PA rəsmisi: “İnternetin cəmiyyətə neqativ təsirləri də var”
Bizi izləyin

Qırmızı.az

PA rəsmisi: “İnternetin cəmiyyətə neqativ təsirləri də var”

“Bu gün hər bir vətəndaşın internetə daxil olması hüququ insan hüquqlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Bu, beynəlxalq sənədlərdə də açıq şəkildə öz əksini tapıb”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-Siyasi Məsələlər Şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov bu gün Bakıda Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilən “İnternet və insan hüquqları” mövzusunda konfransda çıxışı zamanı bəyan edib.

PA rəsmisi deyib ki, internetin cəmiyyətə faydaları ilə yanaşı, neqativ təsirləri də mövcuddur: “Bəzən internetdə anonimliyin və əsl imzanın gizlədilməsi imkanları insanların şəxsiyyətinin alçaldılmasına və hüquqlarının pozulmasına gətirib çıxarır. Bir sıra hallarda internet vasitəsilə kibercinayətkarlıqdan istifadə etməklə bəzi insanların şəxsi məlumatlarının ələ keçirilməsi halları baş verir ki, bu da insan hüquqlarının pozulması kimi qiymətləndirilir. Ona görə də internet şəbəkəsinin meydana gəlməsi bir tərəfdən fundamental insan hüquqlarının inkişafı üçün yeni imkanlar yaradırsa, digər tərəfdən isə bu, insan hüquqlarının pozulması halları ilə nəticələnir. Buna görə də dünyanın aparıcı, inkişaf etmiş demokratik dövlətlərinin və beynəlxalq təşkilatların qarşısında dayanan əsas məsələlərdən biri də internetin cəmiyyətə verdiyi müsbət töhfələrlə yanaşı, onun cəmiyyətə gətirdiyi neqativ halların qarşısının alınması ilə bağlı müvafiq addımlar atılması olmalıdır”.

V.Səlimov bildirib ki, Azərbaycanda internetin və informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə bağlı dövlət tərəfindən mühüm işlər görülüb: “Azərbaycanda internet azadlığı və insan hüquqlarının qorunması məsələsi dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan dövləti bu sahədə bir sıra addımlar atıb. Eyni zamanda, Azərbaycan hökuməti kibercinayətkarlıqla mübarizəni nəzərdə tutan beynəlxalq Konvensiyaya qoşulub və bu kimi sənədləri daim dəstəkləyir”.

PA rəsmisi qeyd edib ki, indi dünyada internet azadlığı və insan hüquqları bir sıra beynəlxalq təşkilatların diqqət mərkəzindədir: “Bununla bağlı müxtəlif konvensiyalar işlənib hazırlanıb. Azərbaycan dövləti də hansı regionda yerləşməsindən asılı olmayaraq bu məsələyə daim diqqət yetirir.

İnternet şəbəkəsinin, ümumiyyətlə, internetin sosial kommunikasiya vasitəsi kimi meydana gəlməsi dünyada insan hüquqları və azadlıqlarının inkişaf etməsində yeni mexanizmlərin yaranmasını şərtləndirir.

İnternet şəbəkəsinin meydana gəlməsi insan hüquqlarının təmin olunmasında, eyni zamanda, insan hüquq və azadlıqlarının inkişafında yeni perspektivlər açıb. Bu sahədə aparılan araşdırmalar və indiki reallıq göstərdi ki, internetlə insan hüquqları arasında olan qarşılıqlı əlaqə prosesi bir tərəfdən pozitiv istiqamətdə dəyişikliklərə səbəb olmaqla yanaşı, bəzən də neqativ halların meydana gəlməsinə gətirib çıxarır.

İnternet şəbəkəsinin sosial kommunikasiya vasitəsi kimi insan hüquqlarına verdiyi töhfə ondan ibarətdir ki, bu, insanların qlobal miqyasda öz fikir və azadlıqlarını sərbəst formada ifadə etmələrinə böyük imkanlar yaradır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm