Xüsusi
Hərbi musiqimizin maestrosu: "Moskvada səsləndirdiyimiz milli marş rusları heyrətə gətirdi"
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti, professor, general-mayor Yusif Axundzadənin Publika.az-a müsahibəsi:
- Cənab general-mayor, Hərbi Orkestr Xidməti 30 il ərzində hansı inkişaf yolu keçib ?
- 1992-ci il iyulun 1-də Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi vəzifəsi mənə tapşırıldı, o gündən bu günə kimi də xidmət rəisi vəzifəsini mən icra edirəm. 3 aydan sonra - 1992-ci ilin oktyabr ayının 9-da “Azadlıq” meydanında Müstəqil Azərbaycanın Milli Ordusunun ilk hərbi paradı keçirildi. Orkestrimizin qısa müddət ərzində yaranmasına baxmayaraq, bu təntənəli keçidi layiqincə müşayiət edə bildik. Əlahiddə Ümumqoşun Ordunun Nümunəvi Hərbi Orkestrinin kollektivini sıfırdan yaratmışam. Sovetlər dağılandan sonra burada olan orkestrlərin hamısı ölkədən etdi. Ümummilli Liderimizin rəhbərliyi altında aparılan ordu quruculuğu digər xidmətlərlə yanaşı, hərbi orkestr xidmətinin də daha müasir səviyyədə inkişafına təkan verdi. Qısa müddət ərzində Quru Qoşunlarında, Hərbi Hava Qüvvələrində və Hərbi Dəniz Qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi orkestrlər yarada bildik. Bu gün Müdafiə Nazirliyinin tərkibində çox sayda orkestrlər mövcuddur, onlar 1993-cü ildə yaradılıb və bu gün də fəaliyyətdədir. Həm xüsusi günlərdə, həm də gündəlik öz hərbi hissələrindəki tədbirlərdə çıxış edirlər. Hərbi Orkestr Xidməti 30 il ərzində böyük inkişaf yolu keçib və bu sahə keyfiyyət və mahiyyət etibarilə yeni, professional mərhələyə gəlib çıxıb.
- Hərbi musiqi və marşların Azərbaycan ordusundakı rolundan danışmağınızı istərdik.
- Hərbi orkestr ordunun atributu hesab olunur. Adi bir əsgər yürüşünü orkestrin ifası olmadan təsəvvür etmək olmur. Orkestr marşı ifa edəndə əsgər də ruhlanır. Buna görə də orkestrimizin rolu çox böyükdür. Hərbi orkestrlər təkcə orduda hərbi musiqiləri ifa etmək üçün deyil, bu xidmət həm də orduda nizam-intizamın, təlim-tədrisin mütəşəkkiliyini təmin etmək üçün əhəmiyyətə malikdir. Azərbaycana gələn bütün prezidentləri, baş nazirləri, müdafiə nazirlərini Nümunəvi Hərbi Orkestr qarşılayır. Sovet dövründə ölkəmizə çox az sayda dövlət rəhbəri gəlirdi, amma müstəqilik əldə edəndən sonra saysız-hesabsız dövlət və hökumət başçıları Azərbaycana gəlib və onların qarşılanma mərasimində Nümunəvi Hərbi Orkestr iştirak edib. Hərbi orkestr dövlət səviyyəli rəsmi tədbirlərdə, ölkəmizdə keçirilən idman yarışlarında, mədəni-kütləvi mərasimlərdə nümunəvi çıxışlar edir və mütəmadi olaraq geniş konsert proqramlarını gerçəkləşdirir. Eyni zamanda bayram günlərində yürüşlərdə iştirak edir, xalqla canlı təmasda olurlar. Bizim işimiz cərrahın işinə bənzəyir, ən xırda detala belə diqqət edirik. Qarşılanma mərasimlərində hər saniyəyə dəqiqliklə yanaşmaq lazımdır.
- 1970-ci ildən orduda xidmət edirsiniz. Ulu öndər Heydər Əliyevin peşəkar zabitlərin hazırlanmasında və ordu quruculuğundakı fəaliyyətini necə xatırlayırsınız?
- 44 günlük müharibədə qələbəmizi təmin edən Ordumuzun bünövrəsini Heydər Əliyev qoyub. Ulu Öndər 1971-ci ildə C.Naxçıvanski adına hərbi liseyin əsasını qoydu. Bunun sayəsində indi bizim peşəkar zabitlərimiz, generallarımız, güclü ordumuz var. Həmin liseyi bitirənlərin bəziləri burada, bəziləri isə Türkiyədə və digər xarici ölkələrdə ali hərbi məktəblərə daxil olublar. Sovet vaxtı azərbaycanlı gənclərə bilərəkdən fiziki işlər gördürürdülər. Mən həmin dövrdə orduda xidmət edəndə fikir verirdim ki, ali hərbi məktəblərdə digər millətlərdən olanlar çoxluq təşkil edir, 4-5 nəfər isə azərbaycanlı olurdu. Ermənilər belə bizimkilərdən çox idi. Ancaq Ulu Öndərin sayəsində hərbi məktəblər yaradıldı, peşəkar zabitlər yetişdi və ordumuz gücləndi. Həmin peşəkar hərbçilərimiz 30 il işğal altında qalan torpaqlarımızı 44 günə azad etdilər. Bu gün orkestrimiz qalib ordunun qarşısında başqa ruhda çıxış edir.
- Sovet dövründə ölkə xaricində tədbirlərə gedirdinizmi?
