Trampın azlıqlar SEVGİSİ - - FOTOLAR
Bizi izləyin

Dünya

Trampın azlıqlar SEVGİSİ - - FOTOLAR

Qalmaqallı reputasiyasına görə, partiyadaşların bir hissəsinin dəstəyini itirən ekssentrik siyasətçi respublikaçılar üçün ənənəvi olmayan seçki qrupları arasında müttəfiqləri axtarır.

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp həftəsonu Hindlilərin Respublika Koalisiyası tərəfindən təşkil edilmiş xeyriyyə axşamında gözlənilmədən hindlilərin lehinə çıxış etdi.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, milyarder Hindistanın baş naziri Narendra Modi haqqında müsbət danışdı.

O, söz verdi ki, hakimiyyətə gələcəyi halda Vaşinqton Nyu Dehli ilə ən yaxşı münasibətləri quracaq. Qalmaqallı reputasiyasına görə, partiyadaşların bir hissəsinin dəstəyini itirən ekssentrik siyasətçi respublikaçılar üçün ənənəvi olmayan seçki qrupları arasında müttəfiqləri axtarır.

Tramp seçki kampaniyasının başlanğıcında kəskin tonu və respublikaçılar üçün qeyri-tipik mövqeyi ilə Respublikaçılar Partiyasının rəhbərliyini və sadə seçiciləri qorxutdu. Onunla bağlı yayılan audioyazı atəşin üstünə od tökdü. Siyasətçi lovğalanırdı ki, qadınlara toxunur və onları icazəsiz öpür. Bu, onun reytinqinə mənfi təsir göstərdi. “Gallup” sosioloji sorğu xidmətinin keçirdiyi sorğuya görə, oktyabrın ortalarında mənsub olduğu partiya üzvlərinin yalnız 64 faizi onu dəstəkləyir. Müqayisə üçün deyək ki, Hillari Klinton bu baxımdan rəqibini 20 faiz üstələyir. Bütün bunlar Trampı respublikaçılar üçün qeyri-ənənəvi auditoriyaya müraciət etməyə məcbur edir.

Hindlinin ürəyinə yol

Hindistan heç vaxt Trampın ritorikasında xüsusi yer tutmayıb. O, bu ilin fevralında partiyanın qurultayında Çin, Yaponiya və Hindistanın amerikalıların iş yerlərini oğurladığını bildirmişdi.

Trampın ritorikası sözügedən audioyazının dərcindən sonra qəflətən dəyişdi. O, hindlilərin səsləri üçün mübarizə aparmağa qərar verdi. Birləşmiş Ştatlarda 3,5 milyondan bir qədər az hindli yaşayır. Bu, ölkə əhalisinin bir faizinin ətrafındadır.

“Mən induizm və Hindistanın böyük pərəstişkarıyam. Mumbayı sevirəm, bu şəhəri başa düşürəm”, o, Nyu-Cersidə keçirilən xeyriyyə axşamında bildirib. Respublikaçıların namizədi deyib ki, amerikalılar və hindlilərin ümumi düşməni var: müsəlman terrorçuları. O, Nyu-Dehlini Vaşinqtonun əsas strateji müttəfiqi adlandırıb və qələbə qazanacağı halda Hindistanın ən yaxşı dostu olacağına söz verib.

Göründüyü kimi, Tramp hind icmasının dəstəyini qazanmaq üçün mübarizəyə çox gec başlayıb. Hindlilər səslərini adətən demokratlara verirlər. Son sorğulara görə, onların yalnız təxminən 7 faizi Trampa səs verməyə hazırdır. Onların əksəriyyəti vergi siyasətinə görə respublikaçıları dəstəkləyən varlılardır. Trampın anti-müsəlman ritorikası hind elektoratı qorxudur. ABŞ-a gələn Hindistan vətəndaşları bir qayda olaraq, həmyerlilərindən daha təhsillidir və geniş baxışlara malikdir. Trampın arqumentləri Hindistanın özündə müvəffəqiyyət qazanardı.

Amerika geylərinin ən yaxşı dostu

Donald Tramp Amerika cəmiyyətinin başqa bir qrupu - lesbiyan, gey, biseksual və transseksuallar (LGBT) uğrunda mübarizə aparmağa qərar verib. Onlar seçicilərin təxminən yeddi faizini təşkil edir. Tramp Orlando şəhərində geçə klubunda törədilən terror aktından sonra (Əfqanıstandan gəlmə Ömər Matin iyunun 12-də cinsi azlıqların ziyarət etdiyi “Pulse” klubuna hücum edərək 49 nəfəri öldürüb) cinsi azlıqların müdafiəsinə qalxdı.

Xatırladaq ki, respublikaçılar və demokratlar hadisəni tamamilə müxtəlif formada şərh etdilər. Əgər Klinton və demokratlar hadisəni növbəti silahlı hücum hesab edərək silah daşımaq hüququnu məhdudlaşdırmağa çağırdılarsa, Tramp hadisəni islam terrorizminin təzahürü kimi qiymətləndirdi. “Kim qadınlar və LQBT cəmiyyətinin əsl dostudur? Donald, yoxsa Hillari Klinton?”, - milyarder namizəd terror aktından tezliklə sonra tərəfdarları qarşısında çıxış edərək soruşurdu.

Trampın sözləri cinsi azlıqlar və onların müdafiəçilərinin bəzi nümayəndələri arasında dəstək qazandı. “Respublikaçılar uzun müddət “LQBT cəmiyyəti” ifadəsindən belə istifadə etmədilər, amma Respublikaçılar Partiyasının namizədi nəinki bu ifadədən istifadə edir, həm də birbaşa dəstəyini ifadə edir”, - “Log Cabin Republicans” birləşməsinin başçısı Qreq Ancelo deyib.

“Təşəkkür sizə, LQBT cəmiyyət! Mən sizin üçün vuruşacağam. Hillari sizin inamlarınıza və azadlığınıza qəsd edən daha çox adamı ölkəyə gətirir”, - deyə Tramp Suriya qaçqınlarının ABŞ-a buraxılmasının tərəfdarı olan Hillari Klintonu nəzərdə tutaraq “Twitter”də yazmışdı.

LQBT nümayəndələri həmçinin ümumi fikrə gəlməyi bacarmırlar. Bununla belə sentyabrın sonunda “NBC News” və “SurveyMonkey”in birgə sorğusu göstərdi ki, seksual azlıqların arasında aparılan təbliğat Trampa müəyyən müvəffəqiyyət gətirib: LQBT cəmiyyətin 20 faiz nümayəndəsi onu dəstəkləyir. Lakin dörd il əvvəl “Gallup”un məlumatına görə, respublikaçı prezidentliyə namizəd Mitt Romnini onların yalnız iki faizi dəstəkləyirdi.

Qara Amerika

Trampın marağını cəlb etmiş daha bir qrup demokratların ənənəvi qruplarından olan afroamerikalılardır. Onlar ABŞ sakinlərinin təxminən 12 faizini təşkil edir. Əhalinin müxtəlif seçki qruplarının ətraflı statistikasını aparan “Pew Research Center”in məlumatına görə, 1992-ci ildən demokratları dəstəkləyən Amerikada qaradərililərin sayı heç vaxt 80 faizdən aşağı düşməyib.

Tramp əvvəllər qaradərililərin problemlərinə praktik olaraq diqqət yetirmirdi.

“Bizim hökumətimiz dost afroamerikalıları tamamilə pis vəziyyətdə qoydu. Yoxsulluq, laqeydlik, dəhşətli təhsil, evsizlik və mülkiyyətsizlik, görünməmiş səviyyədə cinayət. Hər hansı döyüş olan ölkəyə getmək olar. Oralar demokratlar tərəfindən idarə olunan şəhərdaxili rayonlardan daha təhlükəsiz olacaq. Mənə şans verin. Mən vəziyyəti düzəldəcəyəm. Siz nə itirəcəksiniz”, - milyarder namizəd avqustun sonunda bu alovlu nitqi ilə qaradərililərə yaxınlaşmaya start verdi.

Lakin Tramp vəziyyət barədə real informasiyaya deyəsən malik deyil. Məsələn, o, deyirdi ki, afroamerikalıların 45 faizi yoxsulluq həddində yaşayır. Əslində, onların sayı 24 faizdir. O, iddia edirdi ki, qaradərililərin işi yoxdur. Halbuki, işə düzəldilən qaradərililərin sayı faktlara görə, işsizlərdən 10 dəfə çoxdur.

Respublikaçının sözügedən seçki qrupundan dəstək almaq niyyəti də müvəffəqiyyət qazanmayıb. “NBC News” və “The Wall Street Journal”ın keçirdiyi sorğunun məlumatına görə, qaradərililərin 9 faizi onu dəstəkləyir. Amma bu göstərici iyul ayında qeydə alınan göstəricidən yüksəkdir. Ohayo ştatında keçirilən sorğular onun qaradərililər arasında reytinqinin sıfır olduğunu göstərirdi.

Həlledici an

Seçkilərə üç həftədən də az vaxt qalır. Hələ ki Trampın perspektivləri olduqca pis görünür. “RealClearPolitics”in məlumatına görə, Hillari Klinton onu 7 faiz üstələyir. Trampın yuxarıda adları çəkilən seçki qruplarının dəstəyini qazanmaq cəhdləri nəticə vermədi. “Mübarizə Gecəsi” isə həlledicidir. Namizədlər dünən Las-Veqasda son şanslarından istifadə etdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm