O günü həsrətlə gözləyirəm - Xalq artisti
Bizi izləyin

Art

O günü həsrətlə gözləyirəm - Xalq artisti

Xalq artisti Aygün Bayramova ilə işğaldan azad olunan kəndlərindən tutmuş, pandemiya dövründəki maliyyə durumunadək danışdıq. Xalq artisti bu çətin günlərdə bəzi sənət yoldaşlarına əl tutduğunu da dilə gətirdi.

Publika.az Xalq artisti Aygün Bayramova ilə müsahibəni təqdim edir:

- Aygün xanım, pandemiya büdcənizə necə təsir etdi? Sənət yoldaşlarınız pulsuzluqdan giley-güzar edirlər, sizin maddi durumunuz necədir?

- Uzun müddətdir ki, müəllimlik fəaliyyəti ilə məşğulam, həm Milli Konservatoriyada, həm də Asəf Zeynallı adına Musiqi Kollecində çalışıram. Təbii ki, bizim bir çox musiqiçilərimizin, sənətçilərimizin qazancı ancaq toylardan, ad günlərindən və şənliklərdən gəlir. Pandemiyanın bu qədər davam etməsi onlar üçün daha çətindir. Pandemiya ilə bağlı dövlətimiz hansı qərarı qəbul etsə, ona əməl edəcəyik. Vəziyyət yaxşı olsa, toyların da fəaliyyətinə icazə verilər. İnsanlar da evlərinə çörək aparar. Ötən ilin martın 16-dan hər şey bağlıdır. Toylar yoxdur. Görək üzümüzə gələn aylarda necə olacaq. Yəqin ki, bunları da nəzərə alarlar, bir qərar verərlər. Doğrudan da çətin vəziyyətdir. Bugünkü durum haqqında nəsə deməyə ehtiyac yoxdur. Vəziyyəti hamı görür.

- Bəs siz öz gəlirlərinizi necə tənzimləyirsiniz? Ancaq maaşla, yoxsa başqa gəlir yerləriniz var?

- Maaş alıram, yoldaşım da çalışır. Bizdə elə də maddi sıxıntı yoxdur. Hətta çalışdığım qədər kimlərəsə əl tuturam. Nəyə gücüm çatırsa, çalışıram ki, mən də nəsə kömək edim.

- Hazırda toylara görə maddi durumu çox aşağı olan sənət dostlarınız sizdən borc pul istəyibmi? Kömək etdiyiniz insanlar arasında onlardan kimsə varmı?

- Yox... Sözün düzü, bir neçə adam olub, amma onlar bu sənətdə o qədər üzdə olan adamlar deyil. Adlarını çəksəm də, onları tanımayacaqsınız. Onlardan kömək etdiklərim var, amma yenə də deyirəm, gücüm çatan qədər əl tutmağa çalışmışam.

- Aygün xanım, Ağdam, doğulduğunuz Sarıcalı kəndi də işğaldan azad olunub. Noyabrdan bəri azad olunan torpaqlara getmisinizmi?

- Getməmişəm. Amma gedəcəyəm, daha doğrusu, o günü həsrətlə gözləyirəm. Torpaqlarımız işğaldan azad olunub. İlk növbədə şəhidlərimizin ruhu qarşısında baş əyirəm, Allah onlara rəhmət eləsin! Biz onların, ordumuzun, dövlətimizin gücü sayəsində torpaqlarımızı işğaldan qurtardıq, çox şükür. Qazilərimiz, yaralılarımız var. Onlara da şəfa diləyirəm. Məndən olsa, işğaldan azad edilən günün səhəri gedərdim. Bilirsinizmi orada nə qədər mina var?! Öz də ermənilər Ağdam ərazisini daha çox minalayıb. Onların ən yaralı yeri Ağdam idi.

- Niyə?

- Elə bilin ki, bütün nifrətlərini Ağdamın üstünə töküblər. Çünki o vaxt ermənilər Ağdama çox böyük qorxu ilə gəlib-gedirdilər. Sanki içlərində bir qorxu var idi ki, biz bunlara nəsə edəcəyik. Biz onlara heç nə etməmişik. Azərbaycanda onlarla millətin nümayəndəsi yaşayır, sayı-hesabı yoxdur. Bizim hansına bir pisliyimiz keçib, heç birinə... Bizim heç kimlə problemimiz olmayıb. Biz tolerant dövlətik, tolerant xalqıq. 44 günlük müharibədən sonra erməniləri daha yaxından tanıdıq ki, bunlar vəhşi, xəstə təfəkkürlü bir millətdirlər. İndinin özündə də elə fikir yürüdürlər ki, sanki Qarabağ bunların imiş, biz Qarabağı bunların əlindən almışıq, bu qədər də xəstə təfəkkürmü olar?! Yer üzündə ermənilər qədər pis millət yoxdur. Ancaq ermənilərdir, vəssalam. İnsanlar getmək istəyir, amma təhlükəlidir. Hamı istəyir ki, gedib torpağını görsün, əlbəttə mən də istəyirəm. Adamları başa düşürəm, amma səbir etmək lazımdır ki, minalardan təmizlənsin.

- Ağdamda ilk olaraq hara gedəcəksiniz?

- Çox yerlər var. Uşaqlığımın keçdiyi yerlərə - Pioner evinə, Qarabağ bülbüllərinin yetişdiyi yerlərə getmək istərdim. Öz evimizə getməyi arzulayıram. Amma bilirəm ki, evimizin heç bünövrəsi də yoxdur. Sadəcə olaraq indi ora getmək təhlükəlidir. Prezident də deyir ki, minalardan təmizlənməmiş getmək olmaz. Minalardan təmizlənəndən sonra nəinki Ağdama, Şuşaya, Laçına, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana da, hamısına gedəcəyik. 30 il dözmüşük, bir qədər də səbr edək...

- Aygün xanım, Ağdamda yenidən ev tikəcəksiniz?

- Bizim qohum-əqrəbalarımızın hamısının Ağdamda evi olub. Atamın da ikimərtəbəli evi vardı. Hətta qardaşım da ikimərtəbəli ev tikdirmişdi. Cəmi iki ay qaldı o evdə, Ağdam işğal olundu. Əlbəttə, evimizi tikəcəyik. Niyə də tikməyək?! Baxmayaraq ki, orta məktəbdə oxuduğum vaxtlardan Bakıda yaşamışam, mən də ev tikərəm. Çünki o torpaqda böyümüşəm, suyunu içmişəm, havasını udmuşam. Heç nə qalmasa da, hansı binanın harada yerləşdiyini mən yaxşı bilirəm. O torpaqlara getmək həsrəti ilə yaşayıram. Hətta o torpağı görməyənlər də Ağdama getməyə can atırlar. Hamımız gedəcəyik. İgid oğulların qanı tökülüb o torpaqlara, bizim ora getməyimiz, qayıtmağımız üçün tökülüb də... Getməsək, onların ruhu bizi bağışlamaz.

- Qohumlarınızdan 44 günlük müharibəyə qatılanlar oldumu?

- Əlbəttə var. Qohum-əqrəbalarımızdan müharibədə iştirak edənlər çoxdur. Hətta yaralananlar da oldu. Hazırda qardaşım oğlu Laçın rayonunda xidmət edir. Hətta onu da deyim ki, könüllü olaraq gedib. Vətəni qorumaq əslində hər birimizin borcudur. Çünki bu torpaq, bu Vətən bizimdir. İşğaldan azad edilmiş torpaqlarımızda ermənilər daşı daş üstə qoymayıb. Heç nə yoxdur. Amma kadrlara baxanda görürsən ki, sanki bu vəhşi ermənilər ağaca, torpağa da işgəncə veriblər. Cənab Prezident də Ağdam məscidinin qarşısında bu sözü dedi, sanki oradan vəhşi qəbilə keçib. Torpağa da işgəncə verməkmi olar?! Torpaq da bu cür vəhşilikləri də götürməz və götürmədi də... Gördünüz... Ordumuz torpaqlarımızı tapdaq altından azad etdi, işgəncədən qurtardı. Həmişə el şənliklərində gələn ili Ağdamda, Qubadlıda, Zəngilanda, Laçında qeyd etməyimizi arzulayırdıq. Çox şükür ki, biz o günə qovuşmuşuq.

- Ağdamda – işğaldan azad olunan ərazilərdə konsert verməyi düşünürsünüzmü?

- Hələ ki, konsert zamanı deyil. İndi yaramız təzədir. Şəhidlərimiz var. Onları ziyarət edəndə ürəyimiz qan ağlayır. Doğrudur, şəhidsiz də torpaq alınmır. Birinci Qarabağ müharibəsində təkcə Ağdam 6500-dən çox şəhid verib. Ordumuzun, dövlətimizin gücü sayəsində bu dəfə itkilərimiz az oldu. Onların hər birinin qarşısında baş əyirəm. Allah onlara qəni-qəni rəhmət etsin. İnşallah, torpaqlarımızda təmir-bərpa işləri aparılsın, Ağdamımız yenidən qurulsun, sonra konsert verəcəyik.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm