“Məşədi İbad”ı heyran qoyan istedad, Azərbaycanın içki düşkünü olan ən məşhur “müxbiri” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Məşədi İbad”ı heyran qoyan istedad, Azərbaycanın içki düşkünü olan ən məşhur “müxbiri” – FOTOLAR

Azərbaycanın teatr və kino tarixində belə aktyor nadir hallarda olub. Heç bəlkə də, ondan başqası olmayıb. Kiçik rollarla yaddaşlarda qalmaq, ölümündən 35 ildən artıq vaxt keçsə də, tamaşaçı yaddaşında silinməz iz buraxmaq hər aktyorun işi deyil.

Ancaq bu yazımın qəhrəmanı Fazil Salayev heç bir mübaliğəsiz-filansız belə aktyorlardan idi. Epizodik rollarla da böyük aktyor olduğunu sübut etmişdi.

Dörd yaşında üzə çıxan istedad

Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandırlar. Heç ailə özü də bura nə vaxt gəldiyini dəqiq xatırlamırdı. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış. Ancaq deyəsən, bu istək yazı-pozuya deyil, rəssamlığaymış. Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda “Azərbaycan” nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.

Rəssam Fazil, tələbə bəy

Rəssamlığın sonuncu kursunda isə atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur. O vaxt Fazilin də yaşı elə çox deyildi. Heç 23 tamam olmamışdı. Beləliklə, 1954-cü il aprelin 24-də İdris kişi dostu Nurəddinlə həm də quda olur. Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblərmiş və onda da söhbət etməyə belə macal tapmayıblarmış.

Fəridə xanım həyat yoldaşının rəssam olduğunu bilsə də, onun aktyorluğa olan marağından xəbərsiz imiş. Heç atası İdris Salayev də Fazilin aktyor olacağını ağlına belə gətirmirdi. Dövrünün sayılıb-seçilən ziyalılarından olan İdris bəy oğlunun “mütrüb” adlandırılmasını istəmirdi. O həm də müxtəlif vəzifələrdə çalışmışdı. Üstəlik, Fazil ailənin yeganə övladıydı.

Ancaq Fazil sənədlərini ovaxtkı Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir. Deyilənə görə, Salayevin kumiri məşhur italyan aktyoru Toto (əsl adı Antonio Binçenzo Stefano Klemente) idi. Çox güman ki, Fazilin bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynamışdı.

“Azdrama” dövrü

Teatr İnstitutunu bitirən F.Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq işinin dəyərləndirilmədiyini görüncə, “Muskomediya”ya üz tutur. Bu barədə yazının növbəti hissəsində daha ətraflı oxuya bilərsiniz.

32 yaşda kinoda debüt

Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Rejissor Həsən Seyidbəyli onu “Möcüzələr adası” filmində epizodik rola dəvət edir. Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı “Ulduz” filmində müxbir rolunu oynayır. Ardınca “Alma almaya bənzər”, “Bir cənub şəhərində”, “Dərviş Parisi partladır” kimi filmlərdə yaddaqalan obrazlar yaradır. “Azdrama”dan küsüb getdiyi illərdə isə “Mozalan” satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.

1966-cı ildə Həsən Seyidbəyli “Sən niyə susursan” filmində F.Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmi isə qəhrəmanımızın istedadını başqa tərəfdən üzə çıxarır. Bu psixoloji rolla sübut edir ki, onun üçün heç bir amplua məhdudiyyəti yoxdur. Bu rol Azərbaycan kinosunda sükutla “danışmağın” bənzərsiz nümunəsidir.

Həyat yoldaşının xatirələri

Fəridə Salayeva 2009-cu ildə verdiyi müsahibədə Fazil Salayevin son günlərini belə xatırlayırdı:

“Ölümündən bir qədər əvvəl veriliş efirə getmişdi. Orada Həsən Seyidbəyli onun haqda danışmışdı. Fazil öləndən sonra verilişi yenidən efirə verdilər. Söz-söhbət gəzirdi ki, guya Fazil bizimlə yola getmirmiş. Ancaq Həsən Seyidbəyli Fazilin sənətini təhlil etdi, şəxsiyyəti barədə xoş sözlər dedi”.

F.Salayeva “Fazilsiz keçən illərdə təsəlliniz nə olub” sualına belə cavab vermişdi:

“Təsəllim qızlarım olub. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdır. Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hələ hamısı evdəydi. Sonra başım qarışdı onları köçürməyə. Daha sonra nəvələrim dünyaya gəldi. Fazil evin vur-tut bircə uşağı olub. Özü də varlı-hallı bir kişinin. Üstəlik, üç qardaşın evində yeganə uşağıydı. Rəhmətlik qayınatamın artistlikdən xoşu gəlməzdi. Elə sözün doğrusu, mənim də. Heç inanın, teatrda tamaşalarda oynayırdı, tək-tük halda gedib baxırdım. Pianino çalmağı, oxumağı aləmiydi. Hədsiz istedadlıydı. Açıq-saçıq danışan, əhlikefiydi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc... Bir az da cavanlığıydı, indiki ağlım hardanıydı. Necə deyərlər, çox fərqimiz vardı... Fazilin ana babasının da artistliyi varmış. Teatrda işləməyib, toy-düyündə iştirak eləyərmiş. Görünür, babasına çəkib. İndi mənim beş nəvəm var”.

Acı təsadüf

Çox acı təsadüfdür ki, sənətkar 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə həyata əlvida deyir. Fazil Salayevlə bağlı bu yazını hazırlayarkən internetdə apardığım kiçik axtarışdan belə məlum oldu ki, onun haqqında Sevda Ağazadənin müəllifi olduğu “Təbəssümün kədər ştrixləri” adlı sənədli filmdən savayı heç nə çəkilməyib. Görünür, şanssızlıq - diqqətdən kənar qalmaq - necə deyərlər, sənətkarın ölüsündən də əl çəkmir.

Dramaturq Əli Əmirlinin Fazil Salayev haqda dediklərindən:

“Elə aktyorlar var ki, haqqında danışarkən onun hansısa cizgisi yada düşür. Fazil Salayevdə bu, təbəssüm idi və onun təbəssümüylə göz ifadəsi arasında fərq var. Gözləriylə iri planda işləməyi bacarır. Ancaq təbəsümündə qəribə bir kədər...”

Kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyev hesab edir ki, Azərbaycan kinosunda “balaca adam” obrazını yaradan və bu obrazı ekranda inkişaf etdirən aktyor Fazil Salayev olub:

“Bəzən onun yaratdığı obrazların adı da olmurdu. Ancaq onun bu obrazlara verdiyi həyat, təbiilik, dərinlik o obrazları bu gün də yaşadır. Onun obrazları bir-birinə bənzəmir, hərəsi bir dünyadır və bu dünyanı obrazlara məhz Fazil Salayev bəxş etmişdi. “Şərikli çörək”dəki Qırçı Məhəmməd əslində tənhadır, amma onun insanlara olan eşqi hər kəsi heyran edir”.

Fəxri adı - “filan roldakı aktyor”

Xalq artisti Yaşar Nuri isə hesab edirdi ki, F.Salayev böyük istedad sahibi olmaqla yanaşı, şanssız bir aktyor olub:

“Çünki Fazilin çox böyük istedadı var idi. Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, “filan roldakı aktyor” kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı “filan aktyor” idi. “Muskomediya”da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə tok vurur bunu, ölür. Zal onun “ölməyinə” iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı... Onu “Şərikli çörək” filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans... O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı”.

Sən demə, Yaşar Nuri F.Salayevin bir rolunu səsləndiribmiş. Bəlkə də, çoxları indiyə kimi bu faktdan xəbərsizdirlər:
“Onun “Alma almaya bənzər” filmindəki rolunu mən səsləndirmişəm. 1975-ci ildə aeroportda rejissor Arif Babayevlə rastlaşdıq. Dedi ki, sən gəlməyincə filmin səsini yazmayacağam. İki ay sonra Moskvadan qayıtdım və o rolu səsləndirdim. Elə mizanlar etmişdi ki, səsləndirmək çox çətin idi. Fazil Salayev öyrəniləsi aktyordu. Ona baxıb nəsə götürmək olar. Onun gözlərində “dünyada yaşayanlara yazığım gəlir” ifadəsi vardı”.

Sonuncu filmi

Aktyorun oynadığı sonuncu film onun həyatının son aylarına təsadüf edir. Rejissor Cahangir Mehdiyev Moskva Kinematoqrafiya İnstitutunda oxuyarkən kurs işi üçün “Araşdırın” filmini çəkir.

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nur həmkarı Fazil Salayevlə tanışlığını belə xatırlayır:

“Mən tələbə olanda Fazil Salayev “Azdrama” işləyirdi. O vaxt teatrın direktoru bizim kurs rəhbərimiz rejissor Əliheydər Ələkbərov idi. Dərslərin çoxunu teatrda keçirdik, imtahan vaxtı ora gedirdik. O, Allahın möcüzəli, istedadlı aktyor idi. Fazil “Azdrama”da elə də böyük rollar oynamayıb. Məsələn, “Ölülər”də Cəlalı oynayırdı. Digər tamaşalarda da epizodik rollardaydı. Ancaq qeyri-adi koloritli, duzlu aktyor idi. Kinostudiyada da tez-tez görüşürdük, çay içirdik. Nə qədər istedadlı olsa da, heç vaxt dövlət, teatr rəhbərliyi onu layiqincə qiymətləndirmirdi. Hətta kateqoriyasını artırmırdılar ki, normal maaş alsın”.

İçki düşkünü olmuşdu

Ə.Nur deyir ki, F.Salayev istedadı qiymətləndirilmədiyindən “sınmışdı”, həyatın dibinə düşmüşdü, meylini içkiyə salır. Hətta sonradan Salayev ağır xəstəliyə tutulur və içki içməsə, qida qəbul edə bilmirmiş:

“Sonradan mədəsində xərçəng xəstəliyi yaranmışdı. Ona görə də içki içməsəydi, bir həftə dilinə çörək vurmurdu. Səməndər Rzayevlə, Yaşar Nuriylə dost idi. Nə dövlət onun qədrini bildi, nə də özü özünə dəyər verdi. Bu, aktyor üçün ikiqat zərbə demək idi”.

“Azdrama”dan niyə küsmüşdü?

Akademik Milli Dram Teatrının direktoru, teatrşünas İsrafil İsrafilov isə Fazil Salayevi tələbəlik illərindən tanıyır. Hətta Salayevin “Azdrama”ya ikinci qayıdışında İsrafilovun böyük rolu olubmuş:

“Fazil Salayevi hələ tələbə olduğum vaxtlardan tanıyırdım, tamaşalarına baxmışdım. Sonra iş elə gətirdi ki, teatrdakı intriqanın sayəsində bir müddət “Azdrama”dan uzaqlaşıb “Muskomediya”ya getdi. Onun həyatının psixoloji baxımdan ən çətin məqamları həmin dövlərə təsadüf edir. Təxminən 70-ci illərin ortaları idi. 1974-cü ildə “Azdrama”nın Moskvaya qastrol səfəri planlaşdırılmışdı və bir neçə tamaşa, o cümlədən “Ölülər” oynanılmalıydı. Fazil də həmin tamaşada Cəlalı oynayırdı. Tofiq Kazımov təklif etdi ki, Cəlalı mən oynayım. Dedim ki, uzun illər məşq olub, Fazil Salayev inciyib, bəlkə, danışıb yola gətirək. Məsləhət belə oldu ki, mən onunla söhbət edim. Bizim dənizkənarı parkda bir saatdan artıq söhbətimiz oldu. O, inciməyinin səbəblərini açıqladı, hətta mənə boğazını da göstərdi. “Muskomediya”da oxumaq lazım idi, o da ancaq zümzümə edə bilərdi. Ona görə də boğazı gücə düşmüşdü”.

Ancaq İ.İsrafilov deyir ki, qəhrəmanımızın teatrdan inciməyə haqqı olsa da, özünün də səhvləri az deyilmiş. Salayevin başlıca səhvi isə, heç şübhəsiz ki, içkiyə meyilli olmasıydı:

“Məsələn, tamaşalara, məşqlərə sərxoş gəlirdi. Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibiydi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Onu komizmi də orijinaldır, plastikası da. Fazildən sonra o tipdə aktyor yetişməyib. Düzdür, Yaşar Nuri yetişdi, amma o, başqa tip aktyor idi. Tofiq Kazımov onu çox istədiyindən bəzi səhvlərinə göz yumurdu. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu “Azdrama”dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi “Muskomediya”, necə deyərlər, onu göydə tutdu. Orada cəmi üç il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra “Azdrama”ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm. O, teatra qayıtdı və Moskvada çox uğurla tamaşa alındı. Fazil musiqili teatrda işləyə bilməzdi və tamaşaçılar da onu məhz “Azdrama”da görməyə alışmışdılar.

İndiki qış bulvarının yerləşdiyi ərazidə yaşayırdı. Olduqca saf, qonaqpərvər, mehriban, hətta deyərdim ki, sadəlövh idi. Mən yaşlı nəsil aktyorların əksəriyyətini görmüşəm. İkinci belə uşaq kimi saf aktyor olmayıb. Teatrın adamı bir balaca korlamağı olur. Müxtəlif rollar oynadığı üçün aktyorlar peşə xəstəliyinə tutulurlar. Simasızlıq onların peşəkar xəstəliyidir. O, nadir adamlardan idi ki, simasını dəyişməmişdi, peşə xəstəliyi yox idi. Ən parlaq rolunda da özünü heç kimdən üstün tutmurdu. Onu aldatmaq çox asan idi və aktyorlar bəzən onunla zarafatlaşırdılar”.

Fazil Salayevin küsülü olduğu həmkarı olmasa da, “Azdrama”da xoşu gəlmədiyi bir nəfər varmış. İsrafil İsrafilovun dediklərindən:
“Heç kimlə küsülü deyildi, ancaq xoşu gəlmədiyi adamlar var idi. Məsələn, teatrın rekvizit sexində işləyən bir nəfərin Fazilin “Azdrama”dan getməyində böyük “rolu” olmuşdu. O, təkcə Fazili yox, Səməndər Rzayevi də rəhbərliyə “satırdı”. Çünki hər ikisi tamaşalara içkili gəlirdilər. Aktyorların əksəriyyətinin belə qüsurları olub. Mən indi teatrda belə şeylərin qarşısını alıram. Ümumiyyətlə, “Azdrama”nın o mənada mənfi ənənəsi olub. Düşünürəm ki, belə şeylər keçmişdə qalmalıdır və tamaşaçıya hörmət etmək lazımdır. Ən yaxın dostu Yaşar Nuri idi, tez-tez zarafatlaşırdılar. Aktrisalardan isə Nəcibə Məlikovayla arası yaxşıydı. Nəcibə xanım onu öz övladı, qardaşı kimi çox istəyirdi, baxırdı ki, yemək yeməyib, yemək verirdi, çağırıb otağına bir stəkan çay süzərdi”.

Əliağa Ağayevin heyran olduğu Fazil

Xalq artisti Tariyel Qasımov isə Fazil Salayevdən yaşca xeyli kiçik olsa da, tələbə yoldaşı olublar. Deyir ki, Fazil Rəssamlıq Məktəbini bitirdiyi üçün Teatr İnstitutuna gec daxil olmuşdu. Xalq artisti dostuyla bağlı maraqlı xatirələrini danışır:

“Fazil “Molla Cəbi” tamaşasında Əliağa Ağayevlə tərəf müqabildi. Əli özü deyirdi ki, Fazil orada elə xırdalıqlar edirdi ki, mən özümü itirmişdim. Deyir, elə oynayırdı ki, ona valeh olmuşdum, öz rolum yadımdan çıxmışdı”.

Tariyel Qasımov da F.Salayevi şanssız sənətkar hesab edir:
“Şərikli çörək” filmi məhz Fazilə görə uğur qazanmışdı və o film dövlət mükafatına təqdim olundu. Rejissor, operator, bəzi aktyorlara dövlət mükafatı verildi, amma Fazilə verilmədi. Bu, ona qarşı çox böyük insafsızlıq və haqsızlıq idi. Bir dəfə “Hacı Qəmbər” tamaşasıyla Xaçmaza getmişik. Mən Əşrəf bəyi oynayıram, Yusif Vəliyev – Hacı Qəmbəri, bu da Cəbini. Tamaşa açıq havada oynanılırdı. Hacı Qəmbərlə Gərayın dialoqu gedir. Birdən çəyirtkə gəlib düşdü bunların qabağına. Fazil obrazı buraxdı, düşdü çəyirtkənin dalına... Heç tamaşaçı hiss etmədi ki, həmin yer ssenaridə yox idi”.

Xalq artisti mərhum dostuyla bağlı olmuş hadisəni danışır:
“Bir dəfə də Fazil evə sərxoş gəlir. Bunun xanımı da çox cüssəli xanım idi. Qadın görür ki, Fazil özü gedib yata bilməyəcək. Bunu qucağına alıb yerinə atır. Uşaqları qışqırırlar ki, “papa letit, papa letit”. Səhəri gün özü bizə danışıb gülürdü. Bir dəfə də Fazilgilə yeyib-içib gəlmişdik. Mən də iki yüz metr aralıda Şahmar Ələkbərovun evində yaşayırdım. Dedi ki, qoymaram gedəsən, bizdə qalacaqsan. Kasıb, amma çox ürəyiaçıq adam idi”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm