• USD 1,7000 0,00% EUR 1,9689 -0,24%
    • GBP 2,3344 +0,32% RUB 0,0239 +0,42%

"Başqa həyat" sənədli filminin təqdimatı oldu - FOTO

  • Art
  • 18 Sentyabr 2021 19:13
"Başqa həyat" sənədli filminin təqdimatı oldu - FOTO

Sentyabrın 18-də “Park İnn Hotel”də "Başqa həyat" adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, filmin premyerasında Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatı Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, Müdafiə Nazirliyinin nümayəndələri, ziyalılar, tanınmış bloggerlər, media nümayəndələri və digərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edən hacı Şahin Həsənli ekran əsərinin gənc rejissor Elçin Ağazadə tərəfindən çəkildiyini bildirib. Deyib ki, film Ərbəin (40 mərasim) ziyarəti haqqındadır. Bu, dünyada ən böyük anma mərasimlərindəndir. Bu tədbirə 20 milyondan çox insan İmam Hüseyni əleyhissalamı ziyarət edir. Məhz Azərbaycanda da İmam Hüseyn əleyhissalamın xatirəsi imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümü olaraq anılır: “Bu il Ərbəin günü məhz şəhidlərimizin anım günü - sentyabrın 27-ə təsadüf edir. 44 günlük müharibədə əldə etdiyimiz qələbənin il dönümü yaxınlaşır. Bu qələbənin əldə olunmasında heç şübhəsiz bizim dini dəyərlərimizin də rolu çox oldu. Prezident İlham Əliyev Şuşada çıxışı zamanı belə bir fikir səsləndirdi "Əyər bizim gənclərimiz dini və milli dəyərlərə bağlı olmasa idi biz bu qələbəni qazana bilməzdik". Müharibə boyunca bu amil özünü qabarıq şəkildə göstərdi. Azərbaycan əsgəri döyüş meydanında mənəviyyatla davrandı. Dinc əhaliyə mərhəmət göstərdi. Məscid dağıdan mənfur düşmənin kilsəsinə əl vurmadı. Düşünürəm ki, bu üstün xüsusiyyətlər xalqımızın böyüklüyünü göstərir. Bir daha belə bir mühüm mövzuya toxunub film çəkən insanlara təşəkkürümü bildirirəm".

Filmin nümayişindən sonra Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin öz təəssüratların bölüşüb: “Belə müqəddəs ziyarətdə olan şəxslərə qibtə edirəm. Mənə bu filmi izləmək çox xoş oldu, ekran əsərini olduqca yüksək qiymətləndirirəm, məhz bizim gənc peşakarlardan bu cür filmlər həm cəmiyyətimizə, həmdə xalqımızın milli dəyərlərinə lazımdır. Ekran işində təmənnasız xeyirxahlıqdan və böyük sevgidən bəhs edilir. Mən 44 günlük Vətən müharibəsində gördüklərimi bir daha hiss elədim. Biz çox xoşbəxt adamlarıq ki, Vətən müharibəsini canlı olaraq görmüşük, eyni zamanda onun ildönümünü bu yaxınlarda qeyd edəcəyik. Vətən müharibəsində bizim əsgərlər məhz ən uca zirvə olan imam Hüseyndən bizə əmanət olan şəhidlik zirvəsinə yüksəldilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, düşüncəsi və onun rəhbərlik etdiyi rəşadətli Ordumuzun əzmli qələbəsi nəticəsində 30 ildən sonra əzəli və əbədi torpaqlarımıza qovuşduq. Xüsusi vurğulamalıyıq ki, məhz ölkə başçısının "dəmir yumruğu" sahəsində biz bu xoş günləri yaşayırıq. Bu müharibə daha uzun zaman gedə bilərdi. Lakin İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət səyəsində torpaqlarımızı 44 günə qaytara bildik. Vətən müharibəsi bir daha göstərdi ki, hamımız ölkə başçısının ətrafında yumruq kimi birləşmişik. Düşmən hər zaman oyaqdı, lakin biz birliyimizi nümayiş etsək düşmən heç zaman üstünlük əldə edə bilməz. Heç kəs bizim tarixi qələbəmizə kölgə sala bilməz”.

Belə filmlərin gənclərin vətənpərvər ruhiyyədə yetişməsinə təkan verəcəyini söyləyən Adil Əliyevin filmin ərsəyə gəlməsində əməyi olanlara öz təşəkkürümü bildirib: “Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Əminəm ki, şəhidlərimizin ruhu indi şaddır”.

Filmdən təsirlədiyini vurğulayan Milli Məclisin deputatı Arzu Nağıyev bu kimi layihələrin daha çox olmağını arzulayıb: "Bu filmə baxıb təsirlənməmək mümkün deyil. Filmdə olan insanlıq sevgisini mən Vətən müharibəsində görmüşəm. Məhz bu filmdə mən o hissləri təkrar yaşadım. Bu istiqamətdə gənclərimiz çalışsa çox böyük uğurlar qazanarıq. Biz milli dəyərlərimizi qorumalıyıq. Çünki mənfur düşmənin hədəfə aldığı şeylərdən biri də mədəniyyətimizdi.

Ermənilərlə mədəniyyət sahəsində savaşımız hələ davam edir. Məqsədimiz bu savaşda qalibiyyətimizi qorumaq və gücümüzü, birliyimizi dünyaya nümayiş etdirməkdir”.

Qeyd edək ki, rejissoru Elçin Ağazadə olan filmin prodüseri Orxan Məmmədzadə, operatoru Soltan Abdullayev, montajçısı Elmar Tariyeloğlu, səs rejissoru İsmayıl Mirzə Qaçar, filmi səsləndirənlər Samirə Həsən, Kamal Yaşar, Kazım Abdullayev, Xəzər Süleymanlı, Elvin Abdullah, Namiq Carçıyev və Ceyhun Səfəridi.

Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli-mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi "Cənnət ətri", "Səngərdə azan", "Zamana sığmayan Nəsimi", "Klassik ədəbiyyatımızda imam Hüseyn" və s. ekran əsərləri rəğbətlə qarşılanıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR