Xüsusi
1918-ci ilin xəritələri yenidən gündəmə gəlir? - Tofiq Zülfüqarov
Mayın 22-də Brüsseldə Azərbaycan və Ermənistan danışıqlarının növbəti raundu baş tutdu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan 5 saatlıq müzakirələrdən sonra bir sıra irəliləyişlərə nail olublar. Məlumatlara görə, görüşdə “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. “Status” məsələsi ümumiyyətlə olmayıb, yalnız Azırbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və onların təhlükəsizliyinə təminat verəcəyini bəyan edib.
Eyni zamanda humanitar sahədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi müzakirə olunub.
Bəs bu görüşdən sonra nəzəriyyə müstəvisindən praktiki fazaya keçid nə ilə nəticələnəcək? Praktiki irəliləyişlərin əldə olunması mümkündürmü?
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az">Publika.az-a müsahibəsində söyləyib ki, Ermənistan öz hiyləgərliklərindən əl çəkməsə və daşı ətəyindən yerə tökməsə, delimitasiya və demarkasiya məsələsində Azərbaycan 1918-20-ci illərin xəritələrinin əsas götürülməsini gündəmə gətirə bilər.
Müsahibəni təqdim edirik:
- Mayın 22-də Əliyev və Paşinyan arasında baş tutan Brüssel görüşündə irəliləyişlərə nail olunduğu bildirilir. Söhbət hansı irəliləyişlərdən gedir?
- Sonuncu Brüssel görüşü ilə bağlı hər hansı sənəd imzalanmayıb, orada tərəflərin razılığı öz əksini tapsın. Sadəcə olaraq orada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı yayımlandı. Bəyanat öhdəlik deyil. Yəni biz onun bəyanatı ilə bağlı üzərimizə hər hansı öhdəlik götürmürük. Şarl Mişel sadəcə olaraq müzakirə olunan məsələləri sadalayıb. Deyib ki, bir sıra məsələlərlə bağlı tədbirlər görüləcək. Görüşlə əlaqədar mən hər hansı öhdəliklə bağlı sənədə rast gəlməmişəm. Ona görə də Brüsseldə hər hansı razılaşmanın olduğunu deyə bilmərəm. Burada əsas diqqətçəkən məqamlardan biri bizim mövqeyimizi əks etdirən məqamların olmasıdır. Bəzi məqamlarda isə ermənilərin maraqları öz əksini tapır. Bu baxımdan son Brüssel müzakirələri də cari görüşlərdən biridir. Şarl Mişelin bütün görüş iştirakçıları adından danışması o deməkdir ki, Paşinyan həmişəki kimi bağlı qapı arxasında hamını özünün “yaxşı adam” olduğuna və müxalifətin ona maneçilik törətdiyinə inandırıb. Eyni zamanda ona möhlət və pul verməyi xahiş edib. Bizim Prezidentimiz isə sülhə can atma səyini nümayiş etdirdi. Azərbaycana qarşı ərazi iddiaları mövzusunun Ermənistanın gündəmində qaldığı halda onlara adekvat cavab veriləcəyini vurğuladı.
- Görüşdə ərazilərin minalardan təmizlənməsi və itkin düşmüş şəxslərin sonrakı taleyi ilə bağlı məsələlər də müzakirə edildi. Birinci Qarabağ savaşından sonra 4000-ə yaxın şəxs hələ də itkin sayılır. Ermənilər bu görüşdən sonra onların sonrakı taleyi ilə bağlı bizə məlumatları təqdim edəcəklərmi?
- Burada söhbət ondan gedir ki, Brüsseldə hər iki nüansla bağlı bəzi məqamlar müzakirə olunub. Birinci Qarabağ savaşında girov götürülmüş, əsir düşmüş şəxslərin sonrakı taleyi ilə bağlı müzakirələrin nə ilə nəticələnməsi barədə sadəcə olaraq Şarl Mişel danışıb. Bu da o deməkdir ki, məlum məsələ ilə bağlı tərəflər arasındakı razılaşmanın miqyası o qədər də yüksək deyil. Ona görə də Avropa İttifaqı Şurasının prezidenti iki ölkə rəhbərinin adından mövcud vəziyyəti özü başa düşdüyü kimi izah edib. Bu məsələdə də hər hansı bir ciddi irəliləyiş gözləməyi düzgün saymıram. Çünki Ermənistan özünəməxsus taktika seçib. Onlar hər vəchlə vaxt uzatmağa çalışırlar. Bu baxımdan bu cür görüşlər ermənilərə ona görə lazımdır ki, onlar bu və ya digər şəraitdə özlərini hansısa maliyyə yardımları ilə təmin etsinlər. Ermənilər ona görə də bu cür görüşlərdə iştirak etməkdə maraqlıdırlar. Hətta İrəvan bu cür danışıqlarda özünü sülhpərvər, sülhəmeylli kimi göstərməyə çalışır. Amma Azərbaycan tərəfi özünü sülhsevər göstərməklə yanaşı, öz mövqeyini də dilə gətirir. Hətta rəsmi Bakı mövcud problemləri də Avropadakı siyasi elitaya göstərib. Praktiki olaraq rəsmi Bakı onu sübuta yetirdi ki, indiyə qədər üstüörtülü şəkildə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır.
- Şarl Mişel dedi ki, yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Yəni komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Bu nədən xəbər verir?
- Söhbət ondan gedir ki, bu proses hansı xəritələr üzərində həyata keçiriləcək. Daha doğrusu, prosesə hansı illərin xəritəsinə əsasən başlanılacağı önəm daşıyacaq. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə, o zaman birmənalı olaraq danışıqlar masasında 1918-ci ilin xəritələri gələ bilər. Bu baxımdan vəziyyəti mən belə qiymətləndirirəm.
- Şarl Mişelin açıqlamasında kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması məsələsinə də toxunulub. Sizcə, beynəlxalq yüklərin nə vaxtsa bu marşrut üzərindən mənzil başına çatdırılması mümkün olacaqmı?
- Mənim buna heç bir şübhəm yoxdur. Çünki Zəngəzur dəhlizi deyilən kommunikasiya həm bizim, həm də Ermənistanın xeyrinədir. Onlar bunu yaddan çıxarmamalıdırlar. Bu baxımdan Zəngəzur dəhlizinin reallaşması məndə şübhə doğurmur.
- Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə də razılığa gəlinib. Bu məsələ özündə nəyi ehtiva edir?
- Bu məsələ kommunikasiyaların fəaliyyətinin hansı əsaslarla olmasını özündə ehtiva edir. Yəni 10 noyabr 2020-ci ildən fərqli olaraq ermənilər Zəngəzur dəhlizi ilə bağlı təhlükəsizlik zəmanəti verməkdən boyun qaçırırlar. Zəngəzur dəhlizində təhlükəsizliyi rusiyalı sərhədçilər həyata keçirəcəklər. Amma eksterritoriallıq bizə verilmir. Hesab edirəm ki, bu, ikibaşlı mövzudur. Mən bu məsələni Laçın dəhlizinə də şamil etməyi qaçılmaz sayıram. Söhbət indiki mərhələdən gedir. Yəni ermənilərin seçimi var idi. Onlar Zəngəzur dəhlizindən istifadəni yuxarıdakı şəkildə razılaşdıra bilərdilər. Amma ermənilər fərqli yol tutdular. Elə güman edirlər ki, Azərbaycan tərəfi Laçında gömrük postu qura bilməyəcək və ya buna nail olmayacaq. Məntiqə görə, Laçın dəhlizində də bizim sərhədçilərimiz dayanmalı və bizim gömrük postlarımız qurulmalıdır. Yəni şəraitlər eyni olmalıdır.
- Tofiq müəllim, Brüsseldə iqtisadi inkişafın təmin olunması üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi məsələsi ilə bağlı razılıq əldə olundu. Üstəlik, Avropa İttifaqı əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasına dəstəyini ifadə etdi. Bu nüanslarla bağlı nə düşünürsünüz?
- Əvvəldən də belə bir tendensiya var idi ki, Avropa İttifaqı yalnız Ermənistana kömək edir. Aİ-nin bəyan etdiyi proqramlar da belə deməyə əsas verirdi. İndi biz görürük ki, vəziyyət dəyişir. Artıq mexanizmlər olacaq. Regionda olan ehtiyacların ümumi dəyəri nəzərə alınacaq. Yəni bunun mexanizmləri işləyəcək. Hesab edirəm ki, bu, sadəcə olaraq Azərbaycanın səylərinin nəticəsidir.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı