Putini Ərdoğanla kim üz-üzə qoyur? - “Dərin dövlət" və SENSASİYALI ÜÇ MƏQAM
Bizi izləyin

Dünya

Putini Ərdoğanla kim üz-üzə qoyur? - “Dərin dövlət" və SENSASİYALI ÜÇ MƏQAM

2013-cü mayın 11-də Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonunda 52 nəfərin ölümü ilə nəticələnən partlayışın törədilməsində şübhəli şəxs olaraq axtarılan Mihraç Uralın saxta pasportla Soçiyə gedərək Suriya Milli Dialoq Konqresində çıxış etməsi Türkiyə və Rusiya arasında böhrana səbəb oldu.

Publika.az “Türkiye Gazetesi” nəşrinə istinadən xəbər verir ki, ekspertlərə görə, bu, Türkiyə-Rusiya münasibətlərinə qarşı təxribatdır və prezident Vladimir Putinə qarşı olan qrupların işidir.

Türkiyə Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (THKP-C – Türkiyə terror təşkilatı hesab edilir – red.) sədri Mihrac Ural yanvarın 29-30-da Milli Dialoq Konqresində iştirak etməsinin məlum olmasından dərhal sonra Ankara Rusiyadan onun təhvil verilməsini tələb edib.

“Rusiyanın bizə verdiyi siyahıda bu terrorçunun adı yox idi. Biz onun tutulub təhvil verilməsini tələb etdik. Görünür, Rusiya prezidenti Vladimir Putinə yanlış məlumat veriblər”, - Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu vurğulayıb.

Rusiyanın Xarici İşlər Nazirliyinin səlahiyyətliləri “biz bilmirdik” cavabını veriblər. Türkiyə nəşri qeyd edir ki, bu hadisə “Bəziləri normallaşan Rusiya-Türkiyə əlaqələrini pozmağamı çalışır?” sualını ağıllara gətirib.

Rusiyanın azərbaycanlı eksperti, Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu hesab edir ki, bu bir təxribatdır və Uralın Soçiyə gedəcəyinin Rusiya kəşfiyyatının xəbərinin olmaması qeyri-mümkündür. Kimə mesaj verilməsinə gəlincə, Nüsrətoğlu üç ehtimalın olduğunu bildirb.

“Birincisi, Rusiyada Putindən də dərin bir struktur var. Xarici siyasəti müəyyən edənlər arasında avrasiyaçı və qərbpərəst dairələr var. Bu, Türkiyə ilə əməkdaşlığı pozmaq istəyən qərbpərəst qanadın addımı ola bilər. İkincisi, Rusiyada martda prezident seçkiləri keçiriləcək. Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobov bu həftə ABŞ-a getdi. Senatda görüşlər keçirildi. Vaşinqtonda nələrin danışıldığı müəyyən deyil. Rusiya iqtisadiyyatı iflasa doğru gedir. Moskva sanksiyalara görə çətin vəziyyətdədir. Mihrac Ural hadisəsi ABŞ-a verilən güzəştin bir göstəricisi ola bilər. Üçüncüsü, bu hadisə Suriyadakı sülh danışıqları ilə əlaqədar Türkiyəyə bir mesaj ola bilər. “Suriyanın bütövlüyünün tərəfdarıyıq” deyilməsi ehtimalı var. Ural Soçiyə Bəşər Əsədin təmin etdiyi pasportla gedə bilər. Amma nə olursa-olsun, bu, adi bir hadisə deyil. Moskvada inanılmaz bir sükut var. Kreml şərh vermir. Rusiya Suriya mövzusunda Türkiyə ilə ortaqdır. İki ölkə də Afrin mövzusunda bir yerdədir. Mihrac Uralın sülh danışıqlarına getməsi bir təxribatdır. Bu, səfir Karlovun sui-qəsdi kimi bir hadisədir”, - o bildirib.

Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, Rusiya və Avrasiya üzrə ekspert Toğrul İsmayıl da hesab edir ki, Mihrac Uralın Soçiyə getməsi bir təxribatdır.

Mart ayında Rusiyada prezident seçkilərinin olduğunu xatırladan ekspertin sözlərinə görə, müxaliflər bunu Putini sıxışdırmaq üçün edə bilər.

“Rusiya kənardan göründüyü kimi homogen bir quruluşa sahib deyil. Maraqlı qruplar, həmçinin güclü erməni və yəhudi lobbiləri var. Orada Qərb də, ABŞ da təsirlidir. Nəticədə bu böhranla Türkiyənin Rusiyaya qarşı əli gücləndi. Rusiya belə zəifliyə yol verdiyi üçün əslində “xəcalətli” vəziyyətdədir”, - Toğrul İsmayıl bildirib.

Qeyd edək ki, ümumilikdə 52 il 6 aya qədər həbs cəzası istənilən Mihrac Uralın İnterpolun (Beynəlxalq Cinayət Polisi İdarəsi - International Criminal Police Organization, Interpol) qırmızı bülleteni ilə axtarışı elan olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm