Peşə-ixtisas təhsili müəssisələrində imtahan keçirildi
Bizi izləyin

Elm və təhsil

Peşə-ixtisas təhsili müəssisələrində imtahan keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 24 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib.

Publika.az DİM-ə istinadən xəbər verir ki, COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.

İlkin məlumatlara əsasən 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Martın 9-dan etibarən Dövlət İmtahan Mərkəzində imtahan materiallarının emalına başlanılacaq. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənləri üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçiriləcək. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayır. Onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilir və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunur. Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Xatırladaq ki, hər bir yazı işi 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.

Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

İmtahanda istifadə olunan yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 10 gün ərzində elan olunması nəzərdə tutulur.

xxx

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirir.

DİM-dən Publikaz.az-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlar peşə-ixtisas təhsili müəssisələrinin yerləşdiyi ərazilərə uyğun müəyyən olunub.

Martın 7-də 3254 şagirdin (Bakı şəhəri üzrə - Binəqədidə 269, Xətaidə 129, Xəzərdə 112, Nərimanovda 387, Sabunçuda 300, Qaradağda 144, Nizamidə 140; bölgələr üzrə - Gəncədə 280, Şəmkirdə 40, Gədəbəydə 39, Qazaxda 18, Tovuzda 86, Sumqayıtda 258, Şamaxıda 20, Qəbələdə 54, Qaxda 98, Bərdədə 75, Göyçayda 52, Kürdəmirdə 20, Zərdabda 76, Şirvanda 74, Sabirabadda 75, Biləsuvarda 55, Salyanda 55, Saatlıda 72, Lənkəranda 31, Cəlilabadda 88, Qubada 96, Qusarda 35, Xaçmazda 76 nəfər) imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. İmtahan binasına buraxılış saat 10:45-də başa çatır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- “İmtahana buraxılış vərəqəsi”;

- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).

- şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. Şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. İmtahan bitdikdən sonra iştirakçılar sual kitabçası və cavab vərəqini nəzarətçiyə təhvil verməlidirlər.

İmtahanların keçirilməsi üçün 32 bina ayrılıb. Habelə 44 imtahan rəhbəri, 32 ümumi imtahan rəhbəri, 313 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı imtahanların idarə olunmasına cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm