Art
Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq yaydı
Azərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə əlaqədar nekroloq yayımlayıb.
Publika.az xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqust 2026-cı il tarixində, ömrünün 96-cı ilində vəfat edib.
Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas – 1953-cü ildə skripka (Aleksandr Amitonun sinfi), 1957-ci ildə bəstəkarlıq ixtisasları üzrə (Qara Qarayevin sinfi) bitirib.
Tofiq Bakıxanov tələbəlik illərindən ifaçılıq fəaliyyəti ilə məşğul olub. Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi fəaliyyət göstərib.
Zəngin yaradıcılığa malik bəstəkar üç balet ("Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər"), beş simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Hümayun", "Dügah"), 8 simfoniya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Həmkarı Nəriman Məmmədovla birlikdə üç komediyaya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir") musiqi yazıb. Bəstəkar həmçinin skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet və kvintetlərin, eləcə də müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir.
Professor Tofiq Bakıxanov eyni zamanda yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışıb, yeni musiqiçi nəsillərin yetişdirilməsinə öz töhfəsini verib.
Yaradıcı fəaliyyətində bəstəkarlıqla ifaçılığı ahəngdar şəkildə birləşdirən görkəmli musiqi xadimi Fransa və Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq festivallarda iştirak edib, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri verib.
Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın "Əməkdar incəsənət xadimi" (1973), "Xalq artisti" (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli "Əmək" (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Tofiq Bakıxanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































