Qarabağ zəfəri ilə bağlı yaxşı əsərlər, filmlər niyə yoxdur? - ŞOK SƏBƏBLƏR
Bizi izləyin

Xüsusi

Qarabağ zəfəri ilə bağlı yaxşı əsərlər, filmlər niyə yoxdur? - ŞOK SƏBƏBLƏR

44 günlük Vətən Müharibəsindən il yarım vaxt keçir. Son günlər cəmiyyətdə müzakirə olunan əsas məsələlərdən biri də odur ki, ötən müddət ərzində Vətən Müharibəsindəki qələbəmizlə, şəhidlərimizlə, onların qəhrəmanlıqları ilə bağlı yaxşı bədii ədəbiyyat nümunələri yazılmır. Yaxşı filmlərin çəkilmədiyini iddia edənlər də az deyil. Hətta buna görə şairləri, yazıçıları, bəstəkarları, rejissorları, sənət adamlarını bu mövzuya müraciət etməməkdə qınayanlar da az deyil. Əks düşərgə isə bununla razılaşmır. Adıçəkilən mövzuya aid kifayət qədər əsərlərin, musiqilərin yazıldığını iddia edirlər.

Məsələni yazıçı, jurnalist Qan Turalı ilə müzakirə etdik. Qan Turalı da Publika.az-a müsahibəsində sənət adamlarına qarşı irəli sürülən bu cür ittihamlarla barışmadığını dilə gətirdi.

Müsahibəni təqdim edirik:

- Tural bəy, 44 günlük müharibədən il yarım vaxt keçir. İndi ən çox müzakirə olunan məsələlərdən biri də budur ki, il yarım ərzində qələbəmizi simvollaşdıran yaxşı peoziya və nəsr nümunələri, ssenarilər yazılmayıb. Siz bu haqda nə düşünürsünüz?

- Əlbəttə, hər sahənin öz peşəkarları, öz mütəxəssisləri var. Həmin mütəxəssislər olmadan göstərilən hər bir rəy anormaldır. Ədəbiyyat da xüsusi, spesfik bir sahədir. Hamı şeir oxuya bilər, amma hamı şeir haqqında yaza bilməz. O ki, qaldı müharibə ilə bağlı ədəbiyyatın yaranmasına, bunu misal üzərində göstərək; Məsələn, Amerika ədəbiyyatına baxaq, Amerika İraqa girdi, 1982-ci ildə İngiltərə Argentina ilə Folklenddə müharibə elan elədi. İndi mənə İngiltərədə həmin zəfərlə bağlı yazılan bir əsər göstərin, ən azından mən belə bir əsərlə rastlaşmamışam. 1974-cü ildə Bülənt Ecevitin baş nazirliyi dönəmində Türkiyənin Kiprdə əfsanəvi bir qələbəsi oldu. Türk ordusu öz xalqını yunan faşistlərindən xilas elədi. Onunla bağlı hansısa film göstərə bilərsinizmi?

- Ssenarilər var, bir-iki film də var.

- Göstərin mənə...

- Səhv eləmirəmsə, “Kölgələr və surətlər”... Yenə səhv eləmirəmsə, elə “TRT”də göstərilmişdi...

- Hadisənin üzərindən xeyli müddət keçib. Birincisi, bu cür hadisələrlə bağlı əsərlər yazılacaq deyə bir şey yoxdur. İkincisi, ədəbiyyat sağlıq demək deyil ki, kimsə durub sağlıq desin...

- Amma yazıçıları, şairləri zəfər ədəbiyyatı yaratmamaqda ittiham edirlər. Ədiblər isə bununla razılaşmadılar. Əsərlər yazdıqlarını, fəqət, diqqətdən kənarda qaldığını bildirdilər...

- Səhv edib ittiham edirlər. Buna görə yazıçı və şairləri heç kim ittiham eləyə bilməz. Bəzi yazıçılar, şairlər də ərinmədən durub hesabat verirlər. Adama deyərlər ki, kimə hesabat verirsiniz?! Bizim borcumuz Azərbaycan ədəbiyyatı, Azərbaycan xalqı qarşısındadır.

- Bəs biz Azərbaycan xalqı qarşısında o borcu verə bilirikmi?

- Bəli, əlbəttə. Sizə bir şey deyim, Azərbaycan xalqını Azərbaycan ədəbiyyatı yaradıb, vəssalam. Nəfərlər, fərdlər başqadır. Amma “nəfərlər” yazmaq başqa, “xalq” yazmaq başqa şeydir. Bu gün dünyada Əfqanıstan xalqı anlayışı yoxdur. Puştunlar başqadır, darilər başqa... Azərbaycan xalqı anlayışı var və bu anlayışı Cəlil Məmmədquluzadə olmaqla Azərbaycan ədəbiyyatı yaradıb. Vaxtilə Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”in əsasını qoyanda, “Azərbaycan xalqı” fikri ilə ilk dəfə çıxış edəndə həmin dövrdə bəzi adamlar deyirdilər ki, bu fikir necə oldu, haradan meydana gəldi... Bu gün bizdə media biznes subyekti kimi maliyyələşdirilir. Dünyada heç bir ölkədə media bu cür maliyyələşdirilmir, amma incəsənət maliyyələşdirilir. İngiltərədən o tərəfi yoxdur, aybaay dövlət teatrlara pul verir. Fransada kitab mağazaları ilə bağlı dövlət proqramı qəbul edildi. Kitab mağazalarına da yardım olunur. Demək istədiyim odur ki, incəsənətin, mədəniyyətin bu qədər fundamental problemi ola-ola başqa şeyləri müzakirə edirik. Yazıçılardan ən yaxşı vəziyyətdə olan bizik, heç olmasa, yazdıqlarımızı bloqlara qoyuruq, camaat oxuyar. Bəs digər incəsənət sahəsinin təmsilçiləri nə etsin?! Bunu heç vaxt işıqlandırmayıblar, durub yekə-yekə danışırlar ki, niyə əsərlər yaratmırlar?! Onlar bilirlərmi ki, Azərbaycan ədəbiyyatının hansı problemləri var?! Son dövrdə Rusiyada kağızın bahalaşması fonunda kitab çapının qiymətləri olduqca bahalaşıb. Bizdən borc alan Allahın Belarusu öz kitab mağazalarının hamısını dövlət hesabına maliyyələşdirir. Yəni insanlar hər hansı kitab mağazasını götürür, onun kirayəsini də dövlət ödəyir. Bunu ömür boyu heç yerdə danışmayanlar indi şair və yazıçıları müharibə, zəfər ədəbiyyatı yaratmamaqda ittiham edirlər. Kitab mağazası var idi, Əli Həsənov onu talamışdı. Bakı Mətbuat Mərkəzini qurmuşdu. Əli Həsənov onu talamışdı, özünə ofis olaraq götürmüşdü. Bakının ən böyük kitab mağazası idi...

- Tural bəy, ilyarım əvvəl qazandığımız zəfərlə bağlı yaxşı filmlər çəkə, onu dünyaya çıxara bilərikmi? Ssenaristlər deyir ki, onlar üzərinə düşəni ediblər. Ssenarilər yazıblar, amma maraqlananlar yoxdur. Mədəniyyət Nazirliyi də büdcə məsələsini Maliyyə Nazirliyinin boynuna atır. Sizcə, burada günahkar kimdir?

- Maliyyə Nazirliyi büdcəni hazırlayır. Büdcə layihəsi daha sonra parlamentdə təsdiq olunur. Ardınca prezident onu təsdiqləyir. Bundan sonra həmin layihə qüvvəyə minir. Maliyyə Nazirliyi özü büdcə hazırlasa da, onu parlament təsdiqləyir. İndi deyirlər ki, “Bizim Cəbiş müəllim” kimi yaxşı müharibə filmimiz var. Həmin film 1969-cu ildə, Böyük Vətən Müharibəsindən 25 il sonra çəkilib. Onlar da çox bahalı filmlərdir. Hər hansı bir film öz-özünü maliyyələşdirməlidir. Kobud şəkildə desək, 1 - 1,5 milyon manat gəlir gətirməlidir. Bizim ölkədə şəbəkə sistemi də yoxdur. Ancaq Bakıda var. Mənim qardaşım hazırda həmin işlə məşğuldur. Rayonlara gedərək həmin filmləri özləri göstərirlər. Hazırda Qazaxdadır. Filmi buradan buraxasan, bütün ölkədə yayımlana... Bizdə belə bir sistem mövcud deyil. Deməli, bütün bunları dövlət eləməlidir, vəssalam.

- İndiyə kimi Qarabağ müharibəsi ilə bağlı – hər iki müharibəni nəzərdə tuturam – yaxşı filmlər çəkə bilmişikmi?

- Bəli, yaxşı filmlər çəkilib. “Fəryad” filmi lentə alınıb. İndi də ikincisi çəkilir. Rejissor Elxan Cəfərovun “Dolu”, “Yarımçıq xatirələr” kimi filmləri var. Elçin Musaoğlunun “Nabat” filmi var, o da çox yaxşı filmdir. Həqiqətən də çox yaxşı filmlərimiz mövcuddur. Həmin filmlərə baxmırlar, deyirlər ki, yaxşı filmlər çəkilməyib. Mənim çox sevdiyim "Sarı gəlin" filmi var. Yavər Rzayevin filmidir. Oxcular da baxsınlar. Axı, yaxşı filmlərimiz var. Xarici təşkilatların birinin Qarabağ mövzusuna həsr olunan filmlərlə bağlı hesabatını oxumuşdum. Bir neçə filmin adı çəkilmişdi. O cür filmlərdən Ermənistanda çəkilibmi, çəkilibsə, sayın. Dövlət bu cür filmlər üçün pul ayırmalıdır. Maliyyə Nazirliyi "Azərbaycanfilm"in fəaliyyətini qınayır. Maliyyə nazirliyindəkilər kino ilə bağlı peşəkar mütəxəssis deyillər. Bununla bağlı Mədəniyyət Nazirliyi məsələ qaldırmalıdır. Müharibə mövzusunda yaxşı filmlər çəkmək üçün yaxşı pul lazımdır. Çünki yaxşı film çəkmək baha başa gəlir. Bunun üçün dövlət pul ayırmalıdır. Haqqında təntənə və bəh-bəhlə danışdığımız filmlərin hamısı sovet dövründə, dövlət büdcəsi hesabına çəkilib. Aylıq gəliri 500, 1000 manat olan sənətkarlara niyə 1 milyon manatlıq film çəkmirsən? – demək gülməlidir.

- Bəy, ermənilər aprel döyüşləri ilə bağlı 2 tam, 5-i qısametrajlı olmaqla 7 film çəkiblər. Bizdə niyə alınmır? Elə Milli Qəhrəman Mübariz İbrahimovu götürək. Türkiyə seriallarında onun haqqında bəhs olundu. Hətta bədii film çəkmək planlaşdırılırdı. Biz niyə öz qəhrəmanımıza bu qədər diqqət göstərmirik?

- Yenə deyirəm, bunun maliyyəsini dövlət ayırmalıdır. Mənim də ssenarilərim var. Dövlət pul ayırsın çəkək. Mən öz cibimdən kitab çap etdirə bilərəm, amma film çəkə bilmərəm. “Yarımçıq xatirələr” filminin büdcəsi 2 milyon dollardır. Bunun üçün dövlətin yardımı olmalıdır ki, o cür filmlər çəkilsin. Deyirlər ki, bəstəkarlarımız niyə opera yaratmırlar. Bu adamlar ömründə operaya gediblərmi?! Opera yaratmaq da son dərəcə bahalı işdir. Belə bir işə görə sənət adamını necə qınamaq olar?! Opera evdə baxılması üçün deyil axı, bu istehsal olunmalıdır. Yaxşı opera və ədəbiyyat nümunələri yarada biləcək bəstəkarlarımız da, yazarlarımız da var.

- Hər şeyi dövlətin üzərinə yıxmaq nə dərəcədə doğrudur? İş adamları da bu prosesə cəlb oluna bilməzmi?

-Kim cəlb eləməlidir, yenə də gəlib dövlətin üzərində dayanırıq.

- Məsələn, iş adamları vergidən azad oluna bilər, bunun qarşılığında da şirkətlər, iş adamları film sənayesinin inkişafına sərmayə qoya bilərlər...

- Bu məsələ bir neçə dəfə təklif olunub. Doğrudur, razıyam. Mən vergilər naziri deyiləm, ona görə də hansısa iş adamlarına, şirkətlərə dövlətin edə biləcəyi endirimi edə bilmərəm. Demək istəyirəm ki, dövlətin iqtidarında olan imkanları bizim üzərimizə yıxmaq olmaz. Hər şeyi bizim üstümüzə atmaqla deyil ki... Bunları da dövlət eləməlidir. Məsələnin kökü var. Bunu başa düşmədən doğru nəticəyə gələ bilməyəcəyik. Hadisələrə geniş rakursdan baxmalıyıq. Kiçik rakursdan baxanda deyə bilərik ki, şairlərimiz, yazıçılarımız niyə yazmır, bəstəkarlarımız niyə bəstələmirlər. Amma belə deyil axı... Azərbaycan yazıçısının kitablarının bütün ölkədə yayılmamağının, onun nəşrlərinin sayının az olmağının günahını bizim üstümüzə atmaq düzgündürmü, xeyr! Mən uşaq olanda ölkənin beşinci şəhəri olan Əli-Bayramlıda kitab mağazaları var idi və mən gedib oradan kitab alırdım. İndi yoxdur.

- Belə başa düşdüm ki, burada ən önəmli nüanslardan biri də oxucu problemidi...

- Oxucu problemi deyəndə ki... Hər şeydən qabaq mağaza olmalıdır ki, gedib oradan kitab alasan. Türkiyədə belə bir şəbəkə var. Amma Azərbaycanda nə qəzet, nə də kitab üçün belə bir şəbəkə var. Fakt ortadadır. Heç nə demirəm, Azərbaycanda mediaya ayrılan pulların onda biri ədəbiyyata ayrılsaydı, çox əla olardı.

- Qarabağla, zəfər salnaməmizlə bağlı yazılan yaxşı ssenarilərin və ssenaristlərin adlarını çəkə bilərsinizmi?

- Mən kiminsə yaradıcığına qiymət verəcək haqqı özümdə görmürəm. Amma birmənalı şəkildə deyə bilərəm ki, çox yaxşı ssenarilər var. Bir deyil, iki deyil, onlarladır. Orxan Mərdanın əlində çox yaxşı ssenarilər var. “İkinci pərdə”ni də o çəkib. Yaxın dostumdur deyə bir qədər detallı bilirəm. O adamın beş ildir ki, ssenari əlindədir və beş ildir girinc qalıb. Heç yerdən pul tapıb onu ekranlaşdıra bilmir. Tapmaq lazımdır. Prosesləri görmədən, qıraqdan danışmaq çox asandır.

- Amma Xalq artisti Rasim Balayev deyir ki, bizdə yaxşı film ssenariləri yoxdur, ona görə də sırf müharibə ilə bağlı dəvət aldığım bir sıra film çəkilişlərindən imtina edirəm...

- Bəli, Rasim müəllim düz deyir. Rasim müəllim aktyordur. O film ssenarisini çəkiliş meydançasında görür. Yəni ssenari təsdiqlənib çəkilməyə başlayanda... Rasim müəllimin Azərbaycanda yazılan ssenariləri birbaşa görmək imkanı yoxdur. Təsdiqlənmiş ssenariləri görür. Gerçəyə qalanda, doğrudur. Amma mənim haqqında bəhs elədiyim yaxşı ssenarilər heç o mərhələyə qədər gəlib çıxmayıb axı. Elxan Cəfərovun üç filmi var. Elə olsun, “Yarımçıq xatirələr”... Çox yaxşı filmlərdir. Mən sizə tam əminliklə deyirəm ki, heç Türkiyədə bu səviyyədə yaxşı filmlər yoxdur. Elçin Musaoğlunun “Nabat”ı... Mən hələ son illərdəki ssenarilərdən, filmlərdən danışıram.

- İstər romanda, istər ssenari və film sahəsində erməniləri bizdən üstün edən nüanslar nələrdir? Hansı faktorlardır ki, onlarda var, bizdə yoxdur?

- Ermənilərin bizdən güclü olduğunu nəyə əsasən deyirsiniz?

- Məsələn, “Hollivud”da ssenariləri ekranlaşdırılır. Qondarma soyqırımı ilə bağlı da “Hollivud”da film çəkildi. Erməni aktyorlar da həmin filmdə yer almışdılar...

- Əvvəla, onu deyək ki, ermənilərin xaricdə güclü diaspor şəbəkələri var. Fransada, Amerikada, Rusiyada güclü diasporları mövcuddur. Bu, birmənalıdır. Amma onların bu sahədə bizdən daha çox qabağa getdiyini düşünmək olmaz. Əgər onlar bizdən önə keçirlərsə, biz bundan utanc keçirməliyik. Dövlət də bu problemi həll eləməlidir. İkincisi, çoxları deyirdi ki, 90-cı illərdə ermənilər infrormasiya müharibəsində qabaqdadırlar. Həmişə belə düşünürdük. Ermənistan prezidenti Levon ter Petrosyan hələ 1997-ci ildə deyirdi ki, azərbaycanlılar bizi informasiya müharibəsində darmadağın ediblər. Bütün dünyada onlar işğalçı dövlət kimi tanındılar. BMT də 2009-cu ildə Ermənistanı işğalçı kimi qəbul elədi. Elçibəyin prezidentliyi dövründə BMT-də qətnamələr qəbul olundu. Heydər Əliyevin prezidentliyi dönəmində ATƏT-in Lissabon sammitində qəbul olunan bəyanatı yadımıza salaq. Bütün bunlar bizim müxtəlif dövlərdə informasiya müharibəsində Ermənistan üzərindəki qələbələrimizdir. Ermənilərin böyük rejissorlarından kimlərin adlarını çəkə bilərsiniz?! Müqayisə doğru deyil. Əlbəttə, onların da yaxşı işləri ola bilər. Biz onun qarşısını almalıyıq və daha yaxşısını çəkməliyik, vəssalam.

- Adətən deyirlər ki, bir tarixi hadisə ilə bağlı yaxşı filmlərin çəkilməsi, əsərlərin yazılması üçün həmin hadisənin üzərindən xeyli vaxt keçməlidir. İkinci Qarabağ savaşındakı qələbəmizi daha yaxşı dünyaya təqdim etmək üçün bizə nə qədər zaman lazımdır?

- Təbii ki, hadisənin üzərindən keçən qısa müddət ərzində yaxşı əsər ortaya çıxarmaq olmaz. Böyük Vətən Müharibəsi ilə bağlı yaxşı filmlər 60-cı illərdən sonra çəkilməyə başlanıldı. Bu onunla bağlıdır ki, hadisənin üzərindən müəyyən zaman keçir, hər şey soyuyur. İnsanlar hadisələrə daha rasional baxa bilirlər. “Fəryad” filmində yaxşı bir epizod var. Erməni qızı əsirə gətirib yemək, su verir. Yəni insanlar müəyyən proseslərə, təbiiliyə hazır olmalıdırlar. Burada yaxşı pul ayrılması da hər şeyi həll eləmir, həm də yaxşı şərait yaradılmalıdır. Yaxşı, münbit şərait yaradılsa və adekvat maliyyə problemləri də dövlətimiz tərəfindən həll olunsa elə bu gündən başlayaraq çox yaxşı filmlər çəkmək olar. Çünki biz erməni deyilik, düşmənin də yaxşısını qiymətləndirə bilirik. Bütün ermənilər pisdir – deyə bilmərik. Əlbəttə, onların arasında insan olanı da, faşistlər də var. 60-70-ci illərdə Azərbaycanda “Bizim Cəbiş müəllim”, “Bir cənub şəhərində” kimi yaxşı filmlərimiz ortaya çıxdı. Bizim aktyor, rejissor və texniki imkanlar baxımından imkanlarımız o dövrdəkindən daha çoxdur. Məsələn, Hikmət Rəhimov... dəfələrlə gedib onun tamaşalarına baxmışam. Çox yaxşı aktyordur. Camaat deyirdi ki, yaxşı aktyorumuz yoxdur. Sonra “İkinci pərdə” filmi çıxdı. Camaat gördü ki, Hikmət Rəhimov necə böyük aktyor imiş... Elə Zülfiyyə Qurbanovanı götürək. Çox yaxşı, istedadlı aktrisalarımızdandır. Rasim Cəfərov, Kamran Ağabalayev, Amid Qasımov... Bizim çox yaxşı aktyorlarımız var. Kinoya getməyənlər deyir ki, bizim yaxşı aktyorlarımız yoxdur. Gərək aktyorları geniş kütləyə çıxarasan ki, onları hər kəs tanısın. Mədəniyyətin inkişafı üçün mədəni şərait lazımdır. Bu, bir prosesdir. Bunun inkişafı bir anlıq bir şey deyil, zaman keçməlidir. Türkiyədə də serail sektoru son 15-20 ildə inkişaf elədi və bu səviyyəyə gəlib çıxdılar. Bu, bir insan üçün də, bir nəsil üçün də, bir dövlət üçün də yetişmək baxımından bir prosesdir. Meyxana deyil ki, qafiyə verilən kimi meyxana deyəsən... Onu da deyim ki, bizim hazırda yaxşı filmlər çəkəcək potensialımız var, vəssalam!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm