“Qardaşım elə bilirdi ki, paltar tikməyə gedirəm” - Foto, Video
Bizi izləyin

İdman

“Qardaşım elə bilirdi ki, paltar tikməyə gedirəm” - Foto, Video

“Qardaşım elə bilirdi ki, paltar tikməyə gedirəm, amma mən ...”

Sambo və cüdo üzrə 10 qat dünya çempionu (5 qat sambo, 5 qat cüdo üzrə), 8 qat Avropa çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində mayor rütbəsində çalışır.

Publika.Az “II taym”layihəsi çərçivəsində “aslanın erkəyi, dişisi olmaz” məsələni təsdiqləyən, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançı Zülfiyyə Hüseynova haqqında məlumat verəcək.

“Zulya” hər zaman vətənpərvərliyi ilə diqqət çəkib. Onun bu hissi uğurlarına da yansıyıb. Z.Hüseynova əsla yalanı və yalançıları sevmir.

Ən böyük pərəstişkarım...

“Mən 1970-ci il oktyabrın 15-də anadan olmuşam. İdmana bir az gec başlamışam. Bunun da səbəbi mənim idmanla məşğul olmağıma evdəkilərin razılıq verməməsi idi. İdmana 10 yaşımda gəlmək istəyirdim. Evdə məhdudiyyətlər qoyurdular. Deyirdilər ki, qız hara, idman hara? Ancaq şükürlər olsun ki, indi qızların idmanla məşğul olmasıyla bağlı fikirlər dəyişib. Lakin 16 yaşımda dediyimin üstündə dayanıb idmana gəldim. 1986-cı ilin sentyabrın 1-dən bu günə qədər idmanla məşğulam.

İlk medalı belə almışam:Bir ay yarım idi ki, idmana başlamışdım. 1986-cı ildə Azərbaycan çempionatı keçirilən zaman üçüncü yerə çıxdım. Üstündən 2 ay yarım keçmişdi ki, gənclər arasında təşkil olunmuş Azərbaycan çempionatında birinci yerə sahib oldum.

- Dediniz ailədə narazı idilər. Bəs qazandığınız uğurlardan sonra yenə mane olmağa çalışdılarmı?

- Mən birinci dəfə 3-cü yeri tutan vaxtlarda, Mingəçevir şəhərində təlim-məşq toplanışına getməli idim. Bu səbəbdən 15 gün evdə olmayacaqdım. Qardaşım elə bilirdi ki, paltar tikməyə gedirəm.

Qardaşım da bu zaman özünü elə göstərdi ki, guya yatır. Amma bizim söhbətlərimizə qulaq asırdı. Bir az dava saldı ki, yox olmaz. Anam da ona dedi ki, artıq qızın nəticəsi var, bunun qarşısını kəsmək olmaz, idmanına davam edəcək.

Amma ondan sonra ən böyük pərəstişkarım qardaşım oldu. 2-ci və 3-cü yerlərə çıxanda az qala məni boğacaqdı ki, “niyə 3-ə çıxmısan çempion olmamısan”. Həmişə mənim qalib olmağımı istəyirdi”.

“Mənim əvəzimə erməni qızını seçdilər”

“Görüşlərin hər birinə önəm verməlisən. Çünki rəqibin zəif olduğunu düşündüyün halda sən zəif ola bilərsən. Hər bir yarışa ciddi hazırlaşmalıyıq. Gərək rəqibə qiymət verəsən ki, ona qalib gələ biləsən.

Rəqiblərinə barmaqarası baxan bəzi idmançılar var ki, “əşi mən onu udacam” deyir. Lakin rəqib bir anda onu elə yaxşı məğlub edir ki, o da yana – yana qalır. Buna görə mənim üçün rəqib, ya çempionat fərq etmir. Mənə görə hamısı güclü rəqiblər, yaddaqalan yarışlardır.

- Hakimin qərəzli qərarı ilə qarşılaşmısız?

- Əlbəttə, çox olub. Amma nə qədər hakim qərəzli olsa da, insan gərək səhvi özündə axtarsın. Düşünməlisən gərək bir - iki qat yüksək olardım ki, hakim mənə qarşı bunu etməsin.

Məni bu qərəzlərdən ən çox yandıran 2000-ci ildə oldu. Belə ki, dəfələrlə fənd atdım, hakim mənə xəbərdarlıq etdi.

Bu doğurdan da insana çox təsir edir. Amma gərək zəhmət çəkib daha da güclü olardım ki, o xəbərdarlıq etməyə vaxt tapmasın. Bizim idmanda həm sındırma, həm də boğma fəndi var. Məndə ya sındırardım, ya boğardım ki, bu zaman mənə qarşı qərəzli ola bilməsinlər. Amma yerli idmançı ilə düşmüşdüm. Yerli idmançını da mütləq qabağa çəkməli məni uduzdurmalı idilər. Baxmayaraq fənd atan mən idim, amma xəbərdarlıqla uduzan da mən oldum.

- Bu gün kimisə Zülfiyyə Hüseynova haqqında danışdırsaq, “mərd, dürüst, sözünün ağasıdır” deyib ağız dolusu danışacaqlar. Bu qədər uğurlar qazanmış birinə inanmıram ki, paxıllıq edənlər olmasın. Heç eşitmisinizmi, haqqınızda artıq-əskik söhbətlər edirlər?

- 5 barmağın 5-i də bir deyil. Paxıllıq etməmək, insanın hər zaman yaxşılığını istəmək Allaha və onun Peyğəmbərlərinə xas olan xüsusiyyətdir. Allah da hər kəsin ürəyinə görə versin.

- Müsahibələrinizin birində bildirmisiniz ki, hansısa yarışa gedərkən sizin yerinizə erməni qızını göndəriblər?!

- Mən idmanla fəal məşğul olduğum illərdə vəziyyət çətin idi. İdmanda sovet dövründə ruslar, ermənilər hegemonluğunu göstərirdilər. Bizim bir müəllimvar idi, mənə- “hələ sən cavansan, sən hara gedirsən”-dedi. O zaman 56 kq-da güləşirdim.

“Prikidka”da 61kq-lıq rəqibi qarşıma çıxardılar. Rəqib öz çəkisində 1 nömrə idi. Onu məğlub etdim. Daha sonra mənə mane olmaq üçün qarşıma 66 kq-lı idmançı çıxardılar. 72kq-da bir erməni qızı var idi, onu da məğlub etdim. Buna baxmayaraq yenə mənə “əşi, hələ cavansan, sonra da gedərsən” deyib mane olurdular. 56 kq-da erməni Asriyanı Olimpiadaya göndərdilər”.

“Sağ ol, sən kişisən”

“Bu gün düz danışanın yeri yoxdur. Buna görə mənim danışdığım düz sözlər də bəzilərinin xoşuna gəlmir.

O insanın xoşu gəlir ki, onlar deyə bilmir, amma sən onun əvəzindən deyirsən. Bununla da haradasa təsəlli tapırlar. Etiraf edək ki, insanların çoxu düz sözü sevmir. Əsasən də bəzi öz vəzifəsini layiqincə yerinə yetirə bilməyən insanlar ...Düz sözü ona görə deyə bilirəm ki, Allahdan başqa heç kimdən qorxmuram. Çünki heç kimin qarşısında başıaşağı deyiləm.

Bəzi adamlar var ki, Azərbaycan bayrağını qaldırdığım halda mənə sadəcə- “sağ ol, sən kişisən” deyir. Mən kişiyəm, siz kişilərdən də kişilik gözləyirəm. Etdiyim əməlin qarşısında, dövlətimin, prezidentimin ayırdığını versinlər.

Prezidentimiz səni ehtiyacları ödəmək üçün o posta təyin edibsə, çalışıb haqqını verməlisən.

Cənab prezident hər zaman biz idmançılara dəyər verir, hər zaman da çıxışında bildirir ki, haqq ədalət yerini tapacaq. Mən buna inanıram”.

“Sağ əl işləmir, sol əllə güləşirəm”

- Məşqçilik etmirsiniz?

- Xeyr, heç eləmək fikrində də deyiləm. Yəqin ki, öz övladımın məşqləri ilə məşğul olaram.

- Bu qədər qələbələr qazanmısınız. Bu da Azərbaycan idmanı üçün böyük uğurdur. Sizcə belə uğurlara imza atmış birinin təcrübəsindən gənclər yararlanmalı deyilmi?

- Məşq zaman müəllimimin tələbələrinə təmənnasız, problemsiz kömək edirəm. Özləri də yaxınlaşırlar, başa salıram, amma sırf məşqçilik etmirəm.

- Zülfiyə Hüseynova həmişə vətənpərvərliyi ilə seçilib. Bu hiss kimdən və ya haradan qaynaqlanıb?

- Vətəni sevmək, milləti sevmək hissi insanın öz içində olmalıdır. Hər bir insan yaşadığı yeri, millətini, dilini sevməlidir. Məni də lap körpəlikdən nənəm və babam böyüdüb. Bəlkə də onlar edib ki, mən vətənimə, millətimə bu qədər bağlıyam. Mən vətənimi, millətimi sevməsəm başqası buna qiymət qoymayacaq.

- 10 qat Dünya çempionu, 8 qat Avropa çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı... Bu səviyyəyə çatmaq üçün borclu olduğunuz şəxs kimdir?

- Bu səviyyəyə çatmaq üçün birinci Allahıma, ikinci müəllimim Tərlan Poladova, üçüncü isə inadkarlığıma borcluyam. Tərlan Poladov gözəl müəllim, gözəl dost, gözəl qardaşdır.

- Bu qədər uğur var, amma Olimpiada çempionluğu yoxdur.

- Hərbiçilər arasında Olimpiada çempionluğum var. (1995—1998). Amma Yay Olimpiya oyunlarında əfsuslar olsun ki, nəticə yoxdur. Sonuncuda qolumun 7 yerdən damarları 7 yerdənpartladı. Baxmayaraq hazırda sağ qolum işləmir, hələ də sol əllə güləşirəm”.

Gömrük Komitəsinə gəlişi

“Mən öncə daxili qoşunlarda idim. Bundan sonra müdafiə nazirliyində işləməyə başladım. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bitirdikdən sonra prezidentimiz İlham Əliyev məni Gömrük Komitəsinə yönəltdi. İlham Əliyevin köməkliyi ilə mən bu işə təyin olunmuşam”.

Hobbisi

“Hobbim var. Sevirəm ki, soyuq silahları söküb yığım. Ətirləri çox sevirəm. Həm istifadə edirəm, həm də bağlı ətirlərim çoxdur.

Boş vaxtım olan kimi övladıma sərf edirəm. Çünki Allahdan Peyğəmbərdən sonra mənə ən əziz insan övladımdır.

- Sağlamlığınıza necə diqqət edirsiz?

- 6 aydan bir, ya ildə bir dəfə mütləq “çekap” müayinədən keçirəm.

Uşaqlıqdan gündə bir dəfə yeyirəm. Sevdiyimi yeyirəm. Sevmədiyim yemək olsa acından da ölsəm yemərəm(gülür).

- Makiyajla aranız necədir?

- Toydan- toya bayramdan bayrama, qonaqlıqlara gedəndə. Gündəlik həyatda istifadə etmirəm.

- Gün ərzində güzgü qarşısında nə qədər vaxt keçirirsiniz?

- Səhər – səhər saçımı darayanda, geyindikdən sonra dayanırsan ki, əyər-əskikliyin nədir?!

Evdə də istər - istəməz hər yer güzgü olduğundan o yana bu yana keçəndə də özünü görürsən(gülür).

“Qoçu Əsgər çıxmışdım”

“Məktəbdə 4-5 sinif yuxarı oxuyan oğlanlar məndən çox çəkinirdilər. Mənə görə bizim sinfin qızlarına o biri sinfin oğlanlarının heç baxmağa da cəsarətləri çatmırdı. Qızlarımız deyirdilər ki, bir şey olsa, kimsə bizə söz atsa, Zulyaya deyəcəyik. Halbuki, sinifdə 14 qız, 14 oğlan idik. Xalam qızları 3-4 sinif məndən yuxarı oxuyurdular. Onların qardaşları bacılarından da böyük idi. Ancaq oğlanlar xalam qızlarını görəndə çəkinirdilər.

Xalam qızının üstündə oğlanı döymüşəm. Deyirdilər ki, “sən Allah onların yanından keçməyək, söz deməyək, yoxsa Zülfiyyə bizi bir təhər edər.

Üçüncü sinifdə oxuyurdum. Yeddinci sinifdə oxuyan oğlanı döyəndən sonra məktəbdə uşaqların mənə münasibəti dəyişdi və məndən çəkinməyə başladılar. Qoçu Əsgər çıxmışdım da...(gülür)

Oğlanlarla çox dostluq etmişəm. Hərdən deyirəm telefonuma baxsanız yaddaşında xanım nömrələrindən çox kişi nömrələri var. Dostlarımın əksəriyyəti də kişilərdir.

Çalışıram qadınlardan bir az uzaq olum. Xanım məxluqlar bir yerə düşəndə qeybətə başlayırlar. Mən də əsla qeybəti sevmirəm. Yaxınımda olan xanımlar da bilirəm ki, heç kimin qeybətini qırmır, arxasınca danışmır”.

Yoldaşı ilə tanışlığı

“Həyat yoldaşım boksçu idi. Ordu idman klubunda idik. Mən qaçış üçün adam axtarırdım. Dedim kim qaçar mənimlə, çıxdı qabağa ki, mən qaçaram.

Belə tanış olduq. Bir müddət dostluq etdik. Sonralar mənə sevgisini etiraf edəndə onunla dalaşdım. Dedim ki, bizdə dosta başqa gözlə baxmaq olmaz.

Axırda müəllimim danladı ki, “o dost, bu dost, o qardaş, bu qardaş... Çıx get canımız qurtarsın da səndən”. (gülür)

Sonra baxdım ki, insan kimi, dost kimi çox yaxşı biridir. Niyə də olmasın...

- Gündəlik işdə olmağınızdan, ona az vaxt ayırmağınızdan övladınız şikayət etmir?

- Övladım məktəbə gedir, məktəbdən sonra müəllim yanında qalır. Özüm aparıram, özüm də gətirirəm.

Gün ərzində 1 saat yarım, iki saat övladımıza vaxt ayırırıq. Bir də bazar günləri mütləq bir yerdə oluruq, vaxtımızı ona sərf edirik”.

“Gülüb - danışan olduğum qədər də sərtəm”

“Nə qədər deyib gülürəmsə, bir o qədər də sərtəm. Vay o gündən qarşımdakı insandan bir yalançılıq, paxıllıq görüm... Bu zaman onun “eşşəyi ölür”.

Bu zəmanədə də bu xasiyyət sərf etmir. Çünki indi gərək üzünə gülüb, arxasınca danışasan. Üzündə də 80 yox 180dənə “maska” ola. Şükür edirəm ki, Allah bunların heç birini mənə verməyib”.

Övlad tərbiyəsi ...

“Ana kimi mən özümdən bir o qədər razı deyiləm. Ona görə ki, övladıma bir o qədər vaxt sərf edə bilmirəm.

Yoldaşım hərdən mənə deyir ki, sən “nemessən”(gülür). Çünkimən övladımın tərbiyəsinə, təhsilinə çox önəm verirəm. Nə qədər çox sevsəm də - əzizim əzizdir, tərbiyəsi ondan əzizdir.

Ona heç kimi misal gətirmirəm ki, “bax filankəsin uşağı səndən yaxşıdır”. Bu istər - istəməz uşağa pis təsir edir.

“Çalış sən ondan yaxşı ol”prinsipi ilə tərbiyə edirəm. Uşağa gərək stimul verəsən-“sən hər bir şeyi bilirsən, səndə daha yaxşı alınar”- kimi sözlər deyib onu özünə inandırmalısan.

Çalışıram ki, yalandan çox uzaq olsun. Övladıma deyirəm ki, sən sözün düzünü de, həqiqəti de və çalış heç zaman pislik etmə.

- Övladınızı gələcəkdə harada görmək istəyərdiniz?

- Ən əsasıi yaxşı insan olmasını istəyirəm. Millətinə, vətəninə, anasına, atasına layiq bir övlad olmalıdır.

Təhsili yüksək olsa normal bir vəzifədə otura biləcək. Onun təhsilinə çox önəm verirəm. Yox, ayaqqabı tikən olacaqsa belə, o zaman da mükəmməli olacaq.Yiyələndiyi peşənin ustası olmalıdır.

- Yoldaşınız boksçu, siz cüdoçu... Oğlunuz hansını seçəcək?

- Yox, idman sahəsini seçsə cüdonu seçməlidir(gülür).

- Şou-biznes adamları ilə də yaxınlığınız varmı?

- Elxan Şirinovla ailəli get-gəlimiz var. Amma o aləmdən uzaq biriyəm.

- Efirlərdə də çox görünmürsünzü?

- Bilirsiniz, hər çağırılan verilişə də çıxmağın yeri yoxdur.

- Reklam təklifləri olubmu?

- Çoxdan “Çempion” çayının reklamında, qısa rolikdə çəkilmişdim. Dəqiq xatırlamıram 1997, 1998- ci illər idi.

- Parlament seçkilərindən niyə geri çəkildiniz?

- Səhhətimdə olan problemə görə namizədliyimi geri götürdüm.

İnşallah hər şey normal olarsa, 2015-ci ildə namizədliyimi irəli sürəcəm.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm