Vəhşi həyatın gözəl nümunələri
Bizi izləyin

Brendlərin tarixi

Vəhşi həyatın gözəl nümunələri

“İrland həyatının bütün ağırlığı yaradıcılığıma çöküb” (Ceyms Coys)

İrlandqanlı möhtəşəm yazar Ceyms Coys bəlkə yeganə yazardı ki, mən onun heç bir əsərini oxumadan, yalnız həyatının bəzi məqamlarıyla tanışlıqdan sonra sevmişəm. Bəli, məhz həyatının.

Sonralar onun “Dublinlilər” kitabını oxuyandan və həyatının daha başqa tərəfləriyə tanışlıqdan sonra onu sevməkdə yanılmadığımı anladım.

Necə ki, Coys haqqında həmyerlisi, böyük yazar Samuel Bekket deyirdi: “Coys ədəbiyyatçı deyil, o, ədəbiyyatın özüdü”.

Coys haqqında dünyada çoxlu kitablar yazılıb, araşdırmalar aparılıb, həyatından və əsərlərindən filmlər çəkilib. Amma yüz ildir Coysun böyüklüyünün – “vəhşilyininin” sirrini kimsə aça bilmir.

Öz ölkəsində kitabları yığılıb yandırılan, “Uliss” kimi möhtəşəm əsəri dünyanın roman fikrini hələ də darmadığın etməkdə davam edən bu böyük yazarın bəs böyüklüyünün – “vəhşiliyinin” sirri nədəydi?

Ünlü türk yazarı Ahmet Altanın Coys haqqında gözəl bir essesi var: “Şəhvət, istək, qısqanclıq”.

Onun həyatının bəzi məqamlarını anladan bu esse, etiraf edim, təkcə həyatıma yox, yaradıcılığıma da təsir edib. Hələ onun sonuncu cümləsi: “Dünyanın roman təfəkkürünü və ingilis dilinin yönünü dəyişən Coys öz şəxsi həyatını dəyişə bilmədi...”

Aha, məsələ də burdadı. Mənim ona olan sevgim də burdadı – vəhşi həyatın gözəl nümunələrində.

Ceyms Coys gəncliyində xidmətçi qıza – Noraya aşiq olur, sonralar onunla ailə qurur və onu nə qədər çox sevirsə, bir o qədər də qısqanmağa başlayır. İçində bir sevgi-qısqanclıq savaşı gedir, hətta onunla sevişəndə də soruşurmuş ki, başqalarıyladamı belə sevişirdin, başqaları da səni belə rahatladırdı...

Amma yenə çox sevərdi qadınını, həm də çox qısqanardı. Bəzən onu evdə yad kişilərlə qoyub gedir, gələndə “yatdınızmı” soruşardu...

Kəskin dava-dalaşa çevrilən bu izdivac, bildiyim qədəriylə, Coysa çox əzab verirmiş, buna görə də o, içki və yazıyla başını qatmağa çalışarmış...

Qısqanclıqdan içib-içib yazdığı günlərdə dalaşdıqları vaxt arvadı ona deyərmiş:

– Sən içkidən və yazıdan başını ayırıb, həyata baxsan hər şeyi olduğu kimi görərsən.

Coys da təəssüflə başını yırğalayıb cavab verərmiş:

– Sən mənim yazdıqlarımı oxusan, görərsən ki, mən hər şeyi daha aydın, daha yaxşı görürəm...

Ömrünün sonuna kimi o, arvadını, arvadı da onu başa düşmədən yaşadılar. Əgər arvadı sadə bir xidmətçi olduğundan Coysu anlamaqda çətinlik çəkirdisə, bəs Coys kimi böyük bir yazar nədən sadə bir xidmətçini anlaya bilmirdi? Onu bilirəm ki, yəqin Coys arvadına olduğundan artıq dəyər verdiyinə görə onu anlamaqda çətinlik çəkirmiş.

Ona olduğu kimi – sadə bir xidmətçi, keçmişi “olmayan” bir qadın kimi baxsaydı, bəlkə də həyatı daha yaxşı ola bilərdi, bəlkə də mən yanılıram...

Görünür, yazarın yaşam tərzinin mürəkkəbliyi, çəkilməzliyi onun yaradıcılığının da mürəkkəbliliyinə, ziddiyyətliliyinə, bəzən də anlaşılmazlığına gətirir, elə Coys kimi...

Yaradıcı olmağın real həyatda, ötəri qayğılardakı dəhşətini getdikcə daha çox duyuram. Bəli, bu dəqiqidi ki, bütün bunlarda məğlub olmayan sənətdə qalib ola bilmir.

Necə ki gözəl və mərhum yazarımız Rafiq Tağı ölümündən bir az öncə demişdi: “Mən cəmiyyətdə məğlub, sənətdə qalib kimiyəm”.

Sən böyük yaradıcı olduqca elə bil, gündəlik həyat və ötəri qayğılar səni daha çox məşğul etməyə çalışır. Daha doğrusu, sən özün şüuraltı bunu istəyirsən ki, sənətdə qalib olmağı bacarasan.

Necə ki Dostoyevski 10 illik katorqa həyatının vəhşiliyini insanı sarsıdan gözəl sənətə çevirmişdi.

Necə ki Nitşe ətrafda anlaşılmazlığı və dəliliyini fövqəlinsana daşımışdı.

Necə ki Kafka “Frans Kafka kimi tənha”lığını insanın iç dünyasını dağıdan sənətə transfer etmişdi.

Necə ki Hermann Hesse, necə ki Selincer və s...

Vəhşi həyatla gözəl sənətə arasında möhtəşəm bir bağlılıq var: SƏRHƏDSİZLİK. Hər şey bütün çılpaqlığıyla ortada.

Bütün bunları düçünəndə təmtəraqlı, gözəl, qayğısız həyata meyilli Azərbaycan yazarlarının niyə gözəl nümunələr ortaya qoya bilmədikləri mənə gün kimi aydın olur.

Çünki GÖZƏL həyatdan GÖZƏL nümunələr yaratmaq mümkün deyil!

Ceyms Coys – bu dünya nəhəngi, “ədəbiyyatın özü” həyatı bahasına yaradıb gözəl nümunələri.

Onu bu günə qədər anlamayanları, “sirrini aça” bilməyənləri də mən anlamıram. Coysun sirri yalnız bu vəhşi həyatda gizlənir – başqa heç nədə yox. Çünki məhz bu VƏHŞİ HƏYAT ona başqa böyük yaradıcılar kimi gözəl nümunələri yaratmağa imkan verdi.

Düzdü, Coys öz şəxsi həyatını dəyişə bilmədi, amma əvəzində dünya romançılıq təfəkkürünü və ingilis dilinin yönünü dəyişdi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm