Xüsusi
“KOSMETİKANIN ATASI” Rusiyadan niyə qaçdı - Məşhur yəhudi haqqında maraqlı FAKTLAR
“Kosmetikanın atası” kimi tarixə düşən yəhudi əsilli rusiya vətəndaşı - Maksimilian Faktoroviç 1904-cü ildə Rusiya İmperiyasından Amerikaya köçür və özünün kosmetika imperiyasını yaradır. Amma bu uğur ona asan başa gəlmir. ABŞ-a yerləşdikdən sonra əsl adını Maks Faktora dəyişərək daha sadə və yaddaqalan ad seçən Faktoroviçin tərcümeyi-halı tapmacalar və kəskin süjet xətləri ilə doludur.
Publika.az oxucuları “Max Factor” brendinin yaranma hekayəsi ilə tanış edib.
Markanın yaradıcısı 1872 -ci il avqustun 5-də Rusiya İmperatorluğunun Lodz şəhərində (indiki Polşa ərazisi) anadan olub. Maksimilian həm də 10 uşaqlı yoxsul bir yəhudi ailəsində dünyaya göz açıb. Təhsildən söhbət belə gedə bilməzdi. Yaşının az olmasına baxmayaraq, özünə iş axtarmağa qərar verdi . Əvvəlcə yeddi yaşında teatrın foyesində şirniyyat satmağa başladı. Bir il sonra Maks əczaçı köməkçisi oldu, burada tez-tez nəyinsə qarışdırıldığını və bankalara yığıldığını gördü. Təbiətcə hər şeylə maraqlanan oğlan özü də tezliklə müxtəlif maddələri birləşdirməyə çalışmağa başladı. O, vaxt itirmir və müşahidələrindən istifadə edərək prosesləri və onların nəticələrini səylə öyrənirdi. Bu yolla o, kimya sahəsində ilkin biliklərini aldı və bu, ona doqquz yaşında aparıcı kosmetoloq və pariklər üzrə mütəxəssisin köməkçisi kimi işə düzəlməyə imkan verdi.
13 yaşında məşhur alman bərbərindən saç ustalığını öyrənən Maksimilian cəmi bir il sonra Böyük Teatrda vizajist köməkçisi olmaq üçün Moskvaya yollandı. Daha sonra aktrisalar üçün parik seçiminə əlavə olaraq teatr geyimləri və makiyajla məşğul olduğu opera teatrında ixtisası üzrə işə düzəlib. Lakin hərbi xidmətə göndərildiyi üçün burada işini uzun müddət davam etdirə bilmədi. Hərbi xidmətdən qayıtdıqdan sonrakı dövr Maksın evlənməsi, uşaqlarının dünyaya gəlməsi və bir çox başqa hadisələrlə əlamətdar oldu. 1895-ci ildə Ryazan sakini artıq öz imzası altında ənlik, kremlər, ətirlər və pariklər istehsalına başladı və mağaza açdı. Mağazanın şöhrəti tez bir zamanda Sankt-Peterburqa çatdı və sənətkar imperator sarayında işləməyə dəvət edildi. Sarayda yüksək qiymətləndirilməsinə və tanınmasına baxmayaraq, o, 1904-cü ildə ailəsi ilə birlikdə ABŞ-a köçməyə qərar verdi. Los-Ancelesdə onu daha böyük uğur və şöhrət gözləyirdi. Bundan başqa kosmetikanın inkişaf prosesi Amerikada daha sürətli gedirdi. Lakin Maks Faktor istedadlı idi, həm teatrın, həm də imperiyanın sevimlisi idi, odur ki, Rusiyanı tərk etmək asan görünmürdü. Bunun üçün qaçış planı hazırlamalı oldu, özünü xəstə kimi göstərdikdən sonra böyük çətinliklə Amerikaya köçməyi bacardı.
Bir çox kosmetik məhsulların yenilikçisi kimi tanınan Maks Faktor XX əsrin əvvəllərində gözəllik sahəsində böyük inqilab etdi. Birincisi odur ki, o, qadınlar üçün daha əlverişli və zərərsiz kosmetik məhsullar hazırladı. Lakin Maks kino ulduzları ilə işləmək arzusunda idi. Üstəlik, o illərdə Hollivudda makiyaj ustalarına xüsusilə böyük tələbat yaranmışdı. Bundan istifadə edən makiyaj ustası növbəti mağazasını filmlərin çəkildiyi studiyanın yaxınlığında açdı. Və heç də səhv etmədi, ümumiyyətlə o, hər işini zərgər dəqiqliyi ilə hesablayırdı. Kosmetika bilikləri və makiyajın incəliklərinə bələd olduğunu görən aktrisalar ondan alış-veriş etməyə üstünlük verir və obrazın makiyajı barədə onunla məsləhətləşməyi sevirdilər.
20-ci illərdə makiyaj qeyri-təbii görünürdü. Ekranlarda aktyorlar da mükəmməllikdən uzaq idilər. Maks Faktor bütün makiyaj texnikası üzərində işlədi və dövrün ən yaxşı kosmetoloqlarının ilk sırasında yer aldı. Makiyajı qüsursuz idi. Maestro gecə-gündüz kosmetika üzərində müxtəlif eksperimentlər keçirir, həm məhsullarını, həm də qablaşdırmaların dizaynlarını təkmilləşdirdi. Yeni məhsullar aktrisaları o qədər valeh etdi ki, qadınlar bu kosmetik vasitələri almaq üçün mağazada növbəyə düzülürdü. Hollivud ulduzları - Vivien Li, Qreta Qarbo, Klara Bou, Coan Krouford, Qloriya Svenson, Cin Harlou və bir çox başqalarının obrazları maestronun əl işidir.
1920-30-cu illərdə Maks Faktor Hollivudda, eləcə də dünyanın bir çox ölkələrində kosmetik məhsulların əsas təchizatçısı rolunu oynamağa başladı. Brendin reklamlarında böyük ulduzların rol almağa başlaması ilə kino şirkətlərinin markaya tələbatı ikiqat artdı. Beləliklə, film şirkətlərinin “Max Factor”dan qeyri-real həcmdə kosmetika alınması yeni əməkdaşlığın təməlini qoydu. Yalnız “Ben Hur” (1925) filminin çəkilişi üçün “Max Factor” iki tondan çox tonal krem istehsal etməli olmuşdu.
Kino inkişafı ilə yanaşı Maksın biznesi də paralel olaraq inkişaf edirdi. 1918-ci ildə o, makiyajda dəri tonu, saç və göz rənginin birləşməsini özündə birləşdirən xüsusi "Rənglərin harmoniyası" hazırladı. O, ilk gözəllik salonunu 30-cu ildə “Rəng harmoniyası” prinsipinə əsasən qurdu. Maks Faktor qadınların saçının, dərisinin, gözlərinin rənginin xüsusiyyətlərini, yəni rəng növünü nəzərə alaraq 4 otaq yaratdı: mavi otaq – sarışınlar, yaşıl – qırmızı saçlılar, çəhrayı – kürənlər, şaftalı - qəhvəyi saçlılar. Göründüyü kimi, Maks Faktoru əbəs yerə müasir kosmetikanın atası adlandırmırlar.
Kinematoqrafiyanın inkişafına verdiyi ümumi töhfəyə görə Maks Faktor Oskar mükafatına da layiq görülüb. “Max Factor” ən yaxşıların ən yaxşısına çevrilməyi, ən əsası isə, özünün kosmetika imperiyasını qurmağı bacardı.
1938-ci ildə Faktoroviçin ölümündən sonra onun biznesinin idarəçiliyi oğullarına keçdi. Sonrakı illərdə kosmetika brendi suyadavamlı tonal krem və tuşdan dırnaq boyasına, qalıcı pomada və dodaq parıldadıcısına qədər xeyli sayda gözəllik məhsulları buraxması ilə əlamətdar oldu. Bu günə qədər şirkət dekorativ kosmetika istehsalında dünya lideri statusunu qorumaqda davam edir.
Aytən Məftun
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi