Ermənistanın peyki mifdir – Bəs Paşinyan orbitə nə buraxıb?
Bizi izləyin

Dünya

Ermənistanın peyki mifdir – Bəs Paşinyan orbitə nə buraxıb?

Ermənistan ilk kosmik peykini orbitə buraxıb. Nikol Paşinyan bunu böyük uğur olaraq təqdim edir, hakimiyyətə yaxın ekspert və media cameəsi də bu peyk vasitəsilə sərhədin təhlükəsizliyinin təmin edilməsindən tutmuş informasiya təminatına qədər bir çox iş görüləcəyinin təbliğatını aparırlar. Lakin Ermənistanın həqiqətən də orbitə peyk buraxdığına dair əsaslı şübhələr var.

Publika.az xəbər verir ki, Ermənistanın Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin rabitə və informasiya şöbəsinin keçmiş rəisi Suren Petrosyan orbitə peyk buraxılması xəbərinin mifdən başqa bir şey olmadığını deyir.

“Baş nazirin peyklə bağlı bəyanatı daxili auditoriya üçün nəzərdə tutulub. Gerçək başqadır. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Ermənistana, eləcə də BTİ-nin bütün üzv dövlətlərinə kosmosda koordinasiya işləri aparmaq üçün müəyyən yer verir. 2015-ci ildə bizə bu prosesi bütün administrasiyalarla əlaqələndirmək və peyki buraxmaq üçün 4 il vaxt verildi. Bunu təyin olunan vaxtda etmədik. 2020-ci ildə daha 4 il vaxt verildi, həmin tarixdən 1,5 il vaxt keçir, lakin bir il yarım müddətində BTİ-nin bütün üzv dövlətlərindən icazə alaraq, peyk buraxmaq fiziki və texniki baxımdan mümkün deyil. Hansısa ölkə peykin buraxılması üçün sifariş verəndə ən azı 1,5 il vaxt tələb olunur və bütün üzvlərin razılığı olmasa, belə bir sifarişi verə bilməz”, - Petrosyan deyib.

Onun sözlərinə görə, peykin orbitə buraxılması ilə bağlı qərarın etimad əsasında verildiyi açıqlaması da mifdən başqa bir şey deyil: “Belə çıxır ki, hökumət BTİ ilə gizli əlaqə saxlayıb. Kimdən gizlədirlər, erməni xalqından? Fakt budur ki, texniki cəhətdən bunun məxfi şəkildə edilməsi də mümkün deyil. BTİ-nin Nizamnaməsinə görə, peykin buraxılması üçün bütün üzv dövlətlərdən icazə alınmalıdır ki, üzvlər arasında Türkiyə və Azərbaycan da var, bu da məsələnin real olduğunu bir daha şübhə altına salır”.

Petrosyan bildirir ki, ən yaxşı halda Ermənistana SpaceX peyklərindən birinə giriş imkanı verilib, bu da bəzi məlumatları əldə etməyə şərait yaradır.

“Lakin bütün bunlar fantaziyadır. Bir neçə il öncə “Armkosmos” erməni peykini yaratmalı idi. Bu o demək deyil ki, peyk Ermənistan tərəfindən istehsal olunurdu, sadəcə olaraq, bu iş müxtəlif təşkilatlara sifariş edilməli idi. Hərçənd, rabitə peyki proqramı həyata keçirilməyib, çünki hökumət son anda bu proqramı maliyyələşdirməyib. Həmin vaxt peykin yaradılmasının dəyəri 200-250 milyon dollar idi, üstəgəl texniki xidmət xərcləri də var. Büdcədən belə bir maliyyənin ayrılması məlumatı yoxdur”, - erməni mütəxəssis vurğulayır.

Byurakan Astrofizika Rəsədxanasının direktoru Areq Mikaelyan orbitə buraxılan peykin mini peyk ola biləcəyini deyir.

“Hökumət bildirdi ki, peyki SpaceX kosmik gəmisindən istifadə edərək, orbitə çıxarıblar. Bu o deməkdir ki, söhbət ciddi funksiyalar yerinə yetirə bilməyən mini peykdən gedir. Bu mini peyk çox ucuz, kobud desək, oyuncaq kimi bir şeydir. Peyk istehsalı üçün lazım olan 250 milyon dollar ayrılsaydı, dövlət büdcəsinə təsir edərdi”, - Mikaelyan bildirib.

Hərbi ekspert Vaaqn Mxoyan Ermənistanın sadəcə olaraq İspaniya şirkətindən peyk icarəyə götürdüyü qənaətindədir. Onun sözlərinə görə, İspaniya mediasında “Santander” bankının layihə üçün maliyyə vəsaiti ayırdığına dair məlumatı da peykin icarəsi üçün kreditin götürüldüyünü deməyə əsas verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm