Diktatorun oğlunun qəlbini ovlayan kəndçi balası Haci - VİDEO
Bizi izləyin

İdman

Diktatorun oğlunun qəlbini ovlayan kəndçi balası Haci - VİDEO

O, əfsanə oyunçu, bir çox uğurlara və titullara sahib çıxan futbol ustasıdır. Əzəli rəqiblər - “Real” və “Barselona”da top qovub, ancaq xoşbəxtliyi Türkiyədə tapıb. Türk xalqının ürəyini fəth edib. O, futbolun “azad rəssam”ı idi.

Publika.az II taym layihəsi çərçivəsində fevralın 5-də 50 yaşını tamamlayan, göstərdiyi oyunla “Qalatasaray"lıların qəlbində taxt quran Georgi Haci haqqında məlumat verəcək.

Haciyə “Karpat Maradonası” ləqəbi verilib. Ancaq bu ləqəbi özü heç vaxt bəyənməyib. Ölkəsində dostları onu Qiça ləqəbiylə çağırıb. O, İstanbul klubunun tarixində ən çox sevilən əcnəbi oyunçudur.

İmtahana girmədən universitetə qəbul olan Haci

George Haci 1965-ci ildə Rumıniyada Konstansa vilayətinin Seçele kəndində anadan olub. Onun özündən böyük Elena və Sultan adında iki bacısı da var. 6 yaşında olarkən anası Çirata onun həyatını dəyişdirəcək və heç vaxt unutmayacağı hədiyyə verdi. O, həyatında ilk dəfə bir topa sahib oldu. Hacini kəşf edən “Farul Konstansa” klubunun gənclərdən ibarət heyətini çalışdıran İosif Bukossi idi. Elə Haci özü də onun futbolçu olmasında Bukossinin əməyinin böyük olduğunu deyib.

Qiça ilk rəsmi matçına 11 yaşında çıxıb. 1979/80 mövsümündə lisenziyalı olaraq "Farul Konstansa" komandasının oyunçusu olub. 1983-cü ildə imtahana girmədən universitetə gedə bilmək üçün "Universitatya Krayova" komandasıyla müqavilə bağlayıb. Bundan Rumıniya Sosialist Respublikasının prezidenti, diktator Nikolae Çauşeskunun oğlu Niku xəbər tutub. Bundan sonra dərhal Hacini Buxarestdə bir universitetə yazdırır və fəxri prezidenti olduğu "Sportul Studentes"ə transfer edib. Haci 1983-1987-ci illərdə formasını geyindiyi "Sportul"da 108 matça çıxıb və 78 qola imza atıb.

Haci uğrunda mübarizəyə kommunist rejimi mane oldu

Bu maraq doğuran uğurlar Çauşeskunun böyük oğlu Valentinin də diqqətini çəkdi. Qardaşı ilə arası heç də yaxşı olmayan Valentin Hacini ordu komandası olan "Styaua"ya transfer etdi. Həmin vaxt Buxarest klubu Avropa Çempionlar Kubokunun qalibi olmuşdu. Avropa Superkuboku uğrunda keçirilən oyunda artıq Haci də heyətdə idi. Həmin matç Hacinin vurduğu qolla da 1:0 başa çatdı.

Bundan başqa, ilk ilində Rumıniya Kuboku və Rumıniya Liqa Çempionluğunu yaşayan Haci daha sonra "Styaua" ilə 1 Rumıniya Kuboku və 2 çempionluq qazandı.

"Styaua"da oynadığı dövrdə "Yuventus", "Liverpul", "Çelsi" və ən çox da "Milan" kimi güclü klublar tərəfindən dəfələrlə transfer edilmək istənilsə də, dövrün kommunist rejimi səbəbiylə bu baş tutmur.

Rekord qiymətə transfer, o qədər də uğurlu olmayan dönəm

1990/91 mövsümündə ölkədəki kommunist rejiminin dəyişməsi ilə Haci 25 yaşında İspaniyanın dünyaca məşhur klubu "Real"a transfer olundu. Bu transferi Madrid klubu heç də asan şəkildə gerçəkləşdirmir. İspanlar o dövrə görə rekord sayılan ödəniş qarşılığında - 4 milyon dollara onu transfer edir.

Burada o, Toşak ve Antiç kimi mütəxəssislərlə çalışıb. Qiça 1990-1992-ci illərdə formasını geyindiyi “Real”da 64 oyun keçirib və 16 qol vurub.

“Real”da istədiyi uğuru əldə edə bilməyən futbolçu 2 mövsüm sonra 1992-ci ildə İtaliyanın "Breşiya" komandasına transfer olundu. İlk ilində "Breşiya" elitanı tərk edən zaman Haci transfer təkliflərinə baxmayaraq, onun üçün "qaçdı" deyilməsin deyə, komandadan ayrılmaq istəmədi. Klubdakı 2-ci ilində "Breşiya" tarixindəki ən diqqətçəkən uğurlardan birinə imza atdı – İngiltərə və İtaliya klublarının iştirak etdiyi "Anqlo-İtaliya Kuboku"nu qazandı.

1994/95 mövsümündə "Barselona"nın holland məşqçisi Kroyffun səyləri nəticəsində Haci yenidən İspaniyaya qayıtdı. İki mövsüm "Barselona"nın formasını geyindi və 36 oyunda 7 qol vurdu.

“Lipa” kimi gəldi, dahi kimi getdi

Onun transferində növbəti rekord qiyməti “Qalatasaray” müəyyənləşdirdi. Hacinin Türkiyə karyerası qalmaqallarla başladı. Belə ki, onun transferi Türkiyə mətbuatında tənqidlərlə qarşılandı. Hacinin yaşının 31 yox, 35 olduğu iddia edildi.

Haci tənqidlərə meydanda qarşılıq verəcəyini söylədi və "Qalatasaray"dakı ilk üç liqa matçında qələbə gətirən qolları vurdu. Növbəti illərdə isə Haci komandanın lideri oldu. Komandaya qazandırdığı kuboklarla yanaşı, oynadığı 132 matçda 110 qol vurdu və qol vurdurdu (59 qol, 51 asist). Hacinin karyerasında ən çox forma geyindiyi klub da məhz “Qalatasaray” oldu. O, İstanbulda 5 mövsüm çıxış etdi.

Türklərin inanılmaz "10 nömrə" adlandırdığı futbolçu sərt, dəqiq zərbələri və ecazkar cərimə zərbələriylə "Qalatasaray" azarkeşlərinin qəlbində taxt qurdu. Unudulmazlar sırasına daxil oldu.

5 mövsüm oynadığı "Qalatasaray"da UEFA Kuboku, Avropa Superkuboku, 4 Superliqa çempionluğu, 2 Türkiyə kuboku, 1 Cumhurbaşkanlığı Kuboku qazanıb. Onun bu klubdakı uğurları fanatlar tərəfindən “I love you Hagi” şüarını yaratmışdı.

O, 1983-2000-ci illərdə 125 dəfə Rumıniya millisinin formasını geyinib və 35 qol vurub. 2000/01 mövsümünün sonunda bütün Türkiyə yasa batmışdı. Çünki George Haci futbolla vidalaşırdı. "Qalatasaray"da geydiyi 10 nömrəli formanı “Karpat Maradonası” sonuncu dəfə dünyaca məşhur ulduzların oynadığı yubiley matçında geyindi. 36 yaşında butslarını birdəfəlik soyundu.

Məşqçilik karyerası

O, məşqçi karyerası ərzində “Bursaspor” (2003), “Qalatasaray” (2004-2005; 2010-2011), “Politexnik Timişoara” (2005-2006), “Styaua”( 2007) kimi klubları çalışdırıb. Haci həmçinin bir müddət doğma ölkəsinin milli komandasına da rəhbərlik edib (2001-2002).

Hazırda o, Rumıniya Liqa 1-ində çıxış edən “Vitorul Konstanta” klubunu çalışdırır. 2014-cü ildən həmin kluba baş məşqçi təyin edilib.

“Ən gözəl qolum...”

Rumıniya futbolunun canlı əfsanəsi Türkiyə mətbuatına açıqlamasında niyə məhz Kolumbiyanın qapısına vurduğu qolu ən gözəl saymasını bu cür izah edib. Rumıniya həmin oyunda Kolumbiyanı 3:1 hesabıyla məğlub etmişdi:

“Karyeramda bir sıra gözəl qollar vurmuşam. Açığı onlar arasında seçim etməyə çətinlik çəkirəm. Ancaq şəxsən mən 1994-cü ildəki dünya çempionatında Kolumbiyanın qapısına vurduğum qolu qeyd edərdim. Qapını İvan Kordoba qoruyurdu. Dünya çempionatının qrup mərhələsinin oyunu idi və bizim üçün böyük əhəmiyyət daşıyırdı. Oyun böyük əhəmiyyət daşıyırsa, təbii, həmin oyunda vurulan qol ikiqat əhəmiyyətə malik olur. Bundan başqa, qol da gözəl alındı. Kordobanın irəli çıxdığını görüb təxminən 30 metrlik məsafədən topu tora göndərdim və çox baxımlı qol alındı. Yekunda isə qalib gəldik və həmin qələbə qrupdan çıxmağımızda çox böyük rol oynadı”.

Georgi Hacı erməniləri məyus etdi

Əfsanəvi futbolçu erməniləri də məyus edib. Onunla əməkdaşlıq edən şəxsi agenti Leonid İstrati qeyd edib ki, 48 yaşlı futbol adamı Ermənistan millisinə rəhbərlik etməkdən imtina edib. Agent bildirib ki, Haciı üçün Rusiyada çalışmaq daha münasibdir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm