım və mən məktəbə getmirdik. Evdə anamla birgə qalırdıq. Təhsilimə də Norveçdə başladım. Təsəvvür edirsinizmi, 13 yaşlı qızın ibtidai təhsili, oxuyub-yazma qabiliyyəti olmasın?! Gün ərzində ikiqat artıq çalışmağa başladım ki, həm norveç, həm də ingilis dillərini öyrənim. Ən acınacaqlısı isə odur ki, Somalidə mənim kimi oxumaq şansı olmayan minlərlə qız yaşayırdı. Bu problem hələ də tam həllini tapmayıb. Amma bütün bunlara baxmayaraq, ölkəm günəşlidir, gözəldir. İnsanları mehribandır. Somalilənd hələ də qəbul olunmamış respublika sayılır. Somalinin sərhədində yerləşdiyi üçün hər kəs bu iki ölkəni səhv salır. Doğrudur, dilləri, mədəniyyətləri eynidir, lakin ölkə olaraq iki fərqli dövlət sayılır. İnsanları da müxtəlifdir. İllərdir ki, müharibə iki ölkə arasında çox gərgin şərait yaradıb. Odur ki, ailəm 1986-cı ildə Norveçə köçmək məcburiyyətində qaldı. Müharibə bir çox soydaşımızın həyatını qaraltdı. Ölkəmizdən qaçmaq məcburiyyətində qaldıq.

- Savaş ölkəsində böyüyən uşaqların mübarizə ruhu da güclü olur…

- Mən də belə düşünürəm. Ölkəmə qarşı haqsızlıq, hüquqlarının tapdanması uşaqlıqdan məndə mübarizə ruhu formalaşdırdı. İnsan haqları, humanizmə olan dərin bağlılığım da o vaxtdan yarandı. Siyasətə qatıldım. Somalilənddən Norveç siyasətinə qatılan ilk qadın mənəm. Çox sevinirəm ki, məndən sonra bu ənənə davam etdi. 2011-ci ildən sonra təkcə Somalidən 44 nəfər seçkiyə qatıldı.

- Norveçin fəal feministlərindən sayılırsınız.

- Ali məktəbdə oxuyanda görürdüm ki, mühacir qızlar təhsil almırlar. Çox güclü diaspor fəaliyyətinə başladım. Yəqin bunun nəticəsidir ki, hazırda Oslo ali məktəblərində Somalidən olan 5 mindən çox qız təhsil alır. Somalilənd Qadınları Təşkilatı və bir çox digər qurumlara başçılıq edirəm. Qadınların təhsili, işlə təmin olunması yolunda çalışırıq. Qadın biznesinə, habelə mühacir xanımların biznesinin inkişafına dəstək veririk. Oslo bələdiyyəsinin Mədəniyyət və Təhsil Komitəsinin üzvüyəm. 2021-ci ildə Norveçin parlament seçkilərində namizədliyimi irəli sürəcəyəm. Bundan başqa, “Diaspora Network”, “Women in Focus”, “Focus on Women”, “Workers' Party” kimi təşkilatların idarə heyətində yer alıram. Uşaqları da unutmuram. Somalilənddə ilk uşaq oyun dünyasının yaradılmasını təmin etdim.

- Soydaşlarınız üçün müqəddəs Fatiməsiniz, əminəm…

- Ölkəmə hər səfərimdə bir çox insanla görüşürəm. Hamısı da Somaliləndi tərk edib, Norveçə köçmək istədiklərini bildirir. Səbəbini soruşanda yüksək dərəcəli təhsil, daha yaxşı və təminatlı həyat arzuladıqlarını deyirlər. Amma hamımız bilirik ki, arzularla gerçəklik tərs mütənasibdir. Baxın, Avropa maddi rifah demək deyil. Bəli, Norveçdə təhsil pulsuzdur və əgər norveçli qızlar gecəsini gündüzünə qatıb təhsil alırsa, siyasət və digər sahələrdə kişilərdən də çox uğur qazanırsa, bunu mən də, sən də edə bilərik. Mən İşçilər Partiyasının fəal üzvüyəm. Hər il “Qadınlar bacarar” adlı təlimlər keçiririk. Layihənin rəhbəri mənəm. Xüsusilə mühacir qadınları cəlb edib, onlara yeni peşələr öyrədirik, təlimlər veririk. Milliyyət fərqi yoxdur. İstər somaliləndli olsun, istərsə də türk, yaxud azərbaycanlı… Əsas olan qadınların gücünü kəşf etməkdir. Mənim üçün feminizm ətrafındakı köməksiz qadınlara dəstək olmaq, onların güzəranını öz nailiyyətlərindən üstün tutmaq deməkdir. Həftə sonları dincəlmirəm. Hətta yaratdığımız yerli radiostansiyada 7 müxtəlif dildə qadınlara müxtəlif məlumatlar veririk, hüquqlarını öyrədirik. Radiomuz “İnterFM” adlanır. 2005-ci ildən bu günədək fəaliyyət göstəririk. Burada həmçinin müxtəlif xalqların mədəniyyəti haqda da xəbərlər yayımlayırıq.

- Yəqin ki, bu siyahıda Azərbaycan da var…

- Təbii ki, siyahıda Azərbaycan və Türkiyə də var. Ona görə dünyanın hər yanında əlaqələrimizi genişləndiririk. Azərbaycan musiqisi mənim ruhuma çox yaxındır. Muğamınızı, etnik musiqinizi çox sevirəm. Hətta 2011-ci ildə seçkilərə qatılanda sırf mənim üçün azərbaycan dilində mahnı hazırlanmışdı. Bu, həyatımın ən gözəl xatirələrindən biridir.

- Əziz Fatima, sizi tezliklə Vətənimizdə, Qarabağımızda görməyi arzulayıram.

- Bu, mənim ən böyük istəklərimdəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm