Xüsusi
Dünya yeni savaşın astanasında: müharibə bu ölkələrə keçir - ŞOK PROQNOZ
Publika.az iqtisadçı ekspert Natiq Cəfərli ilə müsahibəni təqdim edir:
- İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio bildirib ki, Ukrayna limanlarından taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr başlayacaq, dövlət çevrilişləri, terrorun yeni təzahürləri olacaq ki, bu da Afrikadan Avropaya daha çox miqrant axınına səbəb olacaq. Bir sözlə, savaş kasıb ölkələrə keçir. Sizcə, bu, mümkündürmü?
- Müharibədən öncə Ukraynanın taxıl ixracı xəritəsinə baxanda Afrika ölkələri öndə gəlirdi. Afrikanın bir çox ölkələri taxıla olan tələbatının böyük hissəsini Ukraynadan təmin edib. Nəticə etibarilə, bu gün 20 milyon tona yaxın Ukrayna taxılını ölkədən çıxarmaq hələlik mümkün deyil. Hazırda danışıqlar gedir, Türkiyə də bu işdə önəmli rol almağa çalışar. Bu taxılın böyük hissəsi, təxminən 70-80 faizi Afrika ölkələri üçün nəzərdə tutulub. Əgər əvəzi tapılmasa, başqa dövlətlərdən həmin ölkələrə taxıl və dənli bitkilərin ixracı baş verməsə, bu, aclıq və səfalətin artması ilə nəticələnəcək. Bu isə sabitliyin pozulması, vətəndaş müharibəsi, qarşıdurmalar və nəticədə yeni miqrant axınlarına səbəb ola bilər.
- Türkiyənin Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardığı danışıqlar nəticəsində “taxıl dəhlizi”nin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb. İstanbulda yaradılması planlaşdırılan mərkəz vasitəsilə Ukrayna və Rusiyadan 20 milyon ton taxılın dünya bazarlarına çıxarılması gözlənilir. Bu mexanizm böhrandan çıxış yolu kimi işə yarayacaqmı?
- Bu, hər tərəfin, o cümlədən də Ukraynanın maraqlarına uyğundur. Çünki ölkəyə valyuta lazımdır, hazırda dünya bazarında taxıl bahadır. Satış həyata keçirilərsə, Ukrayna həm valyuta gəlirləri əldə edə bilər, həm də taxıl ehtiyacı olan ölkələrin məhsulla təminatı mümkün olacaq. Türkiyə burada çox önəmli moderator rolunu oynayır və bununla bağlı Sergey Lavrovun Ankaraya səfəri gözlənilir. Danışıqlar nəticəsində müəyyən yol xəritəsi hazırlanacaq və çox güman ki, Türkiyə tərəfi də bu yol xəritəsini NATO üzvü olaraq Qərb ölkələri ilə razılaşdıracaq. Bu baş verərsə, kifayət qədər böyük şans yaranır ki, Türkiyənin moderatorluğu ilə kasıb ölkələrin aclıqdan xilas olması, Ukrayna taxılının həmin dövlətlərə çatdırılması mümkün ola bilər.
- Vladimir Putin təklif edib ki, Ukrayna ya Belarus üzərindən ixrac həyata keçirsin, ya da Qara dəniz suları minalardan təmizlənsin. Dəniz limanlarının ətrafının minalardan təmizlənməsi isə rus hərbi gəmilərinin Ukraynanın liman şəhərlərinə, o cümlədən Odessaya hücuma keçə bilməsinə şərait yaradır. Sizcə, belə bir ehtimal olduğu halda Ukrayna buna razı olacaqmı?
- Odessanın bu günə qədər hücuma məruz qalmamasının əsas səbəblərdən biri dənizdən şəhərə yaxınlaşmağın mümkün olmamasıdır. Rusiya tərəfindən bir neçə cəhdlər oldu, hətta desant çıxarmaq cəhdi də oldu, Rusiyanın ən böyük Qara dəniz gəmilərindən biri olan “Moskva” kreyseri Ukrayna tərəfindən vurularaq batırıldı. Rusiyanın müharibədə ən böyük itkilərindən biri məhz o gəmidir. Nəticə etibarilə, belə bir təhlükə var. Əgər taxıl yüklü gəmilərin aparılması üçün sular minalardan təmizlənərsə, bundan Rusiya da istifadə edə bilər. Bu, çox aydın görünür və Ukraynanın çəkinməsi də bununla bağlıdır. Bu səbəbdən Kiyev beynəlxalq zəmanət istəyir, o cümlədən Türkiyənin də buna qoşulmasını istəyir ki, belə bir şey baş verməsin. Gəmilərin daşınması üçün kiçik koridor açıla bilər. Mina xəritələri Ukraynada və peyk çəkilişləri ilə demək olar ki, bütün ölkələrdə var. Türkiyə zəmanət verərsə, türk hərbi katerlərinin müşayiəti ilə, onların qorunması altında taxıl gəmilərinin Odessa və Nikolayev limanlarından çıxarılması mümkündür. Bu addıma Ukrayna razılıq verə bilər. Ancaq dəniz xəttinin tamamilə minalardan təmizlənməsi, Rusiya gəmilərinin yolunun açılması Ukraynanın maraqlarına cavab vermir.
src="/storage/files/upload/638facc5582c1d1a620a61119c0947f8fc49e4be.jpg" style="width: 361px; height: 270.75px;" class="fr-fic fr-dib fr-fil">
- Sonuncu dəfə Rusiyada məhsul çatışmazlığı olanda “Misir inqilabı” başlamışdı. Belə bir inqilab yenə də gözlənilirmi?
- Qeyri-sabitlik istənilən ölkənin daxili çəkişmələrinin artması üçün əsas amillərdən biridir. O cümlədən də ərzaq, inflyasiya, qiymət artımı ilə bağlı bütün dünyada böyük proseslər gedir, dünyanın hər yerində qiymət artır. Bahalaşmadan daha pis məsələ isə fiziki məhsul çatışmazlığıdır. Dünyada bununla bağlı çox ciddi problem yaşandığı söylənilir. Problem təkcə Ukrayna və Rusiya deyil, hava şəraitinə görə Hindistanda məhsuldarlıq 12% azalıb, dünyanın ən böyük taxıl anbarlarından biri olan Kanadada havaların soyuq keçməsi ilə əlaqədar məhsuldarlıq çox ciddi şəkildə aşağı düşüb. Buna görə də ümumilikdə fiziki çatışmazlıq müşahidə oluna bilər. Aclığın olması xaoslara yol aça, inqilabların, çevrilişlərin və vətəndaş qarşıdurmalarının baş verməsi üçün əsas yarada bilər.
- Rusiya-Ukrayna müharibəsi başlayandan bəri dünyada aclıq, qida çatışmazlığı ilə bağlı həyəcan təbili çalınır. Bu proqnozlar çərçivəsində dünya necə rəftar etməlidir, çıxış yolu nədir?
- Varlı ölkələrin, xüsusilə də Avropa İttifaqı və Şimali Amerika dövlətlərinin bunun öhdəsindən gəlmək üçün kifayət qədər ehtiyatları var. Onlarda problem ancaq inflyasiya ilə bağlıdır, yəni hər şey var, lakin bahadır. Dünya Afrika və Cənubi Asiya ölkələrinin - Banqladeş, Şri Lanka, Nepal və digər dövlətlərin timsalında fiziki olaraq ərzaq çatışmazlığı ilə üz-üzə qala bilər. Hətta pulları olsa belə ərzaq tapa bilməyəcəklər. Burada problem buna görə düyünlənir və çətinləşir. Ona görə də dünyanın hazırkı qarışıq zamanında, beynəlxalq hüququn yerlə bir olduğu, demək olar ki, çökdüyü vaxtda hansısa oyun qaydalarının yenidən təsis olunmasına ehtiyac yaranıb. Rusiyanın Ukraynaya müdaxiləsi göstərdi ki, beynəlxalq hüquq artıq işləmir. Beynəlxalq hüquq son 47 ildə - 1975-ci ildə Helsinki konfransında təsis olunmuşdu və pis-yaxşı işləyirdi. Bu gün beynəlxalq hüququn olmaması ilə bağlı yeni bir “İkinci Helsinki”yə ehtiyac yaranıb. Bu da artıq beynəlxalq hüquqla, o cümlədən ərzaq təhlükəsizliyi, xəstəliklərlə mübarizə, dünyanın gömrük siyasəti ilə bağlı yeni qaydaların hazırlanması deməkdir. Ölkələr qapanır, hər bir dövlət öz daxili bazarını qorumağa çalışır. Bu isə vəziyyəti daha da gərginləşdirir, ticarəti zəiflədir, çatışmazlıqlar yaranır. Son 45-50 ildə dünya xeyli qloballaşmışdı, ona görə də bir yerdə hadisə baş verəndə digər yerdə bunun təsirləri olur. Biz bunu pandemiya zamanı da gördük, Çində istehsal azalan kimi bütün dünyada mal və məhsul növlərinin çatışmazlığı ilə qarşılaşdıq. Yeni dünya oyun qaydaları lazımdır, çox güman ki, yaxın aylarda, bu ilin sonu, gələn ilin əvvəllərində belə bir konfransın keçirilməsinin, yeni qaydaların təsisinin şahidi ola bilərik ki, bunun daxilində həm də aclıq və yoxsulluqla mübarizə yer ala bilər.
- Dünya bazarındakı çatışmazlıqları kompensasiya etməyin yolları varmı?
- Bu gün fiziki çatışmazlıq var. Hansı ölkələrdə imkan varsa, orada daha çox qarğıdalı, dənli bitkilər, buğda əkilməli və istehsal artırılmalıdır. Dövlətlər bunu subsidiyalaşdırmalıdır, stimullaşdırılma olmalıdır ki, fermerlər daha çox bundan istifadə etsinlər və əkin yerləri boş qalmasın. Hələlik çıxış yolu budur. Ən azından indiki yaz-yay əkinində müxtəlif səbəblərdən çatışmazlıq müşahidə olunursa, heç olmasa payız əkini hazırkı səhvlərdən nəticələr çıxarılaraq aparılmalıdır. Bunun üçün isə hökumətlər, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, beynəlxalq təşkilatlar subsidiyalaşdırmanı artırmalıdır.
- Dünyada baş verən bu proseslər Azərbaycana necə təsir edəcək?
- İlk növbədə qiymət artımı ilə təsir edir, yəqin ki, bundan sonra da edəcək. İnflyasiyanın artması insanların real gəlirlərinin azalmasına səbəb olur. Yəni maaşların artması inflyasiya artımı ilə adekvat deyil. Bizdə qiymət artımı sürətlə gedir. Amma yaxşı haldır ki, ölkəmizdə fiziki çatışmazlıq yoxdur və yaxın zamanlarda da ümid edirik ki, olmaz. Çünki müəyyən tədbirlər görülüb, taxıl, buğda ehtiyatları var, bitki yağları ehtiyatı yığılıb. Həm də Azərbaycan bir çox məsələlərin həllində Türkiyə ilə bərabər davrandığı üçün bu ölkənin imkanlarından istifadə etmək şansı yaranıb. Bu da Azərbaycanda bəzi məhsulların fiziki çatışmazlığını sığortalayan amilə çevrilib.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...