Art
Nazir gəlini, nəhəng sənətkarın qızı: "Çingiz Mustafayevlə 4 il nişanlı olmuşam"
Femida.az-ın müsahibi Azərbaycan kinosunun nəhəng komik aktyoru, xalq artisti Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayevadır.
Gülnarə xanım müsahibəsində atası ilə bağlı uşaqlıq xatirələrindən, şəxsi həyatından və bu günə kimi çoxlarının bilmədiyi Milli Qəhrəman Çingiz Mustafayevlə nişanlı olmasından danışıb.
- Gülnarə xanım, necə keçir günlər?
- ... Günlərim yaxşı keçir. İşimlə məşğulam. Artıq 30 ildir ki,
AzTv-də musiqi rejissoru kimi çalışıram. Hər şey qaydasındadır.
- Neçə övladınız var?
- İki övladım var. Oğlum Zəki Xarici Dillər Universitetində II
kursda oxuyur. Qızım Minanın da maraqlı təhsili var. O, əvvəlcə
Aykido ilə məşğul olurdu. II dan qara kəmər sahibidir. Həmişə
kinoya böyük marağı var idi. Düzü, mən onu bu sahədə görmək
istəmirdim. Qadın üçün çətin sənətdir. Öz istəyi ilə İncəsənət
Universitetinə qəbul olundu. Xoşbəxtlikdən Vaqif müəllimin
emalatxanasına düşdü. Mən xoşbəxtəm ki, qızım belə böyük sənətkarın
tələbəsidir. Vaqif müəllim çox maraqlı insandır.
İlk qadın hərbi təyyarəçi Züleyxa Seyidməmmədovanın gəlini
olmuşam...
- Həyat yoldaşınız kimdir?
- Həyat yoldaşımla ayrılmışıq. Onun indi öz ailəsi var. Yoldaşım
çox böyük bir ailənin övladıdır. Aydın özü ixtisasca həkimdir.
Qaynanam ilk qadın hərbi təyyarəçi Züleyxa Seyidməmmədova olub. Özü
də xasiyyətcə çox çətin insan idi. Müharibədən sonra 25 il nazir
olmuşdu. Özü də kişi xasiyyətli bir qadın idi. Mən o ailəyə gələndə
Züleyxa xanımın artıq gözləri görmürdü. Amma Aydın anasına çox
gözəl baxırdı. Züleyxa xanım 1994-cü ildə rəhmətə getdi. Yoldaşımın
ailəsi ziyalı idi. Ona görə də anam evliliyimizə razılıq
vermişdi.
Həyat yoldaşım həkimlikdən dindarlığa keçdi...
- Sirr deyilsə, ayrılığa səbəb nə oldu?
- İnsan cavan olanda çox şeyi başa düşmür. Amma şəxsi səbəblər
oldu. Aydın çox gözəl uşaq həkimi idi. O ayrı bir palata açıb,
imkansız uşaqları müalicə edirdi. Amma günün birində öz ərizəsi ilə
işdən çıxdı. Dedi ki, artıq yorulub. Düzü, bu hərəkət mənim
narazılığıma səbəb oldu. Mənim aləmimdə həkim sona kimi işini davam
etdirməlidir. O işdən çıxandan sonra bir qədər başqa yolu, dini
seçdi. Dini kitablar oxuyurdu. Bu isə mənim üçün çox çətin oldu.
Mən Aydına böyük bir şəxsiyyət kimi baxırdım. Bu gün də ona
hörmətim böyükdür. Bizim ailəmiz alınmasa da, bir-birimizə
hörmətimiz qalır.
- Məhkəməyə boşanma ərizəsini kim yazdı?
- Mən istədim ayrılmağı. Biz ayrılanda məhkəmədə mən yoldaşımdan
heç nə istəmədim. Hətta alimenti də almadım. Hakim də buna görə çox
təəccüblənmişdi.
- Bildiyimiz kimi Lütfəli müəllimin Turqut adlı oğlu var.
Münasibətləriniz necədir?
- Bu, mənim üçün çox ağır mövzudur. Bu barədə çox danışmamışam.
Düzdür, Turqut atamın oğludur. Amma onun anası heç vaxt atamın
rəsmi nikahla yoldaşı olmayıb. Buna baxmayaraq atam hər zaman ona
böyük diqqət yetirib. Hətta atama “Arşın mal alan” filmindən sonra
ona verilən evi də Turquta verdik. Atam rəhmətə gedəndə Turqut
hərbi xidmətdə idi. Anam dedi ki, o mütləq gəlməlidir. Atamızdan
qalan hər şey bərabər bölünəcək. Anam həmin vaxt bizə bir şərt
qoydu. Hamımız atamızın adını qoruyacağıq, onun adını pis mənada
istifadə etməyəcəyik. Amma Turqut bunu bacarmadı. Bir neçə dəfə
həbsə düşdü. Ona görə də münasibətlərimiz pozuldu. Bu mövzu mənə
ağrılıdır. Çox istərdim ki, fəxr edə biləcəyim qardaşım olardı.
Təəssüf...
Atama verilən evi qardaşlığım satdı...
- Belə başa düşdüm ki, bu gün münasibətiniz
yoxdur...
- Bilirsiniz, həyatdır. O bir neçə dəfə ailə həyatı qurdu. Birinci
nikahdan onun qızı oldu. Sonra yenidən ailə həyatı qurdu. Bir dəfə
sonuncu həyat yoldaşı ilə bizə gəldi. Anam da baxdı ki, qadın yaxşı
insandır. İstədik ki, münasibətləri qoruyaq. Turqut həmin vaxt dedi
ki, Moskvaya getmək istəyir. Onu ailəvi dostumuz Sərxan Sərxanın
köməkliyi ilə Moskvada azərbaycanlıların restorananına işə
düzəltdik. Amma bu da alınmadı... Onunla sonuncu söhbətimiz zamanı
dedim ki, bizimki artıq qurtardı...
- Bayaq qeyd etdiniz ki, atanıza hədiyyə olunan evi ona
vermişdiniz. Həmin evin aqibəti necə oldu?
- Turqut onu da satdı...
Babamı Mircəfər Bağırov otağında şəxsən özü
öldürmüşdü...
- Gülnarə xanım, ananızın ailəsi niyə xalq düşməni
idi?
- Anamın babası Həsən bəy Ağayev olub. Bildiyiniz kimi 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti yarananada o sədr müavini işləyib. 2
il müdətində Topçubaşov Fransada olduğu müddətdə bütün işləri
Xanxoyski ilə Həsən bəy aparıb. Onların taleyi də bir-birinə
bənzəyirdi. Xanxoyskini iyunun 20-də Tiflisdə öldürdükdən sonra,
iyulun 20-də Həsən bəy Ağayevi də elə oradaca öldürüblər. Onların
məzarı da Tiflisdə yanaşıdır. Anam Həsən bəyin qızı Xurşud xanımın
övladıdır. O, çox istedadlı bir musiqiçi idi. Moskvada musiqi
təhsili almışdı. Xurşud xanım Azərbaycanda ilk qadın musiqişünas
olub. Onun həyat yoldaşı Əhməd bəy Pepinov idi. Xalq
Cümhuriyyətində o əmək naziri işləyib. Özləri də Axısqa
türklərindən idi. Anamın atası Əhməd bəy 1932-ci ildə ilk dəfə
nazir olduğu müddətdə həbs olunmuşdu. Həmin vaxt dostunun köməyi
ilə Qazaxıstana göndərilmişdi. Qazaxıstanda babam “narkom” işləyib.
Özü də 6 dil bilib. Çox istedadlı insan olub. Həmin dövrdə baş
verən günahsız ölümlər ondan da yan keçməyib. Babamı Mircəfər
Bağırov otağında şəxsən özü öldürmüşdü. Sonralar məhkəmə zamanı
Bağırov özü də bunu etiraf etmişdi. O vaxtdan elə anamgilin ailəsi
xalq düşməni elan edilmişdi.
- Bəs, babanızı harada dəfn ediblər?
- Əhməd bəyin bir dənə dırnağı da qalmayıbmış. Ona dəhşətli
işgəncələr veriblərmiş. Onun işini aparan rus polkovniki bizə
gəlib, anamla görüşmüşdü. Həmin rus polkovnik deyib ki, Əhməd bəyin
protokollarda bir dənə də olsun imzası olmayıb. Ona işgəncə
veriblərmiş. Öldürüləndən sonra meyitini ailəsinə belə verməyiblər.
Harada dəfn olunması da məlum deyil...
Atamı o vaxt KKB-yə çağırmışdılar...
- Belə bir ailə ilə Lütfəli müəllim necə ailə
qurubmuş?
- Atamla anam 15 il bir-birlərini seviblər. Amma ailə həyatı qura
bilmirlərmiş. Eşidəndə ki, Lütfəli Abdullayev Sevda xanımla ailə
quracaq, o zaman onu KKB- yə çağırıblar. Orada ona deyiblər ki,
Əhməd bəyin qızı Sevda xanım ilə ailə həyatı qursan, başın
ağrıyacaq. Amma atam bundan qorxmamışdı. O illərdə Bakıda bir
yeməkxana var imiş. Ora ancaq talonla giriş olurmuş. 1943-cü ildə
atamla anam orada tanış olublar. Tanışlıqdan sonra atam anamın
nənəsi Xədicə xanımın yanına gəlib. Anamı da nənəsi Xədicə xanım
böyüdüb. Çünki babam həbs olunandan sonra nənəm Xurşud xanım ərə
gedib. Onun həyat yoldaşı Eyvazov Bahadur özü də tanınmış adam idi.
O nənəmlə ailə həyatı quranda anamı gətirməyə icazə verməyib. Elə o
vaxtdan - 7 yaşından anam nənəsinin yanında qalıb. Atamla anamın
toyu düz 15 il sonra 1957-ci ildə olub. Atam 47 yaşında evlənib.
Hətta ailə həyatı qurandan sonra anam öz soyadını dəyişməyib. Atam
deyib ki, qoy Pepinovlar soyadı yaşasın.
- Hər zaman səhnədə insanlara gülüş bəxş edən Lütfəli
Abdullayevin evdə sizi ağlatdığı anları olubmu? Həyatda necə insan
idi atanız?
- Hamı deyir ki, Lütfəli müəllim həyatda çox ciddi adam idi. Amma
bizə qarşı elə deyildi. Bəlkə də biz gec doğulmuşduq. Atam bizə hər
şeyə icazə vermişdi. Anamsa çox ciddi idi. Ondan bərk qorxurduq.
Onun bir baxışı bizə bəs edirdi.
- Hansı uşaqlıq xatirənizi bu günə kimi unuda
bilmirsiniz?
- Belə xatirələr çoxdur. Bir dəfə dizirteriyadan xəstəxanada
yatırdım. Oradan çıxan gün atam məni oyuncaq dükanına apardı və
xoşuma nə gəlirsə, götürə biləcəyimi dedi. Mən hər şeyi bəyəndiyimi
bildirəndə atam mağazanın direktorunu çağırıb dedi ki, burada nə
qədər oyuncaq varsa, hamısını alıram. Biz evə gedəndə arxamızda bir
yük maşını oyuncaqları bizə aparırdı, evə sığmadı deyə oyuncaqları
qohum-əqrəbaya payladıq.
- Atanız sizi kim görmək istəyirdi?
- Atam məni xarici dillər üzrə mütəxəssis kimi görmək istəyirdi.
Özü də ərəb dili üzrə. O da ərəb dilini çox sevirdi. Bütün günü
radioda ərəb dilində musiqiyə qulaq asırdı. Yazanda da ərəb
əlifbası ilə yazırdı.
- Kimlər evinizin qonağı olurdu?
- Həmin illərdə sənət aləmində olan demək olar ki, hər kəs. Şəmsi
Bədəlbəyli, Tofiq Quliyev, Vasif Adgözəlov, Bəxtiyar Vahabzadə,
Maestro Niyazi, Şıxəli Qurbanov, Ramiz Mustafayev və başqaları.
- Bəs siyasətçilərdən?
- Vəli Axundov ailəmizin çox yaxın dostu idi. Hətta bizim bu evi
Vəli müəllim atama bağışlamışdı. Ondan əlavə I Katib işləmiş İmam
Mustafayev də ailəmizin çox yaxın adamı idi.
Anamın ad günündə atamı dəfn etdik...
- Bildiyimə görə atanız ananınız ad günü ərəfəsində
dünyasını dəyişib...
- Həmin vaxt belə bir qəribə hadisə baş verdi. Anam həmin ərəfədə
disertasiyanı yazırdı. Atam da qonaq çağırmağı çox sevirdi. Anam
bilirdi ki, atam yenə adamları evə yığacaq. Ona görə atama dedi ki,
bu ad günündə ona imkan versin. Gələn il qonaqları dəvət edər. Atam
həmin vaxt anama dedi: “Görərsən, ayın 11-də bütün Azərbaycan bizdə
olacaq”. Həqiqətən də elə oldu. Bütün Azərbaycan həmin gün bizdə
idi... Anamın ad günündə atamı dəfn etdilər. Sonralar da anam bizə
özünü ad günü münasibətilə təbrik etməyə icazə vermədi. ( Red -
Kövrəlir)
Atamın son danışığı Bəxtiyar Vahabzadə ilə
oldu...
- Necə xatırlayırsınız həmin günü?
- 1973-cü il dekabrın 9-u idi. Həmin gün atam sanki öləcəyini
bilirdi. Nəsibə xanımla birgə Politexnik Universitetinin tələbələri
ilə görüşdən gəlirdi. Evə qayıdıb, yeməyini yedi, telefon dəftərini
istədi, 2 saata yaxın bütün dostlarına zəng vurub hamı ilə danışdı.
Ən sonda həmyerlisi və dostu Bəxtiyar Vahabzadə ilə danışdı. Yarı
zarafat, yarı ciddi “ölürəm, gedirəm o dünyaya, dədənə sözün varsa,
de” söylədi. Bəxtiyar müəllim də elə o tonda cavab verdi:
“gedirsənsə, dədəmə de ki, mənə nə çatacaqsa, sənə versin”. Atam
dedi: “yox e verməz, tanıyıram, sənin dədən simicin biridir. Elə
bilər ki, mən sənə çatdırmayacağam”. Bəxtiyar müəllimə danışıb
telefonu yerə qoyub, yataq otağına keçdi. Üstündən 5 dəqiqə
keçmədən otaqdan səs gəldi. Sanki atam boğulurdu. Həkimi gəldi, elə
bilmişdi ki, komaya düşüb. Atamı Rusiyaya aparmaq üçün xüsusi
təyyarə də danışdılar. Həmin vaxt komada idi. Anamla son sözündə
demişdi ki, əziyyət çəkməsin, onun həyatı artıq bitir.
Səhər oldu. Anam Bəxtiyar Vahabzadəyə zəng vurub atamın öldüyünü
dedi. O eşidəndə inanmamışdı.
- Lütfəli müəllimin dəfnindən sonra 40 gün iştirak edən yad
bir oğlan kim idi?
- Bir dəfə başında bahalı papaq anamla küçədə gedirmiş. Qəfil
tindən bir oğlan çıxır və onun başından papağını götürüb qaçır.
Atamın tükü də tərpənmir - necə var, elə də yoluna davam edir.
Oğlan baxır ki, kimsə onun dalınca qaçmır, arxasında gələnlərdən
biri Lütfəli Abdullayevdir. Yaxınlaşıb papağı təzədən arxadan
atamın başına qoymaq istəyəndə atam onun qolundan tutur və oğlanı
evə gətirir, anama süfrə açmağı tapşırır, yeyib-içirlər, sonra da
oğlana pul verib yola salır. Anam niyə belə etdiyini soruşanda
deyir birincisi oğlan papağı qaytardı, ikincisi yəqin ona pul
lazımdır deyə papağı oğurlamaq istəyirdi. Atam öləndə oğlan gəlib
40 gün yas mərasimində bizə kömək elədi.
Atamın küçədən tapdığı qız ölənə kimi bizdə
qaldı...
- Çox olub, belə yad insanların sizin ailə üçün
doğmalaşması?
- Atam humanist insan olduğu üçün hər kəsə can yandırırdı. Bizdə
köməkçi kimi çalışan Dusya adlı qızın bizə gəlməsinin maraqlı
tarixçəsi var. O vaxtlar Molokan bağında işsiz qızlar gəlib
dayanırdı. İmkanlı adamlar oradan qızları götürüb evdə köməkçi kimi
saxlayırdılar. Bir gün atam Molokan bağından keçəndə görüb ki, 14
yaşında bir qız tək oturub. Atam ondan burada niyə oturduğunu
soruşanda cavab verib ki, iş axtarır. Elə o vaxtdan Dusyanı atam
evə gətirdi. O qız evimizdə ailə üzvü kimi idi. Çox yaxşı insan
idi. 14 yaşından ölənə kimi bizdə qaldı. O, iyunun 13-də rəhmətə
getdi. Anam özünü ağlayıb, öldürürdü. Dusyanı biz dəfn etdik. Onun
ölümündən 6 ay sonra anam da rəhmətə getdi. Elə bilirdik ki, Dusya
bizim bacımızdır. Atam ona çox hörmət edirdi.
Bir dəfə evimizdə təmir aparan ustalardan biri Dusyaya xoşagəlməz
söz dedi. Atam onu eşidəndə ustaları evdən qovdu. Usta deyəndə ki,
o, qulluqçudur. Atam onun üstünə qışqırıb, “ o, qulluqçu deyil,
mənim qızımdır”, demişdi.
- Dusyanın ailəsi bəs hardaydı?
- O, Şamaxı rayonun yanında yerləşən bir kənddən gələn molokan idi.
Atam onların ailəsinə də baxırdı. Molokanlar o vaxtlar daha çox
kələm satışı ilə məşğul olurdu. Atam kolxoz sədrinə demişdi ki,
bazarda bir hissəni molokanlara versinlər. Şəhərdə deyirdilər ki,
ora Lütfəli Abdullayevin yeridir. Atam oranı pulsuz molokanlar üçün
tutmuşdu.
- Lütfəli Abdullayevin qızı olmağınız Sizə çox qapılar
açıb?
- Əlbəttə... Bu günə kimi. Bizim oturduğumuz bu ev tamamilə
yanmışdı. Fikirləşdim ki, mənim təmirə imkanım çatmaz. Evdə bir
dənə də olsun əşya qalmamışdı. Atama görə hörmətli nazir evi təmir
etdirdi.
Yanan evimi Kəmaləddin Heydərov təmir
etdirdi...
- Hansı nazir?
- Kəmaləddin Heydərov. .. Evim yanan vaxt Kəmaləddin müəllim məni
yanına çağırdı. Dedi ki, evimin yanması barədə niyə ona bir söz
deməmişəm. Bu görüşdən sonra cənab nazirin tapşırığı ilə evim
tamamilə təmir edildi. Mən həyatım boyu bu təmiri edə
bilməzdim.
- Atanızın davamçısı kimi görürsünüz?
- Heç kimi... Oğlum Zəki tam başqa xarakterdə insandır. Bacım
Xurşud da ciddi musiqi ilə məşğuldur. Bilirsiniz , Lütfəli
Abdullayev heç vaxt gülməzdi. Onun bir hərəkəti, sözü insanları
güldürüdü. Özü də bu gülüşdə bir düşündürücü hal olurdu. Ona görə
də bu gün Lütfəli Abdullayevdən yoxdur.
Çingiz Mustafayevlə diskotekada tanış olduq...
- Gülnarə xanım, siz Milli Qəhrəman Çingiz Mustafayevin
nişanlısı olmusunuz. Necə yaranmışdı bu münasibətlər?
- Çingiz Mustafayevlə tanışlığımız təsadüfən olub. Bacım Xurşud
Konservatoriyanın komsomol katibi idi. Bakıda Abşeron adlı bir kafe
var idi. Hər dəfə bir komsomol katibi həmin kafeni yoxlamağa
gedirdi. Bacımın növbəsi olanda məni də özü ilə apardı. Ömrümdə
birinci dəfə idi ki, diskotekaya gedirdim. Anam eşidəndə ki,
diskotekaya gedirik, tərəddüd etdi. Amma bacım onu razı saldı.
Çingiz Mustafayev həmin vaxt orada DJ işləyirdi. Səhnəyə çıxanda
gözü mənə sataşdı. Elə bu baxışdan sonra bir məhəbbət başladı. Bu
1979-cu il idi. Oradan çıxandan sonra bizim arxamızca evimizə qədər
gəlmişdi. Səhər mən dərsə gedəndə gördüm ki, Çingiz evimizin
aşağısında məni gözləyir. Beləliklə münasibətlərimiz yarandı. Artıq
dekabrda Naxış xanım bizə elçi gəldi. Anam da nişanlanmağımıza razı
oldu.
Biz düz 4 il nişanlı qaldıq. Anam çox ciddi insan idi. Çingizin
diskotekada işləməsi, xarici görünüşü anama xoş getmirdi.
Bildiyimiz kimi Çingizin saçları uzun idi. Anam bir qədər fərqli
düşünürdü. Çingizin anası Naxış xanım gözəl insan idi. Biz son günə
kimi onunla əlaqəli idik. Çingizlə ayrılığımıza səbəb anam oldu.
Onun sözündən çıxa bilməzdim. Çingizin ailəsi ilə bu gün də yaxşı
münasibətlərimiz var.
- AzTv-də işləriniz necədir?
- Hər şey yaxşıdır. Mən musiqi şöbəsində rejissoram.
Aygün Kazımovanın ilk klipini mən çəkmişəm...
- Rejissor kimi yəqin klipləriniz də olub. İlk klipinizi
kimə çəkmisiniz?
- İlk iş birliyim Aygün Kazımovayla olub. Bu həm də Aygün xanımın
ilk klipi olmuşdu. O vaxt zəmanə başqa cür idi. Pul söhbəti
olmurdu. İndiyə kimi yadımdadır ki, klipdə çəkilmək üçün bacımın
böyük bir itini çəkiliş meydançasına gətirdik. Həmin vaxt Aygün
xanımı və bizi çəkiliş məkanına Nurəddin bəy ( Red- Nurəddin Xocanı
nəzərdə tutur) aparıb, gətiridi. Çəkilişdən sonra kiçik bir qəza
oldu. Heç birimiz zədə almadıq. Bircə itin başı maşına dəyib
zədələnmişdi. Bu bir az əhvalımızı pozmuşdu. Aygün xanımdan klip
çəkilişi üçün pul da almadıq. Belə bir maraqlı məqam yadıma düşdü.
Aygün Kazımova gözəl insandır. O xanımın xətrini çox istəyirəm.
Bilirəm ki, onun da mənə münasibəti yaxşıdır.
- Böyük bir sənətkarın rejissor qızının cəmiyyətə sözü
nədir?
- Bu xalqı və ölkəni sevək. Sevgi olmasa, hər şey dağılar. Hər evi,
hər küçəni, hər oturacağı belə sevməliyik.
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...