- 1971-ci il 7 noyabr paradında Sovet Hərbi Dəniz Donanmasını Bakıda yerləşən Xəzər Ali Hərbi Dənizçilik Məktəbinin alayının təmsil olunması ilə bağlı əmr gəldi. Biz Kutuzovski prospektində ifa etməli və SSRİ hərbi donanmasını təmsil etməli idik. O zaman mən leytenant idim. Moskvada 1 ay məşqlərdə iştirak etdik. Parad proqramında hərbi donanmanın marşları var idi, rusca idi. Prospektlə gedə-gedə fikirləşdim ki, elə bir mahnı ifa etməliyik ki, dinləyicilərin milli kimliyimizdən xəbəri olsun. Çünki biz Azərbaycandan gəlmişik və onlar bunu bilməli idilər. Komanda verdim ki, bəstəkar Əlimərdan Əliyevin “Vətən” marşını ifa edək. İzləyən hər kəs heyrət içində dönüb bizə baxırdı. Çünki həmin dövrdə Moskvada hərbi paradda Şərq musiqisini səsləndirmək böyük hadisə idi. İfa bitəndə məktəb rəisi kontr-admiral Stepanov fasilə zamanı məndən bu barədə narazı tərzdə soruşdu: “Axundzadə, bu nə marş idi ifa etdiniz?” Dedim ki, bizim parada haradan gəldiyimizi hər kəs bilməlidir.
- Dünyada sizdən başqa general rütbəli hərbi dirijor varmı?
- Ulu Öndər fəaliyyətimi hər zaman yüksək qiymətləndirib. Ümummilli Lider 1998-ci ildə mənə “Xalq artisti” fəxri adı verdi və Heydər Əliyev Sayarında (o zamankı Respublika Sarayı) məni təbrik etdi. İlk dəfə idi ki, hərbi dirijora bu cür fəxri ad verilirdi. Məndən sonra bu adı alan hərbi dirijor yoxdur. Sovet dövründə də 2 dəfə fəxri ada layiq görülmüşəm. 1979-cu ildə “Əməkdar mədəniyyət işçisi”, 1988-ci ildə isə “Əməkdar incəsənət xadimi” adını almışam. Hərbi dirijor general rütbəsi Moskvada, ABŞ-da, bir də Azərbaycanda məndədir. Dövlət başçısı mənə ev verib, “Şöhrət” ordeni ilə təltif olunmuşam, Prezident təqaüdü alıram. Dövlətimizin qayğısını hər zaman hiss edirik.
- Fəaliyyətiniz dövründə yüzlərlə dövlət və hökumət başçılarının qarşılanma mərasimində iştirak etmisiniz. Yadınızda qalan hansı maraqlı xatirələriniz var?
- Ulu Öndərin prezidentliyi dövründə ABŞ səfirliyində tədbir keçirilirdi. ABŞ himnini ifa edəndən sonra səfir Heydər Əliyevə dedi ki, “Sizin orkestriniz bizim himnimizi amerikalılardan da yaxşı ifa edir”. Tədbir bitəndən sonra Ulu Öndər bizi təbrik etdi. Rəsmi tədbirlər dəqiqə, saniyə ilə ölçülür. Dialoqlar demək olar ki, olmur. Hər zaman bizdən razı olublar, hər şey yüksək səviyyədə olub. Roma Papası Fransiskin Prezident İlham Əliyevlə birlikdə orkestr heyətinin önündən keçib bayrağa tərəf gedən zaman papağı yerə düşdü. Hər kəs heyrətlə baxırdı, bir neçə saniyə içərisində papağı götürüb Roma Papasına təqdim etdim və tez öz yerimə keçdim.
- Müsahibələrinizin birində ən böyük arzunuzun Cıdır düzündə hərbi orkestrin müşayiəti ilə Qələbə paradını keçirmək və orada “Koroğlu” uvertürasını ifa etmək olduğunu demişdiniz. Qarabağa getdinizmi?
- Qarabağda olmuşam, amma “Koroğlu” uvertürasını səsləndirmək qismət olmayıb. İnşallah, o da olar, Cıdır düzündə də ifa edərik. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşündə, eyni zamanda Zəngilanda keçirilən görüşdə orkestrin rəisi Rüfət Axundzadə iştirak edib. Son olaraq Litvanın, Qırğızıstanın dövlət başçıları ölkəmizə gələn zaman tədbirlərdə mən özüm iştirak etmişəm. Biz hərbçiyik, komandanı gözləyirik. Əmr verilir və bunu icra edirəm. İstəyib-istəməmək sualı baxçada verilir, hərbçiyə deyil. Ona görə də əmr verilsə, böyük qürur hissi ilə Cıdır düzündə çıxış edəcəyik. “Koroğlu” uvertürasını biz əzbər ifa edirik. Bakı Musiqi Akademiyasının qarşısında 18 sentyabrda - həm Musiqi günü, həm də Üzeyir Hacıbəyovun ad günü tədbirini biz o uvertüra ilə açırıq. 2016-cı ildə Lələtəpə yüksəkliyi azad olunan zaman orada əsgərlər üçün konsert verdik. Fərhad Bədəlbəyli məndən onunla birlikdə ora getməyimi xahiş etmişdi. Məndən başqa hər kəs səhra paltarında idi, dedim ki, ermənilər qoy seyr etsinlər, heç kəsdən qorxum yoxdur, qoy görsünlər ki, general gəlib...
- Başqa nə kimi arzularınız var?
- Mən ömrüm boyu bu Vətən üçün çalışmışam. Gənclərin həyatı irəlilədir, çətinliklərdən qorxmasınlar, işləsinlər, Vətənə xidmət etsinlər, nəticəsi mütləq olacaq. Arzum ancaq gənclərlə bağlıdır...
Akqabay Mıradov
Foto: Rüfət Mikayılov
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi