Nida.az
ARAŞDIRMA: Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası
I Avropa Oyunlarının başlanmasına bir ay yarımdan da az vaxt qalır.
Azərbaycan ümumavropa ailəsinin tarixində ilk
dəfə keçiriləcək bu möhtəşəm idman bayramına ciddi hazırlaşır. Qısa
dövr ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən
müasir standartlara uyğunlaşdırılıb, yeni idman obyektləri,
kompleksləri yaradılıb, Azərbaycana səfər edəcək idmançıların,
qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və
digər məsələlər uğurla həll edilib. Avropa Olimpiya Komitəsinin
prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması
mərasimində bildirib ki, ”belə qısa müddət ərzində görülmüş bu
qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik.
Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya
rekorduna imza atdı”. Bu ilin yanvarında Davosda “Bakı-2015” ilk
Avropa Oyunlarının təqdimatı mərasimində çıxışı zamanı isə cənab
Hikki demişdi ki, “Bakı-2015” Oyunları Azərbaycanın parlaq idman
gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra
növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları
konsepsiyasının ən gözəl nümunəsi ola bilər”.
Patrik Hikkinin də fikrindən görünür ki,
Azərbaycan həm qısa müddət ərzində böyük idman tədbirinə hazırlıq
dövrünü başa çatdırmaqla rekorda imza atıb, həm də Avropa olimpiya
hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını
tarixə yazmağı bacarıb. Ən azından buna görə l Avropa Oyunlarını
qəbul etməyə, oyunların yüksək səviyyədə keçirilməsi üçün
genişmiqyaslı tədbirlər görməyə, bütün səyləri bu işə səfərbər
etməyə dəyərdi. Bu, ümumilikdə, Azərbaycan dövlətinin və xalqının
böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar mərkəzə çevrilmiş
müasir Azərbaycanı dünya ictimaiyyətinə olduğu kimi tanıtmaq,
müstəqillik illərində əldə edilmiş nailiyyətləri və təcrübəni
bölüşmək, ümummilli problemlərimizi Avropanın diqqətinə daha
yaxından çatdırmaq üçün əlverişli fürsətdir.
Trend-in apardığı araşdırmaya görə, çox təəssüf
ki, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı olduğu kimi,
xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisi səylərini
birləşdirərək, mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə
keçərək, növbəti dəfə bu fürsəti Azərbaycanın əlindən almaq
niyyətini açıq şəkildə ortaya qoyublar. Təsadüfi deyil ki, hazırda
insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni
və qərəzli şəkildə şişirdilir, l Avropa Oyunlarını “boykot”
çağırışları edilir, möhtəşəm idman yarışlarının “əhəmiyyətsizliyi”,
Avropanın diqqətindən “kənarda qaldığı” rəyinin formalaşdırılmasına
cəhdlər olunur. Belə demək mümkündürsə, l Avropa Oyunlarını
siyasiləşdirmək, onun ətrafında birtərəfli informasiya vakkuumu
yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə
Azərbaycanın daxili məsələlərinə yönəltmək və son nəticədə artıq
bəzi dövlətlərə qarşı istifadə olunmuş və effekt vermiş təzyiq və
təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri
çəkilməyə məcbur etmək planı həyata keçirilir. Bu çirkin
fəaliyyətin necə, hansı resurslarla, kimlər tərəfindən
gerçəkləşdirildiyi yaxşı məlumdur. Çünki yaxın keçmişdə MDB
məkanında digər ölkələr də Qərb dairələri tərəfindən təşkil olunmuş
belə kampaniyalara məruz qalıblar. Bu fəaliyyətin əsl motivləri
bəlli olsa da, həmin dairələr onu ciddi-cəhdlə gizlətməyə, qondarma
iddialarla öz niyyətlərini ört-basdır etməyə çalışırlar. Konkret
olaraq Azərbaycana gəldikdə, əsas motiv kimi uzun illərdir Qərb və
erməni mənbələrindən maliyyələşdirilərək və təlimatlandırılaraq
Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasında fəal
iştirak edən, ölkə qanunlarını kobud şəkildə pozan, konkret cinayət
halları törətdiklərinə baxmayaraq, öz himayədarlarının dəstəyi
sayəsində cavabdehlikdən yayınan, lakin sonda məsuliyyətə cəlb
olunmuş “5-ci kolonu”n üzvlərini müdafiə etmək məqsədi dayanır. Bir
neçə gün əvvəl etibarlı mənbədən əldə etdiyimiz sənədlər planlı,
məqsədyönlü şəkildə həyata keçirilən həmin fəaliyyətin əsas
hədəflərini, miqyasını, konturlarını, iştirakçılarını, istifadə
olunan metod və resurslarını müəyyənləşdirməyə imkan vermişdir.
Azərbaycan ictimaiyyətinin də böyük marağına səbəb olacağını nəzərə
alaraq, həmin sənədlərin təfsilatını açıqlamağı məqsədəuyğun hesab
etdik.
ABŞ-da bu kampaniyanın təşkil olunması National
Endowment for Democracy təşkilatına həvalə edilib. Məlumdur ki,
əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət
büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci
kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal
iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə
Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb
mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.
Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla
Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq
mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur.
2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda
vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə
bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək
zamanı gəlmişdir”. Bu ayın əvvəlində Freedom House təşkilatının
sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri
Riçard Kozlariç, “5-ci kolon”un parlaq nümayəndələrindən olan və
hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla bir
qrup şəxsin ABŞ Dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə
layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb. Onun qapalı
hissəsinə gəldikdə, konqresmen və senatorlar da daxil olmaqla 100
nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə
dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı
sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının
məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər
istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli
sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən
təşkilat qismində “milli şura” adlandırılan qurumun cəlb olunması
planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan
ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın
Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Con Kerrinin
islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün
ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən şəxs kimi
tanındığını və bir çox belə təşəbbüslərin müəllifi olduğunu nəzərə
alaraq, bu məlumat heç də təəccüblü görünməməlidir. Bu fakt, sadəcə
olaraq ABŞ-ın müstəqil dövlətlərin daxili işlərinə qarışmadığı və
hakimiyyət çevrilişi planları hazırlamadığı barədə ən yüksək
səviyyələrdə söylənilən fikirlərin üzərindən birmənalı xətt
çəkir.
“İnsan hüquqları naminə idman” kampaniyası
adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə
rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə
rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük
beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni “qara
piar” layihəsinin icrasına başlanmışdır. Sənəddə açıq şəkildə
bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda l
Avropa Oyunlarının, parlament seçkilərinin, “Formula 1”
yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq
tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti
ölkəmizə yönələcəkdir və bu fürtsətdən istifadə edilməklə
Azərbaycana qarşı məcburetmə tədbirləri həyata
keçirilməlidir.
Qeyd edilməlidir ki, bu il yanvarın 15-16-da
Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin görüşü keçirilib.
Həmin görüşdə ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda
keçirdiyi qalmaqallı tədbirlə yadda qalan Çexiyanın People in Need,
həmçinin Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan Human
Rights Watch, vaxtilə Azərbaycanda uğursuz fəaliyyət göstərmiş
Danimarkanın İnternational Media Support, həmçinin Platform London,
Netherlands Helsinki Committee, İndex on Gensorship, Article XlX,
İnternational Partnership for Human Rights, YouAid Foundation və
digər təşkilatların nümayəndələri iştirak ediblər. Layihənin
icrasına Sərhədsiz Reportyorlar, Avropada Stabillik Təşəbbüsü,
İnsan Hüquqları və Biznes üçün Polşa Təşkilatı, Belarus Məlumat
Ofisi və başqa qurumların cəlb olunmasının zəruriliyi rəyi ifadə
edilib.
Görüşdə Azərbaycana qarşı təşkil olunacaq
kampaniyanın ilkin konturları müzakirə olunub. Bildirilib ki, bu
ilin iyununda Bakıda l Avropa Oyunlarının keçirilməsi beynəlxalq
ictimaiyyətin diqqətini Azərbaycana yönəltmək və Xədicə İsmayılova,
İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədli və
digərlərinin azad edilməsinə nail olmaq üçün əlverişli məqam
yaradıb. Müzakirənin nəticəsi olaraq tərtib olunmuş ilkin layihədə
kampaniyanın əsas məqsədi, çağırışı, kommunikasiya, Azərbaycanda,
beynəlxalq miqyasda və internetdə fəaliyyətin əsas istiqamətləri,
lazım olan resurslar öz əksini tapıb, habelə işçi qruplar
müəyyənləşdirilib.
Sənəddə qeyd olunub ki, kampaniyanın məqsədi –
“hakimiyyət tərəfindən Azərbaycanın müsbət imicini yaratmaq üçün
həyata keçirilən piar cəhdlərini məhv etməkdir”. Təkliflərə əsasən,
sənəddə “siyasi məhbus” kimi təqdim olunan şəxslərin həyat
hekayələrinin təbliği, Azərbaycanın mənfi imicinin yaradılması,
hakimiyyətdə təmsil olunan şəxslər haqqında qarayaxma
kampaniyasının təşkili, Azərbaycanın müasir mənzərəsinin təhrif
olunması, insan hüquq və azadlıqlarının vəziyyətinə dair qərəzli və
qeyri-obyektiv məlumatların dövriyyəyə buraxılması, ölkəmizdə
iqtisadi, regional inkişafının təkzib edilməsi və alternativ mənfi
xarakterli məlumatların ictimailəşdirilməsi, idman obyektlərinin
müasir standartlara cavab verməməsi, l Avropa Oyunlarına çəkilən
xərcin fantastik dərəcədə şişirdilərək dünya ictimaiyyətinə
çatdırılması ilə bağlı qərəzli məlumatların yayılması və digər
tədbirlər daxil edilib. Məsələn, hazırda Praqada olan “Azad
İqtisadiyyata Yardım” İB-nin sədri Zöhrab İsmayıla iqtisadiyyat və
idman qurğularının tikintisində guya korrupsiya hallarının olduğuna
dair materialların hazırlanması həvalə olunub. İnternetdə isə
kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə ciddi
təbliğat qurulması, hakimiyyətə petisiyalar təşkil olunması, mobil
telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi,
məşhur səyahət portallarında siyasi məzmunlu materialların
yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks
olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi
qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində
kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan
haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə
yerləşdirilməsi təmin edilməlidir. Məsələn, karikaturaların
hazırlanması Emin adlı şəxsə tapşırılır, Atilla adlı digər şəxs isə
məhbusların həyat hekayəsini yazmalıdır. İnfoqrafikanı Zöhrab
İsmayıl, Anar, Melodi və Emin adlı şəxslər həyata keçirir, layihə
əlaqələndiricisi Domi Gulya isə işə cəlb olunacaq jurnalistlərin
siyahısının hazırlanmasına rəhbərlik edir. Beynəlxalq səviyyədə
aparıcı idman təşkilatlarına müraciətlərin göndərilməsi, beynəlxalq
medianın diqqətini idman yarışlarından ayıraraq başqa istiqamətə
yönəldilməsi, Avropa Oyunlarında iştirak edən ölkələrdə aksiyalar
təşkil edilməsi, xüsusi sənədli filmlərin hazırlanması, onların BBC
və Al-Jazeera telekanalları vasitəsilə yayılması, Avropa
siyasətçilərinə təzyiq məqsədilə mesajlar göndərilməsi, tanınmış
idmançıların Azərbaycana qarşı fəaliyyətə cəlb edilməsi
planlaşdırılır. Həmçinin bu işləri həyata keçirəcək məsul şəxslərin
siyahısı tərtib olunur.
İlkin müzakirələrdən bir ay sonra, yəni fevralın
15-də “İnsan hüquqları naminə idman” kampaniyası layihəsi tam
hazırlanaraq maliyyələşmə üçün aidiyyəti qurumlara təqdim edilib.
Məlumata görə, bəzi təkmilləşdirmələrdən sonra, martın 31-də layihə
təsdiq olunub və onun icrasına külli-miqdarda vəsait ayrılıb.
Kampaniya 10 ay ərzində - martın 1-dən dekabrın 31-nə kimi icra
olunacaq. Bununla yanaşı, sənəddə qeyd olunur ki, 2016 və 2017-ci
illərdə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyi
nəzərə alınaraq layihə daha da təkmilləşdirilərək və tamamlanaraq
davam etdirilə bilər. Kampaniyaya İnternational Media Support (İMS)
və Polşada yerləşən Helsinki İnsan Haqları Fondu rəhbərlik
edəcəklər. Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki
qurum və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət göstərəcəyi
qeyd olunub. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və
İMS həyata keçirirlər. Onu da qeyd edək ki, layihənin
əlaqələndiricisi qismində Rebekka Vinsent təyin olunub. R.Vinsent
vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb, sonra isə
Article XlX təşkilatının koordinatoru olub. Bu vəzifədə, o,
Azərbaycanla bağlı xüsusi yaradılmış və 10-dan artıq təşkilatın
qoşulduğu Beynəlxalq Müşahidə Qrupunun fəaliyyətini əlaqələndirib.
Həyat yoldaşı Azərbaycandakı xarici neft şirkətlərindən birində
çalışdığına görə, R.Vinsent öz fəaliyyətini də ölkəmizə keçirib və
Emin Hüseynov, Rəsul Cəfərovla birlikdə dövlətə qarşı müxtəlif
kampaniyalar təşkil edib. Məsələn, 2012-ci ildə “Eurovision” mahnı
müsabiqəsi zamanı bu trio “Demokratiya naminə oxu” kampaniyasını
reallaşdırıb. Daha sonra isə “Demokratiya naminə incəsənət”
kampaniyasına start verilib. Bundan başqa, R.Vinsent davamlı
şəkildə xarici mediada Azərbaycan haqqında əsassız, qeyri-obyektiv
və qərəzli materiallarla çıxış edib. Yəqin ki, bu “xidmətlərin”
müqabilində R.Vinsent yeni anti-Azərbaycan kampaniyasının əsas
fiqurlarından biri seçilib.
Layihənin preambulasında bildirilir ki, Azərbaycan
beynəlxalq ictimaiyyətin (ABŞ-ın və Avropanın bəzi dairələrinin)
çağırışlarına biganə yanaşdığına görə “cəzalandırılmalıdır”, ona
qarşı koordinasiya olunmuş və əsaslı surətdə düşünülmüş təbliğat
kampaniyası keçirmək üçün böyük beynəlxalq tədbirlərdən istifadə
edilməlidir. l Avropa Oyunları həmin kampaniyanın pik zirvəsi kimi
müəyyən edilib. Yaxınmüddətli perspektivdə məqsəd Azərbaycanı insan
hüquqlarının pozulması xəritəsində möhkəm yerləşdirilmək, konkret
cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və “siyasi məhbus”
kimi təqdim edilən “5-ci kolon” nümayəndələrinin azadlığa çıxmasına
nail olmaq, bunun üçün Azərbaycan QHT-lərini və mediasını
fəallaşdırmaq və ictimai qınağı stimullaşdırmaq, Avropa
institutlarını, siyasətçiləri, idmançıları Azərbaycana qarşı
yönəltməkdir. Uzunmüddətli perspektivdə isə cəmiyyətdə “5-ci kolon”
stereotipini dağıtmaq, Azərbaycan ictimaiyyətinin biganəliyini və
passivliyini aradan qaldırmaq, vətəndaşlarda ölkədə baş verən
müsbət dəyişikliklərin imitasiya xarakterli olduğu, əslində isə
vəziyyətin dözülməzliyi barədə ümumi rəy formalaşdırmaq, QHT-lərin,
medianın hökumət əleyhinə fəallığını təmin etmək və son nəticədə
“cəmiyyəti dəyişiklik üçün istifadə etməyə ilhamlandırmaq və
səfərbər etmək” məqsədi güdülür. Beləliklə, layihə sonda
Azərbaycanda ictimai-siyasi proseslərə təsir imkanlarını bərpa
etməklə ictimai-siyasi sabitliyin pozulmasına və hakimiyyət
dəyişikliyi ssenarisini reallaşdırmasına
hesablanıbdır.
Göründüyü kimi sənəddə əks olunmuş Azərbaycanda,
Avropada və internetdə həyata keçiriləcək tədbirlərin miqyası
həqiqətən də heyrət doğurmaya bilməz:
Hələ başlamamış Avropa Oyunları ilə bağlı
korrupsiya və qanunsuzluqlara dair hesabatların
hazırlanması;
Azərbaycanda idmançılar və məşhur şəxslərlə əlaqə
saxlamaqla kampaniya üçün səfirlər təyin edilməsi;
Həbsdə olan şəxslərin hal anketlərinin, onların
infoqrafika və şəkillərinin, media üçün informasiya paketlərinin
hazırlanması
ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə
davamlı təbliğat işlərinin aparılması;
İnternet səhifələrinin, bülletenlərin,
bəyanatların, məktub və müraciətlərin
hazırlanması;
Əl-Cəzirə, BBC və Nordic Broadcastes mərkəz
KİV-lər olmaqla kampaniyaya beynəlxalq media yardımının təşkil
edilməsi;
Azərbaycanda baş verən hər bir neqativ hadisədən
öz məqsədləri üçün istifadə edilməsi;
Avropa Oyunlarını boykot etmək üçün
siyasətçilərdən, xüsusilə xarici işlər nazirlərindən xahiş
edilməsi;
İdmançıların bu kampaniyanın “xoşməramlı səfiri”
olmağa cəlb edilməsi;
Beynəlxalq Olimpiya Komitəsi, milli olimpiya
komitələrinə müraciətlər hazırlanması və
göndərilməsi;
Xüsusi filmlərin hazırlanması və Avropa
ölkələrində nümayiş etdirilməklə onların müzakirəsinin
təşkili;
Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə
etiraz aksiyalarının keçirilməsi;
Avropa Parlamenti, Avropa Şurası və digər
beynəlxalq institutların bu qara kampaniyanın məqsəd və məramının
həyata keçirilməsinə cəlb olunması;
Jurnalistlər, yazıçılar və digər yaradıcı
insanlarla işbirliyinin qurulması və s.
Bütün bunların həyata keçirilməsi ilə paralel
olaraq müxtəlif müraciətlər, bəyanatlar, on-line ərizələr,
multi-media vasitələri və internetdə infoqrafika, parodiya
xarakterli cizgi filmləri, satira və karikaturalar, dezinformasiya
xarakterli məlumatlar yayılacaq, Twitter sosial şəbəkəsində
gulaggames haştaqı ilə bağlı kampaniya aparılacaq, Trip Advisor da
daxil olmaqla nüfuzlu turizm saytlarının imkanlarından istifadə
ediləcək və s.
Onu da əlavə etmək zəruridir ki, kampaniya
çərçivəsində 2015-ci ilin sonuna kimi böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq, Azərbaycanda keçiriləcək və ya Azərbaycanın
iştirakı ilə xaricdə təşkil olunacaq bütün beynəlxalq tədbirlərin,
Azərbaycana yüksək vəzifəli qonaqların səfərinin təqvimi
hazırlanıb. Kampaniya müddətində hər bir tədbir və səfərdən
Azərbaycanın əleyhinə istifadə etmək qarşıya məqsəd kimi
qoyulub.
Xüsusi olaraq qeyd edilməlidir ki, bütün bu
kampaniyalar bir çətir altında birləşdirilir və mərkəzləşdirilmiş
qaydada həyata keçirilir. ABŞ-da NED-in vasitəsilə reallaşdırılan
kampaniya ilə Avropada start verilmiş layihənin koordinasiyasına
dair razılaşmanın olduğu və ümumi nəzarətin Vaşinqton və Londondan
həyata keçirildiyinə dair faktlar mövcuddur. Təsadüfi deyil ki, bu
kampaniyaya məhz aprelin 20-də Londonda keçirilmiş tədbir zamanı
start verilib. Daha sonra onun əsas hərəkətverici qüvvəsi olan İMS
təşkilatının mərkəzi ofisinin yerləşdiyi Kopenhagendə geniş
təqdimat nəzərdə tutulsa da, sonradan həmin tədbirin Article XlX-un
təşkilatçılığı ilə bu gün - aprelin 28-də Londonda keçirilməsi
qərara alınıb. Həmçinin, əlavə sənədlərə əsasən demək olar ki,
Azərbaycanla bağlı tədbirlər əsasən Gürcüstan vasitəsilə
reasllaşdırılacaq və Tbilisinin Azərbaycana qarşı qarayaxma
kampaniyasında plasdarm rolu bir az da
genişləndiriləcək.
Bütün bunlar onu deməyə əsas verir ki,
cəmiyyətimiz ABŞ və Avropanın bəzi dairələrinin, erməni lobbisinin
təşəbbüsü və maliyyə dəstəyi ilə beynəlxalq QHT-lərin Azərbaycana
və l Avropa Oyunlarına qarşı həyata keçirdiyi geniş kampaniya ilə
üz-üzədir. Bu kampaniyanın uzunmüddətli xarakter daşıdığı,
ölkəmizin dünyada mənfi imicinin formalaşdırılmasına və daxildə
ictimai-siyasi sabitliyin pozulmasına yönəldiyi şübhəsizdir. Təbii
ki, bu qüvvələr öz istəklərinə nail olmayacaqlar və layiqli
cavablarını alacaqlar. Amma ən azından bu gündən sonra biz onların
əsl simasını açıq şəkildə görə və ittihamlarımızı da konkret
ünvanlara yönəldə biləcəyik.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO