Kremlin ideoloqu: “Bu, Türkiyə üçün asan olmayacaq”
Bizi izləyin

Dünya

Kremlin ideoloqu: “Bu, Türkiyə üçün asan olmayacaq”

“ABŞ Türkiyə və Avrasiya ölkələrinin arasını vurmaq üçün təxribatlar törədə bilər”.

Publika.az xəbər verir ki, bunu “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin “Aydınlıq” qəzetinə müsahibəsində deyib.

Duqin Ankara ilə Moskva arasındakı əlaqələrin əhəmiyyətinə diqqət çəkib.

“Avrasiya üçbucağına (Rusiya, İran və Türkiyə - red.) inanmalıyıq. Bu, uzun illər atlantikçi güc olduqdan sonra asan olmayacaq. Ərdoğanın addımları Vaşinqton və Brüssel üçün qəti şəkildə qəbul edilə bilməz. Onların gözündə Ərdoğan xətti keçdi və bu vəziyyətdə onun arxasında dayanacaq bir gücə ehtiyac var. Bu, Rusiyadır. Buna görə də Moskva ilə keçirilən ən son görüşlər həyati əhəmiyyətə malikdir. Afrinlə bağlı danışıqlarda taktik addım atmayacağımızı dedik. Bizim suriyalı kürdlərlə bağlı hər hansı marağımız ola bilməz. Onlarla normal və müsbət əlaqələrimiz var. Ancaq Türkiyə ilə geosiyasi olaraq qiymətləndirmələrimiz və gözləntilərimiz var. Ətraflı bir strategiya hazırlanmalı və bütün Yaxın Şərqin yenidən qurulması üçün ümumi maraqlara əsaslanan uzunmüddətli strategiya qurulmalıdır”, - politoloq bildirib.

Duqinin sözlərinə görə, hazırda ABŞ-ın Böyük Yaxın Şərq layihəsi iflasa uğrayıb. Politoloq bu fikirdədir ki, kürdlər tezliklə digər regional güclərlə əlaqələrin yaradılması ehtiyacını anlayandan sonra ABŞ-dan üz döndərəcəklər: “Çünki Amerika onları çoxdan aldatdı. Amerikada hər kəs aldatdı. Kürdlər hər kəs kimi bunu çox yaxşı anladılar və başqa həllər axtaracaqlar”.

Politoloq vurğulayıb ki, Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatı bir anti-kürd əməliyyatı kimi qəbul edilməməlidir.

“Biz bunu Amerika və hegemoniyaya qarşı olan əməliyyat olaraq görürük. Buna görə də tezliklə kürdlərlə yeni bir ünsiyyət yaratmaq üçün planlar qurmalıyıq. Amma bundan daha əhəmiyyətlisi Rusiya ilə Türkiyə arasındakı etibar mövzusudur. Putin və Ərdoğan Suriyanın şimalında bir strateji qərar qəbul etdilər. Putin Ərdoğana Suriyanın şimalında Türkiyənin hərbi varlığına qarşı olmayacağını bildirdi və ardınca təyyarənin vurulması ilə təxribat törədildi. Buna görə də çox diqqətli olmalıyıq. Hər cür təxribatlara hazır olmalı və ölkələrimiz daim əlaqə saxlamalıdır. Vəziyyətin geosiyasi baxımdan daim izlənilməsi çox vacibdir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm