Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
Bizi izləyin

Elm və təhsil

Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı

2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri müəyyən edilib.

Publika.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrdə bildirilir: "2020/2021-ci tədris ili xalqımızın Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində torpaqlarımızın işğaldan azad olunması, düşmənin silahlı qüvvələrinin darmadağın edilməsi və qələbə ruhlu tədris ili kimi tarixə yazıldı.

2020/2021-ci tədris ili xüsusi karantin rejimi dövrünə təsadüf etdiyi üçün ümumtəhsil məktəblərində tədris uyğunlaşdırılmış tədris planları ilə əyani-distant formada aparılmış, Təhsil Nazirliyinin “2020/2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” 10.09.2020-ci il tarixli, F-420 nömrəli əmrindən irəli gələn vəzifələrin həyata keçirilməsi, Vətən müharibəsi zamanı ölkədə hərbi vəziyyət elan olunduğu zamanda da mövcud imkanlardan səmərəli istifadə olunaraq təhsilalanlara proqram materiallarını öyrənmələri “Virtual məktəb” platformasından və teledərslərdən yararlanmaqla təhsilin davamlılığı və fasiləsizliyinin təmin edilməsi istiqamətində çevik tədbirlər həyata keçirilmişdir.

Belə ki, 2021-ci ilin yanvar-iyun aylarında hazırlanmış teledərslərin sayı 3413-ə çatdırılmış, AzTV-nin Mədəniyyət və ARB-nin Günəş kanallarında yayımlanmışdır. Nümayiş etdirilən bütün teledərslər Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və rəsmi "Facebook” səhifəsində, "Youtube” kanalında da yerləşdirilmişdir

Teledərslərdən ölkə üzrə 1.6 milyondan çox şagird faydalanmışdır. Ölkənin ən iri milli onlayn platforması olan "Virtual məktəb” şagirdlərin və müəllimlərin istifadəsinə verilmiş, cari tədris ilində istifadəçi sayı 1.4 milyondan artıq, müəllim sayı isə 110 mindən çox olmuş, ölkə üzrə müəllimlərin 93%-i, şagirdlərin isə 85%-i bu platformadan yararlanmışlar.

Təlim-tərbiyə prosesinin təşkili zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli və “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə ciddi əməl edilmişdir.

Tədris ili ərzində təhsilalanlara keyfiyyətli təhsil vermək, onlara davam edən pandemiya şəraitində müstəqil öyrənmə bacarıqları aşılamaq, müəllim-şagird, müəllim-valideyn, valideyn-məktəb münasibətlərinə xüsusi önəm vermək diqqətdə saxlanılmışdır.

Pandemiya və Vətən müharibəsi zamanı hərbi vəziyyətlə əlaqədar tədris prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi üçün 2021-ci ilin 16-30 iyun tarixlərində ümumi təhsil müəssisələrində I-X sinif şagirdləri üçün yay məktəbi təşkil edilmişdir.

Beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması istiqamətində beynəlxalq qiymətləndirmə proqramlarında ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı təmin edilmiş, TIMSS 2019 beynəlxalq qiymətləndirməsində Azərbaycan riyaziyyat üzrə 58 ölkə arasında 28-ci yerdə qərarlaşmışdır. Azərbaycan 2021-ci ilin birinci yarısında Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən hər 5 ildən bir təşkil olunan PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edib. Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələri ilə yanaşı, ölkə üzrə 52 region olmaqla 200 məktəb, 5000-dən çox 4-cü sinif şagirdi qiymətləndirmədə iştirak etmişdir."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